Müsəlman Şərqinin
ilk cümhuriyyəti
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il keçir. Son 30 ilə yaxın bir müddətdə biz ilk dəfə olaraq cümhuriyyətimizin ildönümünü qalib xalq və qalib dövlət olaraq qeyd edirik. Uzun illər boyu işğal altında qalan torpaqlarımız müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilib. Müqəddəs Dövlət bayrağımız Şuşada və işğaldan azad edilən digər ərazilərimizdə dalğalanır. Zülmətdə olmuş həmin ərazilərə yeni nəfəs, yeni həyat gəlir...
1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura tərəfindən müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyi elan edildi. Cümhuriyyətin qurulmasına aparan yol necə olub? Bəs cümhuriyyət necə elan edilib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət olub? Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət fəaliyyəti necə idi? Hansı amillər cümhuriyyətin süqutuna səbəb olub? Cümhuriyyət dövrü tariximizdən nələri öyrənməli və hansı ibrət dərslərini almalıyıq?
Cümhuriyyətin elanı bir sıra amillərin təsiri altında oldu. Məlumdur ki, çarizmin işğalına qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var idi. Lakin 1828-ci ildə Azərbaycanın şimal torpaqları çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. İki yerə bölüşdürülsə də, Azərbaycan xalqı işğalla barışmadı. Azərbaycanın şimalında işğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının məhvinə başlandı. Müstəmləkəçiliyə qarşı çıxanları amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Belə bir fakt maraqlıdır ki, cümhuriyyət elan edilənədək Sibir sürgünündə təxminən 5 min nəfər azərbaycanlı var idi.
Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri belə qəddarlıqla məhv edirdi. Aparılan islahatlar başlıca olaraq çarizmin ümumi müstəmləkəçilik mənafelərinə, ucqarları imperiya mərkəzinə daha sıx bağlamağa xidmət edirdi.
Azərbaycanda demoqrafik şəraiti dəyişdirmək məqsədilə qeyri-azərbaycanlılar, xüsusən ermənilər iri şəhərlərə və müxtəlif yaşayış məntəqələrinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmədi, onlar eyni zamanda yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular və varlandılar. Gəlmələr üçün üstün şərait yaradılırdı. Bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz gəlmələr çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə dayaqlarına çevrildilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin təməlləri məhz işğaldan sonra çarizm tərəfindən qoyuldu.
Çarizm özünün ümumi imperiya mənafeləri naminə Azərbaycanda işlərin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurların yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik siyasətinə xidmət edirdi.
Hansı məqsədlər güdməsindən asılı olmayaraq açılan məktəblər və mədəni-maarif müəssisələri Azərbaycan xalqının maariflənməsinə, dövrün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Ana dilində ilk qəzet dərc edildi. İlk milli teatr yaradıldı. Maarifçilik xalqda milli hisslərin oyanmasına, milli şüurun inkişafına, özünüdərkə və nəhayət, milli hərəkatın yaranmasına gətirdi. Azərbaycan xalqının millət olaraq formalaşmasında bu amillər mühüm rol oynadı. Rusiyada gedən proseslər heç şübhəsiz, Azərbaycana da təsirsiz ötüşmədi. İmperiya tərkibində olan Azərbaycanın şimalında xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycan şimalı Rusiya vasitəsilə Avropaya daha çox yaxınlaşdı. Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və başqa ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Çarizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynayırdı. “Azərbaycanlılar” ifadəsindən həmin vaxtlarda dərc edilən rus dilli qəzetlərdə istifadə edilməyə başlandı.
1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda iki böyük cərəyan - millətçilik, milli-azadlıq hərəkatı və sosial-demokratiya paralel olaraq gedirdi. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün Azərbaycan ziyalıları ictimai və siyasi təşkilatlar yaratdılar. Milli-azadlıq hərəkatı son nəticədə imperiyanın dağılması, zülm altında inləyən xalqların azad olması və müstəqil dövlətin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya isə mahiyyətinə görə rejimi dəyişməklə imperiyanın qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öncülləri “Difai”, “Müsavat”, sosial-demokratiyanın təmsilçisi isə “Hümmət” oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini və çoxtərəfliliyini göstərir. Eyni zamanda millətin inkişafına dair ictimai-siyasi təşkilatların fərqli yollar axtarması da düşündürcüdür və bir sıra suallar doğurur.
Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi. Birinci Dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İri imperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyil ki, müharibənin sonlarında yaranmış gərgin vəziyyətdə Azərbaycanın taleyi məsələsində ziyalılar Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqaları müstəsna rol oynayaraq məsuliyyəti öz üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən şəxslər müxtəlif yollar aramağa başladılar. Millətin problemlərinin həllində xeyriyyə cəmiyyətlərinin özünəməxsus rolu var idi.
1917-ci ilin fevral ayında Rusiyada çarizm devrildi,
monarxiyaya son qoyuldu. Müvəqqəti hökumət quruldu.
Bu zaman ölkədə faktiki olaraq üç
hakimiyyət - müvəqqəti hökumətin orqanları,
sovetlər və milli şuralar fəaliyyət göstərirdilər.
Oktyabr
ayında bolşeviklərin hakimiyyətə çevriliş
yolu ilə gəlməsi və müharibədən
çıxdığını elan etməsi tamamilə yeni
bir şərait yaratdı. Noyabr ayının əvvəllərində
Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar.
Bundan bir neçə gün sonra Antanta ölkələrinin
yardımı ilə Tiflisdə Transqafqaz
Komissarlığı yaradıldı. Rusiyada
bolşevik hökuməti müharibədən
çıxdığını elan edərək Almaniya və
müttəfiqləri ilə barışıq imzaladı.
Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məslisinə
seçilən deputatlar mərkəzdə fəaliyyətə
başlaya bilmədiklərindən və bu orqan bolşeviklər
tərəfindən qovulduqdan sonra onlar 1918-ci ilin fevralında
Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Seymdə Azərbaycan fraksiyası 44 nəfərdən
ibarət idi. Həmin ilin aprelində seym Cənubi
Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya
Demokratik Federativ Respublikasını yaratdı.
Osmanlı
dövləti Cənubi Qafqaz istiqamətində əlverişli imkan qazandı.
Regionun əhalisinin etnik və dini mənsubiyyəti
baxımından Osmanlı digər ölkələrdən
xeyli üstün idi.
Azərbaycan
uğrunda böyük dövlətlərin mübarizəsi gücləndi. Rus
Qafqaz cəbhəsi dağıldı. Ordu
hissələri ilə birlikdə geri dönən erməni
silahlı bandaları Cənubi Qafqazda kütləvi
qırğınlar törətdilər. Qırğınların
zirvə nöqtəsi 1918-ci ilin mart ayında azərbaycanlılara
qarşı törədilən soyqırımı oldu. Soyqırımında başlıca məqsəd
müstəqillik tərəfdarlarını məhv etmək,
onun sosial dayaqlarını dağıtmaq, müharibənin son
mərhələsində döyüşən dövlətlərin
strategiyasında mühüm yer tutan Bakı neftinə sahib
olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək
və Osmanlı hücumlarının qarşısını
almaq idi. Transqafqaz Seymi azərbaycanlılara
qarşı erməni silahlı bandalarının törətdikləri
qırğınları dayandıra bilmədi. Ermənilərin əsassız iddiaları nəticəsində
kəskinləşən daxili ziddiyyətlər ucbatından
seymin süqutu yaxınlaşdı.
***
Almaniyaya arxalanan gürcülər mayın 26-da seymdən
çıxaraq dövlət müstəqilliklərini elan
etdilər. Azərbaycan fraksiyası mayın 27-də
toplaşaraq dövlət müstəqilliyini elan etmək qərarına
gəldi. Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında
Batumda keçirilən
danışıqlarda iştirak edən M.Ə.Rəsulzadə
qiyabi olaraq Milli Şuranın sədri seçildi. Fraksiya
özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan
xalqının tarixi istəyi yerinə yetirildi. Milli
Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında altı
bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi
qəbul edildi.
