"Elə
bir Ağdam quracağıq ki, bütün dünya
üçün örnək olacaq"
Mayın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə Ağdam şəhərinin baş planı təqdim
olunub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı
- Əziz dostlar.
Bu gün Respublika Günüdür. İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzulayıram.
Görüşümüzün əvvəlində xahiş edirəm ki, İkinci və Birinci Qarabağ müharibələrində Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Sakinlər:
Amin. Allah rəhmət eləsin.
Prezident
İlham Əliyev: Bu gün Respublika Gününü biz
Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var.
Ağdam şəhərinin Baş Planı bu gün təsdiq
ediləcək. Bu Baş Plan mənə təqdim
edilmişdir. Biz bir müddət bu plan üzərində
işləyirdik və istərdim ki, Ağdam rayonunun
tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini
bildirsinlər və sizin iştirakınızla biz bu gün bu
gözəl mərasimi keçirək.
Bu mərasim üçün, bu görüş
üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən
hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız
olan Respublika Günüdür, müstəqillik
günüdür. Çünki bu gün
burada olmağımız bir daha müstəqilliyimizin nə qədər
güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət
qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan
azad edə bilməzdik. Ancaq güclü Azərbaycan,
müstəqil Azərbaycan, sözün əsl mənasında,
müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı
şərəflə yerinə yetirdi. Ağdam
şəhərinin bərpasının
başlanğıcı bu gün baş verir, Respublika
Günündə. Əminəm ki,
bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında
icra ediləcək və Ağdam şəhəri yenidən
qurulacaq.
Mən Ağdam rayonunda işğal dövründə
doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər
işğal altında olduğu üçün rayonun mərkəzini
biz Quzanlı qəsəbəsində müəyyən etdik.
Quzanlı və digər kəndlərdə dəfələrlə
olmuşam. Bu ərazi ilə bağlı
bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının icrası nəticəsində Ağdam
rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq
edilmişdir. Burada bir çox sosial layihələr icra
edildi, bir çox məktəblər, Muğam Mərkəzi,
uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası,
Olimpiya Mərkəzi, infrastruktur layihələri icra
edilmişdir və deyə bilərəm ki, ölkə üzrə
olan göstəricilərdən daha da yüksək göstəricilər
burada var. Qazlaşdırma təxminən 100 faizdir, elektrik
enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən
çox artezian quyusu qazılmışdır. Çünki mənfur
düşmən bu bölgəni sudan da məhrum
etmişdi. Bir sözlə, işğal
dövründə Ağdam rayonunun inkişafı ilə
bağlı çox ciddi addımlar atılmışdır.
Ağdamdan olan məcburi köçkünlərlə
dəfələrlə görüşlər əsnasında
deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və
bütün rayon azad olunandan sonra daha da gözəl şərait
yaradılacaq. Bu gün sizə təqdim
ediləcək Ağdam şəhərinin Baş Planı bu
sözümün təsdiqidir. Biz elə
bir şəhər quracağıq, elə bir Ağdam
quracağıq ki, bütün dünya üçün
örnək olacaqdır.
İşğal dövründə Ağdam şəhərinin
dağıntılarını, o şəhərin bir hissəsini
mən təmas xəttində dəfələrlə olarkən
binokl ilə görürdüm. Hər dəfə,
bax, təmas xəttində olarkən və bu
dağıntıları uzaqdan seyr edərkən
öz-özümə deyirdim ki, biz mütləq
qayıdacağıq. Nəyin bahasına
olursa-olsun qayıdacağıq. Tarixi ədaləti
bərpa edəcəyik. Düşməni
torpağımızdan qovacağıq və buna
nail olduq.
Çalışırdıq ki, bunu sülh yolu ilə həll
edək. Ancaq Azərbaycan vətəndaşları
yaxşı bilirlər ki, sülh danışıqları,
sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi.
Əfsuslar olsun ki, bu məsələ ilə məşğul
olan vasitəçilər 30 ilə yaxın davam edən
danışıqlar müddətində aqressora –
işğalçıya təzyiq göstərmədilər,
onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər.
Açıq-aydın demədilər ki,
işğalçı qüvvələr Azərbaycan
torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da
azğınlaşırdı, daha da qudururdu və bu
torpaqları əbədi işğal altında saxlamaq istəyirdi
və bu, sirr deyil.
