Azərbaycan iqtisadiyyatı
çətin sınaqlardan uğurla
çıxıb
Milli Məclis
ötən ilin dövlət büdcəsinin
icrası ilə bağlı sənədi təsdiqlədi
Mayın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Əvvəlcə iclasın 15 bənddən ibarət gündəliyi təsdiqlənib.
İlk olaraq iclasda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, qanun layihəsinin birinci oxunuşu zamanı deputatlar müsbət fikirlər söyləyib, konseptual baxımdan sənədi dəstəkləyiblər. Bununla yanaşı, layihəyə bir sıra təkliflər də irəli sürülüb. Verilən təkliflər qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə edilib və onların bəziləri qanunun qəbulundan sonra onun tətbiqi ilə bağlı qəbul ediləcək direktiv sənədlərdə öz əksini tapacaq.
Qeyd edilib ki, qanun layihəsi 4 komitənin birgə iclasında ikinci oxunuşda geniş müzakirə olunub və yekdilliklə dəstəklənib. Qanunun qəbulu Prezident tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş qədim Şuşa şəhərinin qorunmasına, bərpasına, inkişafına və təbliğinə töhfə verəcək.
Müzakirələr zamanı komitə sədri Tahir Rzayev, deputatlardan Vahid Əhmədov, Aydın Mirzəzadə, Jalə Əliyeva, Erkin Qədirli, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Sahib Alıyev Şuşanın tarixindən, onun ölkənin siyasi və mədəni həyatında oynadığı rolundan bəhs ediblər, bir sıra təkliflərini səsləndiriblər. Deputatlar qanun layihəsini yüksək dəyərləndiriblər.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların çıxışlarında səslənən bir sıra məsələlərə aydınlıq gətirib. Komitə sədrləri Qənirə Paşayeva və Siyavuş Novruzov deputatların toxunduğu bəzi məqamlara münasibət bildiriblər. Müzakirələrin sonunda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsidir. Layihə birinci oxunuşda müzakirə ediləcək. Spiker qeyd edib ki, “Büdcə sistemi haqqında” qanunda müəyyənləşdirilmiş qaydaya uyğun olaraq qanun layihəsi mayın 15-dək Milli Məclisə təqdim edilib. Eləcə də Hesablama Palatasının rəyi vaxtında hazırlanaraq parlamentə göndərilib.
Qanun layihəsi barədə məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2020-ci ilin dövlət büdcəsi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, COVID-19 pandemiyasının və Vətən müharibəsinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla çevik formada icra olunub.
Komitə sədri deyib ki, 2020-ci il, hər şeydən əvvəl, Azərbaycanın dövlətçilik və müstəqillik tarixinə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi, işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi qələbə ili kimi həkk olunub. 2020-ci ilin əvvəlindən başlayaraq dünyada COVID-19 pandemiyasının sürətlə yayılması iqtisadi fəallığın zəifləməsinə səbəb olub. Dünya neft bazarında qiymətlərin kəskin ucuzlaşması iqtisadi böhranın əhatəliyini və kəskinliyini daha da artırıb. Pandemiyanın Azərbaycan iqtisadiyyatına mümkün mənfi təsirlərinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatının daha kəskin enişinin qarşısı alınıb.
Məlumat verilib ki, 2020-ci ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 4.3 faiz , o cümlədən qeyri-neft sektoru üzrə əlavə dəyər istehsalı 2,6 faiz, neft sektorunda isə 7 faiz azalıb. Lakin qeyri-neft ÜDM-in tərkibində aparıcı rola malik kənd təsərrüfatı üzrə 1,9 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 4,6 faiz, informasiya-rabitə sektoru üzrə 0,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı üzrə isə 12,5 faiz artım müşahidə olunub. Həmçinin 2020-ci ildə ölkəmizdə inflyasiyanın səviyyəsi 2,8 faiz, neftin bir barelinin orta illik qiyməti isə 43,7 dollar təşkil edib. COVID-19 pandemiyası ilə mübarizə və onun fəsadlarının aradan qaldırılması büdcənin icrasına da təsir göstərərək sosial məzmunlu xərclərin yüksəldilməsini labüd edib. Bununla yanaşı, müharibə şəraiti, döyüşün maliyyələşməsi, şəhid ailələrinə, əsgər və zabitlərə qayğının artırılması, işğaldan azad olan ərazilərin bərpası dövlət büdcəsinin icrasında mühüm hədəflərdən olub.
