Şanlı Zəfər yolu ilə Böyük Qayıdışa doğru

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. Xalqımız heç zaman işğalla barışmamış, itirilmiş ərazilərin  gec və ya tez, sülh və ya hərb yolu ilə qaytarılacağına inamla yaşamış, Zəfər gününü böyük ümidlə gözləmişdir.

Ulu Öndər Heydər Əliyev vaxtilə məcburi köçkünlərlə görüşlərinin birində bu barədə özünəməxsus uzaqgörənliklə deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik”.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqın və Ulu Öndərin müqəddəs arzusunu on yeddi il ərzində qətiyyətlə, ardıcıllıqla həyata keçirdiyi hərtərəfli tərəqqi və sürətli inkişaf strategiyası, mükəmməl sosial-iqtisadi islahatlar və müasir ordu quruculuğu sayəsində gerçəkləşdirdi, möhtəşəm Zəfərin, misilsiz Qələbənin memarı və müəllifi kimi adını əbədi olaraq Azərbaycanın indiki və gələcək nəsillərinin yaddaşına, Vətən tarixinə yazdırdı. İndi biz Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Zəngilana və Qubadlıya da gedə bilirik.

Hələ ötən əsrin sonlarında - müstəqilliyin bərpası ərəfəsində və sonrakı illərdə respublikamızda baş verən hadisələr milli dövlətçiliyimiz üçün ciddi təhlükələr yaratmış və yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində bu təhlükələrin aradan qaldırılması mümkün olmuş, uğurlu gələcəyin və davamlı yüksəlişin təməli qoyulmuşdur. Bu mənada, əminliklə deyə bilərik ki, 1990-cı illərin əvvəllərində məğlubiyyət və məhrumiyyətlərlə üzləşən xalqımızda Qələbəyə inamı məhz Ulu Öndər Heydər Əliyev yaratmışdır. Bu baxımdan qüdrətli Azərbaycan dövlətini ötən il erməni faşizmi üzərində böyük Zəfərə gətirib çıxaran mühüm amillərdən bir neçəsini xatırlatmağı zəruri hesab edirik.

Bu Qələbənin kökündə unudulmaz Heydər Əliyevin gərgin səyləri nəticəsində hələ sovetlər dönəmində, 1971-ci ildə böyük uzaqgörənliklə Bakıda Cəmşid Naxçıvanski adına ixtisaslaşmış hərbi internat məktəbinin - indiki liseyin yaranması dayanır. Çünki 44 günlük Vətən müharibəsində fədakarlıqla döyüşən zabitlərimizin, peşəkar hərbçilərimizin əksəriyyəti həmin liseyin yetirmələri idi.

Bu Qələbənin kökündə ötən əsrin 70-80-ci illərində Azərbaycanın sosial-iqtisadi yüksəlişi hesabına güclü iqtisadi potensialın yaradılması dayanır. Çünki ölkəmizin müstəqilliyi dövründə, xüsusən, cənab İlham Əliyevin hakimiyyəti illərində həmin potensial məqsədyönlü şəkildə daha da gücləndirilmiş, sonralar Azərbaycanın böyük iqtisadi uğurları üçün baza rolunu oynamışdır. Müharibədə Qələbə çalmaq, otuz ilə yaxın davam edən işğala son qoymaq üçün ordunun döyüş qabiliyyəti ilə yanaşı, dövlətin iqtisadi potensialının da mühüm rol oynadığı heç kimə sirr deyil.

Bu Qələbənin kökündə müstəqil ölkənin dövlət başçısı kimi Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması, böyük dövlətlərlə, mötəbər beynəlxalq qurumlarla, dünya siyasətində mühüm rol oynayan nüfuzlu dairələr və mərkəzlərlə qurduğu səmərəli əməkdaşlıq praktikası dayanır. 44 günlük Vətən müharibəsi dövründə cənab İlham Əliyevin beynəlxalq qurumların nümayəndələri ilə danışıqları, dünyanın nüfuzlu mətbuat orqanlarına müsahibələri, Azərbaycanın haqq işinin dünya xalqlarına çatdırılması bu tarixi təcrübənin real nəticəsi olmuşdur.

