Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ölkənin işğal olunmuş torpaqlarını azad etməsi ilə nəticələnin tarixi Qələbənin birinci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, xalqın və onun liderinin sarsılmaz birliyini, əyilməz iradəsini və əzmkarlığını bütün dünyaya nümayiş etdirdi. Bu gün şanlı Qələbənin ildönümünün qeyd edildiyi bir vaxtda biz Azərbaycan xalqı ilə birlikdə onun qəhrəmanlarına hörmətimizi ifadə edir, Vətən uğrunda canlarından keçmiş igidlərin xatirəsini yad edirik.
Tarixi ədalətin təntənəsi olan bu Zəfər beynəlxalq ictimaiyyətə güclü bir mesajdır. Beynəlxalq vasitəçiliyin münaqişənin həlli ilə bağlı nəticəsiz və faydasız səylərinin onilliklər boyu davam etməsindən sonra Azərbaycan sonsuz təxribatlara cavab olaraq qəti və səmərəli addımlar atmaqla BMT Təhlükəsizlik Şurasının ölkənin ərazi bütövlüyünə dair qətnamələrini birtərəfli qaydada icra etməyi və beynəlxalq hüququn norma və prinsiplərini bərpa etməyi üstün tutdu.
Biz, həmçinin bu Qələbəni Qara dəniz və Xəzər dənizi ərazisi regionunun geosiyasi və iqtisadi mənzərəsini dəyişdirən, onun strateji əhəmiyyətini daha da artıran köklü dəyişikliklərə və inkişafa səbəb olan tarixi hadisə kimi qiymətləndiririk. İşğaldan azad edilmiş torpaqların sürətli şəkildə bərpa edilməsi, bu ərazilərin milli iqtisadiyyata inteqrasiyası, həmçinin həyata keçirilməsi nəzərdə tutulan regional layihə və təşəbbüslər, şübhəsiz ki, bölgə ölkələrinin inklüziv əməkdaşlığına, regionun qlobal iqtisadiyyata daha sıx inteqrasiyasına və bütövlükdə inkişafının təmin edilməsinə töhfə verəcəkdir. Bu Qələbə müharibə şəraitində olan regiona çoxdan gözlənilən sülh, sabitlik və tərəqqi gətirə biləcək yeni eranın başlanğıcını qoydu.
Dost xalqları və strateji tərəfdaşları birləşdirən regional təşkilat olaraq biz bu mühüm coğrafi ərazini daha geniş beynəlxalq əlaqələrin və təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevirəcək regional layihələrə və təşəbbüslərə qoşulmaqda maraqlıyıq və onları dəstəkləməyə hazırıq.
Zati-aliləri,
İcazə verin, bu əlamətdar Zəfər Günü münasibətilə işğaldan azad edilmiş torpaqların bərpasına və inkişafına yönəlmiş plan və ideyalarınızın həyata keçirilməsində Sizə yeni-yeni uğurlar arzulayım, Azərbaycan xalqına isə sülh, inkişaf və rifah diləyim.
Altay Əfəndiyev
GUAM-ın Baş katibi
Azərbaycan.-
2021.- 11 noyabr.- S.11.