Zəfəri gətirən 17 il
və onun dərsləri
“Biz son 17 il ərzində, doğrudan da, tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər”.
İlham ƏLİYEV
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazanılan böyük qələbədən bir il keçir. Azərbaycan, region və dünya üçün əhəmiyyət daşıyan bu Zəfərə gətirən yol necə olub?
Zəfərdən sonra görülən işlər nəyi sübut edir?
Keçilən yoldan alınacaq ibrət dərsləri hansılardır?
17 ilin siyasi tarixinə qısa baxış
Məlum olduğu kimi, müharibədə qələbə 44 gündə qazanılsa da, Azərbaycan Respublikası ona uzun illər boyu sistemli şəkildə bütün sahələrdə hazırlaşmış və uğurlu nəticə üçün zəmin yaratmışdı. Azərbaycan dövlətinin uzunmüddətli səbirli, inamlı, ədalətli xətti və döyüş meydanındakı hərbi strategiyası işğalçı Ermənistana sarsıdıcı zərbə vuraraq qalib gəldi. Bəs Azərbaycan milləti və dövlətini zəfərə gətirən son 17 ilin siyasi tarixinin ümumi mənzərəsi necə olub?
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsi ilə ölkə həyatında yeni inkişaf mərhələsi başladı. Ümummilli Lider Heydər Əliyev əgər Azərbaycan dövlətini qurmuş və möhkəm təməllər üzərində oturtmuşdusa, Prezident İlham Əliyev qarşıda qoyulan başlıca məqsədi ölkəni müasirləşdirmək və daha da gücləndirməklə rəqabətə davamlı etmək, vətəndaşlar üçün bərabər imkanlar və daha yaxşı həyat şəraiti yaratmaq, dövlətin müdafiə qüdrətini artırmaq və Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsini həll etmək kimi müəyyənləşdirdi. Müasirləşmə Azərbaycan dövlətinin beynəlxalq rəqabətliliyini artırmaqda, millətin həyat səviyyəsini daha da yaxşılaşdırmaqda və işğal altında olan ərazilərin azad edilməsində bir vasitə oldu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatı ölkə, millət və Azərbaycan dövlətinin dostları üçün ağır itki olsa da, onun əsasını qoyduğu siyasətin davam etdirilməsi vətəndaşlarda, qonşu ölkələrdə rahatlıq, gələcəyə nikbinlik və əminlik yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin daha da gücləndirilməsindən ötrü geniş tədbirlər müəyyənləşdirildi. İlk növbədə, ölkədə siyasi sistemin təkmilləşdirilməsi sahəsində islahatlar aparıldı. Parlament seçkilərində tətbiq edilən proporsional və majoritar seçki sistemləri qarışıqlıq yaratdığından yalnız majoritar sistemə keçirildi. Qanunverici orqana 2005-ci ildə majoritar sistem əsasında keçirilən seçkilərin nəticəsində müxtəlif partiyaların nümayəndələrinin təmsil olunduğu çoxpartiyalı parlament formalaşdı.
Ölkə qarşısında dayanan başlıca məqsəd və vəzifələri həyata keçirmək üçün fəal xarici siyasət xətti yürüdüldü. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı ikitərəfli qarşılıqlı münasibətləri yeni keyfiyyət mərhələsinə çıxaran vacib sənədlər imzalandı və müqavilə-hüquqi baza möhkəmləndirildi. Azərbaycan dövlətinin dostlarının, tərəfdaşlarının sayı artdı və beynəlxalq mövqeləri gücləndi.
Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilməsindən ötrü geniş diplomatik-siyasi fəaliyyət göstərildi və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməli qoyuldu. Bununla da ərazisinin bir sıra ölkələrdən kiçik və əhalisinin isə az olmasına baxmayaraq, Azərbaycan Respublikasının dünyanın ikinci iqtisadi güc mərkəzi olan Avropa İttifaqı və yüksəlməkdə olan, bir zamanlar Napoleonun “Asiyanın yatmış aslanı” adlandırdığı Çin və Cənub-Şərqi Asiya ölkələri arasında vacib tranzit, körpü rolunu oynaması istiqamətində tarixi addım atıldı. Beynəlxalq fəaliyyətini daha da genişləndirən Azərbaycan dövlətinin birləşdirici dünya gücü halına gəlməsindən ötrü tədbirlər görüldü, səmərəli faydalı əməkdaşlıq quruldu.
