“Dəmir yumruq  Ohanyan səddi”ni də darmadağın etdi

 

 

Düşmənin 30 il ərzində yaratdığı möhkəm və keçilməz 10 mərhələli müdafiə xəttini Azərbaycan əsgəri elə ilk saatlardan yardı

 

 

 

Torpaqlarımızın işğal altında olduğu dövrdə Ermənistan cəbhə xəttində olduqca mürəkkəb müdafiə sistemi yaratmış və müxtəli vasitələrlə onu möhkəmləndirmişdi. Düşmən “Ohanyan səddi” kimi əfsanələşdirdiyi bu müdafiə mövqeləri ilə qürurlanır və iddia edirdi ki, Azərbaycan Silahlı Qüvvələri  hücuma keçərsə, onu yara bilməz. Lakin 2020-ci ilin Vətən müharibəsi Ermənistanın iddialarını alt-üst etdi.

 

 

 

İşğalçıların mövqeləri olmuş yerlərdən indi yeni yollar çəkilir

 

 

 

Ötən il sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu ilk saatlardan cəbhə xəttini yarmış, yaratdıqları mürəkkəb müdafiə xətləri bölmələrimizin qarşısında duruş gətirə bilməmişdi.

 

Ermənistan bu müdafiə xəttini yaradarkən qarşısına əslində bir neçə məqsəd qoymuşdu. Düşmənin əsas məqsədi Azərbaycan Ordusunun hücumunun qarşısını almaq və müdafiə tədbirlərinə başlamaq idi. Eyni zamanda möhkəmləndirilmiş mövqelərdən əks-hücum üçün strateji dayaq kimi istifadə olunması da nəzərdə tutulurdu. Lakin bunlar hamısı artıq tarixə qovuşub. Həmin istehkamların yaradıldığı ərazilərdə indi Azərbaycan dövləti bərpa və yenidənqurma işləri aparır. Düşmən mövqelərinin yaradıldığı ərazilərdən indi yeni yollar çəkilir.

 

44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu Hərbi Qənimətlər Parkında xüsusi yaradılmış pavilyon düşmənin müdafiə sədləri ilə də bağlı dolğun məlumat verir. Şanlı Zəfər tariximizin bir hissəsinə çevrilən parkın əsas bölmələrindən olan bu pavilyon düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Burada düşmənin darmadağın edilmiş bunkerləri, atəş nöqtələri, saxlanclar, tunellər, sədlər və səngərlərlə tanış olmaq mümkündür.

 

 

 

Çoxsaylı müdafiə sədləri düşmənin xofundan xəbər verirdi

 

 

 

Düşmənin möhkəmləndirilmiş müdafiə xəttinin birinci səddi tank əleyhinə xəndək olub. Hücum zamanı ağır zirehli tanklar döyüşün önündə getdiyi üçün düşmən bu xəndəkləri qazmışdı. 5 metr enində 3-4 metr dərinlikdə olan bu xəndəklər qazılarkən düşmən torpağı öz tərəfinə tökmüşdü ki, hücum edən bölmələrimiz onu asanlıqla doldura bilməsinlər.

 

İkinci sədd də tank əleyhinə idi. Amma bu dəfə düşmən mina sahəsi yaratmışdı və məqsədi tankları, avtomobilləri və digər ağır zirehli texnikaları birinci səddi keçdikləri təqdirdə məhv etmək,  onların hərəkətini əngəlləmək idi. Mina sahəsi 2-3 cərgəli qurulmuşdu, minalar arası məsafə 4-5.5 metr, cərgələr arası məsafə isə 5 metr idi.

 

Ermənilərin yaratdıqları üçüncü sədd də tanklara və ağır hərbi texnikalara qarşı nəzərdə tutulmuşdu. Burada yerləşdirilmiş dirəklər texnikaların hərəkət sürətini məhdudlaşdırmaq üçün nəzərdə tutulmuşdu.

 

Dördüncü sədd isə, əsasən metal kirpilərdən ibarət idi. Bu qurğular daha çox texnikaların hərəkət edə biləcəyi ərazilərdə yerləşmişdi və yenə də məqsəd texnikaların hərəkət qabiliyyətini zəiflətmək, əngəlləmək və onları asanlıqla hədəfə alıb məhv etmək idi.

 

Beşinci sədd isə alçaq dirəklər üzərində tikanlı məftildən hazırlanmış tordan ibarət idi. 3 metr enində qurulmuş tikanlı tor piyadaların hərəkətini əngəlləmək, hücumun qarşısını almaq üçün tətbiq olunmuşdu.

 

Altıncı sədd də tikanlı məftildən hazırlanmış tor idi. Amma bu dəfə tikanlı torlar hündür dirəklər üzərində 1-1.5 metr yüksəklikdə qurulmuşdu. Düşmən düşünürdü ki, bu məftil torlar Azərbaycan Ordusunun şəxsi heyətinin və texnikanın keçməsinə əngəllər yaradacaq, onların hərəkət qabiliyyətini azaldacaq.

 

Növbəti, yeddinci sədd mina sahəsi idi. Amma bu dəfə piyadalar əleyhinə. İşğalçılar düşünürdülər ki, əvvəlki sədləri keçən ordumuzun piyada qüvvələri bu hissədə minaya düşəcəklər. Piyada əleyhinə mina sahəsi 3 daha çox cərgələrdə qurulmuşdu.

 

Səkkizinci sədd az nəzərəçarpan məftil maneələrdən ibarət idi. Canlı qüvvənin hərəkətini əngəlləmək məqsədilə quraşdırılmışdı.

 

Növbəti sədd isə tent tipli tikanlı məftillərdən ibarət (spiral məftil) maneə idi 2-3 cərgəli qurulmuşdu. Şəxsi heyətin hərəkətini əngəlləmək üçün nəzərdə tutulmuşdu.  Son olaraq düşmən səngər üzərində lent tipli məftil maneələr yaratmışdı.

 

Əslində bu çoxsaylı müdafiə sədləri düşmənin xofundan xəbər verirdi. Günlərin birində Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda hərbi əməliyyatlara başlayacağını ehtimal edən düşmən ordumuzun qarşısında məğlub olacağını bildiyindən bu sədləri yaratmışdı.

 

 

 

Bunkerlər və tunellər də ordumuzun döyüş ruhu qarşısında gