"İşğal"dan sonra "Zəfər"

 

Ağdamın təcavüz və qələbə tarixi 18 hektarlıq iki muzeydə yaşadılacaq

 

Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq.

AZƏRTAC xəbər verir ki, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.

“Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov: Cənab Prezident, əvvəlcə, onu qeyd edim ki, Zəfər və İşğal muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanmışdır. İcazə verin, əvvəlcə, çox qısa bir videoya baxaq.

Deməli, bu, hər iki kompleksin iki hissəsidir - işğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ.

 

Prezident İlham Əliyev: Bir yerdə yerləşir?

 

 

Ruslan Sadıqov: Bir-birinin yanında yerləşir və 18 hektar ərazini əhatə edir. Bizim durduğumuz yer açıq hava altındadır. Dram teatrının yanındadır. Muzey o tərəfdə olacaq. Bu şəkildə də gördüyünüz kimi 8 hektar ərazini əhatə edir.

 

Prezident İlham Əliyev: Qalıqlar qalacaq?

 

Ruslan Sadıqov: Bəli, fikir verirsinizsə, burada həmin o göldür. Biz buna yaddaş gölü deyirik. Onun üstündə həm Dram teatrının qapıları, həm kitabxana, poçt ofisivar idi. Kitabxana olub, otel olub, poçt ofisi olub balaca dükan da olub.

 

Prezident İlham Əliyev: Bu da belə qalacaq?

 

Ruslan Sadıqov: Bəli, bu da belə qalacaq. Bunların görüntüsü həm gündüz, həm axşam xüsusi rəqəmsal işıqlandırma vasitəsilə gölün üzərində əks olunacaq.

 

Prezident İlham Əliyev: Bəs, dağıdılmış digər evlər, mən demişdim ki, onlar saxlanılsın. Onlar da bu ərazidədir?

 

Ruslan Sadıqov: Bəli, o bağdadır, memorial bağda, bax, bu ərazidə. Hamısı qalır burada, orada həm nar bağları arasında cığırlar təşkil olunacaq.

 

Prezident İlham Əliyev: Marşrutlar.

 

Ruslan Sadıqov: Bəli, xüsusi mobil tətbiqlər olacaq ki, “mented Reality” ilə onun üzərindən keçəndə haqqında müəyyən hekayələr çıxacaq, insanların danışdıqları rəvayətlər.

 

Prezident İlham Əliyev: Sonra Zəfər muzeyinə birləşir?

 

Ruslan Sadıqov: Bəli, bu, ümumilikdə 22,5 hektar ərazini əhatə edir. Zəfər muzeyi isə digər tərəfdə, Bayraq meydanının yanında yerləşir, yaxınlıqda isə Zəfər arenası olacaq. Çörək muzeyi burada olacaq, o da bərpa ediləcək.

 

Prezident İlham Əliyev: Gölün içindəki bina nədir?

 

Ruslan Sadıqov: Həmin bu binadır, cənab Prezident.

 

Prezident İlham Əliyev: Yəni, bu da gölün içində olacaq?

 

Ruslan Sadıqov: Bəli. Eyni zamanda, burada belə bir obyekt olacaq. Konsepsiyası hazırlanır. Bu ortadakı bina. Sizin diqqətinizə muzeyin strukturu haqqında məlumatı çatdırmaq istərdim. Bu, çox dağınıq struktura malikdir. Məqsəd 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi çox çətin yolu göstərməkdir. Bu, xarici görünüşüdür. Burada giriş hissəsi var. Giriş hissəsində çox nəhəng ekranlar quraşdırılacaq. Orada işğal dövrünün ağrılı-acılı günləri nümayiş etdiriləcək. Birinci zalda Qarabağın, Ağdamın tarixi faktlarla göstəriləcək, ikinci zalda 360 dərəcəlik rəqəmsal ekranlarda müharibə dövrünün çox ağır günləri, dairəvi zalda Ağdamın dağıdılması, yerlə-yeksan edilməsi göstəriləcək. Bu vəhşiliklərin hamısı videolarla hekayələrlə olacaq. Dördüncü çox böyük hündür zaldır. Bu, məhz 30 illik dövr ərzində verdiyimiz qurbanların xatirəsinin ehtiramla yad edilməsinə həsr olunub. Nəhayət, ən vacibi - beşinci zal Xocalı soyqırımından xilas olmaq üçün Ağdama üz tutmuş köçkünlərimizin keçdiyi əzab-əziyyətli yolu əks etdirəcək. Onlara həmin hissləri yaşatmaq üçün o otaqda çox soyuq temperatur olacaq ki, insanlar, ziyarətçilər o soyuğu hiss etsinlər. Bura isə sükunət zalı dediyimiz yerdir. Bu sarı xətt işıq kimi görsənir. Amma yaxınlaşdığımız zaman belə bir mənzərə ortaya çıxır, dağıntılar, evlərin yanması. Böyük otaq insanlara həmin o hissi yaşatmaq üçün böyük effekt verəcək. Arxiv zalında tarixi faktların hamısı əks olunacaq. Bütün bunlar virtual zal. Memorial bağ qeyd edildiyi kimi, səma altında muzey olacaq. Hətta yanmış o sınıq-salxaq avtomobillərin qalıqları nar bağlarının arasında göstəriləcək.

