Zəfər tariximizin qəhrəmanları

 

 

Azərbaycanda ordu quruculuğu Ulu Öndər  Heydər Əliyevin uzaqgörən siyasətinin əsasını təşkil edirdi

 

 

 

44 günlük Vətən müharibəsinin qalibiyyət bayrağını Qarabağda zirvələrə sancan Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. Bir ildir ki, bu Zəfərin sevincini yaşayan xalqımız, əlbəttə, döyüşlərin getdiyi günlərdə xilaskar ordusunun arxasında dayanmağı özünün borcu hesab etdi.

Xalq Ali Baş Komandana və onun əmri ilə hərəkət edən ordusuna inanırdı. Bu inam isə hələ illər öncə formalaşmağa başlamışdı. Daha doğrusu, Ulu Öndərin hakimiyyətinin birinci dövründən başlayan ordu quruculuğu ilə əlaqədar siyasətinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin layiqincə davam etdirməsi, Silahlı Qüvvələrin NATO standartları səviyyəsində inkişafına nail olması ilə bağlı idi. İnam isə qələbənin rəhnidir. Bu, məhz 44 günlük Vətən müharibəsində özünü bir daha təsdiqlədi...

Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də, təbii ki, onun silahlı qüvvələridir. Azərbaycan Ordusunun 1918-ci ildən başlayan keşməkeşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm salnaməsidir. Zamanın sınağından çıxan silahlı qüvvələrimiz Vətəni istənilən hücumdan qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz reallığına çevrilib. Bu uğuru Ümummilli Lider Heydər Əliyevin azadlıq və müstəqillik ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi dəyərləndirmək olar.

 

 

 

Misilsiz, əvəzedilməz xidmət

 

 

 

Silahlı Qüvvələrin yaradılması həm də müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğu istiqamətində tarixi, həm də misilsiz, əvəzedilməz, danılmaz xidmətlərindən biri də Silahlı Qüvvələri ağır böhranlı vəziyyətdən çıxarması, ordunu siyasi oyunlardan kənarlaşdırması oldu. Ordu quruculuğuna yeni məzmun verdi, yəni ölkədə müasir ordunun formalaşdırılmasının əsasını qoydu.

 

Ulu Öndər Heydər Əliyev hələ Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi lisey yaratdı. Ötən illər ərzində minlərlə gənc bu məktəbi bitirdi. Onlar bundan sonra ali hərbi məktəblərə daxil olaraq böyük ordu həyatına vəsiqə aldılar.

 

Çox da uzaq olmayan tariximizin səhifələrini vərəqlədikcə görüb və xatırlayırıq ki, Azərbaycan xalqının üzləşdiyi əsas problemlərdən biri hələ müstəqilliyini  bərpa etməmişdən öncə ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması idi. Belə ağır günlərdə xalqı öz ətrafında səfərbər edə biləcək şəxsiyyətin respublika rəhbərliyində olmaması Azərbaycanda toplanmaqda olan hərbi qüvvələri də güclü böhran qarşısında qoymuşdu.

 

O vaxtlar dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Bundan istifadə edən təcavüzkar Ermənistan havadarlarının hesabına əvvəlcə Dağlıq Qarabağda yaşayan azərbaycanlı əhaliyə qarşı qırğınlar törətdi. Sonra separatçılar onun ətrafındakı rayonların işğalına başladılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, əgər Ümummilli Lider Heydər Əliyev həmin illərdə respublikanın rəhbərliyində olsaydı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınardı. Bu sözlərin doğru olduğunu Heydər Əliyev əvvəlcə Naxçıvanda fəaliyyət göstərdiyi zaman, sonra Azərbaycan xalqının tələbi ilə respublika hakimiyyətinə qayıtdıqdan sonra gördüyü müstəsna xidmətləri ilə sübut etdi.

 

Tarixi varislik ənənəsinə uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.

 

 

 

Mükəmməl, müasir ordu quruculuğunun nəticəsidir ki...

