İqtisadiyyat
Nazirliyinin yeni binası istifadəyə verildi
Mayın
29-da İqtisadiyyat Nazirliyinin yeni inzibati binası istifadəyə
verilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yeni binanın açılışında
iştirak edib.
Son
illərdə Bakıda müasir üslubda tikilmiş
hündürmərtəbəli binalar sırasına daha biri əlavə
olundu. Ümummilli lider Heydər Əliyevin adını
daşıyan prospektdə yerləşən İqtisadiyyat
Nazirliyinin yeni inzibati binası müasir memarlığı ilə
diqqəti cəlb edir.
İqtisadiyyat
naziri Mikayıl Cabbarov dövlətimizin
başçısına yeni binada görülən işlər
barədə məlumat verdi.
Bildirildi
ki, yeni inzibati binada 772 əməkdaşın rahat və səmərəli
fəaliyyəti üçün hər cür şərait
yaradılıb. Burada müasir multimedia vasitələri ilə
təchiz olunmuş, müxtəlif tədbirlərin
keçirilməsi üçün konfrans zalı, həmçinin
iş, iclas otaqları yaradılıb.
Bina
mərkəzi dairəvi özəyə bağlanmış
bir-birindən asılı olmayan beş kub formasında tikilidən,
hər kub isə beş ofis mərtəbəsindən ibarətdir
və sütunsuz açıq bağçalı terasla
yuxarıdakı qonşu kubdan unikal formada ayrılır. Bundan
əlavə, hər bir mərtəbə
aşağıdakı növbəti mərtəbələrlə
müqayisədə 1,2 dərəcə dönür və nəticədə
ümumilikdə aşağıdan yuxarıya 40 dərəcəlik
fırlanma effekti yaranır.
Diqqətə
çatdırıldı ki, inşaat qrupu yenilikçi həll
yolu olan, hər bir kubun altında polad fermalardan istifadə edərək,
dəmir beton sütunları və perimetr boyu yerləşən
tirlərdən gələn yükləri bina özəyinə
ötürən bir sistem dizayn edib. Tikintinin dizaynı 2020-ci
ildə ABŞ-da “İnşaat Mühəndisliyində Mükəmməllik”
və “Ləyaqət” mükafatlarına layiq
görülüb.
Qeyd edək ki, İqtisadiyyat
Nazirliyinin yeni inzibati binası geniş quruculuq meydanına çevrilən,
dünyanın ən gözəl və müasir
şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya
təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.
Azərbaycan.-2021.- 30 may.- S.11.