Böyük qələbənin mükəmməl diplomatiyası

 

 

 

İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun  qələbəsi və işğal olunmuş torpaqları azad etməsi tariximizə qızıl hərflərlə yazılmışdır. Bu qələbənin əldə edilməsində Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı ilə yanaşı, Prezident İlham Əliyevin misilsiz diplomatiyası əhəmiyyətli rol oynamışdır.

 

Bu qələbənin istər hərbi, istərsə də diplomatik aspektləri hazırda dünya ekspertləri tərəfindən ciddi şəkildə araşdırılmaqdadır. İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı ilə böyük Zəfərə aparan diplomatiyası Azərbaycanın dünya birliyi tərəfindən qüdrətli bir ölkə kimi yenidən kəşf olunmasına gətirib çıxardı. Ölkəmiz nəinki regionda, eləcə də beynəlxalq aləmdə tamamilə yeni bir reallıq yaratdı. Bu diplomatiya Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin və diplomatik uğurlarının davamı və bir daha təsdiqi idi.

 

 

 

Ərazilərimizin işğalının aradan qaldırılması istiqamətində aparılan danışıqlar

 

 

 

Azərbaycan Respublikası müstəqilliyinin ilk günlərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşmiş və nəticədə beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizi (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf 7 rayon) işğal olunmuş, həmin ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən etnik təmizləmə həyata keçirilərək bütün azərbaycanlı əhali öz evlərindən zor gücünə qovulmuşdur. Ermənistan tərəfindən dünyanın müasir tarixinin ən dəhşətli soyqırımı olan Xocalı faciəsi törədilmişdir. Bir milyona yaxın azərbaycanlının fundamental insan hüquqları pozulmuş, onlar qaçqın və məcburi köçkünə çevrilmişlər.

 

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi həm dövlətlər tərəfindən ikitərəfli əsasda qəbul edilmiş sənədlərdə, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrdə öz əksini tapmışdır.

 

Azərbaycanın diplomatik səyləri nəticəsində beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə (BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrində, Baş Assambleya, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə) münaqişənin həlli ilə bağlı mövqe özündə bir neçə vacib elementi ehtiva etmişdir. İlk növbədə, ölkəmizin ərazi bütövlüyü tanınır və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsdiqlənir. İkincisi, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsi tələb olunur. Üçüncüsü, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququ təsbit edilir.

 

Azərbaycanın işğal altında olan ərazilərində işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyət, o cümlədən işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin aparılması, bu torpaqlardakı Azərbaycan xalqının zəngin tarixi, mədəni, dini irsinin məhv və talan edilməsi, təbii sərvətlərin qanunsuz istismarı, bu ərazilərdəki şəxsi və ictimai mülkiyyətin qanunsuz mənimsənilməsi və digər qeyri-qanuni addımlar da beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan sənədlərdə geniş yer almışdır. Bütün bunlar Azərbaycanın beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərinin və aparılan uğurlu xarici siyasətin nəticəsində mümkün olmuşdur.

 

Beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin beynəlxalq təşkilatların qətnamə və qərarlarına uyğun olaraq, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad edəcəyi ümidi ilə Azərbaycan 30 ilə yaxın danışıqlar prosesinə sadiq qalmışdır. Keçmiş münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində Azərbaycanın sərgilədiyi mövqe prinsipial xarakter daşımaqla beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmış və uzun illər ərzində davam edən proses çərçivəsində dəyişilməz qalmışdır. Bu mövqe beynəlxalq hüququn dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə hörmət edilməsi, qanunsuz işğal faktorunun aradan qaldırılması və öz evlərindən didərgin düşmüş insanların hüquqlarının bərpasından, onların evlərinə təhlükəsiz şəraitdə geri dönüşünün təmin edilməsindən ibarət olmuşdur. Təcavüzkar siyasətini davam etdirən Ermənistan isə danışıqlar prosesini ləngidərək, Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirmək və onların ilhaqını həyata keçirmək məqsədini güdmüş və bu istiqamətdə ardıcıl addımlar atmışdır.

