Vətənin nurlu oğlu
- Salam, oğlum!
- Salam, oğlum!..
Əynində əsgər paltarı, ayağında əsgər çəkməsi, saçlarına çal düşmüş qocaman bir şəhid atası Şuşada oğlunun ruhunu haraylayırdı...
“...Sənə Tanrı deyərdim, oğul, Tanrı bağışlasaydı”, deyə elə nalə ilə hayqırırdı ki, bu yalvarış dolu səsdən, bu fəryaddan dağ-daş dilə gəlirdi, duyanların ürəyi parça-parça olurdu...
Yer də, göy də bir anlıq qulaq kəsildi, həyəcanla, intizarla o cavabı eşitmək istədi...
- Salam,
ata!
- Salam,
ata!
Heyhat...
Dəhşətli
susqunluq, daş sakitlik pozulmadı...
Şuşaya
bir nəfəs qədər yaxın...
Zaman
2020-ci ilin 6 noyabrı, məkan isə Şuşanın bir
addımlığıydı...
İndi onları Şuşadan sadəcə
qarşıdakı kiçik təpə ayırırdı. Bu əfsanəvi şəhəri
azad etməkdən ötrü nəhəng dağları,
sıldırım qayaları, dərin dərələri bir həmlədə
aşıb gəlmişdilər...
Yaralı olsa da, Rövşən özünü sanki
quş kimi hiss edir, İlahi bir qüvvə ona güc verirdi. Və o, bu qeyri-adi gücdən
qüvvət alaraq “İrəli” deyə hayqırıb bir
andaca təpənin Şuşa üzünə
şığımışdı...
Elə həmin
an göydən güllə
yağışı yağmağa, snayperlərdən
açılan ölüm güllələri sağdan-soldan
şütüyərək ətrafında torpağa
sancılmağa başlamışdı. Qəfildən
düşmən hərbçiləri ilə üz-üzə
gəlmişdilər. Düşmən sayca çox,
silah-sursat baxımından təminatlı idi, amma Rövşəngil
də o an düşmənə 30 illik nifrət
hissi ilə silahlanmış, qəzəb tanrısına
dönmüşdülər. Bu ölüm-dirim
çarpışmasına çıxmazdan öncə, hər
nə olur-olsun düşmənə aman verməməyə,
son damla qanlarına qədər vuruşaraq onları
qarşılarında diz çökdürməyə and
içmişdilər. Coşan qəzəb hissi ilə
Rövşən də düşməni sərrast atəşlə
bir-bir dənləyir, qarış-qarış,
addım-addım Şuşaya yaxınlaşırdı...
Birdən sanki sağ çiyninə iynə sancdılar,
ağrısı düz ürəyinə işlədi. Amma o, bədənindəki
hansısa ağrıya fikir verəcək halda deyildi,
bütün fikri-zikri düşməni məhv etmək idi...
Amma ikinci
dəfə, yenə də sağ tərəfində hiss etdiyi
dəhşətli ağrıdan gözləri qaraldı...
O,
Şuşanın düz girəcəyində, ana
torpağın bağrına uzanmış halda
yavaş-yavaş torlanan baxışlarını qala
qapılarına dikərək öz-özünə
pıçıldamağa başladı: “...Bu qədər
yolu qələbə ilə gəlmişiksə, indi
Şuşanın girəcəyində ölməyə
ixtiyarımız yoxdur...”
Daha ətrafa
qulaqbatırıcı sükut çökmüşdü, nə
güllə, nə də partlayan mərmilərin səsi
eşidilirdi... Sadəcə gözləri önündən
üçrəngli bayraq daşıyan
döyüşçülər keçib Şuşanın
qapısından içəri keçirdilər... O da xəyalən
həmin döyüşçülərə qoşulub şəhərə
tərəf getməyə başladı...
Bir az da keçdi, haradansa qulağına azan səsi
gəldi, gözlərini açıb ətrafına baxdı,
gördü ki, Şuşa məscidindədir, o da səf-səf
düzülən insanlar arasında namaz qılır,
üzünü Allaha tutub dualar edir...
Sonra isə...
İnsan
başlı nəhəng qayalar göyə tərəf diyirlənirdi
Hündür dağlar anidən partlayır, insan
başlı yekə, yumru daşlar sürətlə
yuxarı, səmaya doğru uçuşurdu. O isə heyrətlə
aşağıdan yuxarı, nəhəng qayaların
arxasınca baxır, təəccüblə
düşünürdü ki, axı bu daşlar
aşağı diyirlənməlidir, bəs necə olub ki, göyə
üz tutub?! Bu qeyri-adi mənzərəni izləyir, həmin
qayalar uzaqlaşdıqca, səbəbini bilmədiyi bir həsrət,
hüzn ürəyini bürüyür, qəlbi elə
sıxılırdı ki...
Və elə
daldığı dərin röyadan da ürəyindəki dəhşətli
ağrı hissi ilə hövlnak ayıldı...
“Xeyir
olsun!”, deyə gördüyü yuxunun təsirindən
üşəndi. Qəlbinə minbir
şübhə düşmüşdü, “görəsən,
Rövşənin başına bir iş gəlməyib ki?”
deyə istər-istəməz fikrindən keçirdi.
Tezcə də, sanki bu dəhşətli fikirləri
özündən uzağa qovurmuş kimi başını silkələyərək,
astadan pıçıldadı: “Allahım, sən
özün, Rövşəni qoru”...
2020-ci
ilin 6 noyabrı Qarabağın, işğal altındakı
torpaqlarımızın azadlığı uğrunda mərdliklə
savaşan Azərbaycan
Silahlı Qüvvələrinin zabiti, baş leytenant
Rövşən Əli oğlu Nurzadənin son
döyüş günü...
Azərbaycanın
Xalq artisti, Mədəniyyət və İncəsənət
Universitetinin dosenti, Akademik Milli Dram Teatrının
aparıcı aktyoru Əli Qayıb oğlu Nurzadənin
oğlunu itirdiyi, şəhid atası olduğu gün...
İndi
onun bu dünyada danışacağı bütün sözlər
də, düşündüyü fikirlər də, hətta
aldığı nəfəs də Rövşənlə
bağlıdır...
Hər gününə igid oğullarımızın cəsurluq,
hünər, məğrurluq salnaməsi həkk etdiyi və Zəfərlə
sonlandırdığı Vətən müharibəmizin bir
ilinin tamamlanmasını qeyd etdiyimiz bu qürurlu günlərdə
Xalq artisti Əli Nurzadə “Qarabağ söhbətləri”ndə
qonağımız oldu. Hər zaman alışmışdıq ki, görkəmli
sənətkarımızla teatrdan, kinodan danışaq,
yeni-yeni rollarından, uğurlarından, tamaşaçı
sevgisindən bəhs edək...
Amma bu dəfə
hər şey tamamilə başqa, daha fərqli idi...
Bu dəfə Əli müəllimi bir aktyor, həm də
şəhid atası kimi dinləyirdik. Görkəmli
aktyorla səhnədə oynadığı obrazlardan daha
çox, özünün yaratdığı, ruhuna, qəlbinə
vətənpərvərlik eşqi aşıladığı
şah əsərindən danışırdıq.
Tanrının onun qismətinə yazdığı həyatdakı
gerçək və ağır rolundan söz
açırdıq...
Nə qəribə
idi, ətrini və qoxusunu almaq üçün şəhid
övladının hərbçi geyimini əynindən
çıxarmayan, hər yerə bu doğma formada gedən nurani ata, 70 ildən çox zaman
sığdırdığı, başdan-başa səhnə
uğurları ilə dolu ömrünü, çox qısa,
yığcam ifadələrlə 5-6 dəqiqəlik zaman
dilimində anladıb qurtarmışdı...
İndi
Əli Nurzadənin bu dünyada danışacağı
bütün sözlər də, düşündüyü
fikirlər də, hətta aldığı nəfəs də
Rövşənlə bağlı idi...
Fizikən
yanımızda olsa da, dili bizimlə danışsa da, xəyalən
oğlu ilə söhbətləşir, ruhən onunla birlikdə
göylərdə gəzirdi...
