Qalib müəllim” müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Mayın 27-də 6 nömrəli məktəbdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda, qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılması məqsədilə keçirilən “Qalib müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Türkiyə Milli Təhsil Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, müsabiqənin münsifləri və qalibləri iştirak ediblər.

Tədbir iştirakçılarını 6 nömrəli məktəbin şagirdləri “Qarabağ Azərbaycandır!” mahnı kompozisiyası ilə qarşılayıblar. Tədbirdə şəhidlərimizin xatirəsi ehtiramla yad olunub.

Təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın arzularının gerçəkləşməsidir. Gerçəkləşən arzumuzun qəhrəmanlarının tanıdılması üçün isə belə müsabiqələrin təşkil olunması vacibdir.

Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açıb. O vurğulayıb ki, İkinci Qarabağ müharibəsinin Zəfərindən əsrlərboyu gələcək nəsillərimizə bəhs etməliyik. Belə müsabiqələr qəhrəmanlarının tanıdılmasında mühüm rol oynayır. Ziya Selçuk belə bir tədbirdə iştirakı üçün məmnunluq hissi keçirdiyini dilə gətirib və hər kəsə uğurlar arzulayıb.

Müsabiqənin münsiflər heyətinin üzvü Elçin Şıxlı bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan müəllimi şagirdləri ilə çiyin-çiyinə döyüşərək qalib oldu.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib. Münsiflər heyətinin seçiminə əsasən, 5 qalib müəyyənləşib. Belə ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev I yer, Laçın rayon C.Quliyev adına Çorman kənd ümumi orta məktəbinin Uşaq birliyi rəhbəri Türkan Nəsibova II yer, İctimai Televiziyanın böyük redaktoru Samirə Sultanova III yer, Azərbaycan Televiziyasının (AzTV) müxbiri Elnur Ələkbərov IV yer, “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunun müxbiri Əzim Cəfərli isə V yerə layiq görülüb.

Xatırladaq ki, müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak ediblər. Müsabiqəyə “Qalib əsgərin müəllimi” (şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk), “Ön cəbhədə döyüşən müəllim” (Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi) mövzularında ümumilikdə 55 videohekayə təqdim edilib. Münsiflər heyəti tərəfindən 5 qalib müəyyənləşdirilib.

 

 

Azərbaycan.-2021.- 28 may.- S.9.