Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir

 

Noyabrın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycanla Türkiyənin münasibətlərinin gücləndirilməsində hər iki ölkənin başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu vurğulayıb. Komitə sədri 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin ölkəmizə birmənalı mənəvi və siyasi dəstək verməsini qürurverici hal kimi qiymətləndirib.

Bildirilib ki, işğal olunmuş ərazilərin azad edilməsi ölkəmizin iqtisadiyyatının genişlənməsinə kömək edəcək. Uzun müddət işğal altında olan bu ərazilər böyük iqtisadi potensiala, zəngin yeraltı və yerüstü təbii sərvətlərə, turizm üçün geniş imkanlara malikdir. Bu gün Azərbaycanda xarici investisiyalar üçün, xüsusən də qardaş Türkiyə üçün bu sahədə geniş imkanlar mövcuddur.

Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasından danışan Tahir Mirkişili bildirib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının resursları, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq tranzit potensialı mühüm əhəmiyyətə malikdir.

Görüşdə iştirak edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, komitə üzvləri Ziyad Səmədzadə, Vahid Əhmədov, Mahir Abbaszadə və Anar Məmmədov iki ölkə arasındakı iqtisadi münasibətlərdən, strateji tərəfdaşlıq əlaqələrindən danışıblar.

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım bir daha Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Vurğulayıb ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, Türkiyədə də həmin Türkiyə deyil. Biz nə edəcəyimizi bilirik. Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir. İki ölkə arasında bir çox sahələrdə, xüsusilə parlamentlərarası münasibətlərdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur O, ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edib.

Şamil Ayrımın bir sıra sahələrə investisiya qoyuluşunun əhəmiyyətindən söz açıb. Həmçinin adamlarının işğaldan azad olunmuş ərazilərə investisiya yatırmaqda maraqlı olduqlarını bildirib.

Sonda görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

 

Azərbaycan.- 2021.- 12 noyabr.- S.3.