Ömür
pərdələri
Əli
Qayıb oğlu Nurzadə 1948-ci il yanvar
ayının 10-da, şaxtalı-qarlı bir qış
günündə Ağsu rayonunun Bico kəndində dünyaya
göz açmışdı. O zaman bütün şairlərin,
yazıçıların “bala Paris” adlandırdıqları
Bico müasir və inkişaf etmiş bir kənd idi. Elektriklə
işıqlandırılan Biconun küçələrinə
başdan-başa asfalt döşənmiş, kənd
böyük xəstəxana, məktəb, klub, dəyirman,
hamam, ümumiyyətlə, hər cür imkana malik olmuşdu. Bu
cür inkişaf etmiş kənddə böyüyüb-boya
başa çatan Əlu Nurzadə hələ məktəb
illərindən istedadı ilə digər şagirdlərdən
seçilirdi. O, 9-cu sinifdə şagird
şurasının sədri seçilmişdi. Böyük
tənəffüsdə yeganə şagird idi ki, romanlardan
axıra qədər parçalar danışır, şeirlər
oxuyurdu. 7-ci sinifdə dram dərnəyinə
üzv, 10-cu sinifdə isə oranın rəhbəri
olmuşdu. Orta məktəbi bitirdiyi il
qabiliyyət imtahanı tez keçirildiyi üçün sənədlərini
çox istədiyi İncəsənət İnstitutuna verməyə
gecikmişdi. Buna görə də, o zaman əla
qiymətlərlə Azərbaycan Dövlət Xalq Təsərrüfatı
İnstitutunun Sənayenin iqtisadiyyatı fakültəsinə
daxil olmuşdu. Amma ürəyindəki sənət
eşqinə, aktyorluğa olan sevgisinə görə, bir ildən
sonra köçürülmə yolu ilə İncəsənət
İnstitutunun Aktyorluq fakültəsinin birinci kursuna gəlmişdi.
Hələ tələbə ikən institutda
İ.Əfəndiyevin, Şillerin, C.Məmmədquluzadənin
və digər görkəmli yazıçı və
dramaturqların tamaşaya qoyulan əsərlərində ona
verilən rolları məharətlə oynamışdı.
İnstitutu müvəffəqiyyətlə bitirdikdən
sonra istedadlı məzunu orada müəllim kimi saxlamaq istəsələr
də, Əli Nurzadə bunu istəməmişdi. O, bu həyata aktyor olmaq
üçün gəlmişdi və səhnədən
aralanmaq istəmirdi.
Heydər
Əliyev: “Sizin belə gözəl tamaşanız var, niyə
məni dəvət etməmisiniz baxım?”
Beləliklə, 1972-ci ildə təyinatla Sumqayıt
Dövlət Dram Teatrına göndərilən Əli Nurzadə
burada səhnə fəaliyyətinə başlayır və
çox keçmədən teatrın aparıcı aktyoruna
çevrilir.
İstedadlı aktyor bu teatrda
çalışarkən çoxsaylı yaddaqalan rollarda
çıxış etmişdi. Əli Nurzadənin səhnədə
həyat verdiyi möhtəşəm rollardan biri də general
Şıxlinski obrazı olmuşdu...
1982-ci il idi. Sumqayıt Dövlət
Teatrı Moskvada Nəriman Həsənzadənin Nəriman Nərimanovun
həyatından bəhs edən “Bütün Şərq
bilsin” adlı tamaşası ilə çıxış edərək
qastroldan qayıtmışdı. Həmin
vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi olan Heydər Əliyev də bu tamaşaya baxmaq istəmişdi.
Beləliklə, həmin il mart
ayının 22-də (Sumqayıt Dövlət Dram
Teatrının öz binası olmadığı
üçün) Akademik Milli Dram Teatrında həmin
tamaşanı oynayırlar.
Tamaşa Heydər Əliyevin çox xoşuna gəlir
və o səhnəyə çıxaraq deyir ki, “...Sizin belə
gözəl tamaşanız var, niyə məni dəvət
etməmisiniz baxım?”
