İLHAM ƏLİYEV zəfəri
- xilaskarlıq missiyası
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin birinci ildönümünü qeyd etdiyimiz bu günlərdə hər birimiz haqlı qürur, fəxarət hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi, şərəfli anlara şahidlik edir, möhtəşəm tarixi günləri yaşayır. Və mən əminəm ki, illər keçsə də, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbəni, bu zəfərin memarlarını heç vaxt unutmayacaqdır!
Əlbəttə, Azərbaycan tarixində bir çox şərəfli anlar olmuş, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Amma Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində qazandığı zəfər, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Bu tarixi qələbə sayəsində Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək həm tarixi ədaləti, həm də ərazi bütövlüyümüzü bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrini öz gücü, qüdrəti hesabına həyata keçirmişdir.
Özünü cəzasızlıq mühitində hiss edən Ermənistanın işğalçılıq siyasəti, hərbi-siyasi təxribatları
Ötən əsrin sonlarında dünyada və regionda baş verən və keçmiş sovetlər birliyinin dağılması ilə nəticələnən proseslər Azərbaycan xalqı üçün kifayət qədər mürəkkəb hadisələrlə müşayiət olunmuşdur. Müttəfiq respublikalar içərisində Azərbaycan müstəqilliyin bərpası istiqamətində ən çətin və ağır yolu keçmişdir. Hələ 1988-ci ildən Azərbaycan Ermənistanın torpaq iddiası ilə əlaqədar başlanmış münaqişəyə cəlb olunmuş, 1991-ci ildə əraziləri işğala məruz qalmışdır. Təəssüf ki, o dövrdə Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən istifadə edən ayrı-ayrı qüvvələr daxildə vəziyyəti daha da mürəkkəbləşdirmiş, ərazilərimizin işğalının qarşısını almaq, ölkəmizi bu münaqişədən xilas etmək üçün tədbirlər həyata keçirmək əvəzinə bütün fəaliyyətlərini hakimiyyət uğrunda mübarizəyə həsr etmişlər. 1991-1993-cü illərdə Azərbaycanda mövcud olan siyasi böhran, hakimiyyətdəki qrupların səriştəsizliyi və yarıtmaz fəaliyyəti ölkədə bütün sferalarda ciddi geriliklər və kataklizmlərə rəvac vermiş, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Ölkəmizdə mövcud olan bu ağır şəraitdən istifadə edən Ermənistan isə bir-birinin ardınca şəhər və rayonlarımızı işğal etmiş, soyqırımları və qanlı qətliamlar törətmişdir.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının təkid və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq, xilaskarlıq missiyasını öz üzərinə götürmüş, Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqillyini xilas etmişdir. Ulu Öndər ilk günlərdən etibarən, Azərbaycanın üzləşdiyi digər ciddi və həlli mürəkkəb olan məsələlərlə yanaşı, təhlükəsizlik problemlərini, xüsusilə Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün qarşısının alınması, torpaqlarımızın işğaldan azad olunması məsələsini prioritet elan etmişdir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Ümummilli Liderin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə, ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi səylər onun apardığı ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir. Ulu Öndər bütün danışıq və görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal faktının aradan qaldırılması məsələlərini qətiyyətlə irəli sürmüş, ölkəmizin bu ədalətli mövqeyinin bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi və qəbul edilməsi üçün mümkün olan bütün addımları atmışdır.
1993-cü ildə Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Sonrakı dövrlərdə isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı kimi digər mühüm beynəlxalq təşkilatlar da eyni tələblə qətnamə və qərarlar qəbul etmişdir. Bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tam təsdiq edilmiş, Ermənistanın işğalçılıq siyasəti həyata keçirməsi və torpaqlarımızı işğal etməsi faktı sənədlərdə təsbit edilmişdir.
1994-cü ildə imzalanan atəşkəs müqaviləsi ilə aktiv döyüşlər dayandırılsa da, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirmişdir. Buna paralel olaraq, münaqişənin həllinə vasitəçilik aparmaq məqsədilə ATƏT-in Minsk qrupu yaradılmış, lakin bu institutun 30 ilə yaxın davam edən vasitəçiliyi heç bir nəticə verməmişdir. Əlbəttə ki, uzun illər ərzində münaqişənin sülh yolu ilə nizama salınması üçün göstərilən beynəlxalq səylərin nəticə verməməsinin bir səbəbi Ermənistanın beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymaması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması olmuşdursa, digər səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, bir sıra hallarda işğalçı dövlətlə işğala məruz qalan dövlətin eyni tutulması, beynəlxalq birliyin tələblərinə, beynəlxalq qaydalara məhəl qoymayan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyət göstərilməməsi olmuşdur.