Əgər mən Prezident kimi birinci mərhələdə
müəyyən ümidlərlə yaşayırdımsa,
son mərhələdə artıq bu ümidlər də
aradan qalxdı. Çünki Ermənistan rəhbərliyi
açıq-aydın bildirirdi ki, bu torpaqların bizə
qaytarılması mümkün deyil. Belə
olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu.
Mən bunu açıq-aydın bildirirdim.
Bütün danışıqlar dövrü –
2003-cü ildən son hadisələrə qədər hər
zaman Azərbaycan xalqına həqiqətləri
çatdırırdım. Hər zaman
deyirdim ki, biz heç vaxt bizim torpağımızda ikinci erməni
dövlətinin yaradılmasına imkan verməyəcəyik.
Deyirdim, məsələnin həlli elə
olmalıdır ki, bu, yarımçıq həll olmasın.
Məhz buna görə bizim mövqeyimiz bir
çox hallarda vasitəçilər tərəfindən birmənalı
qarşılanmırdı. Bəzi ermənipərəst
qüvvələr bizi günahlandırmağa çalışırdılar.
Sanki biz aqressoruq, sanki biz
işğalçıyıq. Ona görə
Ağdam rayonuna binoklla baxarkən, bax, mən bu günü
görürdüm və bilirdim ki, əgər məsələ
danışıqlar yolu ilə həll olunmasa, müharibə
qaçılmazdır. Xüsusilə
keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan
dövlətinin bizə qarşı hərbi təxribatları
nəticəsində baş vermiş hadisələr artıq
müharibəni qaçılmaz etmişdi.
Qırx dörd günlük müharibə bizim
gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin
rəşadətini göstərdi, qəhrəmanlığını
göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq
kimi birləşərək düşmənə
sarsıdıcı zərbələr endirdik, düşməni
torpağımızdan qovduq. Qırx
dörd günün hər bir günü qəhrəmanlıq
dastanıdır, hər bir günü bizim üçün əzizdir,
doğmadır. Çünki hər
gün biz irəli gedirdik, hər gün. Bir
gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində
panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini
artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan
qarşısında onlar duruş gətirə bilməyəcəklər.
Biz müharibə dövründə də özümüzü
ləyaqətlə aparmışıq və müharibənin
bütün qaydalarına riayət etmişik. Məhz buna
görə Ermənistan tərəfində mülki vətəndaşlar
arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı
mübarizə aparmışıq, müharibə
aparmışıq. Dinc əhaliyə
qarşı heç vaxt müharibə aparmamışıq.
Ermənilərdən fərqli olaraq,
soyqırımı törətməmişik və digər hərbi
cinayətlər törətməmişik. Ancaq ermənilərin
törətdikləri cinayətlər artıq bütün
dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin
sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin
dağıdılması. Baxın, görün,
Ağdam şəhəri yoxdur, yoxdur. Bir
bina da yoxdur. Bir Cümə məscidinin
qalıqları qalıb. Onu da mən
demişəm, onlar iki məqsəd üçün
saxlamışdılar. Bir məqsəd o
torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi
üçün lazım idi bu məntəqə, bu obyekt.
İkinci məqsəd müşahidə məntəqəsi
idi. Məscidin minarələrindən onlar
müşahidə edirdilər. İndi mən
müharibədən sonra Ağdama ikinci dəfə səfər
edirəm. Birinci dəfə Ağcabədi
istiqamətindən gəldim. Bu dəfə
isə Bərdə istiqamətindən gəldim. Hər iki istiqamət üzrə bir neçə
müdafiə xətti var, istehkamlar var. Cümə məscidinin
qalıqlarından başqa, bir dənə də salamat bina
yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər,
ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi
yeyən, bizim torpağımızda özünə yuva salan,
ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan
ermənilər törədiblər. Bu
dağıntılar Birinci Qarabağ müharibəsindən
sonra törədildi. Bu, ikinci müharibə
dövründə törədilən dağıntılar
deyil. Bizim bütün maddi sərvətimiz
məqsədyönlü şəkildə
dağıdıldı, talan edildi. Tarixi-dini
abidələrimiz söküldü. Bunun
da bir neçə məqsədi var idi. Birincisi,
bizə olan nifrət. İkincisi, Azərbaycan
xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi
və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət
yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin.