2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24124,0 milyon manat proqnoza qarşı 24681,7 milyon manat təşkil edib. Proqnozla müqayisədə 557,7 milyon manat və ya 2,3 faiz cox icra olunub. 2020-ci il dövlət büdcəsinin xərcləri 27492,2 milyon manat proqnoza qarşı 26416,3 milyon manat və ya 96.1 faiz az icra edilib. Sosialyönümlü xərclərin 2020-ci il dövlət büdcəsində icrası xərclərin 36,5 faizi və ya 9654,2 milyon manat həcmində olub. Ümumiyyətlə, son 5 ildə sosialyönümlü xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi natural ifadədə 3.5 mlrd manat və ya 1,6 dəfə artıb.
Çıxışının sonunda Tahir Mirkişili qeyd edib ki, 2020-ci il üçün dövlət büdcəsinin icrası əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, Vətən müharibəsində qələbənin təmin olunması, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, COVID-19 pandemiyası ilə mübarizədə və iqtisadi subyektlərin dəstəklənməsində müsbət rol oynayıb.
İclasda maliyyə naziri Samir Şərifov çıxış edərək deyib ki, ötən ilin əvvəlindən başlayaraq ölkə iqtisadiyyatı ağır sınağa çəkilərək iki xarici böhranla üzləşib. Bu, ilk növbədə koronavirus pandemiyası ilə bağlı problemlər və iqtisadiyyatın yeni reallıqlara uyğunlaşması, digər tərəfdən isə dünya bazarında xam neftə tələbatın azalması və bunun nəticəsində neft, neft məhsullarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsidir. Bu proseslər ölkə iqtisadiyyatına mənfi təsir göstərməklə, illik ümumi daxili məhsulun azalmasını şərtləndirib dövlət və icmal büdcələrinin gəlirlərinin formalaşmasında, eyni zamanda, dövlət büdcəsinin xərclərində əhəmiyyətli dəyişikliyin aparılmasını zəruri edib.
Pandemiyanın yaratdığı keyfiyyətcə yeni mühit əhalinin həssas sosial qruplarına, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə, səhiyyə sahəsinə, dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsini zəruri edib. Ölkə Prezidentinin tapşırığına əsasən hökumət tərəfindən kompleks sosial-iqtisadi tədbirlər proqramı hazırlanıb və icrasına başlanıb. Bunları nəzərə alaraq, dövlət və icmal büdcələrinin prioritetliyi və ünvanlılığı artırılmaqla həyata keçirilib. Hesabat ilində bütün sosial öhdəliklərin vaxtında və tam həcmdə yerinə yetirilməsi ilə yanaşı, yeni yaranmış reallıqlara müvafiq olaraq pandemiya şəraitində işləyən tibb işçilərinə xüsusi əlavələr ödənilib, pandemiyadan zərər çəkən sahələrin dəstəklənməsi nəticəsində, pandemiyanın ölkə iqtisadiyyatına, əhalinin sağlamlığına və sosial-iqtisadi vəziyyətinə təsirinin endirilməsinə nail olunub. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində də məqsədyönlü iş aparılıb.
Nazir öz çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisadiyyatın idarə olunması istiqamətində atdığı çevik addımlar, həyata keçirilən qabaqlayıcı və tənzimləyici tədbirlər, habelə əvvəlki illərdə ölkəmizdə yaradılmış maliyyə ehtiyatlarından istifadə edilməsi dünya iqtisadiyyatında baş verən proseslərin ölkə iqtisadiyyatında yarada biləcək mənfi təsirlərin əhəmiyyətli dərəcədə neytrallaşdırılmasına imkan verib. Eyni zamanda, manitar və fiskal siyasətin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi nəticəsində manatın sabitliyi qorunub.