Azərbaycan problemin sülh yolu ilə həllinə dair bütün təşəbbüsləri dəstəkləmişdir
Azərbaycan sülh danışıqlarına hər zaman sadiq olmuşdur. Ölkəmiz münaqişənin sülh yolu ilə həllinə dair bütün təşəbbüsləri dəstəkləmiş, problemin ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli istiqmətində lazımi iradə ortaya qoymuşdur. Buna paralel olaraq, əgər sülh danışıqları nəticə verməsə, danışıqlar uğurla tamamlanmasa, bütün digər vasitələrlə, o cümlədən hərbi yolla özünün ərazi bütövlüyünü bərpa edə biləcəyini bəyan etmişdir.
Bu dövrdə Ermənistanın siyasi rəhbərliyi müxtəlif tədbirlərdə və görüşlərdə təxribat xarakterli bəyanat və fikirlər səsləndirmiş, münaqişənin sülh danışıqları vasitəsilə həllinə maraqlı olmadığını göstərmişdir. Ermənistanın hazırkı baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində iki il əvvəl verdiyi bəyanat, bu ölkənin o zamankı müdafiə naziri tərəfindən səsləndirilmiş “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, separatçıların qondarma “prezidentinin” Şuşada keçirilən dırnaqarası “inauqurasiyası”, həmçinin separatçıların dırnaqarası “parlamentinin” Xankəndidən Şuşaya keçirilməsi haqqında Ermənistanın qərarı açıq şəkildə Azərbaycanı təhrik etməyə yönəlmişdir.
Artıq keçmişdə qalmış münaqişənin həllində 2020-ci il həlledici il olmuşdur. 27 sentyabr tarixində Ermənistanın növbəti təxribatı bu ölkənin işğalçılıq siyasətinin iflasa uğraması ilə nəticələnmişdir. Hərçənd ki, Ermənistan bundan öncə də təxribatlar törətmiş, Azərbaycan Ordusunun cavab tədbirləri onlara dərs olmamışdır. Son bir neçə ildə əvvəlcə 2014-cü ilin noyabr ayında, daha sonra 2016-cı ilin aprel ayında Ermənitan silahlı təxribata əl atmış, mövqelərimizə hücum etmiş, yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Lakin qüdrətli Azərbaycan Ordusu Ermənistana tutarlı cavab vermiş, öz doğma torpaqlarını müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Təəssüf ki, sonrakı 4 il ərzində də Ermənistan bütün imkanları ilə yalnız ona sərf edən mövcud status-kvonu möhkəmləndirməyə, danışıqlar formatından münaqişənin əbədi dondurulması aləti kimi istifadə etməyə çalışmışdır. Bu dövrdə Ermənistan hakimiyyəti danışıqlar prosesini pozmaq məqsədilə hərbi, siyasi təxribatlarına ara verməmişdir. Əvvəlcə iyulun 12-də münaqişə regionundan çox uzaqda yerləşən Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücum etmişdir. Daha sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən Azərbaycan ərazisinə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmış və bu diversiya qrupunun başçısı yaxalanmışdır. Nəhayət, sentyabrın 27-də Ermənistanın daha genişmiqyaslı təxribatları Azərbaycanın səbir kasasını daşırmış və 44 günlük Vətən müharibəsi başlamışdır.
“Qarabağ Azərbaycandır və nida” ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrilmişdir
Sentyabrın 27-də başlayan Vətən müharibəsi cəmi 44 gün çəkmiş və Azərbaycan Ordusunun əks-hücum əməliyyatları Ermənistan ordusunun tam məğlubiyyəti ilə başa çatmışdır. Ermənistan bu məğlubiyyət nəticəsində kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə də qazanılan qələbə ilə başa çatmışdır. Nəhayət, 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat Azərbaycan torpaqlarının işğalına son qoymuş, bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edilmiş, 2020-ci il dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılmışdır.
