Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi  məsələlərin tənzimlənməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə bağlı işlərin təşkili məqsədilə qərara alıram:

 

1. Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə  müqavilə əsasında istifadəyə verilsin.

 

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə:

 

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün istifadəyə verilməsinə dair müqavilələrin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müvafiq olaraqEti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə imzalasın;

 

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsindən irəli gələn məsələləri üç ay müddətində həll etsin;

 

3.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan yataqların istifadəyə verilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 may 2021-ci il

Azərbaycan.-2021.- 30 may.- S.11.