Azərbaycan dövlətinin pandemiya ilə mübarizə istiqamətində ötən il ərzində gördüyü tədbirlər beynəlxalq maliyyə qurumları tərəfindən də izlənilib. Belə ki, Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin COVID-19 pandemiyasına qarşı həyata keçirdiyi mübarizə tədbirlərinin, o cümlədən xəstəliyin yayılma sürətinin azaldılması və insanların sağlamlığının qorunması ilə bağlı səhiyyə və iqtisadiyyat sahələrinə verdiyi dəstəyin, ölkənin həssas qrupuna aid vətəndaşlara verilən yardımın mühüm rolunu vurğulayıb.
Ötən il ərzində dövlət büdcəsinin xərclərinin kəskin optimallaşması həyata keçirilib və nəticədə bir sıra sahələrdə xərclərin kifayət qədər azaldılmasına nail olunub. Ümumiyyətlə, dövlət büdcəsinin xərclərinin icrası 96,1 faiz təşkil edib, 1 milyard 75 milyon manat vəsait istifadə olunmayıb. Strukturuna görə, xərclərin 16 milyard 657 milyon manatı və yaxud 61,1 faizi cari xərclərə, 8 milyard 33 milyon manat və yaxud 30,4 faiz əsaslı xərclərə, 1 milyard 726 milyon manat və yaxud 6,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. 2020-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərcləri 33,3 faiz və yaxud 8 milyard 805 milyon manat təşkil edib. COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə dair proqramın icrasına 1 milyard 970 milyon manat vəsait istifadə olunub. Burada səhiyyə tədbirləri üzrə xərclər 613 milyon manat təşkil edib. İqtisadi sferada fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə xərclərə 813 milyon manat vəsait yönəldilib. Əhalinin sosial baxımdan həssas qruplarına ödənişlər və digər sosial tədbirlər çərçivəsində 505 milyon manat vəsait ayrılıb. Bu tədbirlərlə yanaşı, Azərbaycan dövləti koronavirusla mübarizə sahəsində beynəlxalq səviyyəli tədbirlərdə də fəal iştirak edib. Ölkə Prezidentinin tapşırığı ilə dövlətimiz tərəfindən beynəlxalq təşkilatlara və xarici ölkələrə yardım məqsədilə 39 milyon manat məbləğində vəsait ödənilib.
Çıxışının yekununda Samir Şərifov bildirib ki, pandemiyanın mənfi təsirləri ilə əlaqədar sosial-iqtisadi baxımdan ağır keçən 2020-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin üzləşdiyi çağırışlara müvafiq olaraq çevik sosial-iqtisadi tədbirlər həyata keçirilməklə ölkədə makro-iqtisadi sabitlik qorunub, maliyyə dayanıqlığı təmin edilib, qarşıya qoyulan vəzifələrin sabit maliyyələşməsinə nail olunub.
Sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi təqdim edilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsinin və hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun qiymətləndirilməsi, büdcə parametrlərinin doğruluğunun və tamlığının qiymətləndirilməsi, icra olunmuş büdcə parametrlərinin təsdiq olunmuş göstəricilərə uyğunluğu, büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olması barədə fikirlərini açıqlayıb. Dövlət büdcəsinin icrası ilə bağlı palatanın apardığı təhlillər barədə geniş məlumat verilib.
Müzakirələr zamanı çıxış edən komitə sədrləri Qənirə Paşayeva, Musa Quliyev, Zahid Oruc, Siyavuş Novruzov, deputatlardan Tahir Kərimli, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Elman Nəsirov, Soltan Məmmədov, Azər Badamov, Fəzail Ağamalı dövlət büdcəsinin gəlir və xərcləri barədə öz fikirlərini açıqlayıblar, onun icrasını yüksək qiymətləndiriblər.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin növbəti 9 məsələsi isə üçüncü oxunuşda müzakirəyə çıxarılan sənədlər olub.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Layihə ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, sığorta fəaliyyətinin tənzimlənməsi və ona nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Deputatlar həmçinin “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə sənədləri üçüncü oxunuşda təsdiq ediblər.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda təqdim edərək bildirib ki, sənəd tibbi xidmətlər üçün müraciət edən şəxslərin dəstəklənməsinə, onların tibb müəssisəsinə müraciət imkanlarının artırılmasına xidmət edəcək. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
İclasda “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər üçüncü oxunuşda təsdiq edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda diqqətə çatdırıb. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını təsbit edən mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanmış layihədə bu sahədə nəzarətin və şəffaflığın artırılması nəzərdə tutulur. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Qeyd olunub ki, adıçəkilən qanunlara təklif edilən dəyişikliyə birinci və ikinci oxunuşda müsbət münasibət bildirilib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, sənədin birinci oxunuşu zamanı deputatlar bir sıra təkliflər irəli sürüblər. Həmin təkliflər gələcəkdə qanunun tətbiqi zamanı hökumət tərəfindən hazırlanacaq normativ-hüquqi aktlarda nəzərə alınacaq.
5 fəsil 20 maddədən ibarət olan qanun elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Naqif Həmzəyev öz fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
“Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov ikinci oxunuşda məlumat verib. Deputat birinci oxunuşda verilən təkliflərin araşdırıldığını deyib və bununla bağlı ətraflı izahat verib.
Layihədə təklif edilən dəyişikliklər dövlət qulluğu sistemində idarəetmənin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi və onların fəaliyyətində səmərəliliyin artırılması, dövlət orqanı rəhbərinin Dövlət İmtahan Mərkəzindən kənar dövlət qulluğuna qəbul edə biləcəyi dövlət qulluğu vəzifələrinin dairəsinin müəyyən edilməsi və digər mühüm məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.
Deputatlar Qüdrət Həsənquliyev, Afət Həsənova, Etibar Əliyev sənəd barədə öz fikirlərini açıqlayıblar. Kamal Cəfərov səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Daha sonra “Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov birinci oxunuşda təqdim edib. Bildirilib ki, sənəd kredit ittifaqının hər bir borcalanı haqqında məlumatın kredit bürosuna və Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməsini nəzərdə tutur. Qanuna təklif olunan yeni 15-1-ci maddə mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsini tənzimləyir. Əlavəyə əsasən, kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir. Qeyd olunur ki, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” qanunla tənzimlənir.
Komitə sədri Siyavuş Novruzov, deputatlar Aydın Hüseynov, Məlahət İbrahimqızı, Vüqar Bayramov, Fəzail Ağamalı, Tahir Kərimli sənəd barədə öz fikirlərini söyləyiblər.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışlarda səslənən bəzi məqamlar barədə aydınlıq gətirib. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, bu sənəd “Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə ilə birbaşa bağlıdır. Təklif olunan dəyişikliklər bank və ya bank olmayan kredit təşkilatı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna, eləcə də Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və kredit bürosuna müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məlumatların müəyyən olunmuş qaydada və müddətdə təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyəti nəzərdə tutur. Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Milli Məclisin sədri Sahibə Qafarova iclasın sonunda nitq söyləyib.
Spiker bildirib ki, may ayının 28-də xalqımız Respublika Gününü qeyd edəcək. 103 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun gerçəkləşməsi idi. Demokratik və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, bu günün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi Azərbaycan xalqının demokratik düşüncəyə və həyat tərzinə, ümumbəşəri dəyərlərə bağlı olduğunu göstərmiş, təkcə ölkəmizin deyil, bütün müsəlman Şərqinin siyasi təkamülündə mühüm rol oynamışdır.
Sədr qeyd edib ki, bugünkü Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin varisidir. İnamla söyləmək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ənənələr Azərbaycan dövlətinin fəaliyyətində layiqincə davam və inkişaf etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ən böyük problemi həll edilib, ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycana qarşı ərazi iddiasına düşənlərə layiq olduqları yer göstərilib.
Sahibə Qafarova vurğulayıb ki, bu gün Azərbaycan gələcəyə inamla baxan, geniş bölgədə söz sahibi olan qüdrətli dövlətdir. Əminliklə demək olar ki, cənab Prezidentimizin uzaqgörən siyasəti sayəsində qələbədən qələbəyə addımlayan Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında yerini qoruyub saxlayacaq və daha da inkişaf edəcəkdir.
Milli Məclisin sədri təklif edib ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya parlament adından təbrik məktubları ünvanlansın. Sabibə Qafarovanın təklifi deputatlar tərəfindən razılıqla qarşılanıb. Spiker həmçinin parlamentin fəaliyyətini işıqlandıran media nümayəndələrini də bayram münasibətilə təbrik edib.
Rəşad
BAXŞƏLİYEV,
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.- 28 may.- S.1;3.