 

Beləliklə də, Azərbaycanın münaqişənin siyasi həll yoluna sadiq olmasına baxmayaraq, Ermənistan tərəfindən açıq şəkildə təxribatçı və təcavüzkar hərəkətlərin, habelə destruktiv mövqeyin nümayiş etdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpasını qaçılmaz etmişdir.

 

 

 

Ermənistanda hakimiyyət dəyişikliyi ilə hərbi-siyasi təxribatların artması

 

 

 

Onilliklər ərzində Ermənistan tərəfindən həyata keçirilən təcavüz siyasəti bu ölkəni ciddi sosial-iqtisadi problemlər, dərin böhran ilə üz-üzə qoymuşdur. Belə bir şəraitdə Ermənistanda 2018-ci ildə hakimiyyət dəyişikliyi münaqişənin danışıqlar yolu ilə həllinə müəyyən inam yaratsa da, bu gözlənti özünü doğrultmamışdır. Yeni hakimiyyət tərəfindən təxribatçı addımların atılması, danışıqlar formatını dəyişdirməyə cəhdlərin edilməsi, işğal altında olan Azərbaycan ərazilərinə səfərlər edilərək işğala haqq qazandırılması danışıqlar prosesinə ciddi zərbə vurmuşdu. Ermənistanın yeni rəhbərliyinin “yeni ərazilər üçün yeni müharibə”,  “Qarabağ Ermənistandır və nöqtə” bəyanatları isə əslində Ermənistan hökumətinin açıq şəkildə təcavüz siyasətini genişləndirmək niyyətinin göstəricisi idi.

 

12-16 iyul 2020-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədi boyunca Tovuz rayonu istiqamətində Azərbaycanın mövqelərinə hücumu, 12 azərbaycanlı hərbçi və 1 mülki şəxsi qətlə yetirməsi, daha sonra avqust ayında Ermənistanın diversiya qrupunun keçmiş təmas xəttini keçmək və Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətmək cəhdi sülh danışıqlarına ciddi zərbə vurdu. 23 iyul 2020-ci il tarixində Tovuz təxribatından sonra Ermənistanın danışıqlar prosesində iştirakla bağlı 7 şərt irəli sürməsi, o cümlədən “qanunsuz rejimin danışıqlar prosesinin tam hüquqlu iştirakçısına çevrilməli olduğunu” iddia etməsi və Ermənistan hökumətinin çoxsaylı siyasi və hərbi təxribatları iki ölkə arasında beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən danışıqlar formatını mənasız bir prosesə çevirməklə onu kökündən sarsıtdı.

 

Ermənistanın məqsədyönlü və sistematik xarakter daşıyan təxribatları bölgədə vəziyyəti gərginləşdirməyə və danışıqlar prosesinə xələl gətirməyə hesablanmışdı. Azərbaycan, öz növbəsində, bütün bu təxribatları lazımi şəkildə cavablandırmış, hər bir təxribatla bağlı bir çox hallarda, hətta dövlət rəhbəri səviyyəsində reaksiya özünü çox gözlətməmişdi. Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının dövlət başçısı keçmiş münaqişə kontekstində səsləndirdiyi hər bir fikrin, mövqeyin, verdiyi ismarışın zamanını, məkanını xüsusi dəqiqliklə seçərək onun doğru hədəflərə və geniş beynəlxalq auditoriyaya çatmasına böyük önəm vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin 3 oktyabr tarixində  Rusiya Prezidenti və dörd ölkə liderinin iştirakı ilə baş tutan “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik iclasının plenar sessiyasında çıxışı zamanı Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə”  bəyanatına layiqli cavab vermiş, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını vermişdir. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində münaqişə ilə bağlı təşkil olunan panel müzakirəsində iştirak edən Azərbaycan Respublikasının Prezidenti münaqişənin həm tarixi, həm də hüquqi aspektləri, eləcə də münaqişənin həlli prosesində Azərbaycanın sərgilədiyi beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə verdiyi dəqiq və dolğun məlumatla Ermənistanın baş nazirini çıxılmaz vəziyyətə salmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti 24 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Ermənistanın yeni təxribatları ilə bağlı dünya ictimaiyyətinə müraciət etmişdir: “Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa cəhd edir. Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistan məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

