Tovuzda şəhidlərin xatirəsini əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib

 

 

Zəfər Günü ərəfəsində Tovuz rayonunun Aşağı Mülkülü kəndində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Eminalıyev Orxan Eyvaz oğlunun və Alıyev Qələndər Nofəl oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

 

Açılış mərasimində rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər.

 

Mərasimdə çıxış edənlər Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışmış və qeyd etmişlər ki, şərəfli döyüş yolu keçən Orxan və Qələndərin, eləcə də onlar kimi yüzlərlə igid oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq.

 

Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

 

Zəfər Günü ilə əlaqədar Tovuz Rayon Mədəniyyət Mərkəzində şəhidlərin mülki həyatda olan fotoşəkillərindən ibarət “Keçən günlər müqəddəs bir xatirədir” adlı sərgi də təşkil edilmişdir. Sərgi noyabrın 10-dək davam edəcəkdir.

 

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2021.- 7 noyabr.- S.15.