Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Bir il əvvəl Sizin komandanlığınızla rəşadətli Ordumuz əsl qəhrəmanlıq göstərdi, Ermənistanın ardıcıl təxribatlarının və yeni məkrli planlarının qarşısını almaq, işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə çox böyük uğurlar əldə etdi. Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri noyabrın 8-də 28 illik həsrətdən sonra işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək nadir əməliyyatlardan biridir. Sizin dediyiniz “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi artıq vətənpərvərlik harayına çevrildi. Bu böyük işi Sizin komandanlığınızla müzəffər Azərbaycan Ordusu uğurla yerinə yetirdi, şəhidlərimizin qanı yerdə qalmadı. Ölkəmizin ərazisinin ayrılmaz tərkib hissəsi olan, 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalmış Qarabağımızın cəmi 44 gün ərzində azad edilməsi Avropa Azərbaycanlıları Konqresinin ətrafında sıx birləşən Azərbaycan diaspor təşkilatlarının böyük sevincinə səbəb oldu.

Cənab Ali Baş Komandan, Sizin adınız bu Qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb. İşğal altındakı Vətən torpaqlarının azad edilməsi üçün göstərdiyiniz dəyanətə, əzmə, qətiyyətə görə Sizə minnətdarıq. Sizə uzun ömür, cansağlığı, yeni-yeni nailiyyətlər arzulayırıq. Biz, Avropada yaşayan azərbaycanlılar Vətən üçün qəti sözünü cəsarətlə deyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik, Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik.

Dərin hörmətlə,

 

Sahil Qasımov

Avropa Azərbaycanlıları Konqresinin prezidenti.

Belçika Krallığı, Brüssel

 

Azərbaycan.- 2021.- 11 noyabr.- S.11.