Daha sonra general paltarında səhnəyə
çıxan Əli Nurzadə məlumat verir ki, Sumqayıtda
teatr binası yoxdur və onlar kirayədə fəaliyyət
göstərirlər.
O zaman Ulu
Öndər elə oradaca qərar verir, yeri də özü
seçir və Sumqayıtda Heydər Əliyevin dediyi yerdə
nəhəng bir teatr binası tikilir. Əli Nurzadə isə
həmin il teatra direktor təyin edilir və
5 il bu vəzifəni icra edir. Daha sonra isə
Akademik Milli Daram Teatrının
çağırışı ilə və Mədəniyyət
Nazirliyinin əmri ilə həmin teatra aktyor təyin olunur.
Əli Nurzadə Akademik Milli Dram Teatrının səhnəsindəki
tamaşalarda da silsilə və yaddaqalan rolların
ifaçısı olur. “Şeyx Xiyabani” tamaşasında Şirzad bəy, “Atabəylər”də
Nizami Gəncəvi, “Torpağa sancılan qılınc”da Qazan
xan, “Fəryad”da Nəsimi, “Mənsiz dunya”da Mirzə Fətəli
Axundzadə və sair kimi möhtəşəm rolları
müvəffəqiyyətlə canlandırır... Ümumiyyətlə,
istedadlı sənətkar hər zaman səhnədə və
filmlərdə yaratdığı parlaq obrazlarla
tamaşaçı qəlbini fəth etməyi bacarır...
1972-ci ildə
ailə həyatı quran Əli Nurzadənin üç
övladı olur: iki oğul, bir qız. Kiçik
oğlu Rövşənin doğulması isə çox qəribə
bir günə təsadüf edir. Aktyor
Sumqayıt teatrında işlədiyi müddətdə bir erməni
dramaturqunun əsərini işləyərək səhnəyə
qoyur. Baş rolda oynadığı tamaşanın səhnəyə
qoyulduğu ilk gün isə, 1975-ci il, martın 24-də oğlu
olması barədə muştuluq alır. Tamaşadan
bir neçə gün sonra sevinclə uşağı
çıxarıb evə gətirirlər. Sanki nağıl dünyasından çıxıb
gələn, ətrafına nur saçan bu şip şirin
uşağa adqoyma mərasimi edirlər və ona əfsanəvi
qəhrəman Koroğlunun əsl adı olan Rövşən
(mənası işıqlı, nursaçan deməkdir)
adını qoyurlar. Elə onun da xalqımızın qəhrəmanı
olacağını hiss edirmiş kimi...
Əli
müəllim deyir ki, burada sanki bir paradoks var: “Rövşən
erməni əsəri tamaşaya qoyulan gün doğuldu və
erməni əlində də şəhid oldu...”
9-cu sinifdə
oxuyanda evdən qaçaraq Birinci Qarabağ müharibəsinə
yollanır
Rövşən
lap kiçik yaşlarından dözümlülüyü,
ürəkli olmasıyla seçilir, bu xüsusiyyəti ilə
hər kəsin diqqətini çəkirdi. Heç nədən
çəkinmir, çətinliklərin üzərinə
qorxmadan yeriyirdi...
- Hələ
heç iki yaşı yox idi, evdə yaratdığım
ayrıca kitabxanadan kitab götürməyə gedəndə
Rövşən də iməkləyə-iməkləyə
arxamca gəlmişdi, lakin mənim bundan xəbərim
olmamışdı. Qapını açmaq istəyəndə
çeçələ barmağı qapının
arasında qalıb sınmışdı, o isə səsini
çıxarmamışdı. Bir vaxt
ayıldım ki, qapının ağzında sakit durub.
Barmağının sındığını biləndən
sonra qucağıma alıb maşınla təcili xəstəxanaya
apardım, inanırsınız, o yolda da, müalicə ərəfəsində
də səsini heç çıxarmadı...
Bir dəfə
kəndimizdə Rövşən uşaqlarla futbol oynayanda top
gedib düşmüşdü itlərin yanına. Heç kim cəsarət edib topu götürə bilməmişdi.
