İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 112-ci kitabı çapdan çıxıb

 

İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 112-ci kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin yeni kitabındakı materiallar 2021-ci ilin may-iyun aylarını əhatə edir. O dövrün ölkə həyatında mühüm hadisələrindən biri Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı olub. Festivalın açılış mərasimində çıxış edən dövlətimizin başçısı deyib: Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir”.

 

Xatırladaq ki, dövlətimizin başçısı Şuşa şəhərinə səfəri çərçivəsində mayın 12-də, həmçinin “Xarıbülbül” hotelinin yenidən qurulmadan sonra açılış mərasimində, Şuşada yeni məscidin təməlinin qoyulmasında iştirak edib. Bununla bağlı informasiyalar, eləcə də Şuşada Xüsusi Nümayəndəliyin yerləşəcəyi inzibati binada görülən bərpa işləri, habelə Yaradıcılıq Mərkəzinin yerləşəcəyi binaŞuşa Rəsm Qalereyasında görülmüş işlərlə tanışlıq, Xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış, “Xan qızı” bulağını və Yuxarı Gövhər ağa məscidini ziyarət, Şuşa 1 saylı tam orta məktəbin təməlqoyma mərasimi və digər materiallar yeni nəşrə daxil edilib.

 

Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşa şəhərinə səfərinə aid informasiyalar, səfər çərçivəsində imzalanmış Şuşa Bəyannaməsinin, qardaş ölkələrin liderlərinin mətbuata bəyanatlarının mətnləri toplanıb.

 

Çoxcildliyin 112-ci cildində dövlətimizin başçısının Ağdam rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşünə dair materiallar, eləcə də Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdam şəhər 1 saylı orta məktəbin yeni binasının təməlqoyma mərasimlərində iştirakı, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksini, Qiyaslı məscidini, Şahbulaq qalasını ziyarət etməsi və digər tədbirlər haqqında informasiyalar yer alıb.

 

Oxucular bu kitabda Prezidentin Füzuli rayonuna səfəri zamanı Aşağı Köndələnçay su anbarına baxış, Əhmədbəyli-Füzuli-Şuşa yolunda, Zəfər yolunda və Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülmüş işlərlə tanışlığı, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlinin qoyulmasında, yeni tikilmişFüzuli” yarımstansiyasının açılış mərasimində iştirakı barədə materiallarla da tanış ola bilərlər.

 

Yeni nəşrdə Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri, Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimat mərasimində, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Culfa-Ordubad magistral avtomobil yolunun, Süni Mayalanma Mərkəzinin açılış mərasimlərində iştirakı, “ASAN xidmət” mərkəzinin binasının, Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlığı haqqında informasiyalar, ictimaiyyət nümayəndələri ilə görüşündə çıxışının mətni və digər tədbirlərdən bəhs edən məlumatlar verilib.

 

Bu kitaba Prezident İlham Əliyevin Qəbələ rayonunda bir neçə avtomobil yoluBum çayı üzərində salınmış yeni körpünün, Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılış mərasimlərində iştirakına, Nic qəsəbəsində Müqəddəs Məryəm Ana alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etməsinə dair informasiyalar da daxil olunub.

 

Mayın 20-də Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrdə iştirak və çıxış edib, çoxsaylı sualları cavablandırıb. Bununla bağla materiallar və dövlətimizin başçısının çıxışının mətni çoxcildliyin yeni kitabında toplanıb.

 

“Azərnəşr” tərəfindən buraxılan 112-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə edilib.

 

 

Azərbaycan.-2021.- 6 noyabr.- S.2.