Azərbaycanlıların
tarixi torpaqlarında ermənilərin yaratdıqları Ararat
Respublikasının paytaxtı olmadığından Azərbaycan
Milli Şurası iki xalq arasında milli sülhün
yaradılması, digər ərazilərə əsassız
iddialar irəli sürməyəcəyi düşüncəsi ilə İrəvanı
paytaxt olaraq güzəştə getdi. Beləliklə,
gəlmə ermənilər üçün Azərbaycan
torpaqlarında Cənubi Qafqazda dövlət yaradıldı və
paytaxt şəhəri verildi.
Lakin bununla kifayətlənməyən
daşnak Ermənistanı azərbaycanlılara qarşı
soyqırımları davam etdirdi və əsassız ərazi
iddialarını genişləndirdi.
Azərbaycanın idarəetmə forması Xalq
Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla
mehriban münasibətlər qurmaq istəyini bəyan etdi.
Ölkə ərazisində yaşayan
bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan
olundu. Azərbaycanın başında
xalqın seçdiyi Milli Şura dayanırdı. Azərbaycan parlamentli
respublika idi.
Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan
xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə
çevrildi. Əgər Azərbaycan Rusiya tərəfindən
xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə
ayrı-ayrılıqda qatılmışdısa, 1918-ci ildə
onun tərkibindən tək millət, tək dövlət və
tək bayraq olaraq çıxdı.
Cümhuriyyətin
ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə
edirdi və 113,9 min kv.km idi. Bunun 97,3 min kv.km-i mübahisəsiz, 16,6 min kv.km-i mübahisəli idi.
Bu zaman Cənubi Qafqazda 8 mln. 81 min 668 nəfər əhali
yaşayırdı. Onun 4 mln. 617 min 671 nəfəri azərbaycanlı idi. Azərbaycan
əhalisinin 75,4 faizini və ya 3 mln. 481 min
889 nəfərini
azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə
çarizmin köçürmə siyasəti nəticəsində
Azərbaycana yerləşdirilən gəlmələr idi.
Cümhuriyyətin elanından sonra milli hökumət
yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda
icraedici hakimiyyəti hökumət həyata keçirirdi.
Az sonra hökumət müvəqqəti
paytaxt olan Gəncəyə köçdü.
Hökumətin qarşısında dayanan başlıca
məqsəd Bakını yadelli qüvvələrdən xilas
etmək idi.
Osmanlı və Azərbaycan hərbçilərindən ibarət
qurulmuş Qafqaz İslam Ordusunun hücumları
qarşısında tab gətirə bilməyən Bakı
Xalq Komissarları Soveti süquta uğradı. Onun
yerində qurulan antimilli Sentrokaspi hökuməti də
qaçmağa məcbur oldu. Sentyabrın
15-də Bakı azad edildi. Hökumət
paytaxta köçdü. Bakı şəhərinin
yadellilərdən azad edilməsi cümhuriyyətin
elanından sonra ikinci böyük hadisə oldu.
Almaniya və müttəfiqləri müharibədə məğlub
olduqdan və Osmanlı qüvvələri
çıxdıqdan sonra Bakıya noyabrın 17-də ingilis
generalı Tomson başda olmaqla müttəfiq qoşunları
gəldi. Erməni,
rus milli şuralarının anti-Azərbaycan fəaliyyətinə
baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış
olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və
baş nazirinə böyük hörmət bəsləyir və
yeni koalisiyalı hökumət yaradılana qədər onun
hökuməti ölkədə yeganə qanuni hökumət
olaraq qalır. Osmanlı bayrağına bənzəyən
Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dəyişdirildi
və üçrəngli bayraq qəbul edildi.