Ancaq səhv etdilər. Onlar dərk edə
bilmədilər ki, bizim üçün, xalqımız
üçün torpaqlarımızın işğaldan azad
edilməsi ümummilli məsələdir və heç vaxt
biz bu vəziyyətlə barışmadıq və bunu
açıq bəyan edirdik. İkinci
Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini,
iradəsini göstərdi, bütün dünyaya göstərdi
və bu şanlı Qələbə tarixdə əbədi
qalacaqdır. Bundan sonra Azərbaycan
dövləti qalib dövlət kimi inkişaf edəcək.
Azərbaycan xalqı müzəffər xalq kimi
yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir
və bizim işğal altında olan torpaqlarda törədilmiş
vəhşilik o erməni lobbi təşkilatlarının
öz xalqı haqqında yaratdıqları mifologiyaya da son
qoydu. Çünki bu
dağıntıları törədən vəhşidir.
Bunun başqa adı yoxdur. Təkcə
bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə
eynidir. Mən maşınla yüz kilometrlərlə
torpaqları gəzərkən gördüm ki, sağda-solda hər
şey dağıdılıb, talan edilib. Sanki
bu torpaqlardan vəhşi qəbilə keçib. Mən bunu demişəm, bir daha burada Respublika
Günündə Ağdam şəhərində demək istəyirəm,
bizim müharibəmiz təkcə faşist Ermənistan
dövlətinə qarşı deyildi, bizim müharibəmiz
faşizm əleyhinə müharibədir. Bizim
qələbəmiz göstərir ki, bütün faşistlərin
aqibəti, bax, ermənilərin aqibətinə bənzər
olacaq.
Müharibə ilə bağlı, əlbəttə ki,
çox danışmaq olar. Ancaq bu gün biz daha
çox gələcəklə bağlı
danışmalıyıq. Müharibə
tarixdir, şanlı tariximizdir. Bu tarix əbədi
qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və
öyrənilir. Dünya miqyasında, dünyanın
aparıcı ölkələrinin ali hərbi
məktəblərində 44 günlük müharibə
öyrənilir və Azərbaycanın göstərdiyi
yeniliklər öyrənilir. Əlbəttə
ki, texniki imkanlarımız müharibənin nəticələrinə
ciddi təsir etmişdir. Ancaq
bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini
qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti
idi. Biz bu müharibəni, bu Qələbəni
bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə
borcluyuq. İstənilən texnikan ola
bilər, istənilən maddi imkanın ola bilər, əgər
Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər
Vətən uğrunda ölümə getməyə hazır
deyilsənsə heç vaxt Qələbə qazanmazsan. Dırnaqarası qəhrəman erməni əsgərləri
bizim əsgərlərimizi görərkən müharibənin
artıq ikinci mərhələsində silahları yerə
qoyub qaçırdılar, bu gün də qaçırlar.
Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi
öz təxribatçı əməllərindən əl
çəkmir. Mən bunu bir neçə gün bundan əvvəl
mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın,
dövlətimizin təhlükəsizliyinə zərrə qədər
təhlükə varsa, dərhal yerindəcə düşməni
məhv edəcəyik. Onlar da bizim
gücümüzü bilirlər və görürlər.
Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan
sərhədi ərazisində Ermənistan ordusu tərəfindən
törədilmiş təxribat, təbii ki, cavabsız
qalmamalı idi və qalmadı. Növbəti
dəfə rəzil oldular, növbəti dəfə biabır
oldular. İndi görün, bütün
dünya bunlara gülür. Baş nazir bir
versiyanı deyir, baş qərargah rəisinin müavini
başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət
qura bilmədilər. Deməli, bu xalq dövlət
qura bilmir. Deməli, bu xalq ancaq başqa
böyük dövlətlərin çərçivəsində
yaşaya bilir. O böyük dövlətlərin
imkanlarından istifadə edib, orada özü
üçün həyat qura bilər. Otuz il
ərzində bunların unikal şansı var idi - əgər
bu işğal olmasaydı, əgər düşmənçilik
olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən
xalqımıza qarşı törədilməsəydi, bu
gün bəlkə də Ermənistan da müstəqil
dövlət kimi yaşaya bilərdi. İndi görün,
necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini,
öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar -
indiki hakimiyyət köhnə hakimiyyətin üstünə,
köhnə hakimiyyət indiki hakimiyyətin üstünə.
Amma, əslində, onların hamısı
günahkardır. Çünki onlar
böyük səhv etdilər. Onlar
düşünmürdülər ki, bu dərəcədə
aciz vəziyyətə düşəcəklər və
onların bütün bəlalarının səbəbkarları
da özləridir.