Bu Qələbənin kökündə Heydər Əliyevin memarı, banisi və müəllifi olduğu uğurlu neft strategiyası dayanır. Bu strategiyanın qarşıya qoyduğu sosial, iqtisadi və siyasi hədəflər - neft gəlirlərindən səmərəli istifadə olunması ölkəmizin uzunmüddətli və hərtərəfli inkişafının əsasını qoymuşdur. 1994-cü ilin 20 sentyabrında bağlanılmış “Əsrin müqaviləsi” ilə həyata keçirilməyə başlanan möhtəşəm neft strategiyası təkcə Azərbaycanı iqtisadi tənəzzüldən çıxarmaq, ölkənin sosial-iqtisadi yüksəlişini təmin etmək məqsədi daşımırdı. Bu strategiya Azərbaycanın iqtisadi inkışaf konsepsiyasının bazis rolunu oynamaqla yanaşı, daha uzunmüddətli siyasi hədəflərə malik idi. 44 günlük müharibə zamanı biz yenidən həmin hədəfləri daha aydın görmək və qiymətləndirmək imkanı qazandıq.

 

Bu böyük Qələbənin kökündə dayanan ən başlıca amil isə Ümummilli Liderin Azərbaycana öz siyasi varisi olan İlham Əliyev kimi Prezident, Sərkərdə bəxş etməsidir.  

 

Ulu Öndər hələ 2003-cü ilin oktyabr ayının ortalarında xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Zaman Heydər Əliyevin uzaqgörənliyini, dahiliyini və müdrikliyini bir daha təsdiq etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən vacib və taleyüklü məsələni həll etdi  - Vətən torpaqları düşmən tapdağından azad olundu, Ermənistanın işğalına son qoyuldu!

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də - Şuşa şəhərinin işğaldan azad edildiyi gün Qarabağ uğrunda canından keçən igid oğullarımızın uyuduğu Şəhidlər Xiyabanından xalqımıza müraciət edərkən Ulu Öndərin ürəkləri riqqətə gətirən sözlərinə qayıdaraq demişdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

 

Ötən il sentyabrın 27-dən başlanan Zəfər tariximizin xronikası, hər günü, hər anı xalqımız üçün şərəf və qürur mənbəyidir. Həmin gün Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında təcavüzkarı sülhə məcbur etmək məqsədilə qətiyyətli əks-hücum əməliyyatlarına başladı, hər günü əsrə bərabər 44 gün çəkən hərbi əməliyyatların gedişində möhtəşəm qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Ən başlıcası, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının erməni silahlı birləşmələrinin işğal olunmuş torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən, lakin ikili standartlar üzündən illər ərzində kağız üzərində qalan qətnamələrinin icrasını özü təmin etdi.    

 

Rəşadətli və müzəffər ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ölkəmizin işğal altında olan əraziləri - ümumən 300-dən çox şəhər, qəsəbə, kənd, çoxsaylı strateji yüksəkliklər düşmən tapdağından azad edildi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi qəhrəman əsgər və zabitlərimizin şücaəti və igidliyi ilə keçirilmiş hərbi əməliyyatlar nəticəsində işğaldan qurtuldu.

 

Savaş meydanının son zirvəsi - alınmaz Şuşa qalasının azad edilməsi ayrıca bir qəhrəmanlıq dastanı, Zəfər xronikasının baş səhifəsidir. Qəhrəman Azərbaycan hərbçiləri, əsgər və zabitləri çətin relyef şəraitində yorulmadan, tərəddüd etmədən addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini misilsiz cəsarət və  mərdliklə yarıb keçdilər. Yaralanan və həlak olan döyüş dostlarını yerdə qoymayıb çiyinlərinə alaraq, başlarına yağan güllə yağışı altında sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşlə Şuşanı işğalçılardan azad etdilər.

 

Dünya hərb tarixində dərsliklərə düşən taktika, görünməmiş qətiyyət, hünər və fədakarlıq nümunəsi sayılan rəşadətli hücum əməliyyatı ilə möcüzə göstərərək, faktiki olaraq, Ermənistan ordusunu və Ermənistan dövlətini diz çökməyə, ağ bayraq qaldıraraq təslim olmağa və  kapitulyasiya aktını imzalamağa məcbur etdilər.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik və peşəkarlıq məharəti ilə idarə etdiyi Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanındakı zəfər yürüşü siyasi müstəvidə qazanılan parlaq qələbə ilə başa çatdı. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyini dərk edən düşmən məğlubiyyətini etiraf edərək, işğal altında saxladığı, güclü mühəndis-istehkam qurğuları və minalanmış sahələri ilə ordumuzu saysız-hesabsız itkilərə məruz qoymaq istədiyi Ağdam rayonunu, eləcə də təbii istehkam rolu oynayan mürəkkəb relyefə malik Laçın və Kəlbəcər rayonlarını döyüşsüz, qan tökülmədən Azərbaycan Respublikasına qaytarmağa məcbur oldu. 