Azərbaycan xalqının Ümummilli Liderinin vəfatından sonra onun irsini qoruyub saxlamaq, gənc nəslə təbliğ etmək və yaşatmaq məqsədi ilə Heydər Əliyev Fondu yaradıldı. Ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi fond təhsil, səhiyyə, gənclərin fiziki sağlamlığı, Azərbaycan haqqında, işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırıma dair gerçəklərin dünyada tanıdılmasında fəaliyyət göstərdi. Geniş beynəlxalq əlaqələr quran və dünyanın müxtəlif ölkələrində xeyriyyə işlərində iştirak edən fondun fəaliyyəti “mədəniyyət diplomatiyası” və “zərif, yumşaq güc” kimi Azərbaycan dövlətinin qarşıya qoyduğu başlıca məqsədə - işğal altında olan ərazilərin azad edilməsində, uydurma erməni təbliğatına ağır zərbə vurulmasında özünəməxsus rol oynadı.
Ölkənin ictimai-siyasi həyatında mühüm hadisə 2008-ci ildə rəqabət mühitində azad, ədalətli, bərabər, demokratik və şəffaf bir şəraitdə keçirilən prezident seçkiləri oldu. Seçicilər İlham Əliyevə yenidən etimad göstərməklə sabit, davamlı inkişafa və gələcəyə səs verdilər. Andiçmə mərasimində İlham Əliyev aşağıdakı qəti sözləri ilə Ermənistanı və onun havadarlarını birmənalı olaraq peşman etdi: “... Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Dağlıq Qarabağa heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 50 ildən sonra müstəqillik verilməyəcəkdir, Azərbaycan bunu heç vaxt tanımayacaqdır”.
Bundan sonra da ölkənin müasirləşdirilməsi və dövlətin qüdrətinin artırılması işləri davam etdirildi. Aparılan islahatlardan, inkişafdan doğan tələbat və dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi zərurəti Konstitusiyada əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirdi. 2009-cu ildə keçirilən referendumda təklif edilən əlavə və dəyişikliklər dəstəkləndi. Azərbaycan Respublikası Prezidentinin seçilməsinin iki müddətlə məhdudlaşdırılmasının aradan götürülməsi ən vacib dəyişikliklərdən biri oldu.
Geniş və səmərəli beynəlxalq fəaliyyət göstərən Azərbaycan Respublikası türk dövlətləri arasında əməkdaşlığın yeni formatda möhkəm təməllər üzərində qurulmasından ötrü səylər etdi. Türk Dövlətləri Şurası qarşılıqlı münasibətləri yeni keyfiyyət mərhələsinə çıxardı. Türk xalqları və dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsində xüsusi xidmətləri olan Prezident İlham Əliyev beynəlxalq toplantılarda onların haqq işini qətiyyətlə müdafiə etməklə gələcək türk dövlət və ictimai-siyasi xadimləri üçün bir örnək yaratdı. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Praqada keçirilən zirvə görüşündə Ermənistan rəhbəri Türkiyə əleyhinə uydurma fikirlər səsləndirərkən Prezident İlham Əliyev “Türkiyə burada yoxdur, mən varam” deyərək tutarlı cavab verməklə bütün türk dünyası tarixində bir ilk yaradaraq gələcək dövlət və ictimai xadimlərə belə vəziyyətlərdə necə davranmaq nümunəsi göstərdi.
Azərbaycan Respublikası sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun keçirildiyi məkana çevrildi. Dünyanın görkəmli din xadimləri Bakıda toplantılara qatılaraq fikir mübadiləsi etdilər və ölkədə müxtəlif konfessiyalar üçün yaradılmış təcrübəni öyrəndilər. Dünyada qarşıdurmaların artdığı bir zamanda Azərbaycan modelinin dünyaya təqdim edilməsi birgəyaşayış qaydalarını bilmək baxımından əhəmiyyətli oldu. Bu toplantılar eyni zamanda Azərbaycan dövlətinin qarşısına qoyduğu başlıca məqsədə çatmağa - işğala son qoymağa xidmət etdi.
