Dünya liderlərindən
İlham Əliyevə yüksək dəstək
Respublika günü münasibətilə xarici ölkə rəhbərlərindən gələn təbrik məktubları Azərbaycan
Prezidentinin yüksək beynəlxalq nüfuzunu bir daha təsdiq edir
Hər bir dövlətin tarixində əlamətdar məqam olaraq həkk edilən yetərincə əlamətdar günlər var. Onların ən mühüm bayram kimi qeyd edilməsi isə, adətən, xarici ölkə rəhbərlərinin də diqqətindən kənar qalmır. Qarşılıqlı təbriklər diplomatik etiketin bir elementidir. Lakin bu məktublar yalnız nəciblik göstəricisi olmur, həm də onların müəllifləri təbriklərini ünvanladıqları Prezidentə və dövlətə münasibətlərini də əks etdirirlər.
Bu
baxımdan 28 May - Respublika Günü ilə bağlı
Prezident İlham Əliyevə xarici həmkarları tərəfindən
göndərilən məktubların elə ilkin təəssüratı
ölkə rəhbərimizin və ümumilikdə, dövlətimizin
yüksək beynəlxalq nüfuzunu aydın göstərir.
ABŞ Azərbaycana minnətdarlıq edir
Dünyanın fövqəlgücü sayılan Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden təbrik məktubunda “Amerika Birləşmiş Ştatları ötən il “Cənub qaz dəhlizi”nin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir” fikrini ifadə etməklə İlham Əliyevin qlobal miqyaslı təşəbbüslərini yüksək dəyərləndirir.
Ardınca isə C.Bayden NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə Azərbaycana minnətdarlıq edir. Eyni zamanda ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını vurğulayır.
Fövqəlgüclər Azərbaycanla dostluq və əməkdaşlığa xüsusi önəm verirlər
Dünyanın nüfuzlu liderləri tərəfindən göndərilən digər təbriklərdə də Azərbaycan Prezidentinə və respublikamıza dəstək verildiyi bildirilir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin qeyd edir ki, hazırda Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur. İki ölkə əsas maraqlara aid məsələlərdə bir-birini dəstəkləyir. Eyni zamanda “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunur.
Si Cinpinin “Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram” fikri isə dünyanın ən qüdrətli ikinci iqtisadi gücü olan dövlətinin İlham Əliyevə aşkar dəstəyidir.
Milli
bayramınız - Respublika Günü münasibətilə Azərbaycan
xalqına və İlham Əliyevə təbriklərini, ən
xoş arzularını çatdırmaqdan böyük məmnunluq
duyan Böyük Britaniya və Şimali İrlandiyanın
Kraliçası Ülyahəzrət II Elizabetin məktubunda
isə deyilir: “Keçirdiyimiz bu çətin ildən sonra
qlobal səhiyyənin üzləşdiyi maneələri dəf
edəcəyimizə və gələcəkdə daha gözəl
günlər yaşayacağımıza olan ümidimi ifadə
etmək istəyirəm”.
İlham Əliyevə ehtiram və etimadın nümunəsi
Ümumiyyətlə, İlham Əliyevə ünvanlanan təbrik məktublarında onun liderlik bacarığı, idarəçilik istedadı xüsusi vurğulanır.
Məsələn, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda deyilir ki, son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlər daim genişlənib və inkişaf edib. Hər iki ölkə gələcəkdə qarşılıqlı anlaşma və etimadı daha da gücləndirməyə nail olacaq.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrikində deyilir: “Biz Azərbaycanı qədim və zəngin mədəni irsə malik olan ölkə, Sizin hərtərəfli düşünülmüş və uzaqgörən siyasətiniz sayəsində bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının səmərəli müdafiəsində və tarixi ədalətin bərpa edilməsində böyük uğurlar qazanmış dövlət hesab edirik, bundan sonra da sizi hərtərəfli dəstəkləməyə hazır olduğumuzu bildiririk”.
Şavkat Mirziyoyev tam əmindir ki, qardaş xalqlar arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan çoxəsrlik dostluq və strateji tərəfdaşlıq telləri birgə səylər və yüksək səviyyədə səmərəli dialoq sayəsində daha da möhkəmlənəcək və bütün prioritet istiqamətlərdə tamamilə yeni səviyyəyə yüksələcək.
Gürcüstanın
Prezidenti Salome Zurabişvili isə məktubunda qeyd edir ki,
gürcü və Azərbaycan xalqları öz dövlətçiliklərini
bərpa etmək üçün bir çox çətinlik
və faciələrdən keçiblər, lakin bu gün hər
iki ölkə qürurla güclü və azad dövlət
qurmaqda davam edir.
Rusiya
Federasiyası Həştərxan vilayətinin qubernatoru
İqor Babuşkin isə qeyd edir ki, ictimai-siyasi və
sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə
edən Azərbaycan bu gün dünya arenasında layiqli yer
tutur.
Azərbaycan Prezidentinə dünyanın müxtəlif ölkələrindən təbrik məktubları gəlməkdə davam edir. Bu məktublarda dünya dövlətlərinin liderləri, ilk növbədə, Azərbaycanla əmakdaşlıqda maraqlı olduqlarını xüsusi vurğulayırlar. Onların içərisində Niderlandın Kralı Villem-Aleksandr, İsveçin Kralı XVI Karl Qustav, Xorvatiya Prezidenti Zoran Milanoviç, Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen, Hindistan Prezidenti Ram Nat Kovind, İndoneziya Prezidenti Coko Vidodo, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyan, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Kuba Prezidenti Migel Dias-Kanel Bermudes, Mərakeşin Kralı VI Məhəmməd, Sinqapur Prezidenti xanım Həlimə Yaqub və digərlərinin təbrik məktublarını qeyd etmək olar.
Bir
sözlə, İlham Əliyevə ünvanlanan məktubların
coğrafi miqyası nə qədər genişdirsə,
qarşılıqlı əməkdaşlığın dərinləşməsinə
ifadə olunan ümidlər də çox böyükdür.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2021.-
27 may.- S.1;3.