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə dövlət başçısı seçildiyi 2003-cü ildən bu günədək həyata keçirdiyi irimiqyaslı, uzaqgörən və çoxcəhətli siyasi, iqtisadi, hərbi quruculuq strategiyası, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun möhkəmləndirilməsi, Azərbaycan haqqında həqiqətlərin və ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində gerçəkləşdirdiyi çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq xalqımıza görünməmiş müsibətlər, itkilər, əzablar gətirmiş ümummilli problemimiz olan münaqişəni hərbi-siyasi yolla həll etdi.

 

Əslində, cənab İlham Əliyev Prezident seçildiyi ilk günlərdən Qarabağ probleminin sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunacağına ümid etdiyini bildirir, lakin problemin həll olunmadığı təqdirdə hərbi yola əl atılacağını gizlətmirdi. Lakin istər bu problemin həllinə məsul olan beynəlxalq birliyin nümayəndələri, istər ayrı-ayrı maraqlı siyasi dairələr, istərsə də təcavüzkar Ermənistan rəhbərliyi bu bəyanatların daxili auditoriya üçün nəzərdə tutulan siyasi ritorika olduğunu güman edir, Azərbaycan xalqının bir zaman işğalla barışacağını gözləyirdi. İlham Əliyev isə dəfələrlə xalqımızın işğal faktı ilə barışmayacağını, lazım gəlsə, problemin hərb yolu ilə həll ediləcəyini vurğulayırdı. Görünür, Azərbaycan Prezidentinin öz xalqı qarşısında verdiyi hər bir vədə əməl etdiyini bilməyənlər və ya bilmək istəməyənlər bu reallığı dərk etmək iqtidarında deyildi. Zaman gəldi, Ali Baş Komandan problemin həll edilmək vaxtı olduğunu nəzərə alaraq orduya düşmən təxribatına nəinki sərt cavab vermək, hətta daha da irəli gedərək onları torpaqlarımızdan qovub çıxarmaq əmrini verdi.

 

Dünyada gedən ictimai-siyasi prosesləri diqqətlə izləyib təhlil edən Ali Baş Komandan məhz lazımi anda, lazımi yerdə taleyüklü qərarlar qəbul etməklə ordumuzu Zəfər yoluna çıxardı. Çünki dövlətimizin başçısı nəyin nə zaman və necə edilməli olduğunu yaxşı bilirdi.

 

Gündəlik fəaliyyəti, diqqət və qayğısı ilə dünyanın güclü orduları sırasına çıxardığı rəşadətli Azərbaycan Ordusuna torpaqlarımızın düşmən əsarətindən azad olunması üçün özünün cəsarətli, qətiyyətli və inamlı “İrəli” əmri ilə, hərbi əməliyyatlara bilavasitə başçılıq edərək, ölkəmizə qarşı yönəlmiş bütün təzyiqlərin qarşısına sipər çəkərək Ali Baş Komandan İlham Əliyev 30 illik işğala 44 gün ərzində son qoyan mahir sərkərdə və lider olaraq şanlı bir tarix yazdı, qalibiyyət bayrağımızı işğaldan azad  olunmuş ərazilərimizdə zirvələrə ucaltdı.

 

Dövlət başçısı seçildikdən etibarən Prezident İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü və genişmiqyaslı islahatlar ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini misilsiz dərəcədə artıraraq Vətən müharibəsində parlaq qələbənin qazanılması üçün möhkəm zəmin yaratdı. Azərbaycanın iqtisadi, hərbi gücünü və potensialını məharətlə işə salan Müzəffər Ali Baş Komandan döyüş meydanındakı qələbələri tarixi əhəmiyyətli siyasi qələbəyə çevirə bildi.

 

Bu gün valyuta ehtiyatları artıq 53 milyard dolları ötən Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzidir və müstəqil dövlətçiliyimiz özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk ilində ölkəmizin müdafiə xərcləri cəmi 0,9 milyard manat olduğu halda, 2020-ci ildə həmin göstərici 3,9 milyard manata çatmış, Azərbaycan Ordusu dünyanın ən döyüş qabiliyyətli ordularından birinə çevrilmişdir. 44 günlük Vətən müharibəsinin yekunu ölkəmizin iqtisadi, siyasi və hərbi cəhətdən regionda lider, dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlət olduğunu bir daha təsdiq etmişdir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları sayəsində bütün parametrlər üzrə özünün böyük resurs üstünlüyünü yaratmış Azərbaycan geosiyasi prosesləri öz xeyrinə dəyişməklə yanaşı, regionun iqtisadi coğrafiyasını yeni formata salmışdır.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu Vətən müharibəsində dünya hərb tarixində görünməmiş nümunə, müharibə qanunlarına ən ciddi şəkildə əməl etməklə müasir döyüş taktikası, texnoloji üstünlük nümayiş  etdirmişdir.

