Şeyxülislam Allahşükür Paşazadə “Peyğəmbər Sirəsindən gələcəyə doğru baxış - Peyğəmbər Sirəsində Sivilizasiya dəyərləri” mövzusunda beynəlxalq konfransda iştirak edib

 

Mayın 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Peyğəmbər Sirəsindən gələcəyə doğru baxış - Peyğəmbər Sirəsində Sivilizasiya dəyərləri” mövzusunda beynəlxalq konfransda iştirak edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mərakeş Kralı Əlahəzrət Kral VI Məhəmmədin himayəsi altında, İSESCO, Məhəmmədiyyə Üləmalar Liqası, İslam Aləmi Liqası, habelə Mədinədə yerləşən Məhəmməd Peyğəmbərin Sirəsi muzeyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın ilk sessiyasında Şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

Tədbirin açılış mərasimində Pakistanın Baş naziri İmran Xan, Böyük Britaniya şahzadəsi Çarlz, Ərəb Fikri Forumunun prezidenti, İordaniya əmiri Əl-Həsən bin Talal, Nigeriya Federativ Respublikasının Prezidenti Muhammadu Buhari və BMT Sivilizasiyalar Alyansının yüksək nümayəndəsi Migel Anxel Moratinos fəxri qonaq statusunda çıxış-müraciətlər ediblər.

Prezident İlham Əliyevin salamlarını tədbir iştirakçılarına yetirən Şeyxülislam Allahşükür Paşazadə mötəbər forumun yüksək səviyyədə təşkilinə görə təşkilatçılara - Salim Əl-Malikə, Əhməd Abbadiyə, Məhəmməd Əl-İsaya təşəkkürünü bildirib.

QMİ sədri çıxışında səmavi dinlər üçün müqəddəs məkan olan Qüds-əl-Şərif ətrafında baş vermiş son hadisələrin, hər zaman olduğu kimi, mömin, inanclı insanlar üçün həssas məqam olaraq xüsusi önəm kəsb etdiyini vurğulayıb. Atəşkəs qərarını təqdir etdiyini bildirən Şeyxülislam müsəlmanların ilk qibləsi və Peyğəmbərimizin Meraca yüksəldiyi müqəddəs məkan olan Qüdsdə BMT qərarlarını əsas tutaraq sülh, ədalət və əmin-amanlığın bərqərarı üçün dualar edib, həlak olan dinc sakinlərə, xüsusilə, uşaqlara Allah-Təaladan rəhmət diləyib. QMİ sədri vurğulayıb ki, müqəddəs Qüds, özəl məkan olan Əl-Əqsa Uca Yaradanın hökmünə və iradəsinə uyğun olaraq, əhli-Kitab üçün ibadət və dialoq məkanı olmalıdır. Şeyxülislam bunun konfransın qayəsinə, Peyğəmbərimizin sirəsinə uyğun olduğuna diqqət çəkib. O bildirib ki, müqəddəs İslam dinimizi bəşəriyyətə çatdırmaq üçün Allah-Təala tərəfindən seçilmiş Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın həyat yolundan bir daha bəhrələnmək üçün bir araya gəlmək olduqca vacibAllaha xoş gedən əməllərdəndir.

Çıxışında Şeyxülislam Allahşükür Paşazadə bu yaxınlarda İSESCO-nun yüksək səviyyəli nümayəndə heyətinin işğaldan azad olunmuş Qarabağ torpaqlarını ziyarət etməsini, Azərbaycan ərazisində Ermənistan tərəfindən soyqırımına məruz qalmış dini-mədəni abidələrin bərpası işinə əməli yardım niyyətini təqdirəlayiq hal kimi dəyərləndirib. QMİ sədri Azərbaycan dövlətinin tarixi ədaləti bərpa etmək yönündə haqq mübarizəsinə mənəvi dəstək və həmrəylik nümayiş etdirən beynəlxalq təşkilatlara və dünya birliyi ölkələrinə Azərbaycan dövləti və xalqı adından bir daha səmimi təşəkkürlərini ifadə edib.

Şeyxülislam Allahşükür Paşazadə yaşadığımız mürəkkəb dövrdə qarşılıqlı əməkdaşlıq, həmrəylik nümayiş etdirilməsinin, möhtaclara və zəiflərə dəstək verilməsinin, insanlar üçün gələcəyə ümid işığı tutmağın sonuncu Peyğəmbərimizin sirəsindən əxz edəcəyimiz ən önəmli dərslərdən olduğunu bildirib. Çıxışının sonunda QMİ sədri Peyğəmbər Mühəmməd Salavatullahın irsinə uyğun olan nüfuzlu tədbirin dünyada sülh və qardaşlıq amallarının daha artıq bərqərarına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Beynəlxalq konfransın sessiyalarında Misirin Baş Müftisi Şauki Əllam, Ouca Üləmalar Şurasının prezidenti, Mərakeş Üləmalar Ali Şurasının üzvü Mustafa Benhamza, Böyük Britaniya Oksford İslam Araşdırmaları Mərkəzinin direktoru Fərhan Nizami, İordaniya Al Əl-Beyt Universitetinin akademik məsləhətçisi Amer Əl-Hafi, Beynəlxalq DinDiplomatiya mərkəzinin prezidenti Professor Ceyms Patton, Kopt kilsəsinin Sudan patriarxı Anba Filoteus Farac, “Dinlər sülh uğrunda” təşkilatının baş katibi Azza Karam və başqaları çıxışlar ediblər.

Sonda dörd sessiyadan ibarət videokonfransın yekunlarına dair Bəyannamə qəbul edilib.

 

Azərbaycan.-2021.- 28 may.- S.6.