Böyük Zəfər cümhuriyyət ideallarının təntənəsidir

 

İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır

 

 

 

Bu gün Respublika Günüdür. Müsəlman Şərqində ilk demokratikparlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ili tamam olur. Amma dövlət müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki, xalqımız bu günü əvvəlki illərdən tamamilə fərqli ovqat və əhvali-ruhiyyə ilə qarşılayır. Çünki Vətən müharibəsindəki böyük Qələbəmiz xalqımızın dövlətçilik salnaməsinin mühüm səhifələrindən olan Respublika Gününü də şərəfləndirdi və  29 ildə birinci dəfədir ki, bu tarixi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu şəraitdə qeyd edirik.

 

 

 

Azadlıq ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Biz həmişə azad yaşamışıq, tarixin bütün mərhələlərində dövlətlərimiz olub. 1918-ci ildə də tarixi şərait yetişdiyi anda Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. O dövr üçün qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də müstəqil dövlətimizin yaranmasında müstəsna rol oynadı. Xaricdə yüksək təhsil alan, Avropadünya mədəniyyəti ilə yaxından tanış olan bu insanlar öz intellektual potensialı, millətinə olan sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə fəal iştirak etdilər, siyasi-ictimai, fəlsəfi və maarifpərvər yaradıcılıqları ilə xalqımızın milli oyanışına mühüm töhfələr verdilər. Məhz bu insanlar yaranmış mürəkkəb vəziyyətdə birləşərək Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni elan etdilər və Azərbaycan Xalq Cümhuriyyətinin, respublikamızın müstəqilliyinin əsasını qoydular.

Lakin 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi. Xalq Cümhuriyyəti demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilmədi. Amma qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Cümhuriyyətin ömrü qısa olsa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi. Onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi.

70 illik sovet hakimiyyəti dövründə xalqımız milli azadlıq ideallarını qorudu, yaşatdı və nə vaxtsa onların həyata vəsiqə alacağına inamını heç vaxt itirmədi. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi fəaliyyət xalqımızın milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və həqiqətə çevrilməsinə zəmin yaratdı.

 

 

 

Tariximizə yüksək ehtiramın nümunəsi

 

 

 

1991-ci il oktyabr ayının 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdi. Xalq Cümhuriyyətinin ideyalarını davam etdirərək bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövləti yaradıldı. Lakin müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı, səriştəsizliyi bu müstəqilliyin də əldən getməsinə gətirib çıxaracaqdı. Yalnız Ulu Öndərin sayəsində müstəqilliyimizi qorumaq mümkün oldu. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu.

Ulu Öndər Heydər Əliyev həmişə öz çıxışlarında Xalq Cümhuriyyətinin qurucularının adlarını böyük ehtiramla çəkirdi. “1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur”, - deyə Ulu Öndər bildirmişdir.

Cümhuriyyətin qurucularına hər zaman yüksək ehtiram nümunəsi göstərən Prezident İlham Əliyev də xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri bunun parlaq təzahürüdür. Hər il 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlət başçısı xalqı təbrik edir.

Bakıda cümhuriyyətin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır.

 

 

 

Müstəqil siyasətin təcəssümü

 

 

 

Müstəqillik böyük sərvətdir. Hər bir ölkə sözdə və ya kağız üzərində müstəqil ola bilər. Amma əsl müstəqillik odur ki, müstəqil siyasət yeridəsən və mövqeyini ortaya qoymağı bacarasan. Bu gün Azərbaycanın dünya birliyindəki yerini, hadisələrə münasibətini, siyasiiqtisadi kursunu təhlil edəndə ölkəmizin tam müstəqil siyasət yeritdiyini əminliklə söyləyə bilərik.

Heydər Əliyev xalqımıza əbədi müstəqillik bəxş etdi. Prezident İlham Əliyev isə öz uğurlu siyasəti ilə müstəqilliyimizi daha da möhkəmləndirdi, sarsılmaz etdi. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki kimi qüdrətli olmamışdır. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünya birliyində söz sahibi kimi qəbul olunması məhz müstəqilliyimizin və müstəqil siyasətin bəhrəsidir.

Azərbaycanın əldə etdiyi möhtəşəm uğurların fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın kosmik klubun üzvünə çevrilməsi, bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına, hazırda isə Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyində öz sözünü deməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, “Cənub qaz dəhlizi”, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və sair bu kimi mühüm nailiyyətlərdir.

Ermənistanın döyüş meydanında darmadağın edilməsi ilə nəticələnən Vətən müharibəsi də Azərbaycanın müstəqil siyasətinin təntənəsi oldu. Bu müharibədə Azərbaycana qarşı çox təzyiqlər edildi, respublikamızı öz yolundan döndərməyə cəhdlər göstərildi. Lakin İlham Əliyevin lider və sərkərdə qətiyyəti onların hamısının qarşısını aldı, Azərbaycanın milli və dövlət maraqlarını layiqincə təmin etdi.

Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır. Ona görə indi əzəmətli dövlətimiz kimi milli bayramlarımız da bir başqadır, daha möhtəşəmdir. Bu bayramda həm də cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhları da şaddır...

 

 Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 28 may.- S.1;9.