Böhrandan
intibaha doğru
Bir ildir ki, hər bir azərbaycanlı, hamımız,
sanki yeni bir həyat yaşayırıq. Ölkəmizin Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı,
güclü sərkərdə, istedadlı diplomat, cənab
İlham Əliyevin rəhbərliyi altında rəşadətli
Azərbaycan Ordusu 30 il həsrəti
ilə yaşadığımız torpaqlarımızı
işğaldan azad etdi.
Bu möhtəşəm qələbəni düzgün
dəyərləndirmək üçün onun köklərində
olan tarixi hadisələrə nəzər salmaq,
torpaqlarımızın 20 faizinin zəbt edilməsi və uzun
illər işğalda saxlanılması ilə bağlı
sualların cavabını aydınlaşdırmaq faydalı
olardı. 200
ildən artıqdır ki, torpaqlarımıza göz tikmiş
ermənilər, tarixboyu azərbaycanlılara qarşı
qanlı hadisələr, soyqırımlar törətmiş,
lakin bu torpaqları özününküləşdirməyə
nail ola bilməmişlər.
1992-ci ildə əsrin faciəsi adlanan Xocalı
soyqırımı nəticəsində dinc əhali,
qadınlar, uşaqlar, qocalar tələf olmuş, əsir
götürülmüş, itkin düşmüşlər. Daşaltı,
Qaradağlı, Umudlu, Ağdaban, Ballıqaya və başqa qəsəbə
və kəndlərdə də soyqırımı hadisələri
baş vermişdir. Ermənistanın etnik təmizləmə
siyasəti nəticəsində 300.000-dən çox, habelə
zəbt olunmuş torpaqlarımızdan 600.000-dən çox
soydaşımız 30 ilə yaxın qaçqın və məcburi
köçkün ömrü yaşadı, bədnam ermənilərdən
fərqli olaraq, dünyaya səpələnmədi, öz
xalqına pənah gətirdi və respublikanın
ayrı-ayrı rayonlarında qurulmuş düşərgələrə
yerləşdirildilər.
1991-ci il
18 oktyabr tarixdə
dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul
edildi. Lakin bu illər
xalqımızın tarixində çox ağır dövr
idi. Hakimiyyəti zəbt etmiş səriştəsiz,
demokratik dövlətçilikdən, xalqın taleyindən və
maraqlarından uzaq olan qüvvələr, ölkəni
qısa müddətdə dərin siyası, iqtisadi, hərbi-siyasi
böhrana, xaosa, dağıntılara məruz qoydular, vətəndaş
müharibəsinə sürükləyərək, müstəqilliyimizi
itirmək təhlükəsi yaratdılar. Bu vəziyyətdən
istifadə edən ermənilər bir-birinin ardınca
rayonlarımızı, ümumilikdə, ərazimizin 20 faizdən
çoxunu zəbt etdilər, əhalini zorakılıqlara,
silah gücü ilə əzablara məruz qoyduar.
İnsanlar bu ağır, böhran vəziyyətindən
çıxmaq üçün ümidlərini xilaskar kimi
Heydər Əliyevə bağlamışdılar. Xalqın
etibarını, inamını qazanmış Heydər
Əliyev vəziyyəti nəinki idarə etmək, hətta
ona nəzarət etməyi bacarmayan ovaxtkı hakimiyyətin
xahişi, insanların təkidi ilə Bakıya
qayıtdı. 1993-cü il 15 iyun
tarixdə ikinci dəfə hakimiyyətə
qayıtmış Heydər Əliyevi vətəndaşlarımız
izdihamla qarşılamış və həmin tarixi dirçəlişə,
qurtuluşa aparan gün adlandırmışlar. Əslində, bu, həqiqətən, dirçəlişə,
böyük inkişafa, intibaha aparan yol idi. Heydər Əliyev hakimiyyətə gələn
gündən dövlət quruculuğu, siyasi və iqtisadi
islahatlar, inkişaf strategiyaları nəticəsində
qısa müddətdə ölkədə ictimai-siyasi
sabitliyin bərqərar olunmasına nail oldu. Torpaqlarımızın işğaldan azad
olunması Ulu Öndəri narahat edən əsas məsələ
olmuşdur. Odur ki, hakimiyyətə
qayıtdıqdan bir neçə ay sonra Ermənistanla atəşkəs
razılığına nail olundu. Heydər
Əliyevin mühüm xidmətlərindən biri də
müstəqil Azərbaycan Respublikasının güclü
Ordusunun yaranması və inkişafı istiqamətində
atdığı addımlar olmuşdur.