Ölkədə aparılan çoxsahəli geniş və dərin islahatlar öz bəhrəsini verdi, dövlət daha da qüdrətli oldu, əhalinin həyat şəraiti yaxşılaşdı. Dövlət hakimiyyətinin qanadları, xalq və hakimiyyət arasında sıx birlik yarandı.
IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu ildə keçirilən seçkilər ölkənin ictimai-siyasi həyatında mühüm səhifələrdən birini təşkil etdi. Təkcə müxtəlif siyasi partiyaların deyil, ölkənin görkəmli elm, təhsil və mədəniyyət xadimlərinin nümayəndələri də müstəqil olaraq Milli Məclisə seçildilər. Parlamentin ilk iclasında geniş nitq söyləyən Prezident İlham Əliyev ölkənin keçdiyi yolun başlıca xüsusiyyətlərini, aparılan islahatların məqsədlərini izah etdi, daxili və xarici siyasət sahəsində qarşıda dayanan vəzifələri müəyyənləşdirdi, bir daha bildirdi ki, başlıca məqsəd işğal altında olan torpaqların azad edilməsidir.
Azərbaycan Respublikasının beynəlxalq fəaliyyəti daha da genişləndirildi. Dövlət başçısının yürütdüyü uğurlu xarici siyasət nəticəsində 155 dövlətin səsi ilə Azərbaycan Respublikası 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu quruma üzv seçilməsi Azərbaycan dövlətinə və Prezidentinə olan inam, etimad, etibarın və yüksək beynəlxalq nüfuzun göstəricisi oldu. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edərək dünyanı narahat edən ən vacib məsələlər barəsində geniş nitq söylədi, beynəlxalq terrorizmə qarşı mübarizədə səyləri birləşdirməyin vacibliyini bildirdi, eyni zamanda Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin uzun illərdən bəri həll edilmədiyini, Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilmədiyini və bunun qurumun nüfuzuna mənfi təsir etdiyini vurğuladı. Təhlükəsizlik Şurasında iki dəfə sədrliyi müddətində Azərbaycan dövlətinin təşəbbüsü ilə dünyanın ən vacib məsələləri müzakirə olundu və müvafiq qətnamələr qəbul edildi. Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük, Prezident İlham Əliyevin quruma sədrlik edərək nitq söyləməsi Azərbaycan tarixində qürurverici bir ilk kimi diplomatiyanın parlaq səhifələrindən biridir.
Ölkədə siyasi islahatlar dərinləşdirildi. Eks-prezidentlər haqqında qanunun qəbul edilməsi ilə dövlətçilikdə yeni ənənə və siyasi mədəniyyətin əsası qoyuldu. Bu qanun Azərbaycan cəmiyyətində birliyin daha da möhkəmləndirilməsində mühüm rollardan birini oynadı.
Dövlətin və millətin qarşısında dayanan başlıca məqsədə nail olmaqdan ötrü digər vacib addımlar atıldı. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi mükəmməl strategiyanın tərkib hissəsi kimi kosmosa Azərbaycan Respublikasının peykləri buraxıldı. Ölkə kosmik klubun üzvü oldu. Peyklərin fəaliyyəti Azərbaycan dövlətinin informasiya təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm vasitələrdən birinə çevrildi və eyni zamanda iqtisadi və kommersiya baxımından faydalar gətirdi. Peyklər torpaqların işğaldan azad edilməsi prosesində ölkəyə bir sıra üstün imkanlar verdi.
2013-cü ildə keçirilən prezident seçkiləri ölkə həyatında ən mühüm hadisə oldu. Azərbaycan xalqı Prezident İlham Əliyevə yenidən etimad göstərməklə həm əvvəlki illərdə yürüdülən siyasətə, həm də tərəqqiyə və sabit davamlı inkişafa səs verdi. Andiçmə mərasimində nitq söyləyən dövlət başçısı ölkə qarşısında dayanan başlıca məqsədin işğal altında qalan torpaqların azad edilməsi olduğunu vurğuladı və qəti şəkildə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Dövlət başçısının səyləri nəticəsində bir neçə beynəlxalq layihənin əsası qoyuldu və həyata keçirilməsinə başlanıldı. “Cənub qaz dəhlizi”, TAP və TANAP layihələrinin icrasına başlanılması Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində yerini möhkəmləndirdi və rolunu artırdı. Azərbaycan etibarlı tərəfdaş ölkə imicini daha da gücləndirdi.
