İrina Vlax: İnkişaf etməkdə olan münasibətlər hər iki ölkənin xeyrinədir

 

Noyabrın 4-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri İrina Vlaxın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Adil Əliyev ölkəmiz üçün böyük tarixi əhəmiyyətə malik Zəfər gününün qeyd olunduğu bir vaxtda həyata keçirilən bu səfəri yüksək qiymətləndirib. Ölkələrimiz arasındakı münasibətlərə toxunan Adil Əliyev Azərbaycan və Moldova arasında əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. O, Qaqauziyada Heydər Əliyev Fondu tərəfindən 650 yerlik məktəbin tikilməsinin iki ölkə arasında dostluq əlaqələrinin bir nümunəsi olduğunu diqqətə çatdırıb. Milli Məclis sədrinin müavini 2020-ci ildə Moldovada keçirilən seçkiləri müşahidə etmək məqsədilə bu ölkəyə səfər edərkən parlamentdə keçirdiyi görüşləri xatırlayıb, parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin Azərbaycan-Moldova əlaqələrinin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Adil Əliyev qonaqlara Azərbaycanın 44 günlük Vətən müharibəsində 30 il ərzində Ermənistanın işğalı altında olan ərazilərini işğaldan azad etməsi və bununla da bölgədə yaranmış yeni reallıqlar və iqtisadi imkanlar barədə də məlumat verib.

Diqqətə çatdırıb ki, ölkəmiz uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistan danışıqlar prosesini pozaraq ardıcıl təxribatlar törədir, münaqişənin həllinin uzadılmasına çalışırdı. Nəticədə isə düşmənin sonuncu belə təxribatının qarşısı alınaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusu tərəfindən əks-hücum əməliyyatlarına başlandı və 44 gün ərzində düşmən ordusu darmadağın edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Adil Əliyev Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı barədə də qonaqlara geniş məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım İrina Vlax inkişaf etməkdə olan münasibətlərin hər iki ölkənin xeyrinə olacağını qeyd edərək, Azərbaycanı qazandığı tarixi Zəfərə görə təbrik edib. Qonaq həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə iştirak edən Milli Məclisin Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev bu cür səfərlərin əhəmiyyətindən danışıb, tarixi Zəfərimizin ildönümündə dostlarımızı ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

Azərbaycan.- 2021.-5 noyabr.- S.10.