Xalqın
qayğıları ilə yaşayan, onu 30 illik işğal əzablarından
xilas edən Prezident İlham Əliyevdən mövcud şəraitə
uyğun, zamanın qarşısında qoyduğu problemlərin
həlli üçün yeni qərarlar, unikal strategiyalar,
müasir taktikalar tələb edirdi.
Prezidentimiz bu ağır imtahandan da
uğurla çıxdı. Həmin
problemlərin kökündə 30 ilədək davam edən
Qarabağ münaqişəsinin həlli zərurəti
dayanmışdı.
Müharibə, ermənilərin təxribatları və
Azərbaycan ərazisinin, dinc əhalinin atəşə
tutulması davam edirdi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş
Komandanı İlham Əliyevin münaqişənin sülh
yolu ilə həll olunması, müharibənin
dayandırılması, hətta təsdiqlənmiş cədvəl
üzrə öz hərbi qüvvələrini və müxtəlif
ölkələrdən cəlb etdikləri
döyüşçülərlə tamamlanmış
qeyri-qanuni dəstələri zəbt olunmuş Azərbaycan ərazilərindən
çıxardığı halda müharibəyə son
qoymağa təklif etsə də, erməni tərəfi
heç bir sülh təşəbbüsü ilə
razılaşmadan Azərbaycan şəhərlərini, qəsəbələrini,
dinc əhalini atəşə tutmaqda davam edirdi.
2016-cı ilin aprel ayının ilk günlərində
düşmən təxribatlarına cavab olaraq Azərbaycan
Ordusu əks-hücüm əməliyyatları ilə
dördgünlük döyüşlər nəticəsində
Füzuli, Cəbrayıl, Tərtər rayonlarının bəzi
ərazisini, bu ərazilərdə strateji əhəmiyyətli
yüksəklikləri işğaldan azad etdi, minlərlə
hektar ərazilər Azərbaycanın nəzarətinə
keçdi.
2020-ci ilin iyul ayında Tovuz rayonunda ermənilərin
növbəti təxribatları bu məqsədi
daşıyırdı ki, Azərbaycan Ordusu Ermənistanın
dövlət sərhədlərini pozsun və onunla
uzunmüddətli hərbi əməkdaşlığı
olan üçüncü dövləti müharibəyə cəlb
etsin. Lakin Ali Baş Komandanın
tapşırıqlarına dəqiqliklə riayət edən
ordumuz əks-hücümlarında buna imkan vermədi,
Prezidentin əmrini rəhbər tutaraq dinc əhaliyə atəş
açmadı. Azğınlaşmış
erməni hərbçilərinin dinc əhaliyə
qarşı atışmaları, cəbhəboyu
hücümları davam edirdi. Bu hadisələr
İkinci Qarabağ müharibəsinin başlanmasını
şərtləndirdi. Artıq xalqımızın səbir
kasası dolmuş və 2020-ci il
sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə
ordumuz əks-hücüma keçdi. Bir gün
sonra Ali Baş Komandanımız ölkədə qısmən
səfərbərlik elan etdi. Beləliklə, 2020-ci il sentyabrın 27-si Vətən müharibəsi
başladı. Xalqımız, ordumuz bu əmri
böyük coşqu, sevinclə qarşıladı. Ölkənin bütün şəhər və
rayonlarında hərbi səfərbərlik məntəqələri
önündə orduya qoşulmaq, torpaqlarımızı
işğaldan azad etmək üçün böyük
izdiham, növbələr yarandı. Səfərbərliyə
cəlb olunanların anaları, ailələri, əhali
çal-çağırla, xeyir-duaları ilə
oğullarını Vətən uğrunda müharibəyə
yola salırdılar.