 

Azərbaycanın dövlət başçısı tərəfindən istər yerli səviyyədə keçirilən görüş və verilən müsahibələrdə, istərsə də beynəlxalq tribunalardan edilən çıxışlarda Ermənistanın hərbi-siyasi təxribatlarına geniş yer ayrılaraq, bu ölkənin təcavüzkar siyasətinin nəticələri, habelə təxribatçı fəaliyyətinin məqsədləri barədə ətraflı məlumat verilmişdir. Lakin nə beynəlxalq hüquqi çərçivə, nə qəbul olunmuş qərar və qətnamələr, nə də Azərbaycanın xəbərdarlıqları Ermənistanı təcavüzkar siyasətindən çəkindirməmiş, əksinə, bu siyasətin nəticələrinin möhkəmləndirilməsi və daha da genişləndirilməsi təşəbbüsləri olmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin Ermənistanın baş naziri ilə beynəlxalq tədbirlər çərçivəsində qeyri-rəsmi təmasları, habelə keçirdiyi rəsmi görüşlər Ermənistanın təcavüzkar mövqeyini dəyişməmişdir. Belə bir şəraitdə Azərbaycana qarşı təxribatların adekvat şəkildə cavablandırılması, beynəlxalq hüquq çərçivəsində cavab tədbirlərinin görülməsi qaçılmaz olmuşdur.

 

 

 

44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın xarici siyasəti

 

 

 

27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatları başlandı.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 sentyabr 2020-ci il tarixli bəyanatında Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum və cavab tədbirlərinin həyata keçirildiyi və yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü bəyan edildi.

 

Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində zəfəri nəticəsində Azərbaycan  BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, Türk Şurası, NATO, GUAM, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında həllinə çağıran qərar və qətnamələrini həyata keçirdi, 30 illik işğala son qoyuldu.

 

Vətən müharibəsi müddətində Azərbaycan Respublikasının Prezidenti 8 dəfə xalqa müraciətlə çıxış edərək cəbhə bölgəsindəki son vəziyyətlə bağlı ən son məlumatları əhalinin diqqətinə çatdırmış, eyni zamanda həm beynəlxalq ictimaiyyəti dəqiq və dürüst şəkildə məlumatlandırmış, həm də Ermənistan da daxil olmaqla, dünya ictimaiyyətinə konkret ismarışlar göndərmişdir. Azərbaycanın işğaldan azad edilmiş hər bir rayonu, kəndi, qəsəbəsi barədə məlumatı Azərbaycan xalqı ilə bölüşən dövlət başçısı çıxışlarında azad edilmiş ərazilər, düşməndən əldə edilən hərbi qənimətlər barədə geniş məlumat verməklə yanaşı, bu torpaqlardakı vəziyyət, Ermənistan tərəfindən illər ərzində aparılmış qanunsuz fəaliyyət və onun nəticələri, genişmiqyaslı dağıntılar, habelə Ermənistanın müharibə cinayətləri barədə konkret məlumatları təqdim etmişdir.

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə məruz qoyaraq günahsız mülki insanları hədəfə aldığını 17 oktyabr 2020-ci il tarixli müraciətində səsləndirən Prezident İlham Əliyev qarşı tərəfin bütün qeyri-insani və hüquqa zidd davranışına rəğmən Azərbaycanın sadiq qaldığı dəyərlərin dəyişməyəcəyini bildirmişdir. Prezident 44 günlük müharibə dövründə ilk gündən etibarən səsləndirdiyi çıxışlarında cavab əməliyyatlarının dayandırılmasının mümkün olduğunu, lakin bunun üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının zəruri olduğunu bəyan etmişdir.

