Tarixin ən
qanlı müharibəsi
Faciə və fəlakətləri ilə unudulmaz olan, 1941-1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi siyasi və coğrafi baxımdan çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdir. Bu müharibə 10 milyonlarla insanın ölümünə gətirib çıxarmışdır, döyüş meydanlarında, əsirlikdə, həbs düşərgələrində 27 milyon hərbi xidmətçinin həyatı sona yetmişdir. Bu illərdə 25 milyona yaxın dinc əhali məhv edilmişdir.
İkinci Dünya müharibəsi dünya siyasətinin dönüş nöqtəsi olmuşdur. Beynəlxalq arenada qüvvələrin yeni paylaşması meydana çıxmışdır. Təkcə Almaniya və Yaponiya deyil, koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq imicini itirmişdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Hitler koalisiyasına qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə yaxın “soyuq müharibə” aparmışlar.
II Cahan savaşı 1945-ci ildə anti-Hitler koalisiyasının qələbəsi ilə başa çatdıqdan sonra dünyanın siyasi xəritəsi dəyişikliyə məruz qalmışdı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradılmışdı. Mənbələrin məlumatına görə, İkinci Dünya müharibəsi müharibələr tarixində ən dəhşətlisi idi. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən 12,8 milyona kimi insan iştirak etmiş, 163 min top, 18,3 min təyyarədən istifadə olunmuşdur. Hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci Dünya müharibəsindəkindən 5,5 dəfə çox olmuşdur. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dollarını ötmüşdür. Bunun 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü.
Müharibə nəticəsində dövlətlərarası münasibətlərdə qalib və məğlub dövlətlər qrupu yaranmış, qalib dövlətlər sırasında ABŞ-ın və SSRİ-nin nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişlər.
İkinci Dünya müharibəsindən sonra sülhə və təhlükəsizliyə xidmət edən kütləvi beynəlxalq təşkilat və qurumlar sırasında hələ müharibənin gedişində formalaşmış BMT müstəsna yer tutmuşdu. Müəyyən zaman kəsiyində dünyada iki ictimai-siyasi sistem yaranmışdı. Bu müharibə həm də bəşəriyyətə böyük fəlakətlər gətirən müharibələrin mahiyyətini dərk etmək, habelə yeni dünya müharibəsinə, özü də dəhşətli kütləvi qırğın silahlarının mövcud olduğu indiki dövrdə yol verilməsinə imkan yaratmamaq dərsini vermişdir. Bu müharibə dövlət başçılarına sübut etmişdir ki, dünya müharibəsinə yol verməmək üçün ilk növbədə regional savaşların qarşısı alınmalıdır. Ən mühüm şərtlərdən biri də silahlanmaya son qoymağa, kütləvi qırğın silahlarını məhv etməyə və yenilərinin yaradılmasının qadağan edilməsinə nail olmaqdır.
Tarixin ən qanlı
müharibəsi kimi tanınan İkinci Dünya
müharibəsi qurbanlarının dəqiq sayı məlum deyil. Altı il davam edən və dünyanın 70-ə
yaxın dövlətinin cəlb olunduğu
bu müharibədə həlak
olanların sayını 35 milyon göstərən
də var, 68 milyon yazanlar da. Amma mənbələrin əksəriyyətində
bu müharibəyə 100 milyondan
çox adamın birbaşa
cəlb olunduğu, ölənlərin
sayının isə 50 milyondan çox olduğu bildirilir. Öldürülən adamlardan 15 milyonu əsgər,
qalanı isə dinc əhali olmuşdur.
Azərbaycan.-2021.- 26 may.- S.9.