Erməni hiyləsinin qurbanı

 

 

Xalqımızın ən böyük, milli Novruz bayramına qara gətirmək üçün ermənilər hər il, xüsusən də mart ayında daha çox qırğınlar törədiblər. “Daşnaksütyunterror təşkilatının göstərişi ilə ötən əsrin əvvəllərindən bu qətliamlar Cənubi Qafqazda azərbaycanlılar yaşayan kəndlərdə baş vermişdir. Tarixdən o da məlumdur ki, erməni vandalları bolşeviklərin Azərbaycanı işğalından sonra da vəhşiliklərini davam etdirmiş, insanlığa sığmayan faciələr törətmişlər. Bu illərdə minlərlə insan erməni terrorunun qurbanı olmuşdur. Onlardan biri Dəstəfur (indi Daşkəsən) rayonunun Zivlən kəndinin sakini Vəli Paşa oğlu Məmmədovun ailəsidir.

Gəncəbasarda Zivlənli Vəli kimi tanınan Vəli Məmmədov 1900-cü ildə dünyaya göz açmışdı. Böyük qardaşı çöldə qoyun otaranda Gəncə erməniləri onu öldürüb qoyun-quzunu aparmışdılar. Belə faciəvi qəsbkarlıq ermənilər tərəfindən iki gündən, üç gündən bir törədilirdi. Ağsaqqalların dediklərinə görə, daşnakların məqsədi İrəvanla Qarabağ arasındakı Azərbaycan kəndlərinin əhalisinin bir hissəsini tamamilə məhv edib, bir hissəsini də dədə-baba yurdlarından didərgin salıb orada İrandan, Türkiyədən və Suriyadan gətirilən erməniləri məskunlaşdırmaq idi.

Zivlən kəndini məhv etmək Çaykənd ermənilərinə həvalə edilmişdi. Hücumdan əvvəl yeddi erməni sübh tezdən kəşfiyyat məqsədilə səssiz-səmirsiz Zivlən kəndinə yaxınlaşmalıydı. Bunlar “mənzil başına” çatandan sonra qoşunun əsas hissəsi Göyçə dağlarını aşıb Xoşbulaqdan keçməklə Qarabağa tərəf hərəkət etməli idi.

Bu vaxt Zivlən kəndinin sayılıb-seçilən ağsaqqallarından olan Abbasqulu babanın at ilxısı Göygöl yaylağında idi. O, ilxısına baş çəkmək üçün yaylağa getmək  istəyir, amma tək yola çıxmağın təhlükəli olduğunu bilirdi. Onun beşaçılanını oğlu İsgəndər götürüb kəndin cavanları ilə Qarabağa ermənilərlə döyüşə getmişdi. Naəllac qalıb bacısı oğlu yeniyetmə Vəlini özü ilə aparır.

 

Abbasqulu baba ilə Vəli kənddən çıxıb 2-3 kilometr uzaqlaşanda bir dəstə adamın onlara sarı gəldiyini görürlər.

 

- Dayı, deyəsən, gələn ermənilərdir, Vəli həyəcanla deyir.

 

- Yox, ay bala, burada erməni nə gəzir, kəlbəcərlilər olar.

 

Vəli mübahisə etməyib:

 

- Dayı, sən asta-asta get, mən gəlirəm, - deyib yol qırağındakı daşların arxasına keçir.

 

Abbasqulu gələnlərlə çayın üstündəki körpüdə qarşılaşanda ermənilər kişini mühasirəyə alırlar. Bu vaxt Vəlinin amiranə səsi eşidilir:

 

- Silahları  tökün! Yoxsa hamınızı qırarıq!

 

Ermənilər daşların dalında əlavə adamların olduğunu və mühasirəyə düşdüklərini zənn edərək qorxularından tez silahları yerə atıb əllərini qaldırırlar. Abbasqulu baba silahları götürəndən sonra Vəli ermənilərin yan-yörəsinə atəş aça-aça onları kəndə getməyə məcbur edir.

 

Atəş səsini eşidən kənd camaatının bəziləri əllərinə keçəni götürüb meşəyə qaçır. Düşünürlər ki, ermənilər yenə hücum edirlər. Vəlinin anası Salatın xanım əlini gözünün üstə qoyub güllə səsi gələn tərəfə baxanda oğlunu paltarından tanıyıb camaatı sakitləşdirir.

 

Ermənilər Abbasqulu babaya yalvarıb imdad istəyirlər. Abbasqulu kişi erməniləri öldürməyə qoymur, Zivlənə gətirir, ertəsi gün Xoşbulağa aparıb, dostu Səməd kişinin vastəsilə silahları ilə birgə Mürsəl paşaya təhvil verirlər. Mürsəl paşa terrorçu ermənilərin necə tutulduğunu biləndə əlini yeniyetmə Vəlinin kürəyinə vurub deyir:

 

- Çox sağ ol, oğlum! Sən gələcəkdə əsl igid olacaqsan.

 

Zivlənli Vəli 1918-ci ildə Azərbaycan hökumətinin xahişi ilə azərbaycanlıları erməni qırğınından xilas etmək üçün may ayının sonlarında Gəncəbasara gələn türk ordusunun komandiri Mürsəl paşanın təşkil etdiyi özünümüdafiə dəstəsinə qoşulur. Həmin dəstə bu yerlərə yaxşı bələd olan Vəlinin apardığı kəşfiyyat nəticəsində ermənilərin qoşun birləşmələrinin azərbaycanlı kəndlərinə olan hücumlarının qarşısını dəfələrlə alır.