Azərbaycan Ordusu döyüş meydanında Zəfər yürüşünü davam etdirdiyi günlərdə Prezident İlham Əliyev beynəlxalq mediaya müsahibələrində, bir çox ölkənin liderləri ilə telefon danışıqlarında Azərbaycanın haqq səsini dünyaya çatdırmış, ölkəmizin ədalətli və beynəlxalq hüququn ali prinsip və normalarına söykənən mövqeyini qətiyyətlə müdafiə etmişdir. Bütün dünya həqiqətləri məhz Azərbaycanın dövlət başçısından, ən etibarlı mənbədən əldə etmişdir. Azərbaycan işğalçı ölkənin və erməni diasporunun yalan təbliğatını, çirkin qara piar kampaniyasını dövlət başçısının qətiyyəti sayəsində darmadağın etmişdir. “Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi” deyən möhtərəm Prezident İlham Əliyevin yüksək diplomatik səriştəsi, sarsılmaz iradəsi və möhtəşəm liderliyi ilə diplomatiya sahəsində də parlaq qələbələr təmin olunmuşdur. Xalqımız öz Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşmiş, birliyimiz hər gün daha da möhkəmlənmişdir. “Qarabağ Azərbaycandır və nida” ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrilmişdir. Bu birlik bizi Qarabağa qaytarmışdır! Möhtərəm Prezident İlham Əliyevin təbirincə desək, “Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”
Xalqımızın öz lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratmış və Azərbaycan bütün platformalarda gücünü göstərmişdir. Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev də bu tarixi qələbəni şərtləndirən mühüm amillər sırasında Azərbaycan xalqının birliyinin, hər bir vətəndaşımızın dövlətimizə, Ali Baş Komandana və Azərbaycan Ordusuna sarsılmaz dəstəyinin önəmini xüsusi vurğulamış, bu tarixi Zəfərin bizim hamımızın Qələbəsi olduğunu bəyan etmişdir: “Hər birimiz, hərə öz yerində öz töhfəsini ümumi Qələbəmizə, ümumi inkişafımıza verərək bu günü, bu müqəddəs günü yaxınlaşdırırdıq. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi bizdə Vətən müharibəsi adlandırılır. Çünki hər birimiz, hər bir Azərbaycan vətəndaşı bu günü nəinki səbirsizliklə gözləyirdi, bu günə inanırdı, eyni zamanda öz əməyi ilə bu günü yaxınlaşdırırdı. Bizim üçün, xalqımız üçün torpaqlarımızın azad olunmasından daha vacib məsələ heç vaxt olmamışdır. Mən hesab edirəm ki, Qələbəmizin əsas amillərindən biri də məhz budur”.
Dünya miqyasında ən güclü ordular sırasında olan Azərbaycan Ordusu öz qüdrətini bir daha nümayiş etdirdi
Təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafı üçün yeni imkanlar açmış bu şanlı qələbənin əldə edilməsi bir neçə amillə bağlıdır. Əlbəttə, ən mühüm amil son 28 il ərzində Azərbaycanda bərqərar olmuş səriştəli, etibarlı və məsuliyyətli siyasi rəhbərlik fenomenidir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına və çağırışlarına uyğun, böyük məharətlə həyata keçirilən siyasət, ölkəmizin güclü iqtisadi əsaslara malik olması Vətən müharibəsində qələbəni təmin edən ən mühüm amillərdən biri olmuşdur. 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər Heydər Əliyevin həyata keçirməyə başladığı, daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin yaradıcı surətdə davam etdirdiyi quruculuq və inkişaf strategiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə və geniş bir bölgədə söz sahibinə çevirmişdir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuşdur. Hazırda Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Ölkəmizin iqtisadi sütunları möhkəmdir, kifayət qədər böyük iqtisadi və maliyyə imkanlarına malikdir. Azərbaycan heç bir beynəlxalq donor təşkilatından asılı olmadan milli iqtisadiyyatını inkişaf etdirmək gücündədir. Bunu işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihə və tədbirlər də bir daha aydın şəkildə sübuta yetirir.
