Milli Məclislə UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub

 

Noyabrın 4-də Milli Məclisdə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev UNICEF-in Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bəxtiyar Əliyev hələ ötən əsrin 90-cı illərindən etibarən BDU-nun psixologiya kafedrasının xətti ilə UNICEF ilə əməkdaşlıq etdiklərini, birgə səylərlə Azərbaycanda məcburi köçkünlərin psixoloji reabilitasiyası proqramını hazırlayaraq həyata keçirdiklərini, yeniyetmə məcburi köçkünlərin psixoloji vəziyyəti ilə bağlı araşdırmalar apararaq tövsiyələr hazırladıqlarını bildirib. Hazırda münaqişəyə son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu və dağıdılmış ərazilərin ağıllı şəhər, ağıllı kənd konsepsiyası əsasında qurulduğunu deyib. 30 ilə yaxın işğal altında qalmış doğma Ağdam şəhərində Azərbaycan Prezidenti tərəfindən böyük tarixi olan 1 saylı ümumtəhsil məktəbinin təməlinin qoyulduğunu, qarşıdakı illərdə əhalinin doğma yurd yerlərinə qayıdışının və məskunlaşmasının baş tutacağını qeyd edib.

Milli Məclisin komitə sədri işğaldan azad olunmuş bölgələrdə çoxlu sayda orta və peşə təhsili məktəbləri, Qarabağ Universiteti, innovasiyalar mərkəzləri yaradılacağı barədə qonağı məlumatlandırıb. Qeyd edib ki, həmin ərazilərdə elm və təhsilin yeni infrastrukturunun yaradılması həm məktəbəqədər, həm də məktəb təhsilinin yüksək səviyyədə təşkili üçün kadr hazırlanmasına da geniş imkan yaradacaq.

Bəxtiyar Əliyev Milli Məclislə UNICEF arasında geniş spektrdə əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan tərəfdən ratifikasiya edilmiş konvensiyaların milli qanunvericilikdə implementasiyası istiqamətində mühüm addımlar atıldığını, yeni qanun layihələrinin hazırlanıb qəbul olunduğunu, xüsusilə sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə əlaqədar inklüziv təhsilin həyata keçirilməsi üçün qanunvericiliyə əhəmiyyətli dəyişikliklər edildiyini bildirib. Yeni çağırışlarla bağlı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik ifadə edib.

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens birgə fəaliyyət sayəsində ölkəmizdə əldə olunmuş uğurları yüksək dəyərləndirib. Bir sıra istiqamətlərdə Azərbaycanın təcrübəsinin digər ölkələrdə yayılması vacibliyindən danışıb. Münaqişənin və pandemiyanın son 2 ildə yaratdığı çətinliklərə toxunub. Postmüharibə dövründə ölkəmizdə reallaşdırmaq istədikləri layihələr barədə məlumat verib. İnklüziv təhsil, məktəbəqədər təhsil, sosial biznes modeli, uşaqların erkən inkişafı, ANAMA ilə əməkdaşlıqları və digər layihələrdən söhbət açıb.

Aleks Haykens Milli Məclisin Elm və təhsil komitəsi ilə əməkdaşlığı vacib saydıqlarını vurğulayıb.

 

***

 

Həmin gün Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ilə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Haykens arasında görüş keçirilib.

UNICEF ilə ölkəmiz arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayan Hicran Hüseynova vaxtilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin məhz bu qurumun tövsiyələrinə əsasən genişləndirilərək ailə və uşaq məsələlərini də əhatə etdiyini bildirib. Uzun illər rəhbərlik etdiyi həmin komitədə UNICEF-lə birgə həyata keçirdikləri layihələrdən danışıb.

Milli Məclisin komitə sədri uşaq hüquqları ilə bağlı bütün mühüm məsələlərin Azərbaycan qanunvericiliyində əhatə olunduğunu qeyd edib. Dövr dəyişdikcə meydana gələn yeni problemlərin qanunla tənzimlənməsinə parlamentdə hər zaman ciddi diqqət yetirildiyini bildirib. Uşaqlarla bağlı yeni çağırışlarla əlaqədar bir çox tövsiyələrin müəllifinin Azərbaycanın birinci xanımı, uzun illər millət vəkili olmuş Mehriban xanım Əliyevanın olduğunu vurğulayıb, onun təqdimatına əsasən qanunvericilikdə edilmiş dəyişikliklərdən danışıb. Müxtəlif ölkələrlə təcrübə mübadiləsi aparılmasının əhəmiyyətini yüksək dəyərləndirib.

Hicran Hüseynova Azərbaycanın təcrübəsini bölüşmək üçün UNICEF-in gələn ay keçirməyi planlaşdırdığı regional konfransda həmkarları ilə birgə məmnunluqla iştirak edəcəklərini bildirib. Uşaq strategiyasının hazırlanması, uşaqların erkən inkişafı ilə əlaqədar mövcud resursların düzgün koordinasiya edilməsi, uşaqların müdafiəsi, internetə çıxışa geniş imkanların olduğu ölkəmizdə uşaqların zərərli məlumatlardan qorunması və digər mühüm məsələlər barədə fikirlərini bölüşüb.

Görüşdə UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Aleks Haykens indiyə qədər olan dövrdə əməkdaşlıq əlaqələrinin nəticələrini müsbət dəyərləndirib. Eyni tempdə davam etmək üçün parlamentlə əməkdaşlığın, o cümlədən Ailə, qadın və uşaq məsələləri komitəsi ilə əməkdaşlığın davam etdirilməsi zərurətini vurğulayıb. UNICEF-in xətti ilə ölkəmizdə həyata keçirmək istədikləri layihələrdən danışıb.

Oktyabr ayında UNICEF-in Azərbaycanın Təhsil Nazirliyi və Minatəmizləmə Agentliyi olan ANAMA ilə birgə tərəfdaşlıq şəraitində, ölkəmizin Qarabağ bölgəsi və ətraf ərazilərində münaqişədən zərər çəkmiş uşaqları və ailələri partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmək, məlumatlandırmaq üçün Birgə Fəaliyyət Planı imzaladıqlarını, bu sahədə tərəfdaşlığın 2022-ci ilə qədər genişləndirildiyini bildirib.

Qarşıdan gələn Zəfər Günü ilə bağlı təbriklərin səsləndiyi bugünkü görüşlərdə Milli Məclis ilə UNICEF arasında birgə layihələr çərçivəsində gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

 

Azərbaycan.- 2021.-5 noyabr.- S.10.