Qürur günü
Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir. Bu təntənə 44 günlük Vətən müharibəsinin ötən ilin noyabrında başa çatan Zəfər qələbəsində daha əzəmətli göründü.
Azərbaycanın cənnət guşəsi olan Qarabağın, eləcə də digər ərazilərimizin Ermənistanın quldur silahlı birləşmələrinin 30 illik işğalından azad olunmasının xoş ovqatı ilə qürurlanan xalqımız bu il 28 May Respublika Gününü başqa əhvali-ruhiyyədə qeyd edirlər. Bu möhtəşəmliyi xalqımıza, dünya azərbaycanlılarına yaşadan Ali Baş Komandan İlham Əliyev və onun Azərbaycanın müstəqillik tarixinə, ərazi bütövlüyü və suverenlik taleyinə “dəmir yumruq” hesabına verdiyi əbədiyaşarlıqdır.
28 May Respublika Günü hər bir azərbaycanlının milli qürur hissi duyduğu gündür. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu mayın 28-i xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımız ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşmuşdur. Bu tarixdə Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə malik müstəqil bir respublikanın qurulduğu dünyaya bəyan edilmişdir. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının müstəmləkə əsarətindən azad olmuş, Şərqin ilk demokratik respublikasının təməlini qoymuşdur. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə idi.
Mayın 27-də Seymin müsəlman fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya müsəlman parlamentinin) üzvləri ayrıca iclaslarını keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlmişlər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etmişdi. Bununla ilk Azərbaycan parlamenti yaranmış, parlamentli respublikanın təməli qoyulmuşdur. 1918-ci il mayın 27-də keçirilən iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçilmişdir.
Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası olmuşdu. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişlər. Odur ki, bu görkəmli dövlət və ictimai xadimlərin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin, habelə onlarca bu yolda mübarizə aparan insanların adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.
İstiqlal Bəyannaməsi Şərqdə ilk dəfə Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılmasından xəbər verirdi. Bununla əlaqədar mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radioteleqrafla məlumat çatdırıldı. Milli Şura Azərbaycan hökumətinin təşkilini F.Xoyskiyə həvalə etdi. Bu dövrdə yaranmış ictimai-siyasi gərginliyə görə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif fraksiyalar və partiyalar arasında ciddi mübarizə gedirdi.
1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən parlamentin ağsaqqallar şurası nümayəndələrinin iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri, cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri olmuş Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Böyük əziyyətlərdən və erməni təbliğatı ilə uzunmüddətli mübarizədən sonra, nəhayət, həmin nümayəndə heyəti 1920-ci il yanvarın 12-də Sülh konfransındakı əsas ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınmasına nail oldu.
Azərbaycan Paris Sülh Konfransında missiyasını uğurla
yerinə yetirdi. Azərbaycan nümayəndə
heyətinin səyi ilə konfrans Azərbaycanın Qərbi
Avropa ölkələrində
(İngiltərə, Fransa,
İtaliya, İsveçrə,
Polşa) və
ABŞ-da diplomatik nümayəndəliklərinin açılması
haqqında qanun qəbul etdi. Müzakirələr zamanı sosialistlər
blokundan olan deputatlar Almaniya və Azərbaycan hökumətinin ciddi səylərinə baxmayaraq,
onu de-fakto belə tanımayan sovet Rusiyasında da nümayəndəliklərin
açılmasını təkid
edərək buna nail oldular.
Təəssüf ki, 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən
obyektiv və subyektiv səbəblərdən
bu müstəqilliyi qoruyub saxlaya bilmədi: milli hökumət 1920-ci il aprelin 28-də xəyanətkar
bolşevik-erməni silahlı
birləşmələrinin əli ilə devrildi, ölkə XI qırmızı ordu tərəfindən işğala
məruz qaldı. Beləliklə, Azərbaycan Xalq
Cümhuriyyətinin 23 aylıq
şərəfli ömrünə
son qoyuldu.
Bundan sonra respublikamız uzun illər sovet imperiyasının tərkibində, onun qayda və qanunları, habelə ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur oldu. Deyirlər ki, tarix təkrar olunur. Şükür ki, Azərbaycan xalqı ötən əsrin 80-ci illərində bu təkrarın canlı iştirakçısına və şahidinə çevrildi. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını və müstəqilliyini tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. Nəhayət ki, 1991-ci ilin oktyabrında Azərbaycan XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizə qaçqınlıq və məcburi köçkünlük, didərginlik yazıldı, şəhidliyin naxışları vuruldu. Lakin azadlıq aşiqlərinin fədakarlığı və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və bununla da Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Ulu Öndərin gərgin əməyi sayəsində ölkəmizdə düzgün idarəetmə və iqtisadi inkişaf dövrü başlandı.
Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dinamik inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğunun bərpasına aparan yol öz başlanğıcını əslində 1969-cu ildən, dahi rəhbərin hakimiyyətə gəldiyi vaxtdan götürmüşdü.
Dövlətçiliyi, milli maraqları hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yer tutduğunu bildirirdi. Ulu Öndər müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını bəyan edib. Elə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Çünki bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil ölkəmiz zəngin dövlətçilik ənənələri əsasında formalaşıb.
Dünya şöhrətli siyasətçinin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə respublikanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanmışdı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Ölkə daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü olmuşdur. Müasir Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümummilli Lider yaratmışdır. Bütün həyatını xalqının inkişafına həsr edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf etməkdədir.
Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin sərəncamına əsasən hər il 28 May Respublika Günü nəinki Azərbaycanda, hətta xarici ölkələrdə böyük təntənə ilə qeyd olunur. Dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, habelə Azərbaycan hökuməti və xalqı Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə daim böyük hörmətlə yanaşır. Prezidentin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə əzəmətli abidə ucaldılıb. Xalq Cümhuriyyətinin ildönümü paytaxt Bakıdan tutmuş bütün bölgələrdə, ən ucqar kəndlərdə, eləcə də xarici ölkələrdə diaspor təşkilatları və səfirliklərimiz tərəfindən rəğbətlə qeyd olunur. Könülləri riqqətə gətirən bu may günündə qürur tariximiz olan 28 May - Respublika Günü pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, ölkənin nazirlik və şirkətlərində, komitə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində böyük ehtiramla qeyd edilir.
Rəhman SALMANLI
Azərbaycan.-2021.- 28 may.- S.5.