Azərbaycan bayrağı artıq Qarabağda dalğalanır

 

9 Noyabr Dövlət Bayrağı Günüdür

 

Üçrəngli bayrağınla məsud yaşa!

 

 

 

Bir il öncə müzəffər Azərbaycan Ordusu otuz ilə yaxın düşmən işğalında qalan Vətən torpaqlarını xilas etdi. O günlərdə bütün Azərbaycan xalqını ən çox qürurlandıran anlardan biri də döyüşçülərimizin Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq, azad etdikləri ərazilərimizdə dövlət bayrağımızı ucaltmalarını və bu barədə Ali Baş Komandan İlham Əliyevə məlumat vermələrini əks etdirən videogörüntülər idi.

 

Bu mənzərəni seyr etdikcə xalqımızın sevinci yerə-göyə sığmırdı. Çünki bayraq dövlətin simvollarından biridir. Onun müstəqilliyinin, qüdrətinin rəmzidir. Harada Azərbaycan bayrağı dalğalanırsa, orada dövlətimizin gücü, vətənimizin adı var.

 

Düşmənin otuz ilinə yetirə bilmədiyi işğal bitdi. Ermənistan öz layiqli cavabını döyüş meydanında aldı. Düşmənin silahlı qüvvələri qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Otuz ilə yaxın davam edən həsrətimiz, nigarançılığımız, narahatlığımız bitdi. Bu gün yağılardan geri aldığımız ərazilərimizdə - Qubadlıda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında... Azərbaycan bayrağı dalğalanır.

 

Bu, o bayraqdır ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında təsdiqləndi. Azərbaycanın üçrəngli, ay-ulduzlu dövlət bayrağı 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin açılışı zamanı binanın üzərində dalğalanmağa başladı.

 

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk müstəqil, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Azərbaycanda dövlətçilik ənənələrinin bərpası reallaşanda əhəmiyyətli məsələlərdən biri də əsas dövlət atributlarından, simvollarından birinin - bayrağın necə hazırlanması oldu. Bayraq haqqında Cümhuriyyət hökuməti ilk qərarı 1918-ci il iyunun 21-də verdi. Qərarda Azərbaycanın dövlət bayrağı qırmızı rəngdə, orta hissəsində aypara və səkkizguşəli ulduz təsvirli  qəbul edildi. Həmin il iyunun 21-də hökumət bayraq haqqında qərar verdi.

 

Bu, o bayraqdır ki, 1919-cu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuşBir yaş” adlı məqaləsində Üzeyir bəy Hacıbəyli onun rənglərinin mənası barədə yazırdı: “Mavi rəngi türklüyə, yaşıl rəngi islamlığa və al rəngi mədəniyyətə işarə olan bayrağımızın mənayi-mənəviyyəsi də budur”.

 

...Bu, o bayraqdır ki, tarixin qovğalarında, siyasətin fırtınalarında, düşmənlərin məkrli planları, hiylələri ilə qurulmuş hadisələrdə müsibətlər çəkdi. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətinin ilk illərində Azərbaycan dövlət atributlarını sovet Rusiyasının atributlarına uyğunlaşdırmaq məcburiyyətində qaldı. O vaxtdan Azərbaycan dövlətinin müstəqilliyinin rəmzi olan üçrəngli, ay-ulduzlu bayrağımızın yeri vətənsəverlərimizin, millətsevərlərimizin qubar bağlamış könülləri oldu. Sovet hakimiyyətinin Azərbaycanı bu bayrağa həsrət qoyduğu illər on illər boyu davam etdi. Ancaq bir gün üçrəngli, ay-ulduzlu bayrağımızın yenidən müstəqil Azərbaycanın başı üzərində dalğalanacağına inam yaşadı.

 

Nəhayət, o günlər yaxınlaşdı. 1980-cı illərin sonlarında meydan hərəkatında üçrəngli, ay-ulduzlu bayrağımız qaldırıldı.

 

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli, ay-ulduzlu bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul etdi.

 

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, həmçinin Dövlət bayrağını bərpa etdi. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirildi.

 

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də  imzaladığı sərəncamla 9 Noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

 

Namusunu hifz etməyə,

 

Bayrağını yüksəltməyə,

 

Cümlə gənclər müştaqdır.

 

1919-cu ildə şair Əhməd Cavadın sözlərini, Üzeyir bəy Hacıbəylinin musiqisini yazdığı dövlət himnimizdə ifadə olunan bu həqiqəti Azərbaycan gəncləri 2020-ci ilin payızında, 44 gün davam edən İkinci Qarabağ müharibəsində öz canları, qanları bahasına təsdiq etdilər.

 

İkinci Qarabağ müharibəsində bütün Azərbaycan xalqı öz dövlətinin yanında bir yumruq kimi birləşərək Vətən üçün can verməyə hazır, qan tökməyə qadir olduğunu bir daha göstərdi. Odur ki, ucalarda dayan, inamla, arxayınlıqla, qürurla dalğalan, ey möhtəşəm ölkəmizin bayrağı! Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!

 

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2021.- 7 noyabr.- S.1;8.