Biz isə öz sərhədlərimizi bundan sonra
möhkəmləndirəcəyik, dövlət sərhədində
möhkəmlənəcəyik. Heç kim bizə
təzyiq edə bilməz, heç kim bizə təsir edə
bilməz. İndi bəzi ermənipərəst
ölkələr, dairələr hansısa açıqlamalar
verirlər. Versinlər, onların öz
işidir. Avropa Parlamenti növbəti dəfə
saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm,
Azərbaycan xalqına da məsləhət görmürəm.
Bunlar hamısı əhəmiyyətsiz şeylərdir.
Əhəmiyyətli məsələ odur ki,
bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada
durmuşuq və əbədi burada yaşayacağıq.
Qırx dörd günlük müharibə və müharibədən
sonrakı dövr, – altı ay artıq keçibdir, - bir daha
göstərdi ki, kim kimdir, kim nəyə
qadirdir. Biz də bir çox məsələləri
xüsusilə beynəlxalq müstəvidə
özümüz üçün yəqin etdik və bu, bizə
gələcəkdə düzgün qərar qəbul etməyimizə
kömək göstərəcəkdir.
Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki
bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir.
İndi Şuşa şəhərinin
Baş Planı hazırlanır, artıq bir müddətdən
sonra təsdiqlənəcək. Füzuli şəhərinin,
Cəbrayıl şəhərinin, digər şəhərlərin
Baş Planları üzrə iş gedir. Amma
birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir.
Artıq bir neçə tədbir keçirildi.
Ağdam şəhəri üçün
çox önəmli olan 1 saylı məktəbin təməli
qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin
çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə
burada iş yerlərinin yaradılması üçün
Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara
yaxındır və orada yüzlərlə, gələcəkdə
bəlkə də minlərlə insan işlə təmin ediləcək.
Bərdə-Ağdam avtomobil yolunun təməli
qoyuldu və artıq yaxın gələcəkdə yol
istismara veriləcəkdir. Eyni zamanda, mənim
göstərişimlə Bərdə-Ağdam dəmir yolunun
və dəmir yolu vağzalının tikintisi nəzərdə
tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar
artıq işlərə start verilir. Ağdamda
İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə
təqdim edildi. Yer seçildi və həm
Zəfər, həm İşğal muzeyləri çox
möhtəşəm olacaq. Digər
obyektlər, digər tədbirlər, böyük meşə
sahəsinin təməli qoyuldu. Şəhərin
içində böyük bir meşə zolağı olacaq -
125 hektarlıq. Süni göl
yaradılacaq, kanallar, körpülər. Şəhərin
müasir standartlara, müasir tələblərə uyğun
inkişaf planı artıq tam işlənib hazırlanıb.
Bütün Qarabağ zonası “yaşıl
enerji” zonası olacaq. Bütün şəhərlər
“ağıllı şəhər” konsepsiyası əsasında
qurulacaq. Yəni, bu gün bu
görüşdən sonra birlikdə bizə bu təqdimat
göstəriləcəkdir.
Əminəm ki, nəzərdə tutulmuş
bütün məsələlər öz həllini tapacaq və
biz sizinlə bundan sonra Ağdam şəhərində,
Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə
qayıtmaq istəyirəm, mən bu 17 il ərzində
- 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi
köçkünlərlə bir çox görüşlər
keçirmişdim və hər zaman onlara deyirdim ki, biz
torpaqlara qayıdacağıq, siz torpaqlara
qayıdacaqsınız. Ancaq görürdüm
ki, son illər onların gözlərində ümidlər
azalır. Görürdüm və bu da təbii
idi. Çünki 30 ilə yaxın vaxt
keçmişdi. Ancaq mən hər zaman əmin
idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə
bilmirdim. Sadəcə olaraq, deyə
bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma
bilirdim ki, olacaq.
Bir məqama toxunmaq istəyirəm, bilirəm ki,
müharibə dövründə mənim “Twit”lərimi, mənim
çıxışlarımı xalqımız səbirsizliklə
gözləyirdi. Mən öz
çıxışlarımda və bütün “Twit”lərimdə
də hər zaman həqiqətləri deyirdim və
yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin,
ağdamlılar fikirləşirlər ki, bəs nə
üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad
olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan,
Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri
azad olunmur? Fikirləşirdim, yəqin ki,
siz fikirləşirsiniz, ağdamlılar fikirləşir.