Dayanıqlı iqtisadi inkişaf Azərbaycanda bütün sahələrdə olduğu kimi, qüdrətli ordu quruculuğu istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirməyə imkan vermiş, ölkəmizin müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələri formalaşdırılmışdır. Bu istiqamətdə də həyata keçirilən dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanda peşəkar ordu quruculuğu prosesinə start verilmiş, ordudakı pərakəndəlik aradan qaldırılmış, maddi-texniki təchizat məsələlərinə ciddi diqqət ayrılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin inkişafına yönəlmiş tədbirlər 2003-cü ildən sonra da ardıcıllıqla və uğurla davam etdirilmişdir. Bu dövrdə milli ordumuzda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, Ordunun döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət ayrılmışdır. Orduda vətənpərvərlik ruhu daha da yüksəlmiş, fədakar, böyük bacarığa və şücaətə malik qüvvə formalaşmışdır. Yeri gəlmişkən, qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgər və zabitlərimizin əksəriyyəti məhz müstəqillik dövründə dünyaya gəlmiş gənclərimiz olmuşdur.
Son illərdə Ordumuzun maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş, Silahlı Qüvvələrimiz ən müasir döyüş texnikaları ilə, silah-sursatla təmin olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncam ordu quruculuğunun daha dinamik aparılmasını təmin etmiş, qısa müddətdə silah, hərbi sursat istehsalına başlanılmışdır. Görülən məqsədyönlü tədbirlər nəticəsində dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusunun texniki imkanları böyük dərəcədə artmış və İkinci Qarabağ müharibəsində biz bunu bir daha nümayiş etdirdik. Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaət, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazılmışdır. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəklik azad olunmuş, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilmişdir. İşğalçı ölkə Azərbaycanın Şanlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini dərk etmiş və diz çökmüşdür! Misilsiz fədakarlıq və əzmkarlıq sayəsində Şuşanı, digər şəhər və kəndlərimizi düşməndən təmizləyən əsgər və zabitlərimizin qəhrəmanlığı bizim qürur mənbəyimizdir. Mən bir daha torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm!
İnkişaf, təhlükəsizlik və tərəqqi dövrü
Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatla münaqişəyə son qoyulmuşdur və Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalmışdır. Azərbaycan üçtərəfli bəyanatda əksini tapan bütün öhdəliklərini yerinə yetirməkdədir. Azərbaycan regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün bütün lazımi addımları atır.
Təəssüf ki, Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına maneə törədir. 10 noyabr bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməmişdir. Onlar tərəfindən təqdim olunan bəzi xəritələrin dəqiqliyi isə yalnız 25 faizdir. Bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 mülki vətəndaş və hərbçimiz həlak olmuş və ya ağır yaralanmışdır. Bu da bir daha Ermənistanın beynəlxalq hüquqa qarşı saymazyana münasibətinin göstəricisidir. Baxmayaraq ki, Azərbaycan münaqişənin taleyini həll etdikdən sonra qarşı tərəfə dəfələrlə çağırış edərək sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, sərhədin delimitasiyasına hazır olduğunu bəyan etmişdir.
44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni bir dövrün başlanğıcı olmuşdur. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələr, hədəflər cari il yanvarın 6-da cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çox aydın şəkildə ifadə edilmişdir. Əlbəttə, torpaqlarımızın azad olunması həm ölkəmizin, həm də bölgənin qarşısında yeni perspektivlər açmışdır. Postmünaqişə dövründə sülhün təmin olunması və saxlanması, bərpa və yenidənqurma fəaliyyətləri və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması hazırda Azərbaycan dövlətinin qarşısında dayanan prioritetlərdir.
