Qlobal Bakı Forumunda “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusu müzakirə edilib

 

 

Noyabrın 6-da VIII Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda səkkizinci panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Latviyanın keçmiş Prezidenti Valdis Zatlersin moderatorluğu ilə keçən panel iclasında ABŞ, Rusiya, İran, Türkiyə və Çinin maraqlarının kəsişdiyi strateji region sayılan Cənubi Qafqaz barədə fikirlər səsləndirilib.

İclasda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in həmsədrlərinin göstərdikləri səylərin nəticə vermədiyini deyib. Bildirib ki, Azərbaycan uğurlu əməliyyat nəticəsində ərazilərini tamamilə işğaldan azad edib. Qarabağ münaqişəsinə son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir. İndi Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Ermənistanın da bu prosesə qoşulmasını istəyir.

“Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir”, - deyən Hikmət Hacıyev əlavə edib ki, Fransa ilə Almaniya arasında olduğu kimi, Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik.

Azərbaycan Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, regionda sülhinkişaf üçün yeni təfəkkür, yeni strategiya lazımdır. Xüsusilə Ermənistan öz strategiyasını köklü şəkildə dəyişməlidir. “Ermənistan Azərbaycanın əzəli torpaqlarını işğal etməyə köklənib, lakin uğursuzluğa düçar olub”, - deyən Hikmət Hacıyev qeyd edib ki, hazırda vəziyyət tamamilə dəyişib. İşğalçılıq siyasəti Ermənistanın müstəqilliyinə, iqtisadi potensialına zərər vurub. İki ölkə arasındakı sülh, eyni zamanda, onun inkişafına təkan verəcək. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasına baxmayaraq, Ermənistan yaxşı qonşuluq münasibətləri qursa, ərazi iddialarına son qoysa, bu, ona xeyir gətirəcək. Nəticədə Ermənistan tranzit ölkəyə çevrilə və dənizə çıxış əldə edə bilər.

“Bəllidir ki, uğursuzluğa düçar olan hakimiyyət yenidən seçilə bilməz. Ancaq Ermənistanda baş nazir yenidən seçildibiz gördük ki, Ermənistan xalqı işğalçılıq siyasətindən yorulub. Birinci Qarabağ müharibəsində dörd mindən artıq Azərbaycan vətəndaşı itkin düşüb. Biz bu insanların taleyi haqqında məlumatları əldə etməliyik. Azərbaycan, eyni zamanda, minalardan ən çox əziyyət çəkən ölkədir. Ermənistan işğal dövründə Azərbaycan ərazilərini minalayıb. Onlar bunu inkar edirdilər, lakin sonra etiraf etdilər, bir neçə mina xəritəsi təqdim olundu. Lakin bu xəritələrin də cəmi 25 faizi faydalıdır. Revanşizm Ermənistanın özüregion üçün bir bəla ola bilər. Biz istəməzdik ki, hadisələr bu səpkidə davam etsin. Azərbaycan bütün region ölkələrinin əməkdaşlıq etməsini istəyir”, - deyə Hikmət Hacıyev söyləyib.

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım çıxışında diqqətə çatdırıb ki, Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını azad edib. Şanlı Zəfər nəticəsində bu gün biz Cənubi Qafqaz regionunda sülhün bərqərar olması və inkişafı məsələsini müzakirə edirik.

Azərbaycanın Ermənistana sülh müqaviləsi təklif etdiyini bildirən Binəli Yıldırım qeyd edib ki, heç kim bu sülh müqaviləsinə qarşı çıxmamalıdır. Sülh razılaşması nəticəsində Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşması istiqamətində hər hansı problem qalmayacaq. Türkiyə bu münaqişənin həlli istiqamətində region ölkələri ilə geniş aparır. Region dövlətləri arasındakı əməkdaşlıq, qarşılıqlı anlayış mühitində Cənubi Qafqaz regionu daha da inkişaf edəcək.

ABŞ dövlət katibinin AvropaAvrasiya məsələləri üzrə müavinin keçmiş köməkçisi Deyvid Merkel söyləyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir, beynəlxalq terrorizmlə mübarizədə böyük səylər göstərir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox şey dəyişib və xüsusilə ölkə artıq ərazi bütövlüyünü bərpa edib. Mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycan istər qonşu ölkələrlə, istərsə də regiondan kənarda münasibətləri bacarıqla idarə edir. Cənubi Qafqaz regionunda Azərbaycan böyük geosiyasi əhəmiyyət kəsb edir. Deyvid Merkel onu da deyib ki, ATƏT Qarabağ münaqişəsinin həllində uğursuzluğa düçar olub.

Panel iclasında çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin söyləyib ki, Azərbaycan Ermənistanla olan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin biz buna nail ola bilmədik. Çünki Ermənistan hər zaman yeni ərazilər işğal etmək istəyirdi. Ermənistanın bölgədə qonşu ölkələrlə normal münasibətlər qurmasının əhəmiyyətini qeyd edən Hikmət Çətin erməni diasporunun bu məsələdə mənfi rol oynadığını deyib.

O, həmçinin qeyd edib ki, ABŞ, Rusiya və Fransanın həmsədri olduğu ATƏT-in Minsk qrupunun münaqişənin danışıqlar yolu ilə həllini təmin edə bilməyib. Artıq başqa yol qalmadığı üçün Prezident İlham Əliyevin əmri ilə əks-hücuma keçən Azərbaycan Ordusu ötən il 44 günlük müharibədə işğal altındakı torpaqları azad edib. Azərbaycan torpaqlarını işğaldan azad edib, artıq gələcəyə baxmaq lazımdır. Regionda sülh, əməkdaşlıq məsələləri həll olunmalıdır.

“Azərbaycan bütün sahələrdə tərəqqi əldə edib. Lakin Ermənistanda vəziyyət ürəkaçan deyil, gənc nəsil Ermənistanı tərk edir. Onlar Ermənistanda gələcək görmürlər. Biz ermənilərlə yaxşı münasibətlər qurmaq istəyirik”, - deyə Türkiyənin sabiq xarici işlər naziri əlavə edib.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib ki, 44 günlük müharibədə Azərbaycan əzəli torpaqlarını işğaldan azad edib. Bu yeni vəziyyət Azərbaycanı bu ərazilərdə söz sahibinə çevirib.

Azərbaycanın sülh müqaviləsinə meyilliliyini təqdirəlayiq olduğunu bildirən ABŞ-ın sabiq səfiri deyib ki, 30 il ərzində davam edən münaqişə azərbaycanlılarla ermənilər arasında düşmənçilik münasibətləri formalaşdırıb. Biz Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması üçün səylərimizi əsirgəməməliyik. Bu prosesin canlanmasına müsbət təsir göstərməliyik. Robert Sekuta onu da əlavə edib ki, tədqiqatlar nəticəsində Cənubi Qafqazın dünyaya az inteqrasiya etdiyini görmək mümkündür. Regionun inkişafı həm də burada sülhün, sabitliyin bərqərar olması potensialını artıracaq. İki ölkə arasında iqtisadi əməkdaşlıq barədə danışıqlar daha da genişləndirilməlidir.

Panel iclası müzakirələrlə davam edib.

 

Azərbaycan.-2021.- 7 noyabr.- S.6.