“Ağ
qızıl” bu il də
üz ağardacaqmı?
Fermerlər bütün
hallarda ötənilki nəticələrini
üstələməyi hədəfləyiblər
Dövlət tərəfindən aqrar sektora verilən dəstək sayəsində əksər kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artır. Xüsusilə Prezident İlham Əliyevin ənənəvi sahələrin dirçəldilməsi ilə bağlı verdiyi qərarlar, fermerlərə edilən güzəştlər nəticəsiz qalmır.
Bunun sayəsində son bir neçə ildə tütünçülükdə, baramaçılıqda, pambıqçılıqda, çəltikçilikdə, meyvəçilikdə və digər sahələrdə böyük dönüş yaranıb.
Dövlət başçısının
pambıqçılığın inkişafı ilə
bağlı qərarı, bu sahədə
çalışan fermerlərə edilən güzəştlər
bu strateji məhsulun
istehsalının da xeyli
artmasına səbəb olub. Artıq
pambıqçılıqla məşğul olan
fermerlər gübrə, toxum, kimyəvi preparatlar və xüsusi texnika ilə təmin edilirlər. Onlara əkin sahələrinə və istehsal etdikləri məhsula görə subsidiyalar da ayrılır.
Ən başlıcası isə fermerlər becərdikləri
məhsulun satışı ilə bağlı alıcı şirkətlərlə
əvvəlcədən müqavilə bağlayırlar. Bu da onlarda məhsul
satışında heç
bir problem olmayacağına
inamı artırır.
Dövlət tərəfindən pambıqçılığın
aqrar sektorda strateji sahə elan edilməsi Biləsuvar pambıqçılarına
da əlavə stimul verib. Bunun nəticəsidir
ki, cari ildə rayonda 7500 hektardan çox sahədə çiyid səpilib.
Cari il rayonda 1491 istehsalçı ilə 4 tədarükçü şirkət arasında 8 min 550 hektar sahədə pambıq əkini üçün müqavilə imzalanıb. Bağlanan müqavilələrə uyğun olaraq fermerlər lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Üstəlik, yetişdiriləcək məhsulun münasib qiymətə alınması barədə də müqavilə imzalanıb.
Aqronom Nəbi Ağayev təmsil etdiyi şirkət tərəfindən 2 min hektardan artıq sahədə səpin aparılmasının planlaşdırıldığını bildirərək bunun 70 faizindən çoxunda səpinin başa çatdığını deyir. Səpin müasir texnikalardan istifadə edilərək ammofos və digər gübrələri verməklə aparılır. Əkin zamanı aqrotexniki qaydalara riayət olunur. Qarşıya məqsəd qoyulub ki, qısa zamanda səpin yüksək səviyyədə başa çatdırılsın.
Biləsuvarda səpin mövsümünə nisbətən erkən əkilən pambıq sahələrinin təxminən 1000 hektarından çoxunda yüksək çıxış əldə olunub. Fermerlər işlərini “Vahid sahədə, vahid əkin” konsepsiyasına uyğun olaraq qururlar. Hazırda həmin sahələrdə ilk kultivasiya işləri aparılır.
Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Mikayıl İmanov fermerlərlə aparılan mütəmadi görüşlərin, maarifləndirmə işlərinin öz bəhrəsini verdiyini bildirir. Mütəxəssis deyir ki, onlar tərəfindən hazırda 80 hektar sahəyə nəzarət olunur. Eyni zamanda, fermerlərə müəyyən güzəştlərin edilməsi də nəzərdə tutulur.
Salyanda da işlər yaxşı gedir. Rayondakı Dövlət Sort-Sınaq Məntəqəsində bu il 13 hektar sahədə 14 növ yüksək reproduksiyalı pambıq növü becərilir. Bunun 13 növü yerli, 1-i isə Türkiyədən gətirilmiş sortlardır.
Məntəqədə səpin aparılan 13 hektar sahənin 0,5 hektarı sınaqda olan sortlardır. Səpin vaxtında başa çatdırılıb, artıq becərmə işlərinə başlanılıb. Hazırda sahələrdə seyrəltmə və bitkinin alaq otlarından təmizlənməsi işləri aparılır. Həmçinin bitkiyə yemləmə gübrəsi verməklə suvarma işləri də görülür. Qeyd edək ki, ötən il məntəqədəki pambıq sahələrinin hər hektarından 34 sentner xam pambıq götürülmüşdü.
Məntəqədə yetişdirilmiş pambıq sortlarının hər birindən nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yoxlama zamanı daha çox lif keyfiyyəti, toxum çıxımı və s. göstəricilər aydınlaşdırılır və dövlət reyestrinə salınaraq onun toxumçuluğu təşkil olunur.
İmişli rayonunun pambıqçıları isə bu il qarşılarına sahələrindən 28 min ton məhsul yığmağı məqsəd qoyublar. Cari il rayonda 8167 hektar sahədə pambıq əkilib və 95 faiz çıxış əldə olunub. Yüksək məhsuldarlıq əldə etmək üçün işlər aqrotexniki qaydalara uyğun yerinə yetirilir. Rayon üzrə 1275 fermer pambıq istehsalı üçün müqavilə bağlayıb. Artıq sahələrdə ilk becərmə işlərinə start verilib və texnikalar sahələrə çıxarılıb. Xatırladaq ki, ötən il rayon üzrə 7923 hektar sahədə pambıq tarlalarından orta hesabla 30 sentner olmaqla 27 min tondan çox məhsul yığılmışdı. Bu il isə qarşıya qoyulan hədəf daha böyükdür.
Saatlı pambıqçılarının da məqsədi keçən ildəkindən çox məhsul əldə etməkdir. Rayonda çiyid səpini başa çatıb. Ötən il ölkəmizin pambıqçılıq rayonları arasında ən çox - 47 min 365 ton xam pambıq istehsal edən Saatlı fermerləri cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün səylə çalışırlar. Bu il 48 min tondan çox pambıq istehsalı nəzərdə tutulub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, cari mövsümdə Saatlıda 13 min 950 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Qarşıya qoyulan məqsədə çatmaq üçün 3 min 90 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanıb, şum, arat, malalama işləri vaxtında aparılıb, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Səpinə mütəşəkkil başlayan mülkiyyətçilər qısa müddətdə nəzərdə tutulduğundan 335,5 hektar çox sahəyə çiyid səpiblər.
Sonda
onu bildirək ki, Dövlət Statistika Komitəsinin mayın
1-nə olan məlumatına görə, cari il ölkə
üzrə 86,3 min hektar sahədə pambıq əkilib.
Azərbaycan.- 2021.- 27 may.- S.1;6.