V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2015-ci ildə keçirilən seçkilər ölkənin ictimai-siyasi həyatında vacib yer tutdu. Majoritar seçki sistemi əsasında formalaşan parlamentə müxtəlif siyasi partiyaların nümayəndələri və heç bir partiyanın üzvü olmayan nüfuzlu elm, təhsil və mədəniyyət xadimləri də seçildilər. Çoxpartiyalı parlamentin ilk iclasında nitq söyləyən Prezident İlham Əliyev ölkənin daxili və xarici siyasətinin qarşısında dayanan ən zəruri məsələləri diqqətə çatdırdı, təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsinin başlıca məqsəd olduğunu bir daha bəyan etdi. Bildirdi ki, Azərbaycan dövləti bütün vasitələrlə torpaqlarını işğalçılardan azad edəcəkdir.
İşğalçı Ermənistan münaqişənin həllindən ötrü yaradılmış Minsk qrupu çərçivəsində danışıqlardan boyun qaçırdı, 2016-cı ilin aprelin əvvəllərində Xocavənd-Füzuli, Tərtər-Ağdərə-Ağdam istiqamətində qanlı təxribatlar törədərək mülki obyektləri dağıtdı və bir neçə dinc sakini öldürdü. Təxribatlara son qoyulmasına dair Azərbaycan dövlətinin xəbərdarlıqları nəticə vermədiyindən işğalçı ölkəyə qəti cavab verilməsi barədə qərar qəbul edildi. Azərbaycan Ordusunun hücumu nəticəsində qısa müddət ərzində düşmən darmadağın edildi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində normal yaşayışı təmin etməyə imkan verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi işğalçılardan azad olundu. Aprel döyüşlərində Azərbaycanın qələbəsi təkcə hərbi deyil, eyni zamanda iqtisadiyyatın, səmərəli dövlət idarəçiliyinin, cəmiyyətin sıx birliyinin, millətin yüksək milli-mənəvi və psixoloji ruhunun qələbəsi idi. Bu qələbədən sonra Ermənistan danışıqlar masasına qayıtmağa məcbur oldu.
Hərbi əməliyyatların gedişində Türkiyə və Pakistan Azərbaycanın haqq işini dəstəklədiklərini qəti şəkildə bəyan etdilər, Gürcüstan, Belarus və digər dövlətlər münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildirdilər. Aprel zəfəri 44 günlük müharibədə qazanılan qələbənin baş məşqi oldu.
Döyüşlər dayandırıldıqdan sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpasına dair tədbirlər haqqında sərəncam imzaladı. Qısa müddət ərzində kənddə yaşayış evləri tikildi, müasir infrastruktur yaradıldı, yol inşa edildi və Şuşadakı Aşağı Gövhər ağa məscidinin tipində məscid tikildi. Cocuq Mərcanlının bərpası Qarabağa Böyük qayıdışın əsasını qoydu. Bir daha aydın oldu ki, Azərbaycan dövləti ərazilərinin işğal altında qalması ilə barışmayacaq, onu azad edəcək və yenidən quraraq məcburi köçkünlərin daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edəcəkdir.
Təcavüzkar Ermənistan təxribatlarını Naxçıvan Muxtar Respublikası istiqamətində də davam etdirdi. Cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi Günnüt əməliyyatı nəticəsində düşmən işğal etdiyi bir sıra ərazilərdən qovuldu. Bununla da hərbi-strateji əhəmiyyətli İrəvan-Keşişkənd (Yexeqnadzor)-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı qazanıldı. Təcavüzkar ölkəyə ağır zərbənin vurulduğu Aprel döyüşləri torpaqların işğalçılardan azad edilməsində Azərbaycan dövlətinin qəti əzmini bir daha göstərdi və beynəlxalq mövqelərini möhkəmləndirdi.
Ölkənin inkişaf tələbinə uyğun olaraq siyasi sistemin təkmilləşdirilməsindən ötrü keçirilən konstitusiya referendumu nəticəsində əsas qanuna bir sıra əlavə, düzəliş və dəyişikliklər edildi. Azərbaycan Respublikası Milli Məclisinin vaxtından əvvəl buraxılması, növbədənkənar prezident seçkilərinin keçirilməsi və vitse-prezidentlik institutunun yaradılması təsbit edildi. Həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş ictimai-siyasi, humanitar fəaliyyəti ilə tanınmış Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bir müddət sonra Birinci vitse-prezident təyin edildi.
Prezident İlham Əliyevin nəhəng səyləri, Azərbaycan, Gürcüstan və Türkiyə arasında səmərəli əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Bununla da Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm beynəlxalq məntəqəyə, nəqliyyat-kommunikasiya qovşağına çevrildi, dünya siyasətində yeri möhkəmləndi və rolu artdı.
Bir sıra beynəlxalq və daxili şərtlər, habelə işğal altındakı torpaqların azad edilməsinə daha tez nail olmaq səbəbindən 2018-ci il fevralın 5-də növbədənkənar prezident seçkiləri keçirildi. Çoxlu namizədin iştirak etdiyi və bərabər imkanların yaradıldığı seçkilərdə seçicilər yenidən görkəmli dövlət və siyasi xadim İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdilər. Ölkə vətəndaşları bu dəfə də sabit, davamlı inkişafa və tərəqqiyə səs verdilər. Andiçmə mərasimində etdiyi nitqində dövlət başçısı torpaqların bütün vasitələrlə işğaldan azad ediləcəyini bir daha bəyan etdi. Bu məqsədlə hazırlıq işləri sürətləndirildi.
Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi 2018-ci ildə tamam oldu. Cümhuriyyətin yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama uyğun olaraq ölkədə geniş tədbirlər həyata keçirildi və mayın 28-də Heydər Əliyev Mərkəzində qəbul təşkil edildi. Yubileyin keçirilməsi Azərbaycan Xalq Cümhuriyyəti irsinə verilən yüksək diqqət və qayğının göstəricisi oldu. Qəbulda nitq söyləyən ölkə rəhbəri Cümhuriyyətin qurulması, həyata keçirdiyi tədbirlər, süquta uğraması, sovet dövründə Azərbaycanın keçdiyi yol, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında 1990-cı ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiya iclasında dövlət bayrağı kimi qəbul edilməsi, dövlət müstəqilliyinin bərpasından sonra ölkədə baş verən prosesləri və başqa məsələləri geniş təhlil etdi, qarşıda dayanan vəzifələri bəyan etdi, bir daha bildirdi ki, başlıca məqsəd torpaqların işğalçılardan azad edilməsidir.
Cümhuriyyət parlamentinin 100 illiyi ölkədə böyük təntənə ilə bayram edildi. 2018-ci ilin sentyabrında Milli Məclisdə dünyanın müxtəlif ölkələrindən parlament sədrlərinin və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən iclasda nitq söyləyən Prezident İlham Əliyevin müsəlman Şərqinin ilk demokratik Cümhuriyyətinin fəaliyyətini və dövlət müstəqilliyinin bərpasına gətirən yolu, Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətlərini, Ermənistanın hərbi təcavüzünün nəticələrini geniş təhlil etməsinin və Azərbaycan dövlətinin işğalla heç bir zaman barışmayacağını bir daha bildirməsinin dünya ölkələrinin parlamentlərinə təsir baxımından əhəmiyyəti oldu.
Ölkədə dərinləşdirilən ardıcıl struktur və kadr islahatları öz bəhrəsini verdi. İdarəçilik çevik, səmərəli oldu, iqtisadiyyatda inkişaf baş verdi və əhalinin həyat şəraiti yaxşılaşdı.
Qarşıda dayanan başlıca məqsədə nail olmaq və qanunvericilik orqanının fəaliyyətini ölkədə aparılan islahatların sürətinə uyğunlaşdırmaq niyyəti ilə 2020-ci il fevralında majoritar qaydada növbədənkənar parlament seçkiləri keçirildi. Seçkilər nəticəsində Yeni Azərbaycan Partiyası parlamentdə yenə də çoxluq qazandı. İkinci yeri ölkənin ictimai həyatında mühüm rol oynayan görkəmli elm, təhsil və mədəniyyət xadimləri olan müstəqil namizədlər tutdular. Parlamentdə digər siyasi partiyaların da namizədləri təmsil olundular. Parlament sədrinin müavinləri, komitə sədrləri və müavinləri vəzifələrinə müstəqillərin və digər siyasi partiyaların nümayəndələri seçildi. Bu, ölkədə yeni siyasi mədəniyyətin formalaşması istiqamətində atılan addımlardan biri oldu. Milli Məclisin ilk iclasında nitq söyləyən Prezident İlham Əliyev bildirdi ki, başlıca məqsəd təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsidir. Ölkədə yeni siyasi mədəniyyətin formalaşması səyləri də həmin məqsədə xidmət etdi.
Ermənistanın baş naziri N.Paşinyan siyasi avantüralarını davam etdirərək danışıqların formatını dəyişdirməyə səy göstərdi, Azərbaycanın işğal edilmiş ərazilərinə gələrək “Qarabağ Ermənistandır. Nöqtə” deməklə sülh prosesinə zərbə vurdu. Təcavüzkar ölkənin müdafiə naziri isə Azərbaycanın yeni ərazilərini işğal edəcəklərini açıq-aydın şəkildə bildirdi. 2019-cu ilin oktyabr ayında Rusiyanın Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında Ermənistanın baş naziri yenidən avantürist mövqeyini təkrar etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tutarlı cavablar verərək onu yerində oturtdu və Ermənistanda faşizmin, nasizmin qəhrəmanlaşdırılmasına diqqəti yönəltdi.
2020-ci ilin fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən müzakirələrdə də Ermənistanın baş naziri tarixi gerçəklikləri saxtalaşdıran və beynəlxalq hüququ pozmağa yönəlmiş fikirləri ilə münaqişənin dinc yollarla nizama salınmasına tərəfdar olmadığını bir daha göstərdi. Azərbaycanın dövlət başçısı N.Paşinyanın bütün söylədiklərinin əsassız olduğunu sübut edərək onu rəzil vəziyyətə saldı. Ermənistan Münhendə sarsıdıcı diplomatik-siyasi zərbə aldı.
Koronavirus pandemiyasının dünyada yaratdığı ağır şəraitdən istifadə edən təcavüzkar Ermənistan Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində 2020-ci il iyulunda yeni hərbi təxribat törətdi. Ermənistan bununla Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətdən diqqəti yayındırmaq, işğalı “oldu-bitdi” kimi qələmə vermək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətləri münaqişəyə cəlb etmək, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, TAP, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək yolunun keçdiyi Tovuz rayonuna yaxın ərazilərdəki yüksəklikləri tutub Azərbaycan Respublikasının Qərbə çıxışının qarşısını kəsmək və ölkə daxilindəki ağır şəraitdən ermənilərin diqqətini yayındırmaq niyyəti güdürdü. Bəzi ölkələr işğalçı Ermənistana silahlar göndərərək dəstək verdilər.
Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Təxribatın qarşısını alarkən Azərbaycan Ordusunun generalı, yüksəkrütbəli zabitləri və digər hərbçiləri qəhrəmancasına həlak oldular. İşğalçı ölkə geri oturduldu və yüksəklikləri tuta bilmədi. Beləliklə, işğalçı ölkə 2016-cı ilin aprelində aldığı ağır zərbədən sonra daha birini aldı.
Hərbi təxribatın gedişində Türkiyə, Pakistan və Əfqanıstan birmənalı olaraq Ermənistanın hərəkətlərini pisləyərək Azərbaycanın haqq işini və beynəlxalq hüquq normalarını müdafiə etdilər. Gürcüstan, Belarus, Ukrayna və başqa ölkələr, o cümlədən bəzi beynəlxalq təşkilatlar münaqişənin dinc siyasi yollarla həllinə tərəfdar olduqlarını bildirən bəyanatlar verdilər.
Azərbaycan Ordusuna dəstək məqsədilə Bakı küçələrinə çıxan insanlar dövlətin və silahlı qüvvələrin yanında olduqlarını bildirdilər. Bu aksiya millətin düşmənə nifrətinin, torpaqları işğaldan azad etmək istəyinin və qəti iradəsinin nümayişi oldu.
Hərbi təxribatın qarşısı alındıqdan sonra da bəzi dövlətlər Ermənistana silah və sursat göndərməkdə davam etdilər. Bu davranış beynəlxalq hüquq normalarını saya salmamağın və münaqişənin davam etdirilməsi istəyinin göstəricilərindən biri oldu.
Türkiyə və Azərbaycan arasında imzalanmış ikitərəfli sənədlərə əsasən, hər il keçirilən ənənəvi birgə hərbi təlimlər 2020-ci ildə Naxçıvanda və Azərbaycanın digər yerlərində keçirildi. Təlimlər Azərbaycan Ordusunun yüksək döyüş bacarığını və əzmini göstərdi.
Azərbaycan dövləti xarici siyasət sahəsində də fəallığını artırdı. Prezident İlham Əliyev BMT Baş Məclisinin yaradılmasının 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda Qoşulmama Hərəkatının sədri və Azərbaycanın dövlət başçısı olaraq nitq söylədi. İki hissədən ibarət olan nitqinin birinci hissəsində Prezident Qoşulmama Hərəkatının sədri kimi BMT-nin nüfuzunun artırılmasından ötrü təkliflərini söylədi, təşkilatın qəbul etdiyi qərarların yerinə yetirilməsinə nail olmağın vacibliyini vurğuladı, eyni zamanda koronavirus pandemiyası zamanı görülən işlərdən bəhs etdi.
Azərbaycan Respublikasının Prezidenti olaraq nitqində İlham Əliyev Ermənistanın hərbi təcavüzünü, nəticələrini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyini və yeni hərbi təxribatlar törətdiyini diqqətə çatdırdı. Dövlət başçısı dünya birliyini Ermənistana qarşı tədbirlər görməyə və təcavüzkarı dayandırmağa çağıraraq bildirdı ki, baş verəcək hər hansı hadisə üçün məsuliyyət işğalçı ölkənin üzərinə düşür.
Vətən müharibəsinin başlanması, xarakteri və gedişi
Münaqişənin dinc siyasi vasitələrlə həllindən boyun qaçıran Ermənistan yeni ərazilər işğal etmək məqsədilə həm dövlət sərhədində, həm də işğal edilmiş torpaqlarda təmas xəttində təxribatlar törətdi. Təcavüzkar ölkənin 2020-ci il sentyabrın 27-də Füzuli, Cəbrayıl, Ağdam, Tərtər, Goranboy istiqamətlərində təmas xəttində törətdiyi növbəti təxribatlar nəticəsində dinc insanlar öldürüldü və mülki obyektlərə ziyan vuruldu.
Azərbaycan tərəfi zəruri hərbi tədbirlər görməyə məcbur oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında düşmənə qətiyyətli cavab vermək və işğal altındakı torpaqları azad etmək uğrunda müharibəyə başlamaq barədə qərar qəbul edildi. Dövlət başçısı həmin gün xalqa müraciət edərək yaranmış şəraiti izah etdi, qəbul olunan qərarı çatdırdı, Azərbaycanın işinin haqq olduğunu və qələbə qazanacağını bildirdi. Prezidentin fərmanı ilə ölkədə hərbi vəziyyət elan edildi. Hərbi əməliyyatların başlanması üçün bütün məsuliyyət problemi dinc yollarla tənzimləməkdən boyun qaçıran və hərbi avantüralara əl atan işğalçı Ermənistanın üzərinə düşdü.
Bu müharibə Azərbaycan tərəfindən xarakterinə görə ədalətli, təcavüzkar Ermənistanın işğalı altında olan torpaqların azad edilməsi uğrunda Vətən müharibəsi idi.
Ermənistan tərəfindən isə müharibə ədalətsiz və işğalçılıq müharibəsi idi.
Azərbaycan Ordusu qısa müddətdə bir sıra əraziləri işğaldan azad etdi. Döyüşlər zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan hərbçilərə dövlət xüsusi qayğı göstərdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Hərbi Klinik Hospitalda hərbçilərə baş çəkərək vəziyyətləri ilə tanış oldular. Görüşdə çıxış edən dövlət başçısı Azərbaycan vətəndaşlarının yüksək milli vətənpərvərlik ruhundan, döyüşlərin gedişindən, dövlətin şəhid ailələrinə və qazilərə diqqət və qayğısından bəhs etdi, işğalçı Ermənistanın siyasətinin iç üzünü bir daha açdı, düşmənin əziləcəyini bildirdi.
(ardı var)
Musa QASIMLI,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü,
professor
Azərbaycan.-2021.- 6 noyabr.- S.9.