Baxmayaraq ki, azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün infrastruktur, yaşayış binaları, evlər, tarixi, mədəniyyət abidələri tamamilə dağıdılmış, talan edilmişdir, işğaldan azad olunmuş ərazilərimizin də ən yüksək səviyyədə yenidən qurulacağına, şəhər və rayonlarımızın bərpa olunacağına hər birimiz əminik. Azərbaycan bundan əvvəl də, Vətən müharibəsi dövründə də bütün dünyaya sübut etmişdir ki, o, qüdrətli dövlətdir və qarşısında duran bütün vəzifələri yerinə yetirmək gücündədir. Artıq genişmiqyaslı bərpa işlərinə start verilmiş və quruculuq işləri, infrastruktur layihələri uğurla həyata keçirilməkdədir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilən ərazilərin bərpası üzrə kifayət qədər təcrübəsi var. Hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı nəticəsində işğaldan azad olunmuş 42 yaşayış məntəqəsi o dövr üçün ölkəmizin iqtisadi imkanları o qədər də geniş olmasa da, müvəffəqiyyətlə bərpa edildi, həmin ərazilərdə sakinlərimizin yaşayışı təmin edildi. 2016-cı ildə isə Azərbaycan Ordusunun parlaq Aprel zəfərindən sonra “Böyük qayıdış”a başlanıldı. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tezliklə yüksək standartlara cavab verən infrastruktur təminatı həyata keçirildi və Cocuq Mərcanlı kəndi hazırda ölkəmizin ən abad yaşayış məntəqələrindən biridir. İndi işğaldan azad olunmuş bütün yaşayış məskənlərimiz üçün belə gözəl perspektivlər yaranıb. Tarixi torpaqlarımızda yenidən bütün inzibati, ictimai binaların, məktəb və tibb ocaqlarının yaradılması, yeni küçələrin, parkların, xiyabanların salınması, yeni yaşayış evlərinin inşası istiqamətində gələcəkdə daha genişmiqyaslı tədbirlər həyata keçiriləcəkdir. “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyası əsasında görüləcək işlər nəticəsində işğaldan azad olunmuş ərazilər yaxın gələcəkdə ölkəmizin dilbər guşələrindən birinə çevriləcək.
Bölgənin zəngin yeraltı və yerüstü təbii ehtiyatlara malik olması, gələcəkdə əlverişli investisiya mühitinin yaradılması onun iqtisadi potensialını daha da artıracaqdır. Bu ərazilərdə yaradılacaq müasir infrastruktur, yeni nəqliyyat dəhlizi bütün türk dünyasını birləşdirməklə digər ölkələr üçün də əhəmiyyətli kommunikasiya imkanlarının meydana gəlməsini şərtləndirəcək. Füzulidə yeni beynəlxalq aeroportun inşası, gələcəkdə Zəngilan və Laçında tikintisi davam edən beynəlxalq hava limanlarının istismara verilməsi regionun nəqliyyat imkanlarını daha da genişləndirəcəkdir. Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirdiyi kimi, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Bu isə uzun illər Ermənistanın işğalı altında qalan, sərvətləri talan edilən, dağıdılan tarixi torpaqlarımızın bütün türk dünyasını birləşdirən körpü olacağı, mühüm bir mərkəzə çevriləcəyi, Azərbaycanın xarici tərəfdaşlarla nəqliyyat, kommunikasiya, infrastruktur layihələri üzrə əməkdaşlıq imkanlarının daha da genişlənəcəyi anlamına gəlir. Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır.
Yeri gəlmişkən, cari ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Təbii ki, bu qərar strateji, iqtisadi və tarixi baxımdan kifayət qədər vacib sənəd, əhəmiyyətli bir addımdır. Yeni bölgü işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa və yenidənqurma prosesinin daha sürətli, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli, dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialından daha geniş istifadə edilməsinə şərait yaradacaq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir: “Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik”.
Bölgənin bərpası planlarının həyata keçirilməsinə Vətən müharibəsində bizə mənəvi dəstək vermiş dost və qardaş ölkələr də cəlb edilir. Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzulidə beynəlxalq hava limanını açmalarını, Zəngilanda Zəngəzur dəhlizinin təməlini qoymalarını, digər böyük layihələrin icrasına xeyir-dua vermələrini böyük sevinc hissi ilə izlədik. Əminliklə söyləyə bilərik ki, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi dirçəlişi ilə bağlı bütün layihələr uğurla başa çatdırılacaq və bu bölgə Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.
Münaqişənin aradan qalxmasından sonra Azərbaycan hökuməti üçün prioritet vəzifələrdən biri də şəhid ailələrinin, döyüşlər zamanı sağlamlığını itirmiş vətəndaşlarımızın yüksək diqqət və qayğı ilə əhatə olunmalarıdır. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, şəhid ailələri, müharibə əlillərinin dövlət tərəfindən mənzillərlə və fərdi evlərlə təmin olunması, sosial müdafiə tədbirlərinin daha da genişləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Möhtərəm Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər keçirir, onları narahat edən məsələlər, problemlər həllini tapır. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib, bu il isə 3 minə yaxın mənzil veriləcək. Möhtərəm Prezident İlham Əliyev tərəfindən cari ilin yanvarında imzalanan sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək.
