Azərbaycan neftçilərinin
Xəzər möcüzəsi
Dünyada dəniz neftinin erası 72 il əvvəl
“Neft Daşları”ndan
başlanmışdır
72 yaşı tamam olan Neft Daşlarını çox vaxt “Möcüzələr adası” adlandırırlar. Yaranışından bəri onu bir çox digər adlarla da çağırıblar. Bu, Neft Daşlarının maraqlı tarixi və keçdiyi şərəfli yolla bağlıdır.
“Neft Daşları”, ilk növbədə, karbohidrogenlərlə zəngin dəniz yatağıdır. Bu yataq Xəzər dənizinin akvatoriyasında, Abşeron neftli-qazlı rayonunda, Bakı şəhərindən 110, Pirallahı adasından 50 kilometrlik məsafədə yerləşir. Yataq “Neft Daşları” NQÇİ (Neft və Qazçıxarma İdarəsi) tərəfindən istismar olunur. 1951-ci ildən “Neft Daşları”nın, 1963-cü ildən isə “Palçıq Pilpiləsi”nin sənaye əhəmiyyətli işlənməsinə başlanıb. Həmin vaxtdan indiyədək bu yataqlardan fasiləsiz olaraq neft və qaz çıxarılır. Bu, Xəzərin fırtınalı qoynunda ekstremal şəraitdə işləyən Azərbaycan neftçisinin fədakar əməyinin, ona hərtərəfli qayğısını getdikcə artıran Azərbaycan dövlətinin dəstəyinin nəticəsidir.
“Neft Daşları” əvvəlcə “Qara daşlar” adlanıb. Çünki ərazisi sulardan baş qaldıran çıxıntıların - qara daşların yaxınlığında olub. Tarix bu yatağın “doğuluş”unu öz yaddaşında belə qoruyub saxlayır: “...1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri dəstəsi birinci quyunun kəşfiyyatına başladı. Böyük neft təşkilatçısı Sabit Orucovun, geoloq Ağaqurban Əliyevin və qazma sahəsində zəngin təcrübəyə malik mühəndis Yusif Səfərovun təklifi ilə əlavə xərclərə yol verməmək və işçi qüvvəsinə qənaət etmək üçün Bakı gəmi təmiri zavodlarından istifadədən silinmiş 7 iritonnajlı gəmi gətirilərək “Qara daşlar”ın yanında basdırıldı. Süni buxta yaradıldı. Beləcə, buranı “7 gəmi adası” deyə çağırmağa başladılar. Qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi “7 gəmi adası” Xəzərin fatehlərini fırtınalardan qoruyan sığınacağa və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrildi... Usta Mixail Kaveroçkinin başçılıq etdiyi qazmaçılar briqadasının 1 saylı quyudan götürdüyü nümunə 100 tona yaxın ilk neft fontanının yaxınlaşmasından xəbər verirdi. 1949-cu il noyabrın 7-də quyu fontan vurdu”.
Bununla da Azərbaycanda dünya
dəniz neftinin erası başlandı.
Sonrakı illərdə Xəzərdə tikinti
işləri geniş vüsət
aldı. 1951-ci ildən estakada və
meydançaların tikintisinə, hidrotexniki
qurğuların, kommunikasiya xətlərinin,
istehsal və yaşayış təyinatlı
obyektlərin inşasına başlandı. Bu
isə dünyada
analoqu olmayan Neft Daşları adlı şəhərin
qurulmasının başlanğıcı idi.
Polad dirəklər üstündə qurulan, o vaxt
da, elə indinin
özündə də heç yerdə bənzəri,
tayı olmayan, 70 ildən çoxdur
dünyanı heyrətə gətirən bir
şəhərin...
Elə bütün bunlara görə də Neft Daşlarını “Möcüzələr adası” adlandırıblar. Lakin Neft Daşları reallıqdır, əfsanəyə bənzəsə də, əsl həqiqətdir. O, işləyən, yaşayan, qurub-yaradan şəhərdir. Odur ki, onu mədən-şəhər adlandıranlar da haqlıdırlar.