Vəlinin atdığı güllə hər saat boşa getməzdi. O, könüllü olaraq bu ordunun sıralarında bir çox döyüşlərdə hünər göstərir. Türk əsgərləri Azərbaycanın bəzi  bölgələrini, eləcə də Bakını erməni-ingilis işğalçılarından azad edib Türkiyəyə dönəndə Vəli Zivlənə qayıdır. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmisi Nağı bəy Şeyxzamanlının tövsiyəsi ilə Zivləni, eləcə də ətraf Azərbaycan kəndlərini erməni basqınlarından, terrorundan qorumaq üçün vətənpərvər cavanlardan ibarət könüllü dəstə düzəldib elin-obanın müdafiəsində durur.

Bolşevik məmurları Vəli ilə bacarmadıqlarını görəndə onu başqa vasitə ilə ələ almağa çalışırlar. Sovetləşmənin qızğın vaxtı yeni yaradılan kooperativə başçı, daha sonra Zivləndə yaradılan Sumbatov adına  kolxoza sədr təyin edirlər. O, kolxoz sədri olduğu vaxtlarda da kənd əhalisini erməni terrorundan, ərzaq qıtlığından qorumuş, əmək gününə düşən taxılın və kartofun camaata vaxtında və düzgün bölünməsi üçün qəza rəhbərliyi ilə mübahisə də etmişdi.

1940-cı ilin yazında Vəlini kənd sovetinin sədri seçirlər.

Vəlinin 82 yaşlı oğlu Manaf müəllim deyir ki, atamın belə hərəkətlərini rayon NKVD rəisinin erməniəsilli müavini heç cürə həzm edə bilmirdi. Hətta bir dəfə hiylə ilə rus zabitinə onu vurdurmaq istəyəndə atam cəld tərpənib yumruğu ilə onun qoluna elə zərblə çırpmışdı ki,  zabitin silahı göydə açılmışdı.

Bu hadisədən heç bir ay ötməmişdi. Kənd camaatı Vəli kişiyə bildirir ki, ermənilər Göyçənin Canəhməd kəndinə soxularaq azərbaycanlılara divan tuturlar.

Vəli dərhal dəstə düzəldib ora gedir. Həmin dəstənin üzvü Cəlil kişinin söylədiklərindən:

- Biz Canəhmədə çatanda arvad-uşaq çığırtısından, ah-vaydan qulaq tutulurdı. Vəli hamımıza tapşırdı ki, tədbirli tərpənin, erməni çox, biz az. Bu an gördük ki, ermənilər hündür bir təpənin başında gözətçi qoyublar. Təsadüfdən o, bizi görməmişdi. Fikirləşirdik ki, kimi göndərək keşikçini diri tutub gətirsin.

Vəli irəli çıxıb “mən gətirərəm” deyib cəld daşların arası ilə təpəyə qalxdı. Qısa zamanda onu tərksilah edib yanımıza gətirdi. Keşikçidən hər şeyi yerli-yataqlı öyrənəndən sonra dəstəfurlular erməniləri tamam mühasirəyə aldılar. Biz Vəli ilə birlikdə qayalıqda daş səngərə girib xeyli atışdıq. Ermənilər pərən-pərən oldular. Yaralılara kömək edəndə gördük ki, bir erməni yaxınlıqda çəlləyin arxasında gizlənib. Tüfəngi nişangaha gətirib vurmaq istəyəndə Vəli qoymadı: “Əyə, onu diri tutun, əlavə məlumat öyrənək, sonrası asandı” dedi.

Bu hadisədən bir neçə gün sonra Dövlət Siyasi İdarəsinin rayon şöbəsindən Zivlənə teleqram gəldi. Teleqramda deyilirdi: “Canəhmədə gedən dəstədə olan NKVD işçisi Nuriyev, milis rəisi Hümbət  Məmmədov və kənd şurasının sədri Vəli Məmmədov təcili rayona gəlsinlər”.

Vəligil Xoşbulaq kəndinin qurtaracağına çatanda rayon NKVD rəisinin erməniəsilli müavininin sağ əli olan çuğul onların qabağına gəlib xəbər verir ki, kənddə Suren adlı erməni  gizlənib. Çuğulu ora göndərənlər yaxşı bilirdilər ki, Vəli erməni adı eşidibsə, özübunu bolşevik məmurları tələb edirsə, fürsəti əldən verməyib mütləq onun arxasınca gedəcək.

Onlarquldurun” gizləndiyi evə çatanda NKVD işçisi Nuriyev həyətdə olan ot tayasının arxasına keçərək Vəliyə işarə edir ki, çıx evin damına, Sureni diri tut, aparıb rayona təhvil verək.

O, pilləkənlərlə yuxarı qalxanda erməni “qulduruonu gözləyirmiş. Qapı arxadan bağlı olur. Nuriyev əmr edir ki, qapını təpiklə vur, açılsın. Vəli bir əli tətikdə təpiklə qapını vurub-sındırır, bu anquldur” atəş açır. Vəli də tətiyi çəkib “qulduru” məhv edir. Vəli kişi güllənin zərbəsindən nərdivandan yıxılır. Daşnaklara qənim kəsilən Zivlənli Vəli ermənipərəst NKVD işçilərinin hiyləsi ilə bu yolla aradan götürülür.

Erməni hiyləsinin qurbanı olan Zivlənli Vəlini kənd camaatı və silahdaşları  ehtiramla kənd qəbiristanlığında dəfn edirlər. O vaxtdan illər keçsə də, həmyerliləri el-oba təəssübkeşi Zivlənli Vəlini bu gün də rəğbətlə xatırlayırlar.

 

 

 

Rəhman SALMANLI

Azərbaycan.-2021.- 26 may.- S.9.