Şuşanın Anarı
...Anadır arzulara hər zaman Qarabağ
Danışan dil-dodağım tar, kaman Qarabağ.
Qarabağ, can, Qarabağ, ana
yurdum...
O gün uzun illərdən
sonra bu mahnıya göz yaşları içində,
nisgillə deyil, sevinclə qulaq kəsildik. Müğənni də ürəklə,
şövqlə, qürurla
oxuyurdu. Bir neçə ay əvvəl
bu mahnını ifa edən Əməkdar
artist Yaqut Abdullayeva mahnının içində
“Can, Qarabağ” kəlməsini
ana yaralı övladına təsəlli
verməyə çalışırmış
kimi dərin yanğı ilə vurğulayırdı. O gün,
“Can, Qarabağ” sədaları
sevinc qanadlarında qayalarda əks-səda verib ta haqqın
dərgahına qədər
uzanırdı...
“Qarabağ söhbətləri”nə
bu dəfə Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarla belə başladıq.
Şuşanın ötən əsrin
50-ci, 80-ci, 90-cı illərinin şahidi, Şuşada
film çəkən, Şuşanın
işğalının ağrısını
yaşayan və işğaldan sonrakı Şuşanı ziyarət
edib qürurlanan yazıçıyla...
İlk pyesimi Şuşada yazdım
- Şuşa ilə,
Qarabağla bağlı
xatirələrim çoxdur,
özü də hamısı munis xatirələrdir. İlk dəfə
1954-cü ildə olmuşam
Şuşada. Onda mənim
14 yaşım vardı,
ailəlikcə istirahətə
getmişdik. “Sənin nəğmən yaxşıdır” adlı
ilk pyesimi də Şuşada yazdım və o zamandan da bu peşəni
seçdim.
O vaxt Şuşa
Azərbaycan şəhəri
təəssüratı yaratmırdı.
Şəhərə girən kimi
bir erməni qızının heykəli
qoyulmuşdu.
Nelson Stepanyanın heykəli
vardı. Şuşa adlı Azərbaycan
şəhərində bir
nəfər azərbaycanlının
belə heykəli yox idi. Atam təklif verdi ki,
dincəldiyimiz istirahət
evinə Üzeyir bəy Hacıbəylinin adını versinlər. Təklifə baxıldı və
ora Üzeyir bəyin adını verdilər. Şuşa haqqında ilk təəssüratım
bunlardır.
Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevlə bir yerdə Şuşada olmuşam. Onun iştirak etdiyi
tədbirlərə mən
də qatılmışam.
Üzeyir bəy Hacıbəyli günlərində,
Molla Pənah Vaqifin məqbərəsinin
açılışında olmuşam...
Şuşada “Uzun ömrün
akkordları”nı çəkdim
- 1981-ci ildə isə ən çox yadımda qalan Şuşa günləridir.
O il Şuşada
“Uzun ömrün akkordları” filmini çəkirdim. Həmin il həm
atamı itirdim, həm də anamı. Aprelin 1-də atam vəfat
etdi, iyulun 10-da anam. Mən hər cümə
axşamı günü
Şuşadan Bakıya
gəlib cüməaxşamı
verirdim, sonra yenə qayıdırdım
Şuşaya.
Film çıxanda çox
bəyəndilər, haqqında
yaxşı rəylər
oldu. Ağız büzənlər də vardı. Sonra Qarabağ, Şuşa işğal
olunanda həmin adamlar dedilər ki, nə yaxşı
çəkmisən o vaxt
bu filmi, indi heç olmasa ona baxıb
Şuşa yanğısına
su səpirik.
Şuşa bülbüllərini də
çəkmişdik, filmdə
kadrlar var. İndi bu festivalda oxunan
“Bayatı-şiraz” o vaxt
“Bülbüllər” uşaq
qrupunun ifasında lentə alınmışdı. Qədir Rüstəmovu
Cabbar Qaryağdı roluna çəkmişdik,
o da həmin kadrlarla tarixiləşdi.
Filmin bir dəyəri də məncə, bunlardır. Bir də
onu yaxşı xatırlayıram ki, şuşalılar ata-anamı
itirdiyimi bilirdilər və mənə xüsusi həssaslıqla
yanaşırdılar. Bu, çox duyğulu
xatirədir.
Şuşa o vaxt da indiki
kimi müqəddəs
idi, çox gözəl idi. Heydər Əliyev
hakimiyyətə gələndən
sonra Şuşanın
məhz Azərbaycan şəhəri olduğunu,
onun öz simasını şəhərdə
gördüyü işlərlə
təsdiqlədi. Bu şəhərdə Natəvanın,
Bülbülün, Üzeyir
bəyin heykəlləri
qoyuldu. Üzeyir bəyin, Bülbülün
muzeyləri yaradıldı.
Vaqifin məqbərəsi tikildi.
Bir daha təsdiqləndi ki, bu şəhər
Azərbaycan şəhəridir.
Sovet vaxtı bizim ağlımıza gəlməyən
formada şəhəri
erməniləşdirirdilər, qarşısı alındı.
İşğaldan azad ediləndən sonra görürük ki, Şuşanı məhv etməyə, erməniləşdirməyə çalışıblar. Amma bunu
bacarmayıblar. İndi
Şuşa Azərbaycanın mədəniyyət
mərkəzidir. Şuşa Azərbaycan
mədəniyyətinin, ədəbiyyatının,
sənətinin mühüm
qalasıdır.
