Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident,
Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirəm.
Bütün türk dünyasına qürur yaşadan Azərbaycanın şanlı Qələbəsi, eyni zamanda, tarixi ədalətin bərqərar olmasıdır. Sizin sarsılmaz iradəniz və müdrikliyiniz, Azərbaycan Ordusunun tükənməz əzmi və xalqın birliyi nəticəsində artıq doğma Qarabağımızda üçrəngli bayrağımız dalğalanır. Siz heç bir beynəlxalq maneəyə məhəl qoymayaraq bütün dünyaya bəyan etdiyiniz cəsarətli çıxışlarınız və dərin siyasi düşüncə ilə atdığınız diplomatik addımlar nəticəsində ata vəsiyyətini parlaq şəkildə yerinə yetirdiniz. Bu gün işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə heyrətamiz dərəcədə yenidənqurma və bərpa işlərinin aparılması, müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi Azərbaycanın hərtərəfli inkişaf etmiş bir dövlətə çevrilməsinin sübutudur.
Sizin təşəbbüsünüzlə yaradılan, türkdilli xalqların zəngin irsinin təbliği və qorunması istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müqəddəs Zəfər Günü ilə qürur duyur. Fondun bundan sonra da qurucu üzv dövlət kimi Azərbaycanın mədəni sahədə inkişafı və çoxəsrlik mədəni dəyərlərinin tanıdılması naminə daha artıq şövqlə fəaliyyət göstərmək əzmini yüksək diqqətinizə çatdırmaq istəyirəm.
Sizi bir daha möhtəşəm Zəfər Günü münasibətilə təbrik edir, ali dövləti vəzifənizdə böyük uğurlar, Azərbaycan xalqına daim firavanlıq arzu edirəm.
Dərin hörmətlə,
Günay Əfəndiyeva
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti
Azərbaycan.-
2021.- 11 noyabr.- S.11.