Rövşən demişdi ki, mən gedib
götürəcəm. O zaman itlər
düşmüşdü onun üstünə, başı,
sifəti, bədəni yaralanmışdı, atam güclə
almışdı uşağı əllərindən. Mənə
zəng vurmuşdular, gedib gördüm ki, xəstəxanadadır...
Kitabxanamda xüsusi bir rəfə dünya sərkərdələri
haqqında hərbi memuarlar yığmışdım. O, lap kiçik
yaşlarından həmin memuarları götürüb
oxuyurdu, tarixlə maraqlanırdı...
Birinci Qarabağ savaşının ən
qızğın vaxtı Rövşən 9-cu sinifdə
oxuyurdu, Sumqayıtda 31 nömrəli məktəbin şagirdi
idi. O zaman məktəbin
şagirdlərinə deyib ki, Qarabağa döyüşməyə
gedirəm. Beləcə bizə xəbər vermədən
avtobusa oturub yola düşür. Həmin
vaxt məktəb direktoru xəbər tutaraq bunu mənə
bildirdi. Gəldim Saray postundan ratsiya ilə
danışdım ki, avtobusda belə bir uşaq gedir, onu geri
qaytarın. Rövşən gedib
Ağdamda avtobusdan düşəndə soruşurlar ki, sən
kimsən, nəçisən? Deyib ki, tələbəyəm,
texnikumda oxuyuram. Soruşublar ki, bəs bura
niyə gəlmisən? Deyib ki, xalamgilə
gəlmişəm. Halbuki bizim Qarabağda heç bir qohumumuz
yox idi...
Hətta
o zaman kinorejissor Ənvər Əbluc Rövşənin bu
davranışı haqqında simvolik olaraq bədii film çəkmişdi...
Onu da deyim ki, Birinci Qarabağ müharibəsi zamanı
aktyor kimi hər zaman ön cəbhəyə gedir, əsgərlərimiz
qarşısında çıxış edir, konsertlərin
aparıcısı olurdum. 1991-ci ilin mart
ayında isə Şuşada idim. Aktyor Nurəddin
Mehdixanlı da, mən də əlimizdə silah
döyüşçülərin arasında idik. Elə həmin ay axırıncı dəfə biz
Cıdır düzündən hərbi vertolyotla Ağdama
uçduq. Ermənilər
aşağıdan bizi gülləyə tutdular. Birtəhər gəlib Ağdama çatdıq.
Yəni mən mütəmadi Qarabağda olurdum, orada baş
verənlərin hamısının şahidi və
iştirakçısı idim...
Rövşən
də öz davranışları ilə sanki mən
tökdüklərimi yığışdırırdı...
Onda qorxmaq söhbəti yox idi, çox ciyərli, ürəkli
idi. Elə bu xüsusiyyəti ilə də mənə
oxşamışdı. Mən özüm də
zamanında o qədər xəta-bəladan qurtarmışam ki, amma Allah
qoruyub...
Gülə-gülə
gəlib dedi ki, müharibəyə gedirəm...
-
Rövşən həm də idmançı idi. O, orta məktəbdə
oxuyanda Sumqayıtda, Bakıda, Şirvanda, Gəncədə,
Qazaxda boks yarışlarında iştirak edirdi. Orta məktəbi bitirib hərbi sahəni seçdi.
Hərbi Akademiyada oxuduqdan sonra Qarabağa getdi.
Ağdamdakı hərbi hissədə 10 il
bölük komandiri oldu. O zamanlar vəziyyət çox pis
idi, mən hər zaman onun yanına gedib-gəlirdim,
görürdüm ki, onlar səngərlərdə
yaşayırlar, orada yatırlar. Hətta Rövşən
öz maaşı ilə spirt, bint alıb əsgərlərinin
ayağını sarıyırdı ki, göbələk xəstəliyi
düşməsin...
2002-ci ilin avqust ayında tərxis olundu, zabit kimi ehtiyata
buraxıldı.
Sonra
ikinci ali təhsil olaraq iqtisadiyyat üzrə
oxudu, bank sahəsində işini davam etdirdi. Bir
neçə bankın direktoru oldu. Bir müddətdən
sonra restoran işlətdi...