Amma özümü saxlayırdım, deyə
bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün.
Çünki əgər biz bu istiqamətdən
hücuma keçsəydik, bir çox şəhidlərimiz
olacaqdı. Çünki onlar elə bir
istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan
bizim hücum etməyimiz, əlbəttə, böyük səhv
olardı. Ancaq biz bu istiqamətdə kifayət
qədər böyük hərbi qüvvə
saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli
hissəsi, bax, burada olsun. Beləliklə
biz onların manevr imkanlarını böyük dərəcədə
məhdudlaşdırdıq. Onsuz da biz
Ağdamı alacaqdıq. Şuşa -
alınmaz qala götürüləndən sonra mənim
göstərişimlə növbəti istiqamət Ağdam
oldu. Mən indi bunu deyə bilərəm.
Artıq biz elə bil ki, arxa hissədən gələrək
erməni qruplaşmasını mühasirəyə alıb
tam məhv edəcəkdik.
Çox
güman ki, Ermənistan tərəfi də bunu dərk edib və
artıq ağ bayraq qaldırmağa məcbur
olub, bizim qarşımızda diz çöküb. Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə
oynayan, xalqımızı təhqir edən, özündən
uydurma qəhrəman düzəldən düşmən diz
çökdü bizim qabağımızda, ağ bayraq
qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza
atdı. Biz Ağdamı bir güllə atmadan,
bir şəhid vermədən azad etdik və bu gün
buradayıq və bundan sonra əbədi burada olacağıq.
x x x
Xalq
artisti Mənsum İbrahimov: Möhtərəm cənab
Prezident, biz Sizi salamlayırıq. Bu gün biz
Sizinlə Qarabağımızın döyünən ürəyi
olan Ağdamımızda tarixi təməlqoyma mərasiminə
şahidlik edirik. 28 ildən sonra şanlı Ordumuzun və
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi
ilə, onların sayəsində Zəfər
çalmış bir xalq kimi Respublika Gününü məhz
Ağdamda qeyd etmək bizim üçün böyük bir
qürurdur.
Bizim qəhrəman Ordumuzun böyük tarixi Qələbəsindən
sonra Heydər Əliyev Fondunun Şuşamızda təşkil
etdiyi möhtəşəm “Xarıbülbül” festivalı mədəniyyətimizin
qələbəsi və dünyaya bir mesaj idi. Təbii ki, biz buna görə
Sizə - Müzəffər Ali Baş Komandanımıza,
şanlı Ordumuza təşəkkür edirik, şəhidlərimizin
ruhu qarşısında baş əyirik, qazilərimizə
cansağlığı arzulayırıq.
Cənab
Prezident, 2018-ci ildə Quzanlıda Muğam Mərkəzinin
açılışında
çıxışınızda qeyd etdiniz ki, tezliklə
Ağdamın mərkəzində bunu daha möhtəşəm
tikəcəyik. Artıq bu gün biz o tarixi
hadisənin şahidiyik. Həqiqətən
bizim üçün böyük bir qürurdur. Mən bütün ağdamlılar adından,
bütün sənətkarlar adından Sizə təşəkkür
edirəm ki, bizim dövlətçiliyimiz əbədidir.
Biz bundan sonra burada ancaq böyük Muğam mərkəzlərində
muğam festivalları keçirəcəyik, böyük tədbirlər
keçirəcəyik, festivallar keçirəcəyik Sizin sayənizdə. Diqqətinizə
görə Sizə təşəkkür edirəm.
Prezident
İlham Əliyev: Sağ olun.
x x x
Milli Məclisin
deputatı Bəxtiyar Sadıqov: Möhtərəm cənab
Prezident, bu gün həyatımızın ən xoşbəxt
günlərindən biridir. Yeni Qarabağımızın,
yeni Ağdamın təməli qoyulur. Biz də
bunun iştirakçısına çevrilmişik. Bu xoşbəxtliyi bizə Müzəffər Ali
Baş Komandan kimi Siz nəsib etmisiniz. Bu
xoşbəxtliyi təkcə bizə yox, keçmiş məcburi
köçkünlərə yox, bütün Azərbaycan
xalqına bəxş etmisiniz. Siz bizim
itmiş inamımızı qaytarmısınız. Bizim ölməkdə olan ümidlərimizi yenidən
dirçəltdiniz, yeni həyat verdiniz. Çox sağ olun, minnətdarıq. Siz
Azərbaycan xalqını dünyaya yenidən qürurlu xalq,
döyüşkən xalq, itirilmiş torpaqlarını
qaytaran xalq kimi təqdim etdiniz.