Hər yay, bəzən iki ildən bir Şuşada dincəlirdik ailəlikcə...
Atam, anam rəhmətə gedəndən sonra da bu ənənə
davam etdi. Yenə öz ailəmlə gedirdim Şuşaya.
Qızım Günel balaca idi, Qarabağ
onun hafizəsində necə xoş xatirələrlə həkk
olunubsa, “Qarabağ hekayələri”ni yazıb və çox təsirli alınıb. Mən də oxuyanda o həyəcanı hiss etdim,
yaşadıqlarımızı xatırladım.
“Xarıbülbül” festivalı
yalnız sənət
hadisəsi deyil
- Bu ildən Şuşada “Xarıbülbül” festivalının
bərpası çox
böyük hadisə
oldu. Bu, yalnız
sənət hadisəsi
deyil, həm də tarixdir, siyasətdir. Bir yandan
ədalətin bərpasının
göstəricisidir. Qədim Azərbaycan
şəhərində yenə
Azərbaycan mədəniyyəti,
sənəti yüksəldi,
azərbaycanlılar doğma
yurda qayıtdı.
İkincisi, oranı dağıdan
ermənilərdən azad
edib Şuşanı qurmaq amalı ilə qayıtdıq Şuşaya.
Prezident İlham Əliyevin göstərişi ilə
Şuşada quruculuq işləri başlanıb
və davam edir. Ermənilər mono millətdir. Qarabağdan da hamını qovub yalnız özləri yaşamaq istəyirdilər, Ermənistanda
olduğu kimi. Biz göstərdik ki, Azərbaycan multikultural bir ölkədir. Bu ölkədə yaşayan
hər bir azlıq öz sənətini də yaşadır, simasını
da saxlayır. Nəhayət, bu onu sübut etdi ki, ədalət var. Dünya kar idi, kor idi
və elə bil belə də
olmalı idi. Allahınsa ədaləti var. Allahın
köməyi, müzəffər
ordumuzun səyi, Ali Baş Komandanın iradəsi ilə ədalət bərpa olundu.
Ədalətin bərpası ora
yığışan azərbaycanlıların,
şuşalıların gözlərində parıldayırdı.
Vasif Adıgözəlovun çox
gözəl əsəri
Yalçın Adıgözəlovun
müşayiətində səslənirdi.
Həyatda nə baş verirsə - dərsdir
- Əlbəttə Şuşada doğulmuş, orda evləri olan adamların həsrəti bizdən daha artıq idi. Şuşada olanda həmişə rəhmətlik Süleyman Ələsgərov bizi evinə qonaq dəvət edirdi. İndi baxdım ki, o ev yerləyeksan edilib. Zülfü Adıgözəlovun, Şuşinskilərin evləri olub orda. Şuşanın 70 faizini dağıdıblar, 30 faizi qalıb. Mənasız millətdir də, deyir mənimdir, bəs sənindirsə, niyə dağıdırdın? Bütün dünya gülür bunlara.
Pənahəli xanın 270 il bundan əvvəl özülünü qoyduğu şəhər niyə erməni şəhəri olmalıdır? Elə bil uşaqdılar, həm də tərbiyəsiz uşaq. Hələ geri almaq barədə cəfəngiyat danışırlar. 10 milyon azərbaycanlı sənə şəhər verməz. 3 milyonunla gəl al, görək necə alırsan. Heç kəsə də arxalanma, göründü ki, arxalanmağının əhəmiyyəti olmadı.
Tərəflərini yalnız media saxladı. İndi biz bundan da nəticə çıxarmalıyıq. Gərək elə iş görək ki, orda bizm də səsimiz olsun. Bütün təbliğatı 44 günlük müharibədə Prezidentimiz təkbaşına apardı. 4 dildə müsahibələr verdi. Bu hər birimiz üçün nümunə olmalıdı.
Qarabağla bağlı, ordakı talelərdən hələ çox yazılacaq
- Həyatda nə baş verirsə, ondan dərs alıb hərəkət etmək lazımdır. Çox dərslər götürdük, həm də onun nəticəsində qələbə qazandıq. Şuşanı, Qarabağı azad etdik. Həyat dərsdir, yenə öyrənib yenə qələbə qazanarıq. Şuşada möhkəmlənib qələbələri davam etdirmək lazımdır.
“Qarabağ şikəstəsi” adlı böyük yazım var, çoxdan çap olunub. Yenə “Qarabağ dastanı-30 ilin həsrəti, 44 günün zəfəri” adlı hekayələr toplusunda da çap ediləcək. Kitabda səkkiz rayondan çıxan yazıçının hərəsi öz rayonu haqqında yazıb.
“Otel otağı” povestimdə Xocalıdan olan qadının hekayəti yer alıb. Həm də onu danışmışdılar mənə, olan hadisədir. Mövzu o qədər yaralıdır ki, hələ çox toxunmaq olmur, qan verir. Zamanla hamısı yazılacaq. Qarabağla bağlı, ordakı talelərdən hələ çox yazılacaq. Orada baş verən hadisələr çox əsərlərdə yer alacaq.
Xalq yazıçısının arzularına qoşuluruq, əlbəttə ki, əsərlər yazılacaq.
Qarabağ isə yenidən qurulacaq, yeni arzulara qucaq olacaq.
Axı, “Anadır arzulara hər zaman Qarabağ”...
Ramilə QURBANLI
Azərbaycan.-2021.- 27 may.- S.1;4.