ADA Universitetində “44 günlük Zəfər Yolu”
mövzusunda konfrans-sərgi keçirilib
Noyabrın 5-də ADA Universitetində “44 günlük Zəfər Yolu” mövzusunda konfrans-sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rektor Hafiz Paşayev ADA Universitetinin Qarabağ mövzusunda çoxsaylı tədbirlər keçirdiyini deyib. Bildirib ki, bu konfrans tamamilə başqa mahiyyət kəsb edir. Biz bu gün xalqımızı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzu, özümüzü Qələbə münasibətilə təbrik edə bilirik.
“Mən ABŞ-da səfir olduğum illərdə fəaliyyətimi ABŞ Konqresinin 907 saylı düzəlişinin aradan qaldırılması istiqamətində səylərə həsr etmişəm. Çünki işğala məruz qaldığımız halda sanksiya ilə üzləşmişdik. Axı torpaqları işğal altında olan, əhalisi yerindən, yurdundan didərgin salınan mənim millətim idi, haqsız günahlandırılan üzərinə sanksiyalar qoyulan, hər cür yardımdan məhrum olunan da mənim xalqım idi. Niyə? Nəyə görə? Bu suallara təxminən 30 ildən sonra 44 günlük müharibədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı cavab verdi”, - deyə rektor diqqətə çatdırıb.
Bir il bundan əvvəl başlayan müharibənin çox şərəfli bir Qələbə ilə yekunlaşdığını vurğulayan Hafiz Paşayev deyib: “Zəfərin bizə verdiyi imkanlardan istifadə etməliyik. Biz görürük ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan proqram üzrə işlər necə məharətlə, sürətə gedir. Qələbə, əlbəttə, ilkin addımdır, ondan sonra biz gərək o həyatı bərpa edək, sülh üzərində çalışaq. Biz Azərbaycan xalqı kimi, xüsusilə gənclər bu Qələbəyə, şərəfli Zəfərimizə layiq olmalıyıq, onu möhkəmləndirməliyik. Çalışmalıyıq ki, o ağrılı tarix bir daha təkrarlanmasın”.
Xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edərək 30 illik işğala son qoydu. Dörd il müddətində işğal edilən torpaqlarımızı 44 günlük müharibə ilə azad etdik. Azərbaycan Ordusu böyük qəhrəmanlıq, şücaət göstərərək tariximizin ən şanlı səhifəsini yazdı.
Ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərdən danışan nazir bildirib ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyev fenomeni ətrafında birləşərək bütün çətinliklərin öhdəsindən gəldi. Azərbaycan cəmiyyəti öz milli dəyərlərinə sadiq qaldı. Uğur hekayəsinin əsası məhz həmin dövrdə qoyuldu.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs elan olunandan sonra 26 illik nisbi sülh prosesində danışıqlar gedib, mütəmadi görüşlər keçirilib, müzakirələr aparılıb. Siyasi danışıqlar, onların inkişaf tendensiyası göz önündə olub. Azərbaycan bütün illər ərzində danışıqlar prosesinə sadiq qalıb və problemin sülh yolu ilə həllinə çalışıb. 2020-ci il sentyabrın 27-də isə Ermənistanın Azərbaycana qarşı təxribatı daha geniş müstəviyə keçib. Bunun nəticəsində Azərbaycan BMT Nizamnaməsinə əsasən əks-hücum əməliyyatına başladı. Biz bunun ilk gündən Vətən müharibəsi olduğunu bildirdik. Azərbaycan əsgəri öz torpağında döyüşdü, sərhədlərini bərpa etdi. Azərbaycan beynəlxalq humanitar hüquqa uyğun müharibə apardı.
Xarici işlər naziri deyib ki, bu gün Azərbaycanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərə soydaşlarımızın qaytarılmasıdır. Bu ərazilərə səfər edən insanları iki məqam təəccübləndirir. Həmin ərazilərdə törədilən dağıntının miqyası və qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının tikilərək istifadəyə verilməsi, Zəngilan və Laçında hava limanlarının inşasına başlanması, yolların tikilməsi, şəhərlərin Baş planlarının təsdiqlənməsi. Biz qısa müddət sonra ilk sakinlərin torpaqlarına qayıtmasına nail olacağıq.
Mina xəritələrini gizlətməyin, Azərbaycana verməməyin çox cılız, insanlıqdan uzaq yanaşma olduğunu deyən nazir vurğulayıb: “Səkkiz ay ərzində ərazisini 1200 minadan təmizləyərək Füzuli Beynəlxalq Hava Limanını tikdiyimiz kimi, bundan sonra da quruculuq işlərimizi davam etdirəcəyik”. O, həmçinin qeyd edilib ki, Azərbaycan humanitar hüquqa uyğun olaraq indiyə qədər 1700-dək erməni hərbçinin cəsədini təhvil verib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyindən isə hələ də heç bir xəbər yoxdur.
Konfransda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, artıq Azərbaycanın milli təqvimində 8 Noyabr - Zəfər Günü var. Buna görə Ali Baş Komandanımız başda olmaqla, Azərbaycan Ordusuna, xalqımıza təşəkkür edirik.
Hikmət Hacıyev qeyd edib ki, 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda regional siyasət köklü surətdə dəyişib. Artıq biz yeni Cənubi Qafqaz yaradırıq. Burada Azərbaycan Respublikasının Milli təhlükəsizlik doktrinası da əsaslı şəkildə dəyişib. Nəzərə almaq lazımdır ki, müstəqilliyinin ilk günündən Azərbaycanın milli təhlükəsizlik gündəliyində torpaqlarının işğal altında olması məsələsi başlıca yer tuturdu.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad etdiyi torpaqlarında bərpa-quruculuq işləri həyata keçirir. Son 25-30 il ərzində dünya postmünaqişə dövründə və minalanmış ərazilərdə bu miqyasda bərpa-quruculuq işləri aparılmayıb. Dünyada postmünaqişə dövründə əsasən beynəlxalq təşkilatlar bu işlərə cəlb edilir. Lakin Azərbaycan işğaldan azad etdiyi torpaqların bərpasını bilavasitə öz imkanları hesabına həyata keçirir. Azərbaycan tamamilə dağıdılan 9-dan çox şəhəri yenidən qurmaq əzmindədir.
O bildirib ki, Azərbaycan qonşu Ermənistanla sülh qurmaq istəyir, buna hazırdır. O şərtlə ki, hər iki ölkə bir-birinin suverenliyini, ərazi bütövlüyünü tanısın. Dağlıq Qarabağ məsələsi artıq başa çatıb. Qarabağ bizim daxili siyasətimizdir, məsələmizdir. Ermənistan qəbul etməlidir ki, regionda vəziyyət dəyişib, bu ölkə Azərbaycana qarşı torpaq iddialarından əl çəkməlidir. Əgər İkinci Dünya müharibəsindən sonra Fransa ilə Almaniya arasında belə sülh müqaviləsi imzalanıbsa, Azərbaycanla Ermənistan arasında niyə imzalanmamalıdır? İki ölkə arasında münasibətlər bərpa olunmalıdır. Bütün beynəlxalq ictimaiyyəti bu istiqamətdə addım atmağa səsləyirik.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı Vasif Dilavərzadə Azərbaycan hərbçilərinin şücaətindən danışıb, Ali Baş Komandana təşəkkürünü bildirib.
Türkiyə Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Ərhan söyləyib ki, Vətən müharibəsi dövründə Türkiyədə yaşayış məntəqələrində Azərbaycan və Türkiyə bayraqları yan-yana dalğalanırdı. İşğaldan azad edilmiş ərazilərdə gördüyü dağıntılardan danışan Çağrı Ərhan dünyanın heç yerində belə səhnələrin şahidi olmadığını söyləyib. Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bir dənə salamat bina qalmayıb. Ermənistanın müharibə dövründə mülki əhaliyə qarşı əməlləri beynəlxalq tribunala çıxarılmalıdır. O əlavə edib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Qarabağ Azərbaycanın tərkib hissəsidir, Qarabağ Azərbaycanın daxili işidir. Ölkələr qonşularının ərazi bütövlüyünə, sərhədlərinə hörmətlə yanaşmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu cür əsassız addımlar aradan qaldırılmayanadək sülhə nail ola bilmərik.
Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsinin ilk günlərində Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətlərdən istifadə edərək müharibəni dayandırmağa çalışıb. Ermənistanın məğlubiyyətinin qaçılmaz olduğunu gördükdən sonra bu ölkənin baş naziri Nikol Paşinyan müvafiq sənədi imzalamağı razılaşdı. Bu gün Rusiya bölgədə uğurlu sülhyaratma missiyası həyata keçirir. Ermənistanın 30 il ərzində işğal etdiyi ərazilərdə törətdiyi dağıntılardan danışan hərbi ekspert, həmçinin bu ölkənin Azərbaycanın böyük şəhərlərini ballistik raketlərdən atəşə tutduğunu xatırladıb.
Prezident İlham Əliyevin böyük dövlət xadimi olduğunu vurğulayan rusiyalı ekspert Azərbaycan xalqına sülh və rifah arzulayıb.
Konfransda Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları, yerli və xarici mediaya müsahibələri, Vətən müharibəsindən sonra azad edilmiş ərazilərə səfərləri, müsahibələri əsasında hazırlanmış və Azərbaycan Ordusuna həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Konfrans çərçivəsində,
həmçinin Qarabağ Dirçəliş
Fondu və “E-Media”
şirkətinin dəstəyi ilə “Qarabağ
işğaldan öncə, işğalda və azad olunandan 1 il sonra” mövzusunda sərgi
nümayiş edilib.
Azərbaycan.-2021.- 6 noyabr.- S.8.