Müharibənin
ilk günlərindən strateji yüksəkliklər azad
olundu, düşmənin müdafiə xətti, möhkəm
istehkamları yarıldı, Tərtər rayonu, Suqovuşan
(2020-ci ilə qədər Madagiz adlanmışdı) qəsəbəsi,
Cəbrayıl şəhəri, Xocavənd rayonunun Hadrut qəsəbəsi,
Füzuli şəhəri, Qubadlı şəhəri,
Qarabağın tacı, incisi adlandırılan Şuşa
şəhəri azad olundu. Şuşanın azad edilməsi Vətən
müharibəsində əldə olunan böyük qələbənin
zirvəsini və müharibənin sonundan xəbər verdi.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri
və Ermənistanın baş naziri hərbi əməliyyatların
dayandırılması barədə birgə Bəyanat
imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də
Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də
isə Laçın rayonunun ərazisi bir güllə
atılmadan, döyüşlərsiz, itki vermədən azad
olundu.
44
günlük Vətən müharibəsi günlərində
Gəncə, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan,
Daşkəsən, Goranboy, Tərtər və Mingəçevirə
dəfələrlə raket hücümları nəticəsində
11-i uşaq olmaqla 100-dən çox dinc əhali qətlə
yetirildi, 450-dən çox insan yaralandı. Bu hərəkətləri
ilə BMT-nin genosid aktının bəşəriyyətə
qarşı cinayət olduğunu və onu törədənlərin
cəzalandırılması haqqında qətnaməsi,
müharibə zamanı dinc əhali ilə rəftarı
qaydalarını tənzimləyən Helsinki, Genevrə
Konvensiyaları və başqa beynəlxalq aktları öz hərbi
əməliyyatları ilə daim kobudcasına pozan Ermənistana
heç bir sanksiya, cəza tətbiq olunmadığından
belə qeyri-insani rəftarı davam etdirməkdə idilər.
44 günlük Vətən müharibəsi günlərində
torpaqlarımızın azad olunması ilə bağlı Ali
Baş Komandan 11 dəfə xalqımıza müraciət edərək
Qələbə müjdəsi ilə xoş ovqat, nitqi ilə
xalq və ordunun əhvali-rühiyyəsində
dönüş yaratdı. Hər azad olunmuş
yaşayış məntəqəsində, strateji əhəmiyyətli
yüksəklikdə cənab Prezidentin “Qarabağ bizimdir!”
sözləri ilə üçrənqli
bayrağımızın qaldırılması bir el bayramına
çevrildi,
küçələrdə
soydaşlarımızın təşkil etdikləri yürüşlərlə
qarşılandı. İnsanlarımızın nitqində
artıq “məğlub xalq”, “zəbt olunmuş torpaqlar”, “məcburi
köçkün” kimi sözləri əvəzinə yeni
ifadələr səsləndi. Bunlar “müzəffər
Prezidentimiz”, “qalib xalqımız”, “rəşadətli Ordumuz”,
“azad olmuş torpaqlarımız”, “bərpa-quruculuq işləri”
və “qayıdış” sözləridir.
Azərbaycan xalqı 44 günlük Vətən
müharibəsində şanlı zəfəri öz qəhrəmanlıq
salnaməsinə silinməz qızıl hərflərlə
yazdı. Bu
tarixi qələbəyə müzəffər Prezidentimiz, Ali
Baş Komandan, güclü sərkərdə İlham
Əliyev real ağır müharibə şəraitində
öz strategiyaları, xalqımızı, ordumuzu ətrafında sıx birləşdirmiş
vahid güvvə, düşməni lərzəyə salan
güclü “dəmir yurmuğ”u ilə nail oldu. Hər bir şəhərimiz, qəsəbəmiz, kəndimiz
işğaldan azad olduqda, qələbə müjdəsi
xalqımızı, ordumuzu ruhlandırır, zəfərə
inamını gücləndirir, yeni uğurlara doğru
aparırdı. Dünya hərb tarixində görünməmiş
sürətlə şanlı ordumuz 5 şəhəri, 4 qəsəbəni,
300 kəndi, çoxsaylı strateji yüksəklikləri azad etdi. Bununla da uzun müddət
torpaqlarından zorla, silah gücü ilə qovulmuş çətin
şəraitdə, əzablara məruz qalmış, öz vətənində
məcburi köçkün həyatı sürmüş 1
milyon soydaşlarımızın üstündən
ağır ad götürüldü, ata-baba yurduna qayıtmaq
həsrəti, ümidi reallaşdı, gerçəkliyə
çervildi. Bu Zəfər xalqımızın
nüfüzunu, şərəfini, ləyaqətini
qaldırdı, beynəlxalq aləmdə qəhrəman xalq
kimi tanıtdırdı.
Müdrik
sərkərdəmizin rəhbərlyi ilə rəşadətli
Ordumuz yüksək peşəkarlıqla, qəhrəmanlıqla,
cəsarətlə geriyə bir addım atmadan, ara
vermədən, ildırım sürəti ilə irəliləyib,
Vətən uğrunda apardığı döyüşlərdə
qalib gəldi, müharibəni zəfərlə sona
çatdırdı. Bu müharibə bir
çox xüsusiyyəti ilə dünya hərb tarixində
özünəməxsus yer tutmuşdur. İlham
Əliyevin “dəmir yumruğ”u erməni ordusunu
darmadağın etdi, döyüş meydanından qaçan
zabitlərini, kütləvi fərarilik edən əsgərlərini
zəlil günə saldı, Ermənistan dövlətini isə
siyasi, iqtisadi və mənəvi iflasa məruz qoydu.
Prezidentimiz
güclü arqumentlərə, tarixi faktlara, geniş intellektə,
hazırcavablığına əsaslanan məntiqi
çıxışları, dialoq qurmaq, müsahibə vermək
məharəti ilə informasiya müharibəsində də
qalib oldu.
Zəbt olunmuş torpaqlarımızın hər bir
qarışı əsgər və zabitlərin, fədakar
oğullarımızın qanı, canı hesabına
qazanılmışdır. Rütbəsindən asılı
olmayaraq generallarımız əsgərlərlə
yanaşı döyüşür, yaralansa da döyüş
meydanını tərk etmir, bir-birini ruhlandırır, dəstək
olur, “dəmir yumruğ”un ətrafında
sıx birləşərək yüksək nizam-intizamla qələbəyə
doğru irəliləyirdilər.
Bu qəhrəman övladlarımızı, gənclərimizi
böyüdən analar, balasını yola salanda qələbə
xeyir-duası verir, döyüşlərdə qəhrəmanlıqla
şəhidlik zirvəsini fəth etmiş
oğullarının tabutunu “Vətən sağ olsun” deyərək
qürurla qarşılayırdı. Şəhid
balalarımızın valideynləri də Vətənə sədaqət,
vətənpərvərlik örnəyi oldular.
Vətən müharibəsi zəfərimizdə
Türkiyə-Azərbaycan münasibətlərinin də
böyük əhəmiyyəti olmuşdur. Belə ki,
milli, dini, mədəni, mənəvi dəyərlər üzərində
qurulmuş, dərin kökləri olan Türkiyə-Azərbaycan
qardaşlığı son illərdə daha da möhkəmlənmiş
və daha yüksək müstəviyə
qalxmışdır. 44 günlük Vətən
müharibəsi günlərində də Türkiyə Azərbaycana
böyük siyasi, diplomatik, mənəvi dəstək verdi, haqq səsimizi geniş beynəlxalq
ictimaiyyətə çatdırdı. Türkiyə Prezidenti
cənab Rəcəb Tayyıb Ərdogan Bakıda Zəfər
paradında iştirak etdi, Şuşa şəhərində
Türkiyə ilə Azərbaycan dövlətlərinin əməkdaşlağının
müttəfiqlik münasibətləri haqqında Bəyannaməni
imzaladı və Füzuli şəhərində 8 ay ərzində
tikilmiş yeni hava limanının
açılışına qatıldı.
İşğaldan azad olunmuş Qarabağ əraziləri
bütün xarici dövlətlər, jurnalsitlər, eksperlər
üçün açıqdır. Müxtəlif ölkələrdən
gələn dövlət nümayəndələri və
siyasi xadimlər, səfirliklərin, beynəlxalq təşkilatların
əməkdaşları, jurnalistlər buradakı
dağıntıları, xarabazırlıqları
görüb dəhşətə gəlir, erməni
barbarlarının vəhşiliklərindən, əməllərindən
vahimələnirlər.
Ölkə Prezidenti İlham Əliyev Birinci vitse-prezident
Mehriban xanım Əliyeva ilə işğaldan azad olunmuş
şəhər və qəsəbələrimizdə
müharibədən əvvəl orada yaşamış və
doğma torpaqlarını məcburi köçkün kimi tərk
edərək həsrətlə azad olunmasını gözləmiş
sakinlərlə görüşlər keçirmiş, bir
daha tarixi səhifələr yada salınmışdır. Sakinlər bu
yerlərlə bağlı xatirələrini
bölüşmüş, ərazilərin minalardan təmizlədikdən
və yaşamaq üçün yararlı vəziyyətə
salındıqdan sonra böyük həvəslə öz
ata-baba yurdlarına köçürülmələrini səbirsizliklə
gözlədiklərini bildirmişlər.
