İlk “100”lər

 

 

Xalq Cümhuriyyətinin xaricə təhsil üçün göndərdiyi tələbələrin taleyi çox acınacaqlı oldu

 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tarixinin şərəfli dövrünü yaşayır.  Siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə mühüm uğurlara imza atan respublikamızda dövlətçilik tariximizdə xidmətləri olan sələflərimiz də unudulmur. 103 il əvvəl xalqımıza azadlıq bəxş edən, müstəqil respublikamızın əsasını qoyan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri də ehtiramla xatırlanır.

Şərqin tarixində ilk müstəqil, demokratik dövlətin qurucuları məşəqqətlərə sinə gərərək, qurbanlar verərək müstəqilliyimizin təməl daşlarını qoydular. İllər keçsə də, bu xəzinə, əvəzsiz milli irs öz dəyərini itirmir, aktuallığını saxlayır.

Xalq Cümhuriyyətinin qurucularının diqqət yetirdiyi məsələlərdən birikadr hazırlığı idi. Milli, bilikli, dünyagörüşlü kadrlara çox ciddi ehtiyac vardı. Çarizmin müstəmləkə siyasəti azərbaycanlı əhalinin ali məktəblərdə təhsil imkanlarını məhdudlaşdırdığı üçün milli kadrların sayı olduqca az idi. Ona görə cümhuriyyətn mənsublarının bu sahədə atdığı ilk addımlardan biri gənclərin dövlət hesabına dünyanın tanınmış universitetlərinə təhsil almağa göndərilməsi oldu. Bu məqsədlə parlament tərəfindən komissiya təşkil edildi. Komissiyanın sədri Məhəmməd Əmin Rəsulzadə, üzvləri isə Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qarabəy Qarabəyov, Abdulla bəy Əfəndiyev idi. Onların ciddi axtarış və səyləri nəticəsində seçilmiş 100 tələbə parlamentin 1919-cu il sentyabr tarixli qərarına əsasən təhsil almaq üçün xarici ölkələrə göndərildi.

Xalq Cümhuriyyəti sinfi mənsubiyyətlərini nəzərə almadan 9 tələbənin Türkiyəyə, 23 tələbənin İngiltərəyə, 45 tələbənin Fransaya, 13 tələbənin Rusiyaya, 23 tələbənin də İtaliyaya göndərilməsini qərara aldı. 1920-ci ilin şaxtalı yanvar günündə Rusiyaya gedəcək 13 tələbəni çıxmaq şərtilə digərləri xarici ölkələrə təntənə ilə yola salındılar.  Çünki Rusiyada vətəndaş müharibəsi başlamışdı.

Ali təhsil almağa göndərilən tələbələr üçün Bakı dəmiryol vağzalındakı yolasalma mərasimində parlamentin və hökümətin təmsilçiləri, din xadimləri, adamları, tanınmış xeyriyyəçilər və ictimaiyyətin görkəmli nümayəndələri iştirak edirdilər. Yazıçı Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərində bu mənzərəni çox emosional şəkildə, obrazlı təsvir edib. Onun yazdığına görə, mərasimə musiqiçilər və xanəndə Cabbar Qaryağdıoğlu da qatılıblar. Vağzalın böyük gözləmə salonunda ecazkar Azərbaycan musiqisi səslənir, xanəndənin möhtəşəm səsi insanları heyran edirdi. Tanınmış şəxsiyyətlər, din xadimləri, valideynlər çıxış edərək gənclərə uğurlu yol arzulayıb, xoş sözlər söyləyiblər. Lakin bütün bu təntənəyə, şənliyə baxmayaraq övladlarını uzaq ellərə yola salan valideynlərin simasında bir nigarançılıq, həsrət duyulubdu.

“1920-ci ilin yanvar ayında tələbələr xarici ölkələrə yola düşdülər... Onlar vağzalın böyük salonunda toplaşmışdılar. Seyidbağır Axundzadə, Səməd ağa Ağamalıoğlu, İbrahim Əbilov, Əhməd Pepinov və başqaları da məclisdə iştirak edib, tələbələrə məsləhət verdilər... Stansiyada zəng çalındı. Parovoz uzun, sürəkli xəbərdarlıq fiti verdi. Tələbələr qohum-əqraba, valideynləri ilə vidalaşıb vaqonlara doluşdular. Musiqi təranələri altında qatar stansiyadan yavaş-yavaş ayrıldı. Pəncərələrdən yaylıqlar göyərçin qanadlarıtək dalğalanırdı. Gözyaşları ilə əzizlərini yad diyarlara yola salanlar da əllərində yellədikləri yaylıqlarla vida salamı göndərir, onlara uğurlu yol diləyirdilər”, - deyə M.Süleymanov yazır.