 

Əksəriyyəti Birinci Qarabağ müharibəsindən sonra dünyaya gələn, hətta Qarabağ torpaqlarını görməyən, ancaq illər boyu bu torpaqların azad edilməsi eşqi ilə yaşayan və ölümün gözünə dik baxan igid əsgərlərimiz Ali Baş Komandanın əmrini mərdlik və fədakarlıqla yerinə yetirərək tariximizin qəhrəmanlıq, şərəf və milli qürur səhifəsini yazdılar, Torpağı Vətənə qaytardılar, Vətəni bütöv etdilər.

 

Savaş günlərində Azərbaycan Ordusunun dayanmadan irəliləməsi, işğalçıya aman vermədən endirdiyi zərbələr ilə yanaşı, onun qüdrətli Sərkərdəsinin dəmir yumruğu, dəmir məntiqi və dəmir iradəsi daim düşməni lərzəyə saldı. Hərb sənətinin bütün incəliklərindən məharətlə istifadə edən Ali Baş Komandanımızın mütəmadi olaraq xalqa müraciətləri, açıq, inamlı və qətiyyətli çıxışları, xarici KİV-ə müsahibələri, düşmənə daha sarsıdıcı, mənəvi-psixoloji zərbələr vurmaqla çatdırması Zəfər gününün yaxınlaşmasında mühüm rol oynadı.

 

Bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbəmiz bütün uğurlarımızın  zirvəsi, Azərbaycan tarixində baş vermiş ən böyük və şanlı hadisədir. 

 

Vətən müharibəsində Qələbə, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsgərinin qanı, canı bahasına və əməyi nəticəsində qazanılmışdır. Xalqımız Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhidlər vermişdir. Azərbaycan dövləti daim şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmışdır və bu proses hər zaman yüksək səviyyədə davam edir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident tərəfindən qəbul edilmiş mühüm qərarlar bu gün tam şəkildə həyata keçirilir.

 

Azərbaycan naminə, ölkəmizin gündən-günə çiçəklənməsi, xalqımızın rifahı və xoş gələcəyi uğrunda Prezident İlham Əliyev ilə ən yaxın və etibarlı silahdaşı kimi çiyin-çiyinə fəaliyyət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və hərtərəfli fəaliyyəti də göz qabağındadır. Cəmiyyətimizdə xeyirxahlıq ünvanına çevrilmiş Heydər Əliyev Fondu şanlı Qələbə üçün canından keçən şəhidlərimizin ailələrinə yüksək diqqət və qayğı göstərir, yaralı əsgərlərimizin şəfa tapmasına hər cür kömək edir, ən yüksək ixtisaslı yerli və xarici mütəxəssisləri cəlb etməklə, onların müalicəsini və reabilitasiyasını təşkil edir.

 

Münaqişənin ilk dövrlərindən, hələ keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş, erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın işğalı ilə yanaşı, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. 2003-cü ildə prezident seçkiləri ərəfəsində seçicilərlə ilk görüşünü məcburi köçkünlər üçün salınmış qəsəbədə keçirərkən Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların vəziyyətinin yaxşılaşdırılması, onların problemlərinin həll olunması üçün zəruri tədbirlərin görüləcəyini bəyan etmişdi. Son 17 il ərzində bu sahədə aparılmış məqsədyönlü iş, həyata keçirilmiş mühüm dövlət proqramları nəticəsində erməni işğalı ilə bilavasitə üzləşmiş yüz minlərlə soydaşımız ləğv olunmuş çadır düşərgələrindən müasir qəsəbə və yaşayış komplekslərinə köçürülmüş, onlar üçün təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımız düşmən əsarətindən azad olunduqdan sonra xüsusi proqram əsasında öz doğma yurd-yuvalarına qayıdacaq soydaşlarımızın bütün fiziki məşəqqətləri ilə yanaşı, ağır mənəvi yük kimi səslənən “qaçqın və məcburi köçkün” həyatına və  statusuna  son qoyulur. Bu tarixi reallığın da müəllifi və memarı olan  Prezident İlham Əliyev demişdir: “Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik”.

 

Düşmən ərazilərimizi işğal altında saxladığı dövrdə Azərbaycana qarşı genosidin bütün formalarını həyata keçirmiş, şəhər, qəsəbə və kəndlərimizi viran qoymuş, yaşayış evlərini, infrastruktur obyektlərini, ictimai binaları dağıtmış, məhv etmiş, 9 şəhərimizi, o cümlədən “Qafqazın Hirosiması” adlandırılan Ağdam şəhərini, eləcə də digər şəhərlərimizi və kəndlərimizi yerləyeksan etmişdir.

