Qitələrin kəsişməsində yaranan qədim sivilizasiya

 

Asiya və Afrikanın kəsişmə mərkəzi olan Misir ən qədim dünya sivilizasiyaya malik olan ölkələrdəndir. Onun tarixi e.ə. 10-cu minilliyə qədər gedib çıxır. Xristianlığın ilk mərkəzlərindən biri hesab olunan Misirin islamlaşması VII əsrdə ərəblərin bura yürüş etməsi ilə bağlıdır.

 

E.ə. V-IV minilliklərdə ibtidai icma quruluşunun dağılmasından sonra Misirdə tədricən kiçik dövlət qurumları - nomlar (vilayətlər) yaranmışdı. Lakin sonra nomlar  arasında birləşmə meyilləri artdığı üçün ölkə ikiyə - yuxarı (şimal) və aşağı (cənub) hissəyə bölünmüşdü. Bu hissələrin hökmdarları savaşlar apararaq ölkənin birləşdirilməsi üçün cəhdlər ediblər.  Bu dövrə Misirin “sülalələr öncəsi dövrü” deyilir.

 

Ümumiyyətlə, haqqında bilgilər çox az olduğu üçün “sülalələr öncəsi dövrü”nün nə vaxta qədər davam etdiyi məlum deyil. Fakt odur ki, e.ə. III minillikdə Misirdə vahid dövlət mövcud olub. Həmin vaxtdan Misir dövlətinin tarixi başlanır. Misir çarlarını “firon”lar adlandırıblar. Hesab edilir ki, Misirin 30-a yaxın çar sülaləsi olub.

 

Misir ərazisinin böyük hissəsini Sahara səhrası tutur. Burada da demək olar insan yaşamır. Ölkənin əhalisinin sayı 100 milyon nəfərdən çoxdur. Əhalinin təqribən yarısı şəhərlərdə - Qahirədə, İsgəndəriyyədə, eləcə də Nil deltasında yaşayır. Qədimdə misirlilər əvvəl harada yaşayırdılarsa, yenə də orada yaşayırlar. Misir əhalisi tarix boyunca dillərini 1 dəfə, dinlərini isə 2 dəfə dəyişib.

 

Misir hazırda Şimali Afrika, Yaxın Şərq və müsəlman dünyasında əsas güclərdən biri hesab olunur.

 

 

 

Misirin möcüzələri

 

 

 

Misir ehramları dünyanın yeddi möcüzəsindən biridir. Qahirə şəhərinin  ətrafındakı Giza ehramları dünyanın ən böyük ehramları hesab olunur. Buraya Xeops, Xefren və Mikerin ehramları daxildir və bu adlar onları tikdirmiş fironların adlarıdır.

 

Giza ehramları ilə yanaşı, Misirdə irili-xırdalı yüzlərlə ehram mövcuddur. Giza ehramları digər ehramlardan, əsasən onunla fərqlənir ki, bu ehramlarda heç bir yazıya rast gəlinməyib və onların necə tikilməsi hələ də elmə məlum deyil. Amma güman edilir ki, Giza ehramları e.ə XXX əsrdə inşa edilib.  Giza ehramları arasında yalnız Xefren ehramının daxilinə giriş var.  Bu giriş “ölülər” otağına aparır. Firon Xeopsun oğlu Xefren üçün tikdirdiyi bu ehramın hündürlüyü 136 metrə çatır.

 

 Giza ehramlarının hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilib. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşib. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb. Bəzi mənbələrdə inşaatda işləyən işçilərin piramidaların sirrini bildikləri üçün tikinti başa çatdıqdan sonra öldürüldükləri qeyd edilir.

 

Rəvayətə görə, ehram kimin şərəfinə tikilmişdirsə, həmin fironun mumiyasının olduğu otağa Günəş şüaları ildə iki dəfə - fironun doğum və taxtaçıxma günlərində düşür.  Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.

 

Qeyd edilir ki, ehramın daxilinə bir qabda çirklənmiş su qoyularsa, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görmək olar. Bitkilər ehramların daxilində daha tez inkişaf edirlər. Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür. Kəsik, yanıq, sıyrılma yaraları böyük ehramların daxilində daha tez sağalır.

 

Giza ehramları arasında ən alçaq ehram olan Mikerin ehramı 62 metrdir və firon Xefrenin oğlu üçün tikilib.

 

Xeops Piramidasının ortasında sərnişin təyyarəsi ölçüsündə olan bir boşluq aşkar edilib. Bəzi misirşünaslar bu boşluğun piramidaların necə hazırlandığını aydınlaşdıracağını  iddia edirlər. İndiyədək bu ehramların necə tikilməsi sirr olaraq qalır. Əgər işçilərin hər gün fövqəltəbii olaraq 10 kubmetr daşı üst-üstə qoyduqlarını fərz etsək, onda Xeops ehramındakı təxminən 2.5 milyon kubmetrlik daşı haradasa 250 000 gün (644 il) ərzində bir-birinin üstünə qoymaq tələb olunduğu qənaətinə gələ bilərik. Halbuki ehramların 20-30 il ərzində tikildiyi ehtimal olunur.

 

Giza ərazisindəki üç ehramın bir-birinə nəzərən yerləşmə şəkli  Pifaqor üçbucağı formasındadır. Piramidanın dörd küncünün sahə ölçüsü onun hündürlüyünün kvadratına bərabərdir. Nəhəng ehram Yer kürəsinin quru ərazisinin mərkəzində yerləşir. Ehramın hündürlük nöqtəsinin künclərə nəzərən yerləşmə şəkli çevrənin mərkəzində yerləşmiş nöqtə kimidir. Ehramın dörd üzünün əmələ gətirdiyi üçbucaqlar isə dünyanın ən böyük üçbucaqları sayılır. Gizadan keçən meridian isə dünyanın su və quru hissələrini iki bərabər hissəyə bölür. Həmçinin, bu meridian Yer kürəsinin şimaldan cənuba doğru ən uzun quru hissəsindən keçən meridian sayılır.

 

Sfinksə gəlincə, o, e.ə 2520-ci ildə firon Xeopsun oğlu Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanıb. 30 metr hündürlüyü, 70 metr uzunluğu olan bu heykəlin adı qədim Misir sözü “sezp-ahne”dən (Diri görünüş) törəyib.

 

Sfinksə XIV əsrdə məmlüklərin topatma təlimləri zamanı hədsiz zərər dəyib. Napoleon Bonapartın 1799-cu ildə Misirə yürüşü zamanı baş vermiş toqquşmalarda Sfinksin burun hissəsi top atəşi nəticəsində qopub. Ancaq bəzi fərziyyələrə görə, Sfinksin burnu Napoleon Bonapartın anadan olmasından 400 il əvvəl qopub. Bunu Məhəmməd Saim 1378-ci ildə edib. Belə ki, kəndlilərin Sfinksə itaət etməsi Məhəmmədi hiddətləndirmiş və o heykəlin burnunu sındırmışdı. Qəzəblənmiş kütlə isə əməlinə görə Məhəmmədi ölənədək döymüşdü.

 

Qədimdə “dünyanın yeddi möcüzəsi”ndən biri sayılan İsgəndəriyyə mayakı  e.ə. təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat tərəfindən inşa edilib. Üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatıb. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərmək üçün tonqal qalanırmış. Roma İmperiyasının süqutundan sonra mayakdan istifadə olunmayıb. XIV əsrdə baş verən zəlzələdən sonra isə mayakın yerində xarabalıq qalıb.

 

 

 

İlk təqvimi yaradanlar

 

 

 

Misirlilər su və günəş saatını ixtira etməklə yanaşı, ilk təqvimi də yaradıblar. Onlar ili 12 aya,  gecə və gündüzü 24 saata bölmüşdülər. Təqvimdə hər ay 30 gündən ibarət idi, ilin sonuna 5 gün əlavə edilirdi. Bu hesabla 1 il 365 gündən ibarət olurdu.

 

İlk təqvimin yaranması Nildə baş verən daşqınlarla bağlı olub. Məlumatlara görə, Nil hər ilin müəyyən vaxtlarında daşırdı. Daşan çay insanlara böyük ziyan vururdu. Misirlilər bunun qarşısını almaq üçün çayın dəqiq daşma vaxtını bilməli idilər. Bu zəruriyyətdən təqvim tərtib olunub.

 

Misirlilər onluq hesablama sistemini -1, 10, 100, 1000, 10000, 100000-i də yaradıblar. Onların hətta milyonu bildirən işarəsi də var idi. Bu işarə təəccübdən əllərini yuxarı qaldıran insan təsviri şəklində verilirdi. Misirlilər düzbucaq, üçbucaq, trapesiya və dairənin sahəsini hesablaya bilirdilər. Misirdə kahinlər astronomik müşahidələr prosesində dövri surətdə təkrarlanan Günəş tutulmasını kəşf etmişdilər.

 

Misirdə yazı e.ə. IV minilliyin sonlarında meydana gəlib. Burada da ilk yazı növü şumerlərdə olduğu kimi, piktoqrafiya, yəni şəkli yazı olub.  Burada yazılar əsasən papirus üzərində cızılırdı ki, bu da onlar üçün kağızı əvəz edirdi.  Qədim Misir yazısı qarışıq yazı hesab olunur. Bu yazıda 700 işarə ilə yanaşı, 21 heroqlif olub ki, onlar da ayrı-ayrı hərfləri ifadə ediblər.