Amma fikri-zikri hər zaman hərbidə idi. İkinci
Qarabağ müharibəsindən bir-iki gün qabaq səhər
tezdən qapını hövlnak açıb içəri
girdi. Anası soruşdu ki, Rövşən,
nə olub sənə? Dedi ki, yuxuda gördüm ki, atam
ölüb... Kitab oxuyurdum, başımı qaldırıb
dedim ki, a bala, hələ ölməmişəm, öləndə
məni özün aparıb dəfn edərsən,
ehsanımı verərsən...
Üzərindən bir neçə gün keçəndən
sonra gördüm yenə tezdən gəldi, bu dəfə
gülürdü. Dedi müharibəyə gedirəm. Anasının
pis olduğunu görüb söylədi ki, mən gedib sadəcə
təlim keçəcəm, yaşlı adamam. Demə, əvvəldən gedib Yasamal Rayon Hərbi
Komissarlığına ərizə verib, müharibəyə
getmək istədiyini bildirib. Onun bu barədə səs
yazısı da var. Deyir ki, “cavan uşaqlar gedib müharibədə
şəhid olacaqlar, ora bizim kimi təcrübəli zabitlər
lazımdır...” Rövşənə dedim ki, axı
müharibədə sənə çətinlik olacaq,
yaşın o yaş deyil... O söylədi ki, “Cənab
Prezident elə bir ordu yaradıb ki, biz qısa bir müddətdə
torpaqlarımızı azad edəcəyik. Erməni bizim
qabağımızda dura bilməyəcək...”
Təsadüfən Türkiyədə Ağdəniz Universitetinin
2-ci kursunda oxuyan böyük oğlu Vaqif də burada idi. Mən,
oğlanları Vaqif və Kənan onu aparıb
komissarlıqdan yola saldıq. Maşına oturandan sonra
dedim ki, “Rövşən, ehtiyatlı ol, müharibədir”. O,
barmağını qaldırıb qələbə rəmzi
göstərdi və “narahat olma, ata, mən zəfər ilə
qayıdacam”, deyib getdi...
Səninlə
xoş, gözəl günüm gedibdi,
Zilim yoxa çıxıb, bəmim gedibdi.
Bir uzaq səfərə
gəmim gedibdi
İndi həsrət çəkən liman kimiyəm.
“Şuşada
məsciddə namaz qılacam, qurbanlar kəsəcəm...”
Rövşən tabor komandiri olaraq əvvəlcə
Füzulinin azadlığı uğrunda gedən
döyüşlərdə iştirak etmişdi. Füzuli azad
olunandan sonra Cəbrayıla keçdi. Onun
səs yazıları var. Deyir ki, “Biz Zəfər
yolundayıq”, “Mən Cəbrayıldayam, Bakıda qala bilmədim.
Cavan uşaqlar necə döyüşə bilər
bu mənfur düşmənlə, biz zabitlər xilas etməliyik
vətəni”. Qubadlıda da çəkilən
videoları var... Gündəlik anası ilə,
mənimlə, yoldaşı ilə, oğlanları ilə
danışırdı. Demə, o,
Qubadlıda yaralanıbmış, amma bizə heç nə
deməmişdi. Sonradan şəkillərdə
baxıram ki, əlində əsa var...
Onun əsgərləri, zabitləri danışır ki,
başqa taborun əsgər və zabitləri də səhərə
qədər gəlib Rövşənin vətənpərvərlik
əhvalında olan çıxışlarına, söhbətlərinə
qulaq asırdı. O, sanki bizə döyüşmək üçün
ruh verirdi...
Noyabrın
2-də tezdən Rövşən mənə zəng vurub dedi
ki, Cəbrayıla gəlmişik. Dedim axı siz Cəbrayılı
azad etmisiz?! Dedi bilmirəm, harasa getməliyik. Axşamtərəfi
zəng etdi, dedi ki, ata, biz buradan gedirik, amma telefonda deyə
bilmərəm ki hara. Ayın 2-dən sonra daha
ona zəng çatmadı. Çox narahat
idim. Demə, onlar Şuşaya gedirmişlər...