Gəncədə
öz fəaliyyətini dayandırmış Milli Şura noyabr
ayında Bakıda fəaliyyətə
başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən
ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan
parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə
əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı
və digər xalqların nümayəndələri daxil edilməli
idi. 1918-ci il dekabrın 7-də
Tağıyevin qız məktəbində (indiki Əlyazmalar
İnstutunun binasında) Azərbaycan parlamenti
açıldı. 11 fraksiyanın fəaliyyət göstərdiyi
parlamentdə yerlər aşağıdakı kimi
bölüşdürülmüşdü: türk-müsəlman
əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1;
gürcülər-1; polyaklar-1; Bakı həmkarlar
ittifaqı-3; Bakı Neft Sənayeçiləri Şurası
və Ticarət-Sənaye İttifaqı-2. Lakin
Azərbaycanın müstəqilliyini qəbul etməyən
ermənilər və başqaları parlamentin işində
iştirakdan boyun qaçırdılar. Parlamentin
155 iclası keçirildi. Müzakirəyə
çıxarılan 270-dən çox qanun layihəsindən
230-u qəbul edildi. Parlamentin sədri
özü iştirak etmədən bu vəzifəyə
seçilmiş, heç bir zaman iclaslara sədrlik etməmiş
Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən
bəy Ağayev və Məmmədyusif Cəfərov idi.
Parlamentin sonuncu iclası 1920-ci il aprelin
27-də keçirildi.
Azərbaycan
dünya demokratiyasına mühüm töhfə verdi. Azərbaycan Cümhuriyyəti
qadınlara səsvermə hüququnu tanımaqla Qərb
ölkələrinə nümunə oldu.
Himn və bayraq qəbul edildi. Xüsusi xidmət
orqanları yaradıldı. Sərhəd və
gömrük xidməti quruldu. Ordu yaradıldı.
Türk dili (Azərbaycan dili) dövlət dili
elan edildi. İbtidai və orta məktəblərdə
işlərin ana dilində aparılması haqqında qanun qəbul
edildi. Bakı Dövlət Universiteti
yaradıldı. Təhsil və xalq maarifi,
səhiyyə sahəsində tədbirlər həyata
keçirildi. Ölkənin hər yerində
müxtəlif səviyyəli məktəblər
açıldı. Dərsliklər
hazırlanmağa başladı. İşləməyə
xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi.
Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət
yetirildi. 100 nəfər azərbaycanlı
gəncin xarici ölkələrdə oxumağa göndərilməsi
barədə qərar qəbul edildi.
***
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici
siyasətinin başlıca məqsədi yeni
yaradılmış dövləti tanıtmaq idi. Buna görə də hökumət
yarandığı vaxtdan etibarən fəal xarici
siyasət yürütməyə başladı. İlk növbədə Avropanın bir sıra
ölkələrinə yeni bir dövlətin qurulması barədə
məlumat göndərildi.
Azərbaycan
hökumətinin ilk addımlarından biri dekabrın 28-də qalib
ölkələrin dövlət və hökumət
başçılarının Paris sülh konfransına göndəriləcək sülh
nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək
oldu. 1920-ci ilin yanvarında Azərbaycanın
dövlət müstəqilliyi böyük dövlətlər
tərəfindən tanındı. Bu,
cümhuriyyət tarixinin ikinci böyük hadisəsi olub, Azərbaycan
xalqının iradəsinə hörmət əlaməti idi.
Antanta ölkələri Azərbaycana yardım göstərilməsi
barədə qərarlar qəbul etdilər. Azərbaycan
dövləti beynəlxalq münasibətlər sisteminə
daxil olmaq üçün ilk addımlar atdı. Xarici siyasətin mühüm istiqamətlərindən
biri qonşu dövlətlərlə münasibətlər
idi. Lakin bu sahədə çoxlu problemlər
mövcud idi.
***
Cümhuriyyət bir sıra amillər ucbatndan süquta
uğradı.
Ölkədə dövlət quruculuğu
problemlərsiz deyildi. Aparılan islahatlar
ardıcıl deyildi. Aqrar islahat həyata
keçirilmədi. Cümhuriyyətin
sosial dayaqları zəiflədi. Çarizm
tərəfindən Azərbaycana
köçürülmüş bir sıra gəlmə xalqlar
dövlət müstəqilliyini tanımırdılar. Erməni təcavüzü dövləti zəiflədirdi.