 

Qədim tarixə, unikal maddi və mədəni irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ və Şərqi Zəngəzur torpaqları otuz ilə yaxın düşmən tərəfindən amansızlıqla, vəhşicəsinə istismar edilmişdir. İşğal olunmuş  ərazilərdə Azərbaycanla bağlı tarixi və mədəni irs tamamilə məhv edilmiş, yaşayış məntəqələrinin adları dəyişdirilmiş, regionun meşə örtüyü məqsədli olaraq məhv edilmiş, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulmuş, bölgələrin təbii landşaftı ciddi deformasiyaya uğradılmış, qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilmişdir.

 

Bu hələ azmış kimi, Vətən torpaqlarını işğaldan azad edən qəhrəman  ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verib geri çəkilməyə məcbur olan Ermənistan silahlı qüvvələri döyüş meydanındakı acınacaqlı məğlubiyyətin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki əhalini, eləcə də infrastruktur obyektlərini hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən ağır artilleriya və ballistik raketlərlə atəş açaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar.

 

44 günlük Vətən müharibəsi dövründə erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində 11 şəhər və rayon ərazisinə 30 minə yaxın raket və artilleriya mərmiləri düşmüşdür ki, bu da böyük dağıntılarla müşayiət olunmaqla, təxminən 4 min km2 ərazini əhatə etmişdir.

 

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradılmışdır. Dəymiş ziyanın qiymətləndirilməsi və onun aradan qaldırılması ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün Dövlət Komissiyası tərəfindən təxirə salınmadan iş aparılır.

 

11 şəhər və rayon üzrə təmir-bərpa işlərinin yerinə yetirilməsi nəzərdə tutulan 13 mindən çox obyektdə müvafiq işlər hazırda tamamlanmaq üzrədir.

 

Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatla müharibədəki qələbəmizin təsbit olunmasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm prioriteti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanması, yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Dövlətimizin başçısı qurucu lider olaraq işğaldan azad edilmiş əraziləri addım-addım, qarış-qarış gəzib orada aparılan bərpa və yenidənqurma prosesinə şəxsən rəhbərlik edir. “Biz müharibəni Zəfərlə başa vurduq. İndi sülh dövrünü də zəfərlə başlamışıq, zəfərlə başa vuracağıq”, - deyən Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası sahəsində dünyada nadir nümunə təqdim etməsi üçün də fədakarlıqla çalışır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilər üzrə hazırlanmış Strateji Fəaliyyət Planı əsasında bütün ərazilərin,  şəhər, qəsəbə və kəndlərin bərpasının vahid konsepsiya üzrə həyata keçirilməsinə başlanmışdır.

 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı qarşıya qoyulan vəzifələri yerinə yetirməkdədir. Dövlətimizin başçısı Qarabağın dirçəldiləcəyini və dünyanın ən inkişaf etmiş regionlarından birinə çevriləcəyini əminliklə bəyan etmişdir. İşğaldan azad edilmiş ərazilər hazırda böyük bir tikinti meydanıdır, burada  inşaat, quruculuq işləri ölçüyəgəlməz miqyas və vüsət almışdır. İlk növbədə, həyat təminedici işlər, o cümlədən elektroenergetika, su təsərrüfatı, kənd təsərrüfatı, rabitə və digər sahələrdə işlər qurumlararası qarşılıqlı əlaqədə yüksək sürətlə həyata keçirilir.

 

Torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan tarixində qazanılmış ən böyük Zəfər, xalqımızın ən böyük arzu və istəyini gerçəkləşdirmiş möhtəşəm Qələbə regionda yeni reallıqlar yaratmışdır.

 

Prezident İlham Əliyev imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli fərman ilə Azərbaycanın Zəfər salnaməsinin növbəti şanlı səhifəsini yazdı. İşğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi sahəsində aparılan genişmiqyaslı işlərin vahid proqram əsasında həyata keçirilməsinin məqsədəmüvafiqliyindən irəli gələn, regionun sürətli inkişafına, iqtisadi vəziyyətinin tarazlaşdırılmasına xidmət edən yeni bölgü bugünkü reallıqları əks etdirməklə böyük tarixi əhəmiyyət daşıyır.

 

Ermənistanla sərhəddə, eyni coğrafi məkanda yerləşmiş, tarixən ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını birləşdirən Şərqi Zəngəzur, Qarabağın dağlıq və aran ərazilərindəki Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonlarını və Xankəndi şəhərini, həmçinin bu bölgəyə aid Ağcabədi və Bərdə rayonlarını birləşdirən Qarabağ iqtisadi rayonlarının yaradılması yeni coğrafi, siyasi, iqtisadi reallıqların inikası kimi Azərbaycan dövlətinin siyasi iradəsini ifadə edir və regionun vahid formatda inkişafını şərtləndirir.