30 kilometr məsafədə meşənin içi ilə,
dağların başı ilə palçığın
içində, dumanlı havada yol gedirlər. Əslində
Rövşən Qubadlıda qalmalı imiş, amma deyir ki, mən
Şuşanın alınmasında mütləq iştirak etməliyəm...
Noyabrın əvvəlində Daşaltıda şiddətli
döyüşlər gedəndə Rövşəngilin də
yanına mərmi düşür və nəticədə həm
özü, həm də 4 əsgəri yaralanır. Həmin əsgərləri
arxaya təxliyyə edirlər, Rövşənə də
deyirlər ki, komandir, sən də yaralısan, onlarla get. Deyir ki, “birimiz canımızla, birimiz qanımızla
əldə etməliyik Qələbəni”. Çantasından sonuncu ağrıkəsici dərmanı
çıxarır və döyüşçü
yoldaşlarına deyir ki, bunu mənə vurun. Həm də əlavə edir ki, “narahat olmayın,
Şuşanı alacağıq və orada məsciddə namaz
qılacam, qurbanlar kəsəcəm. Öz əlimlə
sizə kabab çəkəcəm...”
Rövşən
kimi mərd oğullar sayəsində Vətən xilas oldu
Ayın 6-da artıq onlar Şuşanın girəcəyinə
çatırlar. Orada bir təpə var, oranı
dönüb qapıdan içəri, şəhərə
daxil olursan. Rövşən həmin təpəyə
birinci keçir. Hətta o zaman IX taborun Sərxan
adlı komandiri deyir ki, “Rövşən, axı biz
nizam-intizamla getməliyik, sənin yerin bizdən sonradır”.
O isə inadından dönməyib irəli gedir. Həmin vaxt qəflətən qabaqlarına 20-30 nəfər
silahlı erməni çıxır. Atışma
zamanı Rövşənə iki güllə dəyir.
Bir güllə
qadağan olunmuş güllə olub,
fırlana-fırlana düz ürəyinə çatıb.
Özü də ayağından yaralı olan Sərxan Rövşənin
başını alır qucağına. Rövşən
ona deyir ki, “Sərxan, biz bu qədər yolu qələbə
ilə gəlmişik, indi Şuşanın girəcəyində
ölməyə haqqımız yoxdur. Biz Şuşaya
girməliyik...” Amma döyüş
yoldaşları nə qədər çalışsalar da,
Rövşəni ölümün əlindən ala bilmirlər.
Üzərindən 45 dəqiqə keçdikdən sonra o kəlmeyi-şəhadətini
pıçıldaya-pıçıldaya haqq dünyasına
qovuşur...
Rövşənin şəhidliyindən noyabrın 11-də
xəbər tutdum. Həmin axşam qardaşım, kürəkənim
gedib Füzulidən onun nəşini gətirdilər. Rövşəni II Fəxri xiyabanda dəfn etdik.
Onun dəfnində çox adam iştirak
edirdi. Orada çıxış etdim, dedim ki, mən tək
Rövşən Nurzadənin deyil, bütün Azərbaycan
şəhidlərinin atasıyam...
Bir müddət əvvəl Şuşaya Rövşənin,
igid oğullarımızın qanları, canlarıyla
açdığı “Zəfər yolu” ilə səfər
etdim. O
yollardan keçdikcə qəhrəman
övladlarımızın necə çətin
çığırlardan, sıldırımlardan, dərələrdən
keçərək Şuşanı azad etməsinin bir daha
şahidi oldum və onlarla fəxr etdim. Bu günü, Qələbə
gününü bizə Cənab Prezident İlham Əliyev və
onun müzəffər ordusu yaşatdı...
Bütün dünya Azərbaycan xalqının
gücünü gördü. Biz dünyaya sübut etdik ki,
Qarabağ Azərbaycandır!
Rövşən
“Vətən uğrunda”, “İgidliyə görə”,
“Füzulinin azad olunmasına görə”, “Qubadlının
azad olunmasına görə”, “Şuşanın azad
olunmasına görə” medalları ilə təltif olunub.