Erməni terrorunun və ərazilərin
işğalının dayandırılması başlıca
problemlərdən idi. Bütün bunlara
baxmayaraq, Azərbaycan xalqı müstəqil dövlətin
yanında idi. Cümhuriyyət daxili deyil,
xarici amillər səbəbindən məğlub oldu.
1920-ci ilin aprelində bolşevik Rusiyası Azərbaycanı
işğal edərək müstəqil dövlətə son
qoydu. Azərbaycan SSR yaradıldı. Cümhuriyyət
olmasaydı, heç şübhəsiz, Azərbaycan SSR də
qurula bilməzdi.
Müstəqil Azərbaycan dövlətinin
mövcudluğu üçün əlverişli beynəlxalq
şərait yox idi. Kamalçı Türkiyə və
bolşevik Rusiyasının Antanta ölkələrinə
qarşı mübarizəsi nəticəsində müttəfiqə
çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdirdi.
Bu işğalda Bakı nefti amili mühüm
rol oynadı. Rusiya bir neçə il
əvvəl Bakını itirməklə böyük dövlət
statusunu da itirmişdi. Həmin mövqeyi bərpa etmək üçün Azərbaycan
yenidən işğal edildi.
***
Cümhuriyyətin qurulması və fəaliyyəti əhəmiyyətinə
görə Azərbaycan sərhədlərini aşaraq daha
geniş bir anlam daşıyırdı. Cümhuriyyət
bütün müsəlman Şərqinin dan ulduzu oldu. Müsəlman dünyasına respublika məfhumunu, məfkurəsini,
idarəetmə üsulunu Azərbaycan xalqı gətirdi.
Onlara zülmətdən xilas olmağın
yolunu göstərdi, ürəklərində ümid
çırağı yandırdı. Heç əbəs
deyil ki, cümhuriyyət yaradıldıqdan sonra Sibir
sürgünündə azərbaycanlılarla yanaşı
zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların
nümayəndəsi Azərbaycanın vətəndaşı
olmaq üçün müraciət etmişdilər. Bu
gün Şərqdə müstəmləkəçiliyn və
müstəmləkə zülmü altında inləyən xalqların olmaması eyni
zamanda cümhuriyyətin təsiri və Azərbaycan
xalqının tarixi xidmətlərindən biridir.
Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət
dərslərini almağa imkan verir. Bunun üçün
ilk növbədə həmin dövrdə buraxılan səhvləri
bilmək və onlardan müvafiq nəticələr
çıxarmaq gərəkdir. Hər
şeydən əvvəl, cümhuriyyətin tarixi təcrübəsi
göstərdi ki, dövlətin yaradılmasını liberal
dəyərlərlə elan etmək olar, amma daxili və xarici
təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə
onu liberalizmlə qorumaq mümkün deyildir. Xalq öz dövlətinin mühafizəsinə,
güclənməsinə və tərəqqisinə
çalışmalı, onu qorumalı, maraqlarını hər
şeydən uca tutmalıdır. Hakimiyyət
qanadları arasında sıx birlik olmalıdır. Dövlət qüdrətli olmalıdır. Azərbaycan
xalqının tərəqqisinin və qarşıya
qoyduğu başlıca məqsədlərə nail
olmasının təməlində güclü dövlət
amili dayanır. Zəif dövlət və idarəçilik
olan zamanlarda Azərbaycan xalqı daim geri gedib.
Dünyanın
hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata
mənsubluğundan
asılı olmayaraq, hər bir azərbaycanlı
daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi
məqsədlərə xidmət etməlidir. Xaricdə
yaşayan soydaşlarımız yalnız Azərbaycanın
yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Hansı sistem və ideologiyadan asılı olmayaraq
tariximizə və keçmişimizə olduğu kimi,
hörmətlə yanaşılmalıdır.
Cümhuriyyətin
süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə
mühacirət etməyə məcbur oldu. Bir
qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu.
20-30-cu illərdə milli düşüncəli
ziyalılar repressiya edildilər. Amma sovet
repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi.
