7-10 noyabr

 

 

Noyabrın 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutur.

 

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edir. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilir.

 

Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılır.

 

Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin

 

6-cı dağatıcı alayının 1-ci taboru bölmələrinin şəxsi heyəti arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.

 

Cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.

 

***

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndini, Ağdam rayonunun Çullu və Çıraqlı kəndlərini artilleriya atəşinə tutur.

 

***

 

Prezident İlham Əliyev rəsmi “Tviter” hesabında müjdəli xəbər paylaşır:

 

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

 

***

 

Ermənistan daha bir dezinformasiya yayır. Guya Qubadlı rayonu ərazisindən Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndi bölmələrimiz tərəfindən atəşə tutulur. Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, bu, Ermənistan tərəfinin yaydığı təxribat xarakterli növbəti dezinformasiyadır.

 

Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutur.

 

Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür.

 

***

 

Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə rayonunun Əyricə kəndini atəşə tutur. Nəticədə bir nəfər kənd sakini həlak olur.

 

***

 

Noyabrın 8-də döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulur. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilir.

 

Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görür. Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyir.

 

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilir və sıradan çıxarılır.

 

***

 

Saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutur.

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

 

***

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev öncə Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir. Sonra Prezident Şəhidlər xiyabanında xalqa müraciət edir: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!” Prezident bəyan edir ki, Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, məscidlərimizi dağıtdı, təhqir etdi. Azərbaycan dövləti bütün tarixi abidələrimizi bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək: “Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir”.

 

***

 

Saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilir.

 

Azərbaycan Hərbi Hava Qüvvələrinin  Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılır, yüksək vəzifəli şəxsləri məhv edilir.

 

***

 

Saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur.

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

 

***

 

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilir.

 

Cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulur. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçır.

 

Müdafiə Nazirliyi həmin anları əks etdirən videogörüntülər yayır.

 

***

 

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə rəsmi “İnstaqram” səhifəsində paylaşım edir. Paylaşımda deyilir: “Şuşa işğaldan azad edilib. Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram!

 

İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!

 

Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

 

***

 

Noyabrın 9-da cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edir. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulur. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilir.

 

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilir və sıradan çıxarılır.

 

Döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

 

***

 

Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutur. Bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan heyəti dəqiq zərbə ilə məhv edilir.

 

Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilir.

 

***

 

Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edir.

 

Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və

 

1 PDM-i zərbə PUA-ları ilə məhv edilir.

 

***

 

Prezident İlham Əliyev özünün “Tviter” hesabında xalqa ard-arda müjdəli xəbərlər verir. İlk paylaşımda deyilir:

 

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir.

 

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

 

***

 

Ali Baş Komandanın “Tviter” hesabındakı növbəti müjdəsində qeyd edilir:

 

“Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, şəhər Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbird, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir.

 

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

 

***

 

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə və canlı qüvvəsinə atəşlə zərər vurması davam edir. Düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılır.

 

***

 

Saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilir.

 

Xocavənd istiqamətində düşmənə daha bir ağır zərbə vurulur. Belə ki, düşmənin atəş mövqeyinə çıxarılan “OSA” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilir. Eyni zamanda düşmənin canlı qüvvəsi darmadağın edilir.

 

***

 

Noyabrın 10-da saat 00:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur.

 

Bir nəfər mülki şəxs xəsarət alır.

 

***

 

Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində Rusiya Hərbi Hava Qüvvələrinin helikopteri vurulur. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edərək başsağlığı verir.

 

İlham Əliyev bu faciəli təsadüfə görə üzrxahlıq edərək bildirir ki, günün qaranlıq vaxtında həmin helikopter Ermənistan hərbi hava qüvvələrinin helikopteri hesab edilib.

 

Dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilməsini xahiş edir, xəsarət almış pilotun tezliklə sağalmasını arzu edir.

 

Prezident Azərbaycan tərəfinin həlak olmuş və xəsarət almış pilotların ailələrinə kompensasiya ödəməyə hazır olduğunu da bildirir.

 

İlham Əliyev deyir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır. Təqsirkarlar cəzalandırılacaq və bu barədə Rusiya tərəfi məlumatlandırılacaq.

 

Vladimir Putin telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirir, belə insidentlərin yolverilməz olduğunu qeyd edir. Tərəflər gələcəkdə belə hallara yol verilməyəcəyinə əmin olduqlarını bildirirlər.

 

***

 

Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüş keçirirlər. Görüşdə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin üçtərəfli bəyanatı imzalanır.

 

Vladimir Putin bildirir ki, bəyanatda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bəyanatda təsbit edilən razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə tərəflər arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq.

 

Prezident İlham Əliyev vurğulayır ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə, Azərbaycan torpaqlarının işğalına son qoyulur. Münaqişənin hərbi-siyasi nizamlanması regionda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq.

 

***

 

Prezident xalqa müraciət edib qələbə xəbərini verir.

 

Qalib Sərkərdə bildirir ki, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur, imzalanmış üçtərəfli bəyanat isə məsələnin həlli istiqamətində son nöqtə olacaq:

 

“Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”

 

Sonra dövlət başçısı bəyanatın mətni ilə hər kəsi tanış edir.

 

Bununla da 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri ilə başa çatır.

 

***

 

Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olur. Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik edirlər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirir.

 

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edir.

 

Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilir, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunur.

 

***

 

Birinci vitse-prezident Mehriban Əliyeva tarixi Qələbə münasibətilə rəsmi “İnstaqram” səhifəsində paylaşım edir:

 

“Bu gün böyük gündür - Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm!

 

Hər birimiz bizim Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə hədsiz təşəkkür edirik! Məhz onun sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycan Ordusu düşməni sarsıtdı, müharibənin nəticəsini müəyyən etdi və qələbə nöqtəsini qoydu.

 

Böyük zəfər gününüz mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Qarabağın azad edilməsi günü mübarək! Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır!”

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2021.- 7 noyabr.- S.9.