 

Lakin Ermənistan tərəfi nəinki bu çağırışlara qarşılıq verməmiş, əksinə, əməliyyatlar zamanı humanitar atəşkəsə dair əldə olunmuş razılıqları hər dəfə kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 9 oktyabr 2020-ci il tarixində Moskvada keçirilən görüşü nəticəsində 10 oktyabr tarixində tərəflər arasında humanitar atəşkəs razılaşdırılmışdır. Bu razılaşdırma humanitar xarakter daşımaqla, həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsini nəzərdə tuturdu. Lakin razılaşma əldə olunandan sonra Ermənistan atəşkəsi pozaraq, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə gecə saatlarında raket atəşi açmışdır. 10 günahsız mülki şəxsin öldürülməsi və 35 insanın yaralanması ilə nəticələnən bu cinayət Ermənistan tərəfinin təcavüzkar mahiyyətini bir daha nümayiş etdirmişdir. Tərəflər arasında növbəti humanitar atəşkəs 17 oktyabr tarixində elan olunmasına baxmayaraq, dəqiqələr sonra bu atəşkəsi pozan Ermənistan Gəncə şəhərinə növbəti namərd hücumunu etmişdir. 24 oktyabrda ATƏT-in Minsk qrupu həmsədrlərinin Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərinin ardınca 26 oktyabr tarixindən yeni humanitar atəşkəs elan olunmuş, bu dəfə də atəşkəsi pozan Ermənistan olmuşdur.

 

Beləliklə də, Azərbaycanın dövlət başçısının 44 günlük müharibə dövründə beynəlxalq ictimaiyyətə verdiyi əsas ismarışları, o cümlədən Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa əsaslanması əks-hücum əməliyyatının Azərbaycan ərazisində, özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə həyata keçirilməsi, habelə Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin, törətdiyi müharibə cinayətlərinin ifşa edilməsi, bir tərəfdən həqiqətlərin geniş ictimaiyyətə çatdırılması, digər tərəfdən isə Azərbaycanın haqlı mövqeyinin siyasi-hüquqi əsaslarının daha da möhkəmləndirilməsi məqsədlərinə xidmət edirdi.

 

 

 

Müharibə müddətində dünya liderləri ilə təmaslar, keçirilən görüşlər

 

 

 

44 gün davam edən Vətən müharibəsi qüdrətli Azərbaycan Ordusunun döyüş meydanında apardığı şanlı mübarizə ilə yanaşı, diplomatiya meydanında mübarizəsi, müdrik xarici siyasəti ilə müşaiyət olunurdu. Bu dövr ərzində bir sıra dünya liderləri ilə aparılan telefon danışıqları, ölkəmizə edilən səfərlər çərçivəsində xarici nümayəndə heyətləri ilə keçirilən görüşlər, beynəlxalq tədbirlərdə iştirak, xarici ölkələrin aparıcı mətbuat nümayəndələrinə verilən çoxsaylı müsahibələr dövlətimizin başçısının Zəfər diplomatiyasının önəmli tərkib hissələrini təşkil edir.

 

Onilliklər ərzində münaqişənin həlli ilə bağlı danışıqlar prosesində iştirak etməklə Azərbaycan münaqişənin həllinin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və qətiyyətli iş aparmış, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdiyi çoxsaylı qərar və qətnamələr böyük diplomatik uğur olmuşdur.

 

Vətən müharibəsi ərzində Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Qətər, Belarus liderləri, BMT Baş katibi, Avropa İttifaqı Şurasının prezidenti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə telefon zəngləri edilmiş, xarici dövlət və təşkilatların rəhbərləri silahlı qarşıdurma ilə bağlı narahatlıqlarını bildirərək bölgədəki son vəziyyətlə maraqlanmışlar. Telefon söhbətləri zamanı dövlət başçısı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımızın həlak olduğu və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatlarını həyata keçirdiyi barədə qarşı tərəfə məlumat vermişdir. Vurğulanmışdır ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət məhz bu ölkənin siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

 

Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan heç zaman sülh danışıqları, dialoq təkliflərindən yayınmamış, ərazilərimizi işğaldan azad etmək üçün aparılan uğurlu əməliyyatlar zamanı belə humanitar atəşkəs çağırışlarına qarşılıq vermişdir. Prezident İlham Əliyevin milli maraqlara söykənməklə beynəlxalq hüquq çərçivəsində apardığı xarici siyasəti hər zaman özündə ədalət və humanizm prinsiplərini ehtiva etmişdir. İstər xarici dövlət rəhbərləri ilə aparılan danışıqlar, istərsə də keçirilən görüşlərdə qarşı tərəfin “dinc yolla həll” çağırışlarına dövlət başçısının cavabı kifayət qədər tutarlı və əsaslı olmuşdur. Azərbaycan səbir nümayiş etdirərək onilliklər ərzində ərazilərinin işğalına son verilməsi, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi, beynəlxalq hüququn təmin edilməsi üçün danışıqlar aparmışdır. Lakin bu danışıqların heç bir nəticə verməməsi, düşmənin öz təxribatlarını davam etdirməsi və üstəlik, mövcud danışıqları pozmaq cəhdləri Azərbaycanı ədaləti təmin etmək üçün əks-həmlə əməliyyatlarına məcbur etmişdir.

 

Vətən müharibəsi zamanı Türkiyənin siyasi və mənəvi dəstəyinin əvəzsiz rolu olmuşdur. Həmin dövrdə Prezident İlham Əliyev qardaş Türkiyənin nümayəndə heyətlərini, o cümlədən Böyük Millət Məclisinin Sədrini, xarici işlər nazirini, milli müdafiə nazirini, milli kəşfiyyat idarəsinin rəisini, Baş Ombudsmanın rəhbərlik etdiyi nümayəndə heyətini, Türkiyənin keçmiş baş naziri Binəli Yıldırımı qəbul etmişdir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının özünü parlaq şəkildə nümayiş etdirdiyi bu dönəmdə qardaş ölkənin mənəvi dəstəyi ən yüksək səviyyədə olmuşdur. Dövlət başçısının Türkiyə televiziya kanalına verdiyi müsahibədə qardaş ölkənin müharibə dövründə oynadığı rol yüksək qiymətləndirilmişdir: “İlk günlərdən, ilk saatlardan qardaş Türkiyədən göstərilən dəstək, mənim qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, eyni zamanda digər yüksəksəviyyəli şəxslərin bəyanatları həm Azərbaycana mənəvi dəstək verdi, eyni zamanda bütün dünyaya göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır”. 

 

30 ilə yaxın davam edən işğalçı siyasətə son qoyan Azərbaycan Ordusu ərazilərimizi azad edərək qətiyyətlə irəlilədikcə, diplomatiya cəbhəsində də gərgin informasiya müharibəsi gedirdi və bu proseslərin mərkəzində Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi Zəfərə aparan siyasət dayanırdı.

 

 

 

Prezidentin dünyanın aparıcı media agentliklərinə müsahibələri: informasiya müharibəsində qələbə

 

 

 

Vətən müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə düşmənə qarşı apardığı mübarizəyə paralel olaraq, informasiya məkanında da gedən müharibədə ölkəmiz layiqincə, həm də bu müharibənin qaydalarına uyğun olaraq iştirak etmiş, Ali Baş Komandan, Prezident İlham Əliyev döyüş meydanında olduğu kimi, informasiya cəbhəsində də parlaq qələbəyə imza atmışdır.

 

Hərbi əməliyyatların ilk günlərindən başlayaraq müharibənin sonunadək dövlət başçısı dünyanın aparıcı media agentliklərinin nümayəndələri ilə görüşmüş, onlara müsahibələr vermişdir. Bu müddət ərzində Prezident İlham Əliyev Türkiyə, Rusiya, ABŞ, İtaliya, Fransa, Almaniya, İngiltərə, Qətər, Yaponiyadan və digər ölkələrdən olan, dünyaca məşhur 30-a yaxın media agentliklərinə müsahibələr verərək, ən yüksək səviyyədə və etibarlı məlumat mənbəyi olmaqla Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə  çatdırmışdır.