Bu istiqamətdə həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük rolu vardır. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə öz sağlamlığını itirmiş yüzlərlə vətəndaşımızın, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə əvəzsiz töhfələr vermişdir. Mehriban xanım Əliyeva uğurlu və çoxşaxəli fəaliyyəti ilə post-münaqişə dövründə də Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Onun sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın istər pandemiya ilə mübarizə, istər Ordumuza dəstək, istərsə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər, çağırışlar və bəyanatlar milli həmrəyliyimizin daha da möhkəmlənməsi üçün əvəzsiz töhfədir.
Şəhid ailələrinin üzvlərinin, müharibədə sağlamlığını itirmiş hərbçilərimizin sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması da dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Möhtərəm Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir. Möhtərəm Prezident
İlham Əliyevin cari ilin yanvar ayının 25-də imzaladığı şəhid ailələri və qazilərə yönəlmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı qeyd olunanların bariz nümunəsidir. Ölkə başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlilliyi olan şəxslərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə məşğulluq problemi aradan qaldırılır.
Qeyd edim ki, Azərbaycan Respublikası Milli Məclisi də dövlətimizin bu istiqamətdə gördüyü işlərə fəal dəstək verir. Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının vəziyyəti daim diqqətdə saxlanılır, onlarla müntəzəm görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür, şəhid ailələrinin üzvləri və qazilərin Milli Məclisdə işlə təmin olunmasına xüsusi önəm verilir. Bu günlərdə isə Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə və Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov işlə təmin olunublar.
Parlament diplomatiyası vasitəsilə ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılması diqqət mərkəzində saxlanılır
Möhtərəm Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında geniş və dərin məzmunlu nitqində parlamentin qarşıdakı dövrdə fəaliyyəti ilə bağlı çox dəyərli tövsiyələrini diqqətə çatdırarkən parlament diplomatiyasının geniş imkanlarından istifadə edərək, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasının əhəmiyyətini xüsusi vurğulamışdır. Ötən dövrdə Milli Məclis bu istiqamətdə fəaliyyətini genişləndirməyə, həm 44 günlük Vətən müharibəsində, həm də postmüharibə dövründə cəbhə bölgəsindəki həqiqətləri, Ermənistanın dinc əhaliyə qarşı təxribatları şəhər və rayonlarımızı artilleriya və raket atəşinə tutması, münaqişənin həllindən sonra regionda yeni yaranmış vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və quruculuq işləri ilə bağlı faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə öz üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışmışdır. Təkcə Vətən müharibəsi dövründə 90-a yaxın ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata Milli Məclis tərəfindən 140-dan çox məktub göndərilmişdir. Bir çox ölkənin spikerləri, beynəlxalq təşkilatların rəhbərləri ilə danışıqlar aparılmışdır. Ölkəmizdə akkreditə olunmuş səfirlərlə görüşlər keçirilmişdir. Deputatlarımız xarici media orqanlarında Ermənistanın törətdiyi təxribatlar barədə materiallarla çıxış etmiş, sosial şəbəkələrdə fəallıq nümayiş etdirmişlər.
Postmüharibə dövründə də Milli Məclis beynəlxalq sahədə fəaliyyətini uğurla davam etdirmişdir. Xüsusilə parlament rəhbərliyinin və deputatların xarici səfərləri zamanı aparılan müzakirələrdə və keçirilən görüşlərdə, Azərbaycan nümayəndə heyətlərinin iştirak etdikləri tədbirlərdə həm artıq keçmişdə qalmış Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlər, həm də münaqişənin həllindən sonra regionda yeni yaranmış vəziyyət barədə beynəlxalq ictimaiyyət məlumatlandırılır. Qeyd edim ki, fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində mənim rəhbərliyimlə parlament nümayəndə heyətləri 10 ölkədə 14 rəsmi və işgüzar səfərdə olmuş, mənim xaricdən olan həmkarlarım və digər rəsmi şəxslərlə 70-ə yaxın görüşüm keçirilmişdir. Həmçinin Milli Məclisin Sədr müavinlərinin, komitə sədrlərinin, beynəlxalq parlament təşkilatlarında nümayəndə heyətlərimizin, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin və üzvlərinin digər ölkələrdən olan həmkarlarımızla sıx əlaqə saxlaması da parlament diplomatiyamızın daha da inkişafına töhfələr vermişdir. Vətən müharibəsində mövqeyimizi qətiyyətlə dəstəkləmiş dost və qardaş Türkiyə və Pakistan parlamentləri ilə əlaqələr müharibədən sonra da uğurla inkişaf etdirilir. Bu il iyul ayının sonlarında Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü ilə üçtərəfli parlament əməkdaşlığının formatının əsası qoyulmuşdur. Görüşün yekununda qəbul olunan Bakı Bəyannaməsində əksini tapmış müddəalar dövlətlərimiz arasında münasibətlərin inkişafının parlament ölçüsünü təmin etməyə kömək edəcəkdir.
