Milli Məclis
sədrinin müavini IX Neva
Konqresdə Ermənistanın son günlərdə
törətdiyi təxribatlardan danışıb
Milli Məclis sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən IX Neva Beynəlxalq Ekoloji Konqresində iştirak ediblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Assambleya görüşündə çıxış edən Adil Əliyev ekoloji tarazlığın qorunmasının, ekosistemin inkişafının hər kəsin əsas vəzifələrindən olduğunu qeyd edib.
Milli Məclis sədrinin müavini Ermənistan tərəfindən vaxtilə işğal olunmuş Azərbaycan ərazilərindəki flora və faunanın kütləvi şəkildə məhv edildiyini, irimiqyaslı yanğınların törədildiyini qeyd edib. Ermənistanın şam meşələrini, min illik ağacları və meşələrdə yaşayan vəhşi heyvanları məhv etməsi, çayları çirkləndirməsi, habelə axar çayların qarşısını kəsməsi də daxil olmaqla, bütün növdən olan ekoloji cinayətlər törətməsini konqres iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, Ermənistanın beynəlxalq konvensiyalara zidd olan qanunsuz fəaliyyəti, o cümlədən təbii sərvətlərin talan edilməsi, su ehtiyatlarının çirklənməsi nəticəsində ölkəmizə, habelə regionun həm ekologiyasına, həm də təhlükəsizliyinə çox ciddi təhdidlər formalaşıb. Ermənistan dövlətinin birbaşa ekoloji təhlükəsizliyi təhdid edən qanunsuz fəaliyyəti, BMT-nin Bioloji Müxtəliflik Konvensiyası, Səhralaşma ilə Mübarizə Konvensiyası və Ermənistanın olduğu digər beynəlxalq müqavilələr də daxil olmaqla, bir çox beynəlxalq konvensiyanın öhdəliklərini kobud şəkildə pozub. Ermənistan tərəfinin BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini 30 il ərzində icra etməməsini, əksinə, təxribatlar törətməyə davam etməsini, habelə mülki Azərbaycan vətəndaşlarının hədəfə alınması, bununla da beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozulması vurğulanıb.
Adil Əliyev, həmçinin çıxışında ölkəmizin ekoloji sabitliyin qorunması istiqamətində atılan addımlardan danışaraq, 2030-cu ildə ölkəmiz üçün müəyyən edilmiş 5 əsas prioritetdən birinin məhz ekoloji tarazlığın qorunması məsələsi olduğunu bildirib. Həmçinin işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda da məhv edilmiş yaşıllıqların əvəzinə yeni yaşıllıqların salındığını, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yaradılan Qarabağ Dirçəliş Fondu tərəfindən azad edilmiş ərazilərdə müxtəlif ağac tinglərinin əkildiyini, meşə və bitki örtüyünün bərpası üçün tədbirlər həyata keçirildiyini qeyd olunub.
Spikerin
müavini Ermənistanın müharibədə uduzaraq
sülh danışığını imzalamasına
baxmayaraq, sərhədyanı ərazidə son günlər təxribat
törətməyə cəhd etməsini də diqqətə
çatdırıb. Bildirib ki, Ermənistan bununla
üzərinə götürmüş olduğu 10 noyabr tarixli üçtərəfli bəyanatın
icra edilməsindən yayınır. Qeyd olunub ki,
Ermənistan tərəfindən həyata keçirilən bu təxribatlara dərhal son
qoyulmalıdır, əks halda bunun cavabını alacaqdır.
Azərbaycan.-2021.- 30 may.- S.13.