 

Müsahibələrində dövlət başçısı bölgədəki son vəziyyətlə bağlı ətraflı məlumatı, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini, Ermənistanın təcavüzkar siyasətinin nəticələrini, törətdiyi müharibə cinayətlərini qarşı tərəfin diqqətinə çatdırmış, Azərbaycanın haqlı olduğunu bütün dünyaya sübut etmişdir. Azərbaycan Prezidentinin müsahibələrində bir qayda olaraq, konkret arqumentlərə, beynəlxalq təşkilatların qərarlarına, beynəlxalq hüquq prinsiplərinə, tarixi faktlara dəqiq istinadlar edilmiş, qarşı tərəfin iddiaları elə onun təmsil etdiyi ölkənin timsalında tutarlı şəkildə cavablandırılmışdır. Müsahibələrdə təhrikçi suallara dövlət başçısı təmkinlə cavab verərək, Qarabağın Azərbaycan torpağı olduğunu, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin tərkib hissəsini təşkil etdiyini vurğulamışdı: “Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

 

Dövlət başçısı müsahibələrdə eyni zamanda bəzi ölkələrin nümayiş etdirdiyi qərəzli mövqeyi açıq şəkildə dilə gətirərək, bu xüsusda ismarışını sərt bir şəkildə çatdırmışdır. Hər hansı dövlət ermənilər üçün öz müqəddəratını təyinetmə hüququnu vermək istəyirsə, bunu öz ərazilərində yaşayan ermənilərə şamil edə biləcəyini vurğulayan Prezident, Azərbaycana qarşı ittihamların dayandırılmasını tələb etmişdir.

 

Vətən müharibəsi dövründə Azərbaycan tərəfindən müvafiq qurumların çevik və dəqiq reaksiyası, xüsusilə Müdafiə Nazirliyinin yaydığı videogörüntülər, sosial şəbəkələrdən geniş istifadə olunması, çoxsaylı xarici jurnalistlərin ölkəmizə səfərlərinin təşkili və yerindəcə hadisələri işıqlandırması, ən əsas isə dövlət rəhbəri səviyyəsində birbaşa məlumatların xarici auditoriyanın diqqətinə çatdırılması Ermənistanın yalan və dezinformasiya kampaniyasının qarşısını effektiv şəkildə almışdır.

 

 

 

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat və onun əhəmiyyəti

 

 

 

 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, 27 sentyabr tarixində başlamış Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük Zəfərlə yekunlaşdı. Üçtərəfli bəyanat tərəflər arasında hərbi əməliyyatlara son qoymaqla yanaşı, özündə bir sıra vacib müddəaları əks etdirən hərtərəfli sənəddir.

 

Üçtərəfli bəyanat Azərbaycanın döyüş meydanında əldə etdiyi şanlı qələbənin masa arxasında təsdiqi idi. Bəyanatda münaqişənin həllinə nöqtə qoyularaq, hərbi əməliyyatların dayandırılması, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi, buna paralel olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması, məcburi köçkünlərin evlərinə geri qayıtması, hərbi əsir və girovların, habelə cəsədlərin mübadiləsi, habelə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müddəalar əks olunmuşdur.

 

Birgə bəyanatda Prezident İlham Əliyevin hərbi əməliyyatların başladığı ilk gündən etibarən söylədiyi, konkret vaxt çərçivəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxması ilə bağlı öhdəlik öz əksini tapdı. Bəyanata əsasən Ermənistan Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın bölgələrindən işğalçı qüvvələrini çıxarmağa məcbur olmuşdur. Azərbaycan insan itkilərinin qarşısını alaraq, əlavə qan tökmədən diplomatik qələbə ilə sözügedən ərazilərini geri almışdır.