Möhtərəm cənab Prezident, 44 günlük Vətən
müharibəsində Siz əsl möcüzə
yaratdınız, - buna başqa ad vermək mümkün deyil,
- bizim hamımızın gördüyümüz və
şahidi olduğumuz möcüzə. Siz yeni ordu
qurdunuz, yeni vətənpərvər gənclər nəsli
yetirdiniz. Siz milli birlik yaratdınız.
Siz bu ordumuzu ən yeni silahlarla
silahlandırdınız. XXI əsrin
müharibəsini apararaq ən yeni taktika və strategiya tətbiq
etdiniz. Bu gün hətta Amerika Birləşmiş
Ştatları kimi güc mərkəzi də Sizin
taktikanızdan, İkinci Qarabağ müharibəsindəki
taktikadan öyrənir və ordusunda dəyişiklik
aparır.
Siz dəmir yumruğunuzla düşmənin
başını əzdiniz, belini qırdınız. Siz Ermənistanı
təkcə hərb meydanında darmadağın etmədiniz,
diplomatiya sahəsində, informasiya müharibəsində də
biabırçı məğlubiyyətə
uğratdınız. Siz informasiya
müharibəsinin yeganə baş qəhrəmanısınız.
Möhtərəm cənab Prezident, Siz bizi bəxtəvər
günlərə, xoşbəxt günlərə gətirmisiniz. Siz
özünüz də xoşbəxt insansınız. Beş əsrlik dövrdə itirilmiş Azərbaycan
torpaqlarını geri qaytaran qüdrətli sərkərdəsiniz.
İki əsrlik Qarabağ münaqişəsini
uğurla həll edən Müzəffər Ali Baş
Komandansınız. Müqəddəs ata vəsiyyətini
yerinə yetirən xoşbəxt övladsınız. Azərbaycan xalqını ən ülvi arzusuna
çatdıran əsl xilaskarsınız. Var olun, sağ olun.
Möhtərəm cənab Prezident, Siz bizə
demişdiniz ki, bizi Qarabağa qaytaracaqsınız, Ağdama
qaytaracaqsınız. Çox sağ olun, bu gün
Ağdamdayıq. Siz demisiniz, Qarabağı cənnətə
çevirəcəyik, bir-birindən gözəl layihələr
var. Bu layihələrin baş müəllifi Sizsiniz. Biz inanırıq ki, tezliklə gözəl
Qarabağda asudə, şən yaşayacağıq. Həmişə Sizinlə qürur duyacağıq.
Biz Sizinlə fəxr edirik, cənab Prezident.
Bayramınız mübarək! Qarabağ Azərbaycandır!
Qarabağ bizimdir!
x x x
Ağdam
rayon Ağsaqqallar şurasının sədri Əvəz
Mikayılov: Hörmətli cənab Prezident, icazə verin,
çıxışımın əvvəlində Ağdam
rayonunun çoxsaylı ağsaqqalları adından Sizi salamlayım,
onların bütün arzularını burada Sizə
çatdırım.
Əlbəttə, biz bugünkü günü çox
səbirsizliklə gözləyirdik. Müharibə, nə
qədər dəhşətli, nə qədər
müdhiş səslənir bu söz. Bu
sözün arxasında minlərlə ana-bacı harayı,
viran olmuş şəhərlər, kəndlər, oğul itkisi
– bütün bunlar hamısı məhz 30 illik müharibədə
ermənilərin bizim başımıza
açdığı oyunların qısa xülasəsidir.
Çox möhtəşəm bir gündür
ki, biz bu günləri arxada qoyduq və bu gün Ağdamda belə
bir təməlqoyma mərasimi keçirilir. Siz 44
günlük müharibə dövründə Bakıda bir
çox xarici ölkə müxbirlərinin suallarını
elə cavablandırdınız ki, onlar sanki mat vəziyyətinə
düşürdülər. Onlar peşman
olurdular ki, Sizə belə suallar veriblər. Gözləmirdilər. Əlbəttə,
biz bunu Sizdən gözləyirdik. Yaxud götürək
müharibədən sonrakı dövrdə Bakıda
keçirdiyiniz böyük, dörd saatlıq mətbuat
konfransını, hansı ki, orada Siz dörd dildə - Azərbaycan,
türk, rus və ingilis dillərində bütün
dünyaya ürək sözlərinizi
çatdırdınız. Bütün bunlara
görə, Sizinlə fəxr edirik. Sizin
Ağdama bu ikinci səfəriniz, Baş Planı təsdiq etməyə
gəlməyiniz biz ağdamlılar üçün
böyük şərəfdir. Buna görə
Sizə minnətdarlığımızı bildirir və
Sizinlə fəxr edirik. Çox sağ
olun.
