Azərbaycan-ABŞ ikitərəfli
münasibətlərinin inkişaf
perspektivləri müzakirə olunub
Noyabrın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonla görüşüb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisinin regiona səfəri çərçivəsində Azərbaycanda olmasının Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişaf perspektivlərinin müzakirəsi, habelə regiondakı cari vəziyyətlə tanışlıq baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimiz arasında uzun və uğurlu tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.
ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə çox məhsuldar görüşün keçirildiyini qeyd edib. Azərbaycanın NATO-nun sülhməramlı missiyası çərçivəsində Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi dəstək yüksək qiymətləndirilib və bu xüsusda təşəkkür ifadə olunub.
Görüşdə tərəflər postmünaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
C.Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar barədə qarşı tərəfə məlumat verib.
Görüşdə
tərəflər qarşılıqlı maraq doğuran digər
məsələləri müzakirə ediblər.
Azərbaycan.-2021.- 7 noyabr.- S.5.