 

 

 

Ümummilli Lider Heydər Əliyevin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının fəaliyyətə başlaması, 20 avqust 2001-ci ildə respublikamızda olan hərbi məktəblərin statusunun artırılması və nəhayət, 17 avqust 2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar, ordunun formalaşmasında əsaslı dönüşə səbəb oldu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycanda güclü maddi-texniki təchizata, həmçinin müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur. Bu gün Azərbaycanın ali hərbi məktəblərdə, hətta bir sıra xarici ölkələrin nümayəndələri təhsil alırlar.

 

Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır.

 

Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, başlanğıcını hələ sovetlər dövründən götürüb. Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov deyir ki, Ulu Öndər Heydər Əliyevin dəfələrlə qeyd etdiyi kimi, XX əsrin 70-ci illərindən etibarən peşəkar hərbi kadrların hazırlanması məsələsi Azərbaycan xalqının əsas vəzifələrindən birinə çevrilmişdi. Bütün bunların nəticəsində həm gənclərin hərbi xidmətə çağırış işi təkmilləşdirildi, həm də azərbaycanlıların xüsusi ixtisas hazırlığı verən hərbi hissələrə göndərilməsi artdı: “Ümummilli Lider Heydər Əliyevin Sovet İttifaqı dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. Ona görə də azərbaycanlı zabitlərin sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi. Ulu Öndər çalışırdı ki, yüksək vəzifəli sovet zabitləri arasında azərbaycanlılar da olsun”.

 

Heydər Əliyevin özünün də xatırladığı kimi, bu ali hərbi məktəblərin hər birinə ildə 300 nəfər qəbul olduğu halda, XX əsrin 70-ci illərində Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində cəmi 10-15 nəfər, Bakı Ali Hərbi Dənizçilik Məktəbində isə cəmi 1-2 nəfər azərbaycanlı gənc zabit peşəsinə yiyələnirdi.

 

 

 

Zəfərin mübarək, ordum!

 

 

 

Ulu Öndər hazırda hərbi lisey adlanan C.Naxçıvanski adına məktəbin açılmasını belə xatırlayırdı: “Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, milli ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük. Nəinki düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşükonlar indi öz nəticəsini verir. Xatirimdədir, 1970-ci ildə, 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm. Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovet İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovet İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovet İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovet İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bunu dərk edə bilməyən adamlar da, buna adicə bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur. Deməliyəm ki, o vaxt biz məktəbi yaradanda onun əleyhinə Moskvadan, Sovetlər İttifaqının mərkəzindən çox etirazlar edirdilər. Buraya bir neçə dəfə komissiyalar göndərdilər, yoxladılar, bunun qeyri-qanuni olması barədə qərarlar çıxardılar. Ancaq mən öz fikrimdən dönmədim. Heç bir təzyiq mənə güc gələ bilmədi. Mən tutduğum işi davam etdirdim. İxtisaslaşdırılmış bu hərbi məktəb - Azərbaycanın böyük sərkərdəsi, generalı Cəmşid Naxçıvanskinin adını daşıyan məktəb yaşadı, inkişaf etdi, kadrlar hazırladı...”

Bəli, məhz həmin illərdən başlayan hərbi quruculuq prosesi 2020-ci il noyabrın 8-də Qarabağın zümrüd tacı, Azərbaycanın Mədəniyyət Paytaxtı  Şuşada üçrəngli bayrağımızın yüksəldilməsi ilə nəticələndi. Şəhidimiz də oldu, qazimiz də, lakin xalqımızın illərlə gözlədiyi gün gəldi. Bu günə çatacağımıza Ulu Öndər özü inanırdı. İnanırdı ki, gün gələcək, vaxtilə yaratdığı ordu inkişaf edib güclənəcək, zəfər salnaməsini yazacaq.

Zəfər hərb tariximizə məhz belə yazıldı!

Budur, bir ildir dünya əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Ali Baş Komandan İlham Əliyevin formalaşdırdığı Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı zəfərdən danışır...

Zəfərin mübarək, ordum!

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2021.- 7 noyabr.- S.13.