Avropanın enerji
tarixində yeni səhifə
“Cənub qaz
dəhlizi”nin açılış mərasimindən 3 il keçir
“Cənub qaz dəhlizi” Azərbaycan qazının Avropa qitəsinə nəqlini həyata keçirən nəhəng bir layihədir. Bu dəhliz dörd mühüm seqmenti birləşdirir. Bunlar “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP-ın (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişidir.
İki ilk seqmentin -”Şahdəniz-2”dən qazın əldə olunması və CQBK-nın genişləndirilməsinin başa çatdırılması layihənin rəsmi açılışını etməyə imkan vermişdir. Mərasim 2018-ci il mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında keçirilmişdir.
Növbəti ayda - iyunun 12-də TANAP da istismara daxil oldu. Bu münasibətlə
Türkiyədə, Əskişəhərdə təntənəli
tədbir keçirildi. Sonuncu seqment olan TAP-ın çəkilişi
keçən ilin sonunda yekunlaşdı.
“Cənub qaz dəhlizi”nin uzunluğu 3500 kilometrdir. Dəhlizi təşkil edən, bir-birinə möhkəm “halqa” ilə bağlanan üç kəmər böyük ehtiyatlara malik “Şahdəniz” yatağından hasil olunan qazın Avropa bazarına ötürülməsini təmin
edir.
TANAP-la artıq üç ilə yaxındır Türkiyəyə “Şahdəniz” qazı ixrac olunur. TAP da qısa müddətdə xeyli mavi yanacaq nəql edib. Belə ki, bu kəmərlə indiyədək Avropaya 2 milyard kubmetrdən çox qaz göndərilib.
“Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də - “Əsrin müqaviləsi”nin 20 illik yubileyi günü Səngəçal terminalında qoyulmuşdur.
Layihənin nəhəngliyini nəzərə alsaq, onun təməlqoyma və açılış mərasimləri arasındakı vaxt çox qısa olmuşdur. Cəmi 4 ilə yaxın bir vaxt ərzində qazanılan böyük uğur - “Cənub qaz dəhlizi”nin işə düşməsi Azərbaycanın bundan əvvəl həyata keçirdiyi qlobal neft-qaz və ixrac layihələrinin təcrübəsinə əsaslanır. Belə ki, Azərbaycan üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini də təxminən 4 ilə çəkmişdir. Sonra bu kəmərlə yanaşı, “Şahdəniz-1” qazını Azərbaycanın 13 rayonundan keçməklə Gürcüstana və Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum boru xəttini inşa etmişdir. Əslində Bakı-Tbilisi-Ərzurum kəməri “Cənub qaz dəhlizi”nin bünövrəsi, başlanğıcı rolunu oynamışdır.
“Cənub qaz dəhlizi”nin açılış mərasimində Prezident İlham Əliyev demişdir: “2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da bunlar tarixi nailiyyətlərdir. “Şahdəniz” yatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı. Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, “Cənub qaz dəhlizi”nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı”.
İndi bütün bunlar reallıqdır. Avropanın enerji xəritəsini dəyişdirən nəhəng layihə uğurla sona çatıb.
Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycanın liderliyi
ilə həyata keçirilən, tarixi əhəmiyyətə
malik, xalqımızın firavan gələcəyini təmin
edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın
möhkəmlənməsinə xidmət göstərən
qlobal layihədir. Dövlət başçısı, bununla yanaşı, “Cənub qaz
dəhlizi”nin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq
şəraitində reallaşdığını da dəfələrlə
vurğulamışdır.
“Cənub qaz dəhlizi”nin ən önəmli cəhətlərindən biri layihədə bütün iştirakçı tərəflərin maraqlarının təmin edilməsi, maraqlar balansının gözlənilməsidir. Belə ki, layihənin icrasında geniş beynəlxalq əməkdaşlıq formatı yaradaraq yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulacaqlar. Deməli, “Cənub qaz dəhlizi”nin “qol”larının da olacağı mümkündür, çünki Avropanın Azərbaycan qazına ehtiyacı var. Eyni zamanda biz öz ixrac imkanlarımızı genişləndirmək istəyirik və bu baxımdan Avropa bazarı çox əlverişlidir.
“Cənub qaz dəhlizi” layihəsinin uğurla tamamlanması nümayiş etdirir ki, komanda şəklində aparılan iş həmişə yaxşı nəticə verir. Burada istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları üst-üstə düşür.
Beləliklə, “Cənub qaz dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatımızın inkişafında mühüm amil olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət götürəcək. Bu layihə Azərbaycana böyük gəlirlər gətirəcək, insanların rifahının yüksəlməsinə təsir göstərəcək, xalqımızın firavan gələcəyini təmin edəcək.
Flora SADIQLI
Azərbaycan.-2021.- 27 may.- S.1;6.