 

Bir dediyim mobil tətbiq budur. Bina üzərinə gətirildikdə artıq onun haqqında hekayələr çıxacaq. Bu göldür, həmin Dram Teatrının qapıları bu tağlardan ibarət bir hasar. Bu tağ Qələbə rəmzidir. Lakin çox əlamətdar məsələ odur ki, bu hasar tamamilə Ağdam daşlarından qurulacaq. Həm burada qalıqlar şəkilində yığılıb qalmış daşlar, həm Ağdamın özündə istehsal olunmuş daşlarla inşa olunacaq. Bütün bu binaların hamısının əksi göldə həm gündüz, həm gecə görünəcəkdir. Zəfər muzeyinin simvolikası Şuşa qalasının qapısını Qələbə rəmzini təcəssüm etdirir.

 

Prezident İlham Əliyev: Zəfər tağı kimi?

 

Ruslan Sadıqov: Bəli, Zəfər tağı kimi, qara fonlarda hazırlanıb. Bakıda da belə bir Zəfər muzeyi yaradılacaq. Həmin simvolikadan orada da istifadə olunacaq. Zəfər muzeyi həm abidədir, həm muzeydir. Üstündəki həmin tağ Günəşin ardınca hərəkət edir, Günəş enerjisi əsasında. O da bərpaolunan enerjidir. O da o anlama gəlir ki, bizim Zəfərimiz, bizim Qələbəmiz tükənməzdir, əbədidir. İçərisindəki muzey dəmir şüşə konstruksiyalardan ibarətdir. DəmirDəmir yumruqəməliyyatını, şüşə isə bizim müharibənin, bizim Qələbəmizin ədalətli, saf olduğunu təcəssüm etdirir. İstəyirik burada da qürur, sülh doğma torpaq təntənəsini çatdıraq. Bir neçə sərgi zalı var. Giriş zalında nəhəng rəqəmsal ekranlar quraşdırılacaq. Ondan sonra bizim pilotsuz uçuş aparatları, ən müasir hərbi texnika, müharibə zamanı istifadə olunan nadir hərbi əməliyyatlar taktikası sözsüz ki, simulyasiya otaqları. Ən vacib otaq isə bizim qəhrəman oğullarımızın adları həkk edilmiş divarda sakit axan şəlalə, üstündə qırmızı güllər olacaq. Bu, qurbanlarımızın xatirəsini daim yad etmək üçündür.

 

Prezident İlham Əliyev: Eyni zamanda, 44 günlük müharibənin hər bir günü burada əks olunmalıdır. O günün tarixçəsi əks etdirilməlidir.

 

Ruslan Sadıqov: Bu ikinci zaldakı rəqəmsal masalarda hər bir əməliyyat barədə geniş məlumat veriləcək. Zəfər arenası amfiteatr şəklində qurulub. Quruluşu elədir ki, buradan həm Zəfər muzeyi, həm Bayraq meydanı görünür. Üzərində avtomatik rejimdə açılıb-yığılan dam örtüyü olacaq.

 

 

Azərbaycan.-2021.- 30 may.- S.5.