 

Bəyanatda Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, kontingentin sayı, hərbi texnika və yerləşmə məntəqəsi dəqiqliklə göstərilmiş və bu yerləşmənin konkret zaman çərçivəsində həyata keçirildiyi ifadə olunmuşdur. Atəşkəsə nəzarətlə bağlı mərkəzin yaradılması müddəası əsasında 11 noyabr 2020-ci il tarixində müvafiq memorandum imzalanmış və 2021-ci ilin 30 yanvar tarixində işğaldan azad olunan Ağdam rayonunun ərazisində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olmuşdur. Bu isə Türkiyənin rəsmi qaydada atəşkəsə nəzarət prosesində iştirakını təmin etmişdir.

 

Üçtərəfli bəyanat Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan və öz doğma evlərində yaşamaq hüququ kobud şəkildə pozulan bir milyona yaxın məcburi köçkünün fundamental hüquqlarının bərpasını təmin etmişdir. Bəyanatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında məcburi köçkünlər və qaçqınların Qarabağa geri qayıtması məsələsi də öz əksini tapmışdır.

 

Bəyanatın digər önəmli müddəalarından biri məhz Prezident İlham Əliyevin təkidi ilə daxil edilən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım eyni zamanda bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir. Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir.

 

Bəyanatda diqqət çəkən ən önəmli məsələlərdən biri də odur ki, burada Qarabağın statusu ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Məlum olduğu kimi, uzun illər ərzində Azərbaycan tərəfi Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü bəyan etmiş və aparılan danışıqlar prosesi çərçivəsində bu mövqe ifadə edilmişdir. Lakin Ermənistan tərəfi əsassız şəkildə “müstəqillik” iddialarından əl çəkməmişdir. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlət başçısı status məsələsinin artıq tarixdə qaldığını elan etmişdir. Prezidentin 2021-ci il 7 iyul tarixli sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələri yaradılmışdır. Bu bölgədə yaşayan ermənilər, əlbəttə, digər vətəndaşlarımız kimi, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edəcəklər. Odur ki, üçtərəfli bəyanatda bu məsələ ilə bağlı hər hansı bir müddəanın olmaması düşünülmüş siyasətin növbəti təzahürü idi.

 

Hərbi əməliyyatlara son verən, bir çox mühüm məsələləri özündə ehtiva edən və bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün zəruri çərçivəni müəyyən edən tarixi əhəmiyyətli birgə bəyanat Prezident İlham Əliyevin parlaq diplomatik qələbəsidir.

 

 

 

Postmüharibə dövründə Azərbaycanın xarici siyasəti

 

 

 

Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi böyük Qələbə Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etməklə yanaşı, bölgədə yeni reallıqlar yaratmış, Azərbaycanın ərazi bütövlüyü təmin edilmiş, bir milyona yaxın azərbaycanlının pozulmuş fundamental hüquqları bərpa edilmiş, tarixi ədalət bərqərar olmuşdur. Azərbaycan Prezidentinin 24 sentyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyasında qeyd etdiyi kimi, “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir”.

 

Prezident İlham Əliyev BMT Baş Assambleyası kürsüsündən birmənalı şəkildə bəyan etmişdir: “Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini bundan sonra da dünya müstəvisində qətiyyətli şəkildə müdafiə edəcək və beynəlxalq sərhədlərimiz çərçivəsində ölkəmizin, xalqımızın inkişafına yönəlmiş səyləri davam etdirəcəkdir. Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olacaq. Əks təqdirdə yenidən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid olarsa, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”.

 

Hər bir dövlətin daxili və xarici siyasətinin uğurunun təməlində, ilk növbədə, xalqın birliyi və xalqın dəstəyi dayanır. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyinin və inamının ən bariz göstəricisi olmuşdur. Prezident İlham Əliyev böyük Zəfərin əldə edilməsi ilə bağlı xalqa ünvanladığı müraciətində bunu çox aydın şəkildə ifadə etmişdir: “Mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla!”

 

Əminik ki, təməlində milli maraqların dayandığı Azərbaycan xarici siyasəti bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə töhfəsini verəcək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının birliyinə əsaslanan uğurlu xarici siyasəti ölkəmizə yeni-yeni zəfərlər bəxş edəcəkdir.

 

                                                                                                         

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan.-2021.- 7 noyabr.- S.1;4.