Azərbaycanın ATƏT PA-dakı nümayəndə
heyətinin rəhbəri erməni nümayəndənin əsassız
ittihamlarına tutarlı cavab verib
Noyabrın 3-4-də ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilir. Sessiya öz işinə noyabrın 3-də Daimi Komitənin iclası ilə başlayıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Daimi Komitənin iclasında Milli Məclis nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev iştirak edib.
Tədbirdə ATƏT PA-nın prezidenti, Baş katibi və xəzinədarının hesabatları təqdim edilib, təşkilatın gələcək fəaliyyəti haqda fikir mübadiləsi aparılıb. İclasın cari beynəlxalq siyasi məsələlərin müzakirəsinə həsr edilmiş hissəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib. O, ötən il Ermənistanla Azərbaycan arasında münaqişənin başa çatması ilə regionun bərpa, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoyduğunu bildirib. Bir sıra nailiyyətlərin qazanılmasına baxmayaraq, ciddi çağırışların hələ də mövcud olmasını qeyd edib. Nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, cari ilin iyulunda Azərbaycan işğaldan azad edilmiş və münaqişədən zərər çəkmiş ərazilərdə yenidənqurma və reinteqrasiya işlərinin vahid proqram çərçivəsində aparılması ilə əlaqədar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaradıb.
Deputat azad edilmiş bütün şəhər, qəsəbə və kəndlərin Ermənistan tərəfindən 30 illik işğal zamanı talan olunaraq dağıdıldığını diqqətə çatdırıb və hökumətin infrastruktur, bərpa və yenidən qurma işlərinə yalnız bu il ərzində 1,3 milyard ABŞ dolları yönəltdiyini bildirib. O, son 10 ay ərzində Azərbaycanın mühüm regional layihələr reallaşdırdığını vurğulayıb. Cəmi səkkiz ay ərzində biz işğaldan azad edilmiş Füzuli şəhərində Qarabağın dünyaya açılan hava qapısı kimi fəaliyyət göstərəcək yeni Beynəlxalq Hava Limanının inşa edildiyi, eləcə də daha iki beynəlxalq aeroportun tikintisinin aparıldığı, həmçinin uzunluğu 800 kilometr olan avtomobil yollarının və ümumi uzunluğu 62 kilometr olan 5 tunelin inşası barədə üzv ölkələrin qurumdakı nümayəndə heyətlərinin rəhbərlərinə məlumat verib.
Azay Quliyev bu günlərdə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə Ermənistan vasitəsilə birləşdirəcək Zəngəzur dəhlizinin təməlinin qoyulmasını diqqətəlayiq hadisə olaraq qeyd edib. Deputat Azərbaycan hökumətinin hazırda əsas məqsədlərindən birinin ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarının öz yurd-yuvalarına təhlükəsiz qayıdışının təmin edilməsi olduğunu söyləyib. İşğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən minalanmasının bu prosesə böyük əngəl yaratdığını vurğulayıb. Bildirib ki, Ermənistanın bütün mina xəritələrini verməkdən boyun qaçırması nəticəsində 160-a yaxın günahsız şəxs, o cümlədən jurnalistlər həlak olub və ya yaralanıb.
Milli Məclisin deputatı Daimi Komitənin iclasındakı çıxışında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə qanunsuz erməni silahlı dəstələrinin hələ də mövcud olmasının sabitliyi təhdid altına saldığını və erməni əsilli Azərbaycan vətəndaşlarının ölkənin siyasi, sosial və iqtisadi həyatına inteqrasiya edilməsinə maneə yaratdığını vurğulayıb. O, üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən Ermənistanın qeyd olunan ərazidən qeyri-qanuni silahlı birləşmələrinin qalıqlarını çıxarması öhdəliyini götürdüyünü xatırladıb. Deputat bildirib ki, Azərbaycanın hazırkı post-münaqişə mərhələsində əsas prioritetlərindən biri Ermənistanla dövlət sərhədinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun delimitasiyası və demarkasiyasını həyata keçirməkdir. Azərbaycan, həmçinin bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörməti əsasında, o cümlədən bu prinsiplərə əsaslanan sülh müqaviləsinin imzalanması yolu ilə Ermənistanla dövlətlərarası münasibətlərin normallaşmasına hazırdır.
Sonda Azay Quliyev həmkarlarını artıq tarixə qovuşmuş “Dağlıq Qarabağ” və ya qondarma “status” kimi anlayışlara istinad etməməyə çağırıb, eləcə də bu cəhdlərin heç bir müsbət nəticə vermədiyini və reallığı əks etdirmədiyini vurğulayıb. Deputat iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan öz suveren hüququna və beynəlxalq təcrübəyə əsaslanaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaradıb. Deputat hər kəsi ölkəsinin bu legitim haqqına hörmət etməyə çağırıb. O, bu cür cəhdlərin Ermənistana, xüsusən də onun revanşist dairələrinə yanlış siqnal göndərdiyini, onlarda səhv ümid və gözləntilər yaratdığını, eləcə də üçtərəfli Bəyanatın imzalanması ilə regionda yaranmış kövrək sülhü təhdid altına saldığını vurğulayıb. Eyni zamanda, Ermənistanı Azərbaycanın sülh təklifinə adekvat cavab verməyə, qonşuları ilə münasibətləri normallaşdırmağa çağırıb.
İclasın davamında Ermənistan nümayəndə heyətinin yeni rəhbəri Eduar Ağacanyan ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib.
Azay Quliyev təkrar söz alaraq erməni nümayəndə heyətinin
rəhbərinin əsassız ittihamlarına tutarlı cavab verib. Deputat erməni həmkarını
köhnəlmiş və artıq heç
bir mənası olmayan
narrativlərdən əl çəkməyə
çağırıb, ermənilərin təbliğat məqsədilə
istifadə etdiyi böhtan
və yalan xarakterli
çıxışlarının artıq ikrah
və gülüş hissi
doğurduğunu bildirib.
Azay Quliyev Ermənistan
nümayəndə heyətinin yeni rəhbərinin
əvvəlki həmkarının səhvlərini təkrar
etməməyə, konstruktiv olmağa və parlament dilini öyrənməyə səsləyib.
Azərbaycan.- 2021.-5 noyabr.- S.10.