...Estakadalar sağdan-soldan
bir-birinə calanaraq açıq dənizdə
müxtəlif istiqamətlərə doğru
şaxələnib. Uzaqdan baxanda onlar yollara
bənzəyir. Amma bunlar adi yollar deyil. Sularla əhatə olunduqları üçün hər iki yandan polad
məhəccərlərlə örtülüb. Dəniz şəhərindəki
bu bənzərsiz yolların uzunluğu onlarca kilometrdir. Gah paralel, gah da
perpendikulyar şəkildə
uzansalar da, bir-birinə bitişikdirlər.
Neftçilər polad dirəklər
üstündə qərar
tutan bu yollarla bəzən piyada hərəkət edir, bəzən də idarənin avtobusları ilə gedirlər. Bu asılıdır
hər kəsin iş yerinin yaxın-uzaqlığından, neftçinin
həvəsindən, bir
də havadan...
Dəniz qasırğalı olanda estakada ilə hərəkət etmək
qadağandır. Burada qayda-qanun belədir.
Estakadalar boyunca rəngbərəng borular uzanır. Bu yaşıl, mavi, qırmızı, sarı, ağ boruların təyinatları da müxtəlifdir. Biri neft, digəri qaz, üçüncüsü lay suları daşıyır. Başqa biri ehtiyat xətdir. Onlara estakadaüstü kəmərlər də deyirlər.
Neftçiləri əmək növbəsinə aparan gəmi və vertolyotların biz də dəfələrlə sərnişini olmuşuq. Jurnalist kimi Xəzərin fatehlərinin fədakar əməyini çox seyr etmişik, maraqlı söhbətlərini dinləmişik. Həm də hər dəfə dəniz şəhərində yeniliklərə rast gəlmişik. Neftçilər də sanki bu yeniliklərə heyrətləndiyimizi duyaraq deyiblər: “Düşünməyin ki, Neft Daşları qocalır. O, bir yandan yaşa dolduqca, bir yandan gəncləşir. Sıradan çıxan qurğular təzələnir, yəni yeni estakadalar, meydançalar tikilir. Şəhərdə yeni sosial infrastruktur yaradılır”.
Son illər ərzində “Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarında onlarca stasionar dəniz özülü, geniş sahəsi olan estakadayanı meydançalar, estakadalar inşa edilib. Bütün qurğuların saz vəziyyətdə olması daim diqqət mərkəzindədir. Odur ki, mütəmadi olaraq yataqların ərazisində cari təmir işləri də həyata keçirilir.
Burada beş və doqquzmərtəbəli yataqxanalar, yeməkxanalar, vertolyot meydançası, tibbi-sanitar hissə, mağazalar var. Bu şəhərin sakinləri yalnız neftçilərdir. Neftçilər dedikdə təkcə dənizin dərin qatlarından “qara qızıl”ı çıxaranlar deyil, böyük neftçi “ailə”sinin bütün üzvləri - geoloqlar, kəşfiyyatçılar, qazmaçılar, inşaatçılar, rabitəçilər, energetiklər, nəqliyyatçılar və xidmət sahələrində çalışanlar nəzərdə tutulur. Onlar “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin, eləcə də neçə-neçə digər - müəssisə və təşkilatın nümayəndələridir. Növbələşərək işləyirlər - bir həftə dənizdə, növbəti həftə quruda, ev-eşiklərində olurlar. Beləcə, Xəzər neftçisinin ömrünün az qala yarısı sərt dalğalar qoynunda keçir.
Neft Daşlarında - bir qarış torpağı olmayan ərazidə yamyaşıl park salınıb, cürbəcür gül-çiçək əkilib. Əlbəttə, qurudan torpaq gətirməklə... Bu da “Möcüzələr adası”nın növbəti möcüzəsidir. İstirahət saatlarında ikimərtəbəli “Çay evi”, qapalı idman zalı neftçilərin üzünə öz qapılarını geniş açır.
...Bu bənzərsiz məkana hər gün yenə də vertolyotlar enir, gəmilər yan alır. Yaşının üstünə yaş gəldikcə dəniz şəhərində neftçi nəsilləri dəyişir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan neftçilərinin qəhrəmanlıq abidəsi adlandırdığı Neft Daşlarının qəhrəmanlıq salnaməsi davam edir. Prezident İlham Əliyevin əfsanəvi şəhərin gələcəyinə ümid və inam ifadə edərək dediyi kimi: “Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət edəcəkdir”.
Flora SADIQLI,
Azərbaycan.-2021.- 7 noyabr.- S.8.