x x x
Milli Məclisin deputatı Aqil Abbas: Möhtərəm Prezident, əvvəla, Sizinlə burada olduğumuz üçün dünyanın ən xoşbəxt adamlarıyıq. Siz başda olmaqla xalqımız xoşbəxtdir. Horadizdə bayrağın altında üzü Naxçıvana dayananda, dedim ki, möhtərəm Prezident, o bayrağı ilk dəfə dövlət bayrağı kimi Ulu Öndər atanız qaldırıb. Biz, xüsusən Qarabağ camaatı inanırıq ki, Siz o bayrağı götürüb, düz bu yolla Naxçıvana gedəcəksiniz və bayrağı orada ucaldacaqsınız. Siz o bayrağı qaldırdınız, gətirib Şuşada ucaltdınız, Himnimizi, uvertüramızı səsləndirdiniz. Siz o bayrağı Zəngəzur dəhlizindən asacaqsınız.
Möhtərəm Prezident, Ulu Öndər Məmməd Arazın bir şeirini çox sevirdi: Dünya sənin, dünya mənim, dünya heç kimin. İndi o şeir dəyişib. İndi deyirlər, dünya sənin, dünya mənim, dünya bizim. Siz o dünyanı verdiniz bizə, bu xalqa o dünyanı verdiniz. Doğrudan, o şeirin sözlərini camaat elə oxuyur, o cürdür.
Möhtərəm Prezident, dostlar 44 günlük Zəfərimiz haqqında dedilər, mən təkrar etmək istəmirəm. Mən o zaman burada - cəbhə xəttində idim, izləyirdik. Mən başqa bir fikrimi demək istəyirəm. Ola bilər, mən bir az çox danışdım. Yenə Məmməd Arazdan demək istəyirəm. Deyir: “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. Siz təkcə bu Vətənin oğlu olmadınız, Siz bütün türk xalqının oğlu oldunuz. Ən böyük oğul oldunuz. Eşq olsun Sizə.
x x x
Prezident İlham Əliyev: Çox sağ olun,
təşəkkür edirəm. Bilirsiniz ki, müharibə
dövründə birinci Cəbrayıl rayonu işğaldan
azad olunmuşdur. Mən bunu xalqa
çatdırandan sonra fikirləşdim, yəqin ki, mənim
həyatımda ən xoşbəxt günlərimdən
biridir. Çünki birinci rayonu tam azad etmək,
işğalçılardan tam təmizləmək doğrudan
böyük tarixi hadisə idi və xalqımıza, ordumuza əlavə
ruh verdi, inam verdi. Ondan sonra Füzuli, ondan sonra Hadrut,
ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. Hər dəfə
öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi
yaşayıram. 10 noyabr – Ermənistanın
kapitulyasiya aktı. Özü də nəinki
Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o,
hansı formada imzalandı. Bu günə qədər
mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb.
O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl
kapitulyasiya aktı idi. İndi hər kəs bunu
belə qəbul edir.
Ondan sonra
yanvarın 14-də Şuşada birinci dəfə olarkən
özümə dedim ki, ən xoşbəxt günlərimi
yaşayıram. Bu gün də eyni sözləri
deyirəm. Əminəm ki, bizim
xalqımızın həyatında bundan sonra belə xoşbəxt
günlər çox olacaq. Xalqımız
xoşbəxt olsun. Tezliklə doğma
Ağdamı bərpa edək, vətəndaşları
qaytaraq və bu gözəl diyarımız olan Qarabağ
torpağında əbədi yaşayaq. Bir
daha təbrik edirəm.
Yerdən:
Siz başda olmaqla.
Prezident İlham
Əliyev: İndi isə gedək, bizə Baş Plan
haqqında məlumat versinlər.
XXX
Sonra dövlətimizin başçısı şəhərin
bərpasının təməl daşının qoyulması
mərasimində iştirak edib, ağac əkib.
Azərbaycan.-2021.- 30 may.- S.6-9.