Vətən müharibəsi
şəhidlərinin xatirəsinə abidə ucaldılıb
Lənkəran rayonunun Girdəni kəndində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə tikilmiş abidə-kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə şəhidlərin ailə üzvləri, Qarabağ qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq abidə kompleksi üzərinə tər çiçəklər düzülüb. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində rəşadətli ordumuzun erməni işğalçılarını darmadağın etdiyi 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasından bir il ötür. Bu qanlı-qadalı müharibədə qəhrəmancasına vuruşaraq düşmənə sarsıdıcı zərbələr vuran igidlərimiz arasında lənkəranlı gənclər də var. Onlardan bəziləri vətən torpaqlarının işğaldan azad olunması yolunda şəhidlik zirvəsinə yetişmiş, bəziləri isə yaralanaraq qazi olmuşlar.
Lənkəranda Vətən müharibəsi şəhidlərinə və qazilərə böyük ehtiramın bəslənildiyini, xatirələrinin əbədiləşdirilməsi məqsədilə adlarına bulaqların tikildiyini, xatirə lövhələrinin vurulduğunu, ad və anım günləri ilə bağlı tədbirlərin, mərasimlərin keçirildiyini diqqətə çatdıran T.Qaraşov onların vətən qarşısında xidmətlərinin heç vaxt unudulmayacağını, qəhrəmanlıqlarının hər zaman gənc nəslə örnək olacağını söyləyib.
Daha
sonra çıxış edən şəhid anası Bəyimağa
Ağayeva, Girdəni kənd Ağsaqqallar Şurasının
sədri Məmmədxan Kərimov və Girdəni kənd
sakini Namiq Bağırov Vətən
müharibəsi şəhidlərinin qəhrəmanlığını
yüksək dəyərləndirərək onların xatirəsinin
əbədiləşdirilməsi sahəsində görülən
davamlı işlərə görə ölkə Prezidentinə
və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını
çatdırıblar.
Ağaddin BABAYEV,
Lənkəran
Azərbaycan.-2021.- 7 noyabr.- S.15.