Onu da
deyim ki, mən “Zəfər yolu” ilə Şuşaya gedib
Rövşənin son arzusunu reallaşdırdım,
Şuşada məsciddə namaz qıldım, onun və Vətən
uğrunda canından keçən əziz şəhidlərimizin
ruhuna dualar etdim...
Rövşən
kimi mərd oğullarımız olmasaydı, torpağı kim xilas edəcəkdi?! Müharibə vaxtı
kim cəbhədə şəhid olursa, o qəhrəmandır...
Bu dərdin
təskinliyi yoxdur
Amma hər bir şəhidin ölümü ailədə
tükənməyən, sonsuz faciədir, göz
yaşıdır. İnsanlar
yaşlaşır, dünyasını dəyişir, ata, ana,
bacı, qardaş itkisi ilə üzləşir, amma övlad
dərdi başqadır... Bu dərdi unutmaq olmur,
bu dərdin təskinliyi yoxdur. Müəyyən
vaxtlar olur, danışırsan, deyirsən, gülümsəyirsən,
amma ürəyində başqa hisslər keçirirsən. Buna ikinci plan deyirlər.
Viktor Hüqonun bir fikri var, deyir ki, insan
danışmayanda da fəryad edir. Bax mən
indi o vəziyyətdəyəm. Rövşənin
təbəssümlü, gülümsəyən sifəti gözlərimin
önündən getmir. O öz yoxluğu ilə mənim
də, anasının da ürəyinə dağ qoyub getdi. Biz
hər zaman düşünürdük ki,
yaşlaşacağıq, xəstələnəcəyik,
dünyamızı dəyişib öləcəyik,
Rövşən də bizi öz çiynində bu
dünyadan yola salacaq... Amma...
Elə
bil həmişə qara bir fikirlə yaşayırdım ki, mən
Rövşəni nə vaxtsa tez itirəcəm... “Əsgər
atası” filmində də yaralı oğulun atanın
qolları üstündə həlak olma səhnəsi hər
zaman məni diksindirirdi...
Bax eynilə
o dəhşətli hadisə mənim də başıma gəldi...
Səni
ürəyimdə dəfn eyləmişəm,
Mənimlə birgəsən, gündüz, həm gecə.
Kimsə
verə bilməz, mənə təsəlli,
Gəlib
o dünyada sənə yetincə...
“Hay ver mənə,
cənab leytenant”...
Azərbaycanın
Xalq artisti, Mədəniyyət və İncəsənət
Universitetinin dosenti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Əli Nurzadənin
acılı-şirinli həyat dəftərini vərəqlədik,
işıqlı ömrünün siyah üzünə bələd
olduq. Bundan sonrakı həyatına yazılan
ağrılı, Rövşənsiz tale yolunu irəliləməyin
onun üçün necə çətin olduğunun,
yaralı atanın bu dəhşətli qədərdən
qaçmaq, zamanı geriyə qaytarmaq üçün əbəs
çırpıntılarının şahidinə
çevrildik...
İndi Əli Nurzadə teatrda obrazdan-obraza girən bir aktyor, həyatda isə şəhid atasıdır. Dəli nərə kimi səhnələrdə gurlayan səsinə indi titrəklik hakim kəsilib, qəm-kədər üzündə, alnında qüssəli bir cığır salıb, gözlərindən daim axmağa hazır olan acı yaş damlaları kirpiklərində ağır bir daş kimi ömürlük asılıb qalıb...
Sadəcə təsəllisi Rövşənin oğul yadigarları Vaqiflə, Kənandır...
Bir də bütün Azərbaycan xalqının qəhrəmanına, əfsanəvi Şuşa fatehinə çevrilən Rövşən kimi mərd oğulun atası olmağın qüruru...
Əli müəllimlə söhbətimizin elə bu məqamında onun telefonundan çox tanış melodiya, ardınca isə həzin səs yüksəldi. Şəmistan Əlizamanlı, “Hay ver mənə, cənab leytenant” söyləyirdi...
Qeyri-ixtiyari bir anlıq susaraq qulaq kəsildik, lap uzaqlardan küləyin gətirdiyi bir doğma hay gəldi qulaqlarımıza...
- Salam, ata!
- Salam,
ata!
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2021.- 7 noyabr.- S.10.