Kiyevdə Azərbaycanın İkinci Qarabağ
müharibəsində qələbəsinin
ildönümünə həsr edilmiş
dəyirmi masa keçirilib
Kiyevdə,
“Ukrainskiye Novosti” informasiya agentliyinin ofisində “İkinci
Qarabağ müharibəsində Azərbaycanın qələbəsi
beynəlxalq hüququn qələbəsinin və dövlətin
ərazi bütövlüyünün bərpa edilməsinin
mühüm presedentidir” mövzusunda dəyirmi masa
keçirilib.
AZƏRTAC
xəbər verir ki, 8 Noyabr - Azərbaycanın Zəfər
Gününə həsr edilmiş tədbirin təşkilatçısı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.
Dəyirmi
masa iştirakçıları Azərbaycan ərazilərinin
işğaldan azad edilməsi prosesini, Qarabağın və
ona bitişik yeddi rayonun 30 il işğal altında
olmasının nəticələrini, Azərbaycanın ərazi
bütövlüyünün və beynəlxalq hüququn
aliliyinin, işğaldan azad edilmiş ərazilərin bərpası
və inkişafı, regiona sülhün və sabitliyin
qaytarılması, Azərbaycan təcrübəsinin Ukrayna
üçün əhəmiyyəti məsələlərini
müzakirə ediblər.
Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk tədbiri açaraq qeyd edib ki, Ukrayna üçün mühüm strateji tərəfdaş olan Azərbaycanla hərtərəfli, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq fəal inkişaf edir. M.Qonçarukun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi regiona sülhü və sabitliyi qaytarıb, həm Azərbaycanın, həm də bütün regionun tarixində keyfiyyətcə yeni səhifə açıb. O deyib: “Azərbaycanın yaratdığı presedent – ölkənin ərazi bütövlüyünü və beynəlxalq hüququnun aliliyini müstəqil surətdə, öz səyləri hesabına bərpa etməsi bütün dünya üçün, xüsusən öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizə aparan Ukrayna üçün çox vacibdir”.
Tədbir çərçivəsində politoloq, jurnalist, “Pryamoy” telekanalının aparıcısı, bu yaxınlarda bir qrup jurnalist və politoloqla birlikdə Qarabağda səfərdə olmuş Taras Berezovets çıxış edib. O deyib: “Azərbaycanın nümunəsi bizim üçün ona görə maraqlıdır ki, 44 günlük müharibə başa çatandan dərhal sonra Azərbaycan öz ərazilərini bərpa etməyə başlayıb. Artıq bu ilin sentyabr ayında gördük ki, yüzlərlə kilometr yeni yollar salınıb, yolkənarı infrastruktur yaradılıb, işğal dövründə tamamilə məhv edilmiş, indi Qafqazın Hirosiması adlanan Ağdam kimi şəhərlərin bərpası planları artıq hazırdır.
Erməni xalqının indi revanşist şüarlara uyması, məğlubiyyətin əvəzini çıxmaq cəhdi çox böyük səhv olar. Radikal əhval-ruhiyyəli siyasətçilər erməni xalqını yeni hərbi münaqişəyə cəlb etmək istəyir, lakin belə cəhdlər onun üçün daha böyük fəlakət olar”.
Milli Strateji Tədqiqatlar İnstitutunun xarici siyasi araşdırmalar mərkəzinin əməkdaşı Mıkola Zamikula da bu yaxınlarda bir qrup jurnalist və politoloqla birlikdə səfərdə olub. O deyib: “Mənə Ağdam şəhərindən daha çox Cəbrayıla gedən yol güclü təsir bağışladı. Bu yolun ətrafında çoxsaylı keçmiş yaşayış məntəqələri var. Onlara baxdıqca düşünürdüm: bu evlərin yüzlərlə yaşı var. Burada kiminsə əcdadları yaşayıb və indi bu evlər dağıdılıb”.
Jurnalist, “Senzor.NET” internet portalının baş redaktoru Yuri Butusov deyib: “Mən də bu yaxınlarda Qarabağda olmuşam. Azərbaycanın çox mürəkkəb siyasi şəraitdə inkişaf etməsi məni heyrətləndirdi. Axı həmhüdud ölkələrin bəziləri ona düşmən münasibəti bəsləyir. Bütün bunlara baxmayaraq Azərbaycan öz siyasətinin reallaşması üçün çox mükəmməl strategiya qura bilib. Prioritetlər düzgün müəyyən edilib, resurslar düzgün paylanıb”.
“Den” qəzetinin siyasət şöbəsinin redaktoru jurnalist İvan Kapsamun vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək etməli olan bir sıra beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk qrupu əslində yalnız status-kvonun saxlanmasına şərait yaradıblar. Onun sözlərinə görə, Azərbaycan vəziyyətdə dönüş yaradıb və beynəlxalq təşkilatlara ümid etmədən öz ərazilərini qaytara bilib.
Azərbaycanşünas tarixçi Oleq Kupçik ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Qafqaza köçürülməsinin ilkin tarixi şəraiti barədə məlumat verib. Ötən əsrin əvvəlində erməni millətçiliyi aktları barədə tarixi məlumatlar səslənib.
Hərbi ekspert Yuri Koçevenko öz çıxışında qeyd edib ki, Azərbaycan nümunəsi ukraynalıları ruhlandırır, Azərbaycanın qələbəsi dövlətin diplomatik, hərbi, iqtisadi, informasiya və digər səylərinin düzgün əlaqələndirilməsi nümunəsidir.
“Doktrina” siyasi araşdırmalar mərkəzində beynəlxalq siyasət istiqamətinin əlaqələndiricisi Denis Moskalik beynəlxalq tərəfdaşların Azərbaycanı dəstəkləməsinin vacibliyi, habelə Qarabağın bərpasında xarici şirkətlərin iştirakının rolu barədə söhbət açıb.
“Doktrina” siyasi araşdırmalar mərkəzinin təhlükəsizlik
siyasəti departamentinin rəhbəri Qleb Parfyonov Azərbaycanın
yalnız öz qüvvələrinə və
tərəfdaşlarının siyasi dəstəyinə
güvənərək ərazi bütövlüyünü
bərpa etməsi barədə danışıb.
Azərbaycan.-2021.- 7 noyabr.- S.12.