 

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirilən irimiqyaslı proqramların mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə icrasına, bölgənin çevik idarəetmə, yeni məskunlaşma və şəhərsalma strategiyasına uyğun inkişafına xidmət edir. Bu bölgü, eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun inkişaf strategiyasını digər iqtisadi rayonlar ilə tarazlaşdırılmış və qarşılıqlı şəkildə uzlaşdırılmış müstəviyə gətirir.

 

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın hökumət başçısının imzaladıqları 10 noyabr Bəyanatına əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ölkəmizə regional nəqliyyat-logistika qovşağı kimi güclü mövqe qazandırır. Digər tərəfdən isə Naxçıvan ilə birbaşa nəqliyyat kommunikasiyalarının bərpasını nəzərdə tutan, daha uzaq perspektivdə  “Bir kəmər - bir yol” layihəsinin önəmli həlqəsinə çevrilə biləcək Zəngəzur dəhlizi layihəsi bu diyarın inkişafına əhəmiyyətli dərəcədə təkan verməklə yanaşı, Türkiyə ilə birbaşa əlaqə yaradılması və ölkəmizin qlobal bazarlara çıxış və  tranzit imkanlarının artırılması kimi strateji əhəmiyyət kəsb edir. Cənubi Qafqazın iqtisadi arxitekturasını büsbütün dəyişən, gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malik bu nəqliyyat-kommunikasiya xəttinin açılması Azərbaycanın regionda rolunu daha da gücləndirəcəkdir.

 

Müharibənin başa çatmasından cəmi üç ay sonra Prezident İlham Əliyev tərəfindən təməli qoyulmaqla inşasına başlanmış, ümumi uzunluğu 100 kilometr olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Zəngəzur boyu Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə qədər uzanaraq Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi kimi böyük strateji əhəmiyyətə malikdir.

 

Azərbaycan postkonflikt dövrünün quruculuq işlərini yüksək sürətlə həyata keçirir, işğaldan azad olunmuş ərazilərin yenidən canlanması, müasir texnoloji layihələr tətbiq  etməklə çiçəklənən bir diyara çevrilməsi üçün real addımlar atır.

 

İşğaldan azad edilmiş ərazilərin bərpası üzrə aparılan işlərdə, planlaşdırmada hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınır. Eyni zamanda Qarabağ bölgəsinin təbiətinin xüsusiyyətləri nəzərə alınmaqla, onun zəngin turizm potensialından səmərəli istifadə edilməsi üçün turizm marşrutları işlənib hazırlanır.

 

Bu gün işğaldan azad olunan ərazilərin yeraltı və yerüstü sərvətləri, torpaq, meşə, su və digər resursları iqtisadi dövriyyəyə cəlb olunur. Kənd təsərrüfatının inkişafı baxımından böyük əhəmiyyət daşıyan bu torpaqlarda əkin işlərinin aparılması həm də ölkəmizin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasına xidmət edir. Eyni zamanda həmin ərazilərdə heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişafı nəzərdə tutulur.

 

Regionun su ehtiyatlarından səmərəli istifadə olunması, yaşıl enerji zonasına çevrilməsi, oradakı hidroenerji resurslarından istifadə edilərək su elektrik stansiyalarının tikintisi ölkənin su və enerji balansının tənzimlənməsinə mühüm töhfə verəcəkdir.

 

Bütövlükdə, işğaldan azad olunmuş ərazilərimizdə olan su ehtiyatlarının idarə edilməsi kənd təsərrüfatının inkişafına şərait yaratmaqla, xüsusən, yay aylarında əkin suyuna artan tələbatın ödənilməsinə imkan verəcəkdir.

Sürətlə aparılan bərpa-yenidənqurma tədbirləri sırasında bütün kənd və şəhərlərin elektrik enerjisi ilə təchizatı xüsusi önəm kəsb edir. Belə ki, bu, digər sahələrin də inkişafını təmin etməklə yanaşı, insanların doğma yurd-yuvalarına qayıtmasının tezləşdirilməsi üçün də vacibdir.

Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan etmişdir. Dövlətimizin başçısının regiona hər səfərində açılışlarını etdiyi su elektrik stansiyaları və yarımstansiyalarla getdikcə daha çox nura boyanan bu torpaqların, ümumilikdə, 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var.