Cümhuriyyətin maarif naziri Həmid bəy Şahtaxtinski o zaman Parisdə olan Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşova məktub yazaraq tələbələrin universitetlərə yerləşdirilməsi və yaşayış yeri ilə təmin olunmasına qayğı ilə yanaşmağı rica etmişdi. Tələbələrin təqaüd həcmi və yol xərcləri də hesablanıb müəyyənləşdirilmişdi. Dövlət xəzinəsindən xaricdə təhsil alacaq tələbələr üçün 7 milyon manat ayırmışdı. Xərcləri hökumət tərəfindən ödənilən tələbələr universiteti bitirdikdən sonra dövlət təyinatı ilə 4 il işləməli idilər. 100 tələbədən başqa parlament komissiyası Qərbi Avropa universitetlərində öz hesabına təhsil ala biləcək daha 31 tələbə də seçmişdi.

Xaricdə təhsil almağa gedən tələbələrimiz üçün heç də hər şey gözlənilən kimi olmadı. Belə ki, İngiltərə bizim gəncləri qəbul etmədi. İtaliyaFransaya göndərilən tələbələrimizin də hamısı yerləşə bilmədi. Parlament komissiyası tələbələrin təhsil alacağı ölkələri seçərkən Almaniyanı siyahıya salmamışdı. Lakin məhz Almaniya digər ölkərdən fərqli olaraq, tələbələrimiz üçün uğurlu oldu. Azərbaycanlı tələbələrin əksəriyyəti Almaniyanın universitetlərinə qəbul edildilər.

Xalq Cümhuriyyətinin süqutu çox təəssüf ki, tələbələrə xaricdəki təhsillərini bitirmək imkanı vermədi. Düzdür, Azərbaycanda sovet hakimiyyətinin ilk illərində onların təhsili haqqında  Nəriman Nərimanov “Xaricə oxumağa göndərilən azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında” dekret imzalamışdı. Onların təhsillərini davam etdirməsi üçün şərait yaradılsa da, bu sona çatdırılmadı. Azərbaycan xalqının içərisindən çıxan, siyasi baxışına, maddi vəziyyətinə əhəmiyyət verilmədən seçilən həmin istedadlı gənclər ali təhsil almaq imkanından məhrum edildilər. Bu, Azərbaycan xalqının gələcəyinə, ziyalı genofonduna vurulan ağır zərbə idi.

Həmin gənclərin bir qismi qürbətdə yaşamaq məcburiyyətində qaldı, bir qismi isə heç nədən qorxub-çəkinmədən, onları gözləyən təhlükələrə rəğmən Vətənə döndü. Lakin Azərbaycanın digər işıqlı ziyalıları kimi onların da aqibəti acınacaqlı oldu. Tarixi sənədlər illər sonra meydana çıxanda məlum oldu ki, ali təhsil almaq üçün göndərilən həmin gənclərin bir qismi Sibirə sürgün edilib, bəziləri güllələnib. Cümhuriyyətin xarici ölkələrə göndərdiyi tələbələrdən Ələkbər Əliyev Almaniyada, Əhməd Rəcəbli isə İtaliyada kənd təsərrüfatı üzrə, Mustafa Vəkilov Fransada hüquq üzrə təhsillərini 1924-cü ildə bitirib Vətənə döndülər. Təhsil aldıqları sahə üzrə təcrübə toplayıb bacarıqlı mütəxəssis oldular. Lakin xarici ölkədə işləmək təkliflərini rədd edib doğma torpaqlarına dönən bu gənc soydaşlarımızın da taleyi acınacaqlı oldu. Repressiya onlardan da yan keçmədi.

Əhməd Rəcəbli İtaliyanın Peruca şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda təhsil almışdı. Torpaq komissarlığında ona təklif edilən işdən imtina edərək Zaqatalada aqronom kimi çalışmış, 1930-1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri kimi fəaliyyət göstərmişdi. 1935-ci ildə professor adını almış, 1937-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdi. Lakin uğurlarının sevincini yaşamadan, səbəb göstərilmədən həbs edildirepressiyaya məruz qaldı. Azərbaycanın ilk hüquqşünas alimlərindən olan professor Mustafa Vəkilov, yol nəqliyyatı sahəsində ixtisaslaşmış Məhiş Səfərov, Lətif Qədimov və Beybutəli Zeynalov, ali təhsilini tarix-filologiya üzrə almış Teymur bəy Aslanov da repressiyaya qurban gedərək sürgünə göndərildilər.

Bu gün onların hər birinin ruhu şaddır. Çünki bir vaxtlar onları ali təhsil almaq üçün xarici ölkələrə göndərən dövlətimiz bu gün müstəqildir öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Onların ruhu həm ona görə şaddır ki, hazırda Azərbaycan mükəmməl təhsil sisteminə malikdir ölkəmizdə bütün sahələrdə kadr hazırlığı uğurla həyata keçirilir.

 

 

Ülkər XASPOLADOVA

Azərbaycan.-2021.- 28 may.- S.5.