Vətən müharibəsi başa çatdıqdan sonra bir sıra ölkələrin parlament nümayəndə heyəti Azərbaycana dəvət olunmuş, Ermənistanın törətdiyi dövlət terrorizmi aktlarının nəticələri ilə yerində tanış olmaq üçün onların Ağdam və Gəncə şəhərlərinə səfərləri təşkil edilmişdir. Bütün bunlar isə Azərbaycan Respublikası Milli Məclisinin həm 44 günlük Vətən müharibəsi dövründə, həm də postmünaqişə dövründə parlament diplomatiyasının imkanlarından səmərəli istifadə etdiyini, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə özünəməxsus töhfələr verdiyini söyləməyə əsas verir.
Müharibə ilə əlaqədar qanunvericilik bazasının möhkəmləndirilməsi üçün bir sıra bəyanat, qərar və digər sənədlər qəbul olunmuşdur
Vətən müharibəsi və postmünaqişə dövründə Milli Məclis tərəfindən qanunvericilik bazasının zənginləşdirilməsi istiqamətində də müvafiq addımlar atılmışdır. Belə ki, müharibə ilə əlaqədar qanunvericilik bazasının möhkəmləndirilməsi üçün parlamentimiz tərəfindən bir sıra bəyanat, qərar və digər sənədlər qəbul olunmuşdur. Milli Məclisin 2020-ci il 13 noyabr tarixli iclasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət ünvanlanmışdır. Noyabrın 20-də isə Prezident İlham Əliyevin xalqa müraciəti ilk dəfə olaraq parlamentin iclas zalında canlı yayımlanmışdır.
Bu dövrdə qəbul olunmuş sənədlər sırasında hərbi vəziyyətin elan edilməsi və ləğv edilməsi haqqında ölkə Prezidentinin fərmanlarının təsdiq edilməsi barədə, Vətən müharibəsində qələbə münasibəti ilə ölkənin orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında”, “Zəfər Günü”nün iş günü olmayan bayram günü hesab edilməsi, hər il sentyabrın 27-nin şəhidlərin xatirəsini yadetmə günü - Anım Günü kimi qeyd olunması barədə qanun və qərarları göstərmək olar.
Parlamentin 5 noyabr tarixində keçirilən iclasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunmuş, bu bayram münasibətilə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya parlament adından təbrik məktubları ünvanlanmışdır. Həmçinin Zəfər Günü münasibəti ilə Milli Məclisə bir sıra ölkələrin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından çoxsaylı təbrik məktubu göndərilib və məktublar gəlməkdə davam edir.
Digər mühüm bir məsələ möhtərəm Prezident İlham Əliyev tərəfindən Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi barədə təşəbbüs irəli sürülməsi və Milli Məclis tərəfindən müvafiq qərar qəbul olunmasıdır. Qeyd edim ki, hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar edilməsi möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Onun rəhbərliyi altında səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmış əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına kömək göstərir. 1995-2021-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə möhtərəm Prezident İlham Əliyev tərəfindən 67 əfv fərman və sərəncamı qəbul edilmişdir. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılmışdır. Həmin dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunmuş, bütövlükdə 117 min şəxsə amnistiya qərarı tətbiq olunmuşdur.
Beləliklə, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbənin ildönümünü - Zəfər bayramını böyük sevinclə və böyük ümidlərlə qeyd edir. Azərbaycan gələcəyə daha böyük inamla baxır, öz yoluna əmin addımlarla, qətiyyətlə davam edir. Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş və qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim etmişdir. Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatmışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qaytardıqlarına görə Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə əbədi minnətdarlıq borcumuz var. Odur ki, biz qürurla söyləyirik: Müdrik rəhbərimizə, qəhrəman ordumuza, mətin xalqımıza eşq olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri
Azərbaycan.-2021.- 7 noyabr.- S.1-3.