İşğaldan azad olunmuş ərazilərin bərpası sahəsində Prezident İlham Əliyevin başçılığı ilə aparılan cari və perspektiv işlər Böyük Qayıdış planlarının reallaşdırılmasının təcəssümüdür. Bu ərazilərdə yenidənqurma və bərpa layihələrinin icrası, müasir infrastrukturun yaradılması üçün 2021-ci ilin dövlət büdcəsində, ilkin olaraq, 2,2 milyard manat həcmində maliyyə təminatı yaradılmış, eyni zamanda 2022-ci ilin dövlət büdcəsində də nəzərdə tutulmuşdur.

1994-cü ilin “Əsrin müqaviləsi”ndən 2021-ci ilin “Əsrin tikintisi”nə qədər misilsiz inkişaf yolu keçmiş Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sürətlə həyata keçirilən infrastruktur layihələri həmin ərazilərdə iqtisadiyyatın bərpa edilməsinə, Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyasına imkan verir.

Bu gün Şuşa göz önündə sürətlə dirçəlir, daha gözəl görkəmdə öz əvvəlki simasına qayıdır. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşamızın hər yerindən musiqi sədaları eşidilir. İllərdir bayramlarımızı Şuşada, Cıdır düzündə qeyd edəcəyimizi arzuladığımız məkanda bu gün Novruz tonqalımız şölələnir, Gövhər ağa məscidindən azan səsi ucalır. Şəhərin infrastrukturunun yenidən qurulması, mədəni-maarif obyektlərinin bərpası ilə bağlı  qərarlar yerinə yetirildikcə  Şuşada yeni bir həyatın başlanmasının şahidi oluruq.

Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olduğunu nəzərə alaraq Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi Şuşa şəhərində bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən icra olunan genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəni abidələr yüksək keyfiyyətlə bərpa olunur.

Gələn il 270 illiyini qeyd edəcəyimiz qədim Azərbaycan şəhəri Şuşada artıq “Xarıbülbül” Musiqi Festivalı, “Vaqif Poeziya Günləri” bərpa olunmuş, Milli Musiqi Günü qeyd edilmiş və Üzeyir bəy Hacıbəylinin heykəlinin yenidən ucaldıldığı parkda dahi bəstəkarın adını daşıyan XIII Beynəlxalq Musiqi Festivalının ilk konserti keçirilmişdir.

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşa məscidləri təmir olunur, dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən gülləbaran edilmiş büstləri, Bülbülün ev-muzeyi, Vaqifin məqbərəsi, Natəvan bulağı qısa bir zamanda bərpa olunaraq əvvəlki yerini tutmuşdur. 

Torpaqlarımız erməni işğalından azad olunduqdan sonra Qarabağ öz mədəni inkişafının yeni dövrünə qədəm qoyub. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın daha bir təntənəsinə çevrilib.

 

Azərbaycanın incisi olan Şuşamız artıq ən yüksək səviyyədə dövlət başçılarının görüşünə də evsahibliyi edib.  2021-ci il iyunun 15-də tariximizdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı.

Şuşa şəhərində birliyimizin, qardaşlığımızın təzahürü kimi Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olunmuşdur.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi, hər iki ölkənin ümumi mənafelərinin qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın başlanğıcını qoymuşdur.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında bu gün dünya miqyasında görünməmiş dostluq, qardaşlıq, tərəfdaşlıq və həmrəylik münasibətlərinin zirvəsi olub ikitərəfli münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırdı.

Bu gün Azərbaycan dünyada ən sürətli və keyfiyyətli postkonflikt quruculuğu və standartları ilə adını tarixə yazdırır. İşğaldan azad olunmuş ərazilərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının təşkil edilməsi, iqtisadiyyatın bərpası istiqamətində atılan addımlar, infrastrukturun təkmilləşdirilməsi bölgənin reinteqrasiyası və dirçəldilməsi üçün böyük imkanlar açır.

Azərbaycanın öz vəsaiti hesabına, heç kimdən asılı olmayaraq, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən artıq Şuşa ilə yanaşı, Ağdamın, Cəbrayılın, Füzulinin bərpası üzrə intensiv şəkildə həyata keçirdiyi  layihələrdə, istərsə də  Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının bərpası üzrə hazırlanmaqda olan baş planlarda yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiqinə əsaslanan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun yaşayış məhəllələrinə, kənd təsərrüfatı sahəsinə malik müasir tipli şəhər və kənd modeli üzrə dirçəldilən yaşayış məntəqələrimiz, Böyük Qayıdışımızla canlanan Qarabağ və Şərqi Zəngəzur torpaqlarının yüksək texnologiyalar və müasir yanaşmalarla sürətli bərpası “Biz səni dirçəldəcəyik!” deyən, imzası qədər etibarlı söz sahibi olan Prezident İlham Əliyevin mətin iradəsinin, qətiyyətinin, dönməz quruculuq amalının ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın gücünün, qüdrətinin dünyaya nümayişi, siyasi, strateji mesajıdır.        

İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması və nəqliyyat-logistika imkanlarından istifadə, regional iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Şərqi Zəngəzur iqtisadi rayonunun, əsasən, Cəbrayılı əhatə edən Arazboyu ərazisində artıq cənab Prezident tərəfindən təməli qoyulmuş “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı rəqabətqabiliyyətli və innovativ sənaye məhsullarının istehsalı üçün yeni imkanlar yaradır.

Füsunkar təbiətə, zəngin təbii sərvətlərə malik Zəngilan rayonu Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti ilə yanaşı, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən bu günlərdə təməli qoyulmuş Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, mükəmməl kommunikasiya infrastrukturu ilə regionun müasir nəqliyyat-logistika mərkəzinə çevrilərək, Azərbaycanın qətiyyətli mövqeyi ilə reallaşması gündən-günə yaxınlaşan strateji Zəngəzur dəhlizinə yol açır.

Xüsusilə vurğulanmalıdır ki, bərpa-quruculuq işləri minatəmizləmə əməliyyatları ilə paralel şəkildə həyata keçirilir. Ümumilikdə ötən müddət ərzində aparılmış minatəmizləmə əməliyyatları nəticəsində 45 mindən artıq mina və partlamamış hərbi sursat aşkar edilib, 20 minə yaxın hektar ərazi təmizlənib. İflasa məhkum olduğunu dərk edən, torpaqlarımızı tamamilə minalamış mənfur düşmən çirkin xislətini, qeyri-konstruktiv mövqeyini davam etdirərək basdırılan minalara dair xəritələri indiyədək təqdim etməmişdir və bu, minatəmizləmə işlərini çətinləşdirən ən əsas amildir.

Başdan-başa minalanmış ərazisi təmizlənərək, fantastik sürətlə, cəmi 8 ay ərzində inşası başa çatdırılmış, Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə açılışı keçirilmiş “Qarabağın hava qapısı” - Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları, hələ döyüşlər qurtarmadan Suqovuşan və Talış kəndlərinə çəkilişinə başlanan avtomobil yolları da daxil olmaqla, 16 layihə üzrə ümumi uzunluğu 815,8 kilometr olan avtomobil yolları, o cümlədən “Zəfər yolu” adlandırılan Əhmədbəyli-Füzuli-Şuşa yolu, mürəkkəb relyefli ərazilərdə yüksək sürət və texnologiyalarla inşa edilən digər avtomobil yolları, tunellər, yol ötürücüləri bölgənin inkişafına əhəmiyyətli təkan verməklə yanaşı, müasir tələblərə uyğun hərbi, siyasi və strateji əhəmiyyətli yol-nəqliyyat infrastrukturunun yaradılmasına xidmət edir və dövlətimizin gücünü bütün dünyaya göstərir. 

Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazılan, dövlət başçımızın rəhbərliyi, qətiyyəti, sərkərdəlik məharəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun rəşadəti və yüksək döyüş qabiliyyəti sayəsində təmin edilən bu şanlı Zəfər hər bir azərbaycanlıda böyük qürur və iftixar hissi doğurur.

Bu tarixi Qələbə barədə Prezident İlham Əliyev bu gün özünə xas yüksək səmimiyyət və təvazökarlıqla deyir: “Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik”.

Ölkəmizin potensial imkanlarından və qarşıda duran vəzifələrdən danışarkən  Prezident İlham Əliyev deyir: “Bizim gözəl iqlimimiz, təbiətimiz, torpağımız var, əlverişli coğrafi vəziyyətimiz,  zəngin təbii ehtiyatlarımız, gözəl, istedadlı insanlarımız var. Bunlar olan halda, biz mütləq və mütləq Azərbaycanı müasir, zəngin, qüdrətli dövlətə çevirməliyik və çevirəcəyik”.

Xalqa və xalq-dövlət birliyinə arxalanaraq həyata keçirdiyi irimiqyaslı layihələr, möhtəşəm qələbələr, Müzəffər Ali Baş Komandan kimi rəşadətli ordumuzla əldə etdiyi tarixi Zəfərlə Prezident İlham Əliyev bu gün Azərbaycanı yeni zirvələrə doğru inamla apararaq əzəli torpaqlarımıza Böyük Qayıdışımızı gerçəyə çevirir.

 

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.2021.- 6 noyabr.- S.1;5.