Şamil Ayrım: “Zəngəzur dəhlizinin
açılması region dövlətlərinin
iqtisadiyyatına və bölgədə sülhün
təmin olunmasına müsbət təsir göstərəcək”
Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupu olaraq Zəfər Gününün birinci ildönümündə qardaş Azərbaycanda olmaqdan məmnunuq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.
O diqqətə çatdırıb ki, Qarabağda “ağıllı şəhərlər”, “ağıllı kəndlər” yaradılır. Hər iki ölkə insanların tezliklə öz dədə-baba yurdlarına qayıtması üçün birlikdə çalışır: “Təbii ki, region ölkələrinin mehriban şəraitdə yaşaması üçün sülh ən önəmli faktordur. Zəngəzur dəhlizinin açılması region dövlətlərinin iqtisadiyyatına, qonşuluq münasibətlərinə və bölgədə sülhün təmin olunmasına müsbət təsir göstərəcək”.
Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan müttəfiqliyini daha da gücləndirdiyini söyləyən dostluq qrupunun rəhbəri Türkiyə Prezidentinin bu yaxınlarda Azərbaycana səfərinin də tarixi əhəmiyyət daşıdığını söyləyərək deyib: “Dövlət başçılarımız Füzuli Hava Limanının açılışında və digər önəmli mərasimlərdə dünyaya önəmli mesajlar verdilər”.
Qarabağ torpaqlarında minatəmizləmə işlərinin getdiyini söyləyən Şamil Ayrım qeyd edib ki, minaların təmizlənməsi işində də Türkiyə qardaş Azərbaycana dəstək göstərir. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı işlər gedir.
Türkiyə-Azərbaycan
dostluq qrupunun rəhbəri
bu səfərin qardaş
ölkələrin parlamentləri arasında əlaqələrin
güclənməsinə də kömək edəcəyini
vurğulayıb. O, Milli Məclisin sədri
Sahibə Qafarova ilə
görüşdüklərini və bir
sıra məsələlərlə bağlı faydalı
müzakirələr apardıqlarını diqqətə
çatdırıb.
Azərbaycan.- 2021.- 12 noyabr.- S.3.