Ötən əsrin 70-80-ci illərində ziyalılar Azərbaycan
rəhbəri Heydər Əliyevin qayğısı ilə əhatə
olundular. Müstəqil
dövlət üçün lazım olan təməllər
məhz bu illərdə düşünülmüş şəkildə
qoyuldu.
Hələ SSRİ-nin, kommunist ideologiyasının və sovet sisteminin mövcud olmasına baxmayaraq, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin iclasında ağsaqqal deputat olaraq Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi sessiya iclasında respublikanın adından “sovet sosialist” ifadələri çıxarıldı. Cümhuriyyət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq qəbul edildi və Bakıya bu barədə müraciət olundu. SSRİ-nin saxlanılmasına dair referendum Naxçıvanda keçirilmədi. Beləliklə, Naxçıvan müasir müstəqil dövlətin təməlinin rəsmi olaraq atıldığı diyarımız oldu. 1991-ci il oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu.
***
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixinin araşdırılması istiqamətində alimlərimizin üzərinə vacib vəzifələr düşür. Heç kəsə sirr deyildir ki, sovet dövründə cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə cümhuriyyətin 80 illiyinin qeyd edilməsi barədə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamdan sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı. Bununla belə elm bir yerdə dayanıb durmur, görüləsi işlər hələ də çoxdur. Xüsusən xarici ölkələrin arxivlərində olan yeni sənədlərin elmi dövriyyəyə gətirilməsinə, cümhuriyyət tarixini olduğu kimi tədqiq etməyə ehtiyac vardır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilir. Cümhuriyyətin 103 illiyi ilə bağlı tədbirlər həyata keçirilir.
***
Cümhuriyyət xadimlərinin istəkləri və arzuları həyata keçirilib. Cümhuriyyət xadimləri Azərbaycan neftinə dair beynəlxalq konsorsium yaradılmasını arzulasalar da, onu həyata keçirmək mümkün olmamışdı. Ancaq təbii sərvətimiz olan nefti ilk dəfə Ulu Öndər Heydər Əliyev milli sərvətə çevirdi və beynəlxalq konsorsium yaratdı. Cümhuriyyət xadimləri Ələt limanı yaradıb, Mərkəzi Asiya və İranla ticarət etməyi düşünürdürlər. Onu da həyata keçirmək mümkün olmamışdı. Prezident İlham Əliyevin liderliyi ilə artıq Ələt limanında azad ticarət zonası yaradılıb. Cümhuriyyət xadimləri Bakı-Culfa dəmir yolunun tikintisini başa çatdırmaq məsələsini parlamentdə müzakirə edib, vəsait də ayırmışdılar. Hesab edirdilər ki, bu yolla Fars körfəzinə və Türkiyəyə çıxıb ticarət etmək olar. Lakin bolşevik işğalı onu reallaşdırmağa imkan verməmişdi. Bu gün Azərbaycan dövləti Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub dəhlizi layihələrini həyata keçirərək dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzinə çevrilib. Zəngəzur dəhlizinin yaradılması ilə bağlı iş gedir.
Ən başlıcası, cümhuriyyət xadimlərinin arzusu olan güclü Azərbaycan dövləti qurulub. Bu günkü Azərbaycan Respublikası cümhuriyyətin varisidir. İşğal altında olan ərazilərimiz azad edilib. Dövlət bayrağımız Şuşada və işğaldan azad edilən digər torpaqlarımızda dalğalanır...
Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövləti ərazisinin bir sıra ölkələrdən kiçik, əhalisinin isə az olmasına baxmayaraq, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib və birləşdirici gücdür. Azərbaycan dövlətinin və millətinin gözəl gələcəyi var. Gələcəyimizin başlıca formulunu Prezident İlham Əliyev konkret olaraq aşağıdakı kimi müəyyənləşdirib: “Yenilik, inkişaf, güc - bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.
Musa QASIMLI,
Milli Məclisin deputatı,
AMEA-nın
müxbir üzvü, professor
Azərbaycan.-2021.- 28 may.- S.1;4.