 

Misir yazı sistemi təkmilləşdikcə, onun dil quruluşu da dəyişmişdir. III-VII əsrlərdə qədim Misir dili artıq ölü dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə çipti dilindən istifadə olunurdu. VII əsrdən başlayaraq Misirdə ərəb dili yayılmağa başlayıb. Hazırda ölkədə dörd milyon yerli çipti yaşayır. Onlar xristian olsalar da, ərəb dilində danışır, ancaq öz ibadətlərini çipti dilində edirlər.

 

 

 

Dünyanın ən qədim geyimi Misirdə tapılıb

 

 

 

Qədim Misir dövrünə aid   köynək  bəşər tarixində ən qədim geyim hesab olunur. Arxeoloqlar tərəfindən 1977-ci ildə bölgədə aparılan qazıntılar zamanı aşkarlanan köynək radio karbon testindən keçirilib. Sözügedən geyimin 5509 illik bir tarixə sahib olduğu ortaya çıxıb.

 

Oksford Universitetinin araşdırmasına görə, antik köynək eramızdan əvvəl 3101-3482-ci illər arasında hazırlanıb. Qədim Misirdə ilk sülalə dövrünə aid olduğu izah edilən paltarın həmin dövrdə yaşamış aristokrata aid olduğu bildirilir.

 

 

 

Fironlardan başlayan mumiyalanma

 

 

 

Tarixi Misirə gedib çıxan mumiyalama insanların ölümündən sonra yenidən dirilib öz bədənlərini bərpa edəcəkləri inamı ilə gercəkləşdirilib. O, e.ə. 15-ci əsrdə ölümdən sonrakı həyatın davam edilməsi üçün yerinə yetirilən bir proses olub. Mumiyalanma elm üçün indiyə qədər maraqlı olan sahələrdəndir.

 

Əvvəllər yalnız fironlara tətbiq olunan mumiyalaşdırma prosesi sonralar zadəganlar üçün də həyata keçirilib. Mumiyalanmış fironların üzlərinə qızıl və qiymətli daşlarla bəzədilmiş maskalar qoyulurdu.

 

Misirin Luksor şəhəri yaxınlığındakı Dra-Abul-əl-Naqa sərdabəsində parlaq boyalı taxta tabutlarda 6 mumiya aşkarlanıb ki, onların yaşının da 3500 olduğu açıqlanıb. Bu tapıntılar eramızdan əvvəl 1550-1069-cu illər arasında mövcud olan Yeni Şahlıq dövrünə aid edilir.

 

 

 

Tarixdə yalnız iki firon xidmətçiləri ilə birgə dəfn edilib

 

 

 

Misirdə vahid dövlət yarandıqdan sonra onu fironlar idarə edib. Misirlilər fironu yer üzünün tanrısı, “Günəş oğlu” adlandırırdılar. Qədim misirlilər fironun şəxsiyyətini ilahiləşdirmişdilər. Əvvəlcə onu Allahın oğlu, daha sonra isə Allah adlandırdılar. Firona kainatın allahı kimi sitayiş və ibadət olunurdu. İncəsənətdə də hökmdarın allah oğlu olması fikri təbliğ edilirdi. Firona ibadət üçün məbədlərdə xüsusi otaqlar təşkil olunmuşdu. Bu otaqlara “böyük ev” adı verilmişdi. XVIII sülalə zamanı “firon” sözü artıq hökmdar mənasında işlənirdi. Tutanhamonun məşhur qızıl maskasından məlum olduğu kimi,  fironlar bir tac və ya “nemes” adı verilən bir başlıq taxardılar və saçlarının tək bir telinıin görünməsinə belə icazə verməzdilər.

 

Fironlar öləndə onun  xidmətçiləri də öldürülüb, onlarla birlikdə basdırıldığı deyilsə də, bunu, Birinci Xanədanlığa aid iki firondan başqa heç bir firon etməyib. Sonrakı fironlar ölü xidmətçilər yerinə onların modelləri olan “shabti” deyilən heykəllərlə bərabər basdırılıb.

 

 

 

İtmiş şəhər 1200 il sonra sular altından tapılıb

 

 

 

Misirdə e.ə. VIII əsrdə qurulan və qədim liman şəhəri olan Heracleion 1200 il əvvəl birdən-birə yoxa çıxmışdı. Tarixçilər yunan mifologiyasında tez-tez bəhs edilən şəhərin uzun müddət torpaq altında qaldığını düşünürdülər. Hətta Heracleionun bir əfsanə olduğunu iddia edənlər də var idi.  Amma bu şəhər bir fransız arxeoloqu tərəfindən  Misir Əbu Qir Körfəzində sahildən 2,5 km məsafədə,  dənizin 10 m dərinliyində tapılıb.

 

 

 

İlhamə İSABALAYEVA

Azərbaycan.-2021.- 30 may.- S.15.