Beləliklə, artıq uzun illər boyu arzusunda
olduğumuz Böyük qayıdış ərəfəsindəyik. Böyük
qayıdışın surətləndirilməsi məqsədilə,
azad olunmuş torpaqlarda ilk günlərdən geniş bərpa-quruluş
işləri həyata keçirilir. Qısa zamanda
yolların bərpası və yenilərinin tikilməsi, Zəfər
yolunun hazır olması, eyni zamanda 3 hava limanının tikilməsi,
8 ay ərzində Füzuli hava limanının istismara verilməsi,
beynəlxalq status alması nəhəng quruluş işlərinin
bariz nümünəsidir.
Dağıdılmış
ərazilərdə bərpa-quruculuq işlərinə Azərbaycanla
dost münasibətlərdə olan bir çox ölkə də
maraq göstərir, lakin ölkəmizin Prezidentinin dediyi kimi, Azərbaycan bu
torpaqları öz gücü ilə bərpa edir.
Müharibənin bitməsi ilə bağlı cənab İlham Əliyev xalqa müracətində demişdi: “Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı və fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıtdıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər. Onların sağalması üçün əlimizdən gələni edirik və edəcəyik də. Biz bu Qələbəyə görə Onlara borcluyuq. Onların hər biri hər bir azərbaycanlının xatirəsində əbədi yaşayacaq”.
Vətən müharibəsində 3000-dək cəsur, mərd soydaşımız fədakarlıqla ömrünü Vətənə qurban verib, şəhidlik zirvəsini fəth etmişlər.Vətən müharibəsində xüsusi xidmət göstərən qazilər yüksək hərbi rütbələr, xidmətlərinə uyğun orden və medallar ilə təltif olunmuşlar. Şəhid ailələrinə, onların əmanəti olan övladlarına xüsusi qayğı göstərilir, onlara mənzil və avtomobillər verilir, habelə tibbi, sosial, sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilir. Mehriban xanım Əliyeva şəhid ailələri, qazilərlə mütəmadi görüşür, onların ehtiyaclarını öyrənir və təmin olunmasında yardımçı olur. Qəbulunda olan qazilərə “qardaşlarım” deyə müraciət edir, onları dinləyir, problemlərini həll edir. Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə ağır yaralı qazilər müalicə üçün xarici ölkələrə göndərilir, müasir tipli protezlərlə təmin olunurlar. Onların ailə üzvlərinin və özlərinin müalicəsi və istirahəti üçün şərait yaradılır, bir sıra sosial proqramlar həyata keçirilir. Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondlarının (“Yaşat”, Qarabağın Dirçəliş fondları və b.) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanını yüksək qiymətləndirmək lazımdır.
Zəfərlə bitmiş Vətən müharibəsi Azərbaycan xalqının təqviminə daha iki əlamətdar tarix: 27 sentyabr - “Şəhidlərin anım günü” və 8 Noyabr - “Zəfər Günü”nü daxil etmişdir. Qələbənin ilk günü bu ilin sentyabrın 27-si kütləvi anım tədbirləri ilə yadda qalıb.
Cənab İlham Əliyev və Mehriban xanım
Əliyeva şəhidlərimizin əziz xatirəsini yad etmək
üçün “Zəfər yürüşü”ndə
öndə gedərək əllərində hər bir şəhidin
şəklini tutan 3000 iştirakçı “Zəfər yürüşü”nə
qatıldılar. Mehriban xanımın əlindəki uşaq
şəkli isə Vətən müharibəsi illərində
dinc əhali qətlə yetirilmiş zaman onların
arasında uşaqların da olduğunu dünya ictimaiyyətinin diqqətinə
çatdırır. Bu həm də dünya ictimaiyyətinə
bir mesajdır: “Gəlin, uşaqları müharibələrdən
qoruyaq. Uşaqlar
bizim gələcəyimizdir!”
Elmira SÜLEYMANOVA,
Professor
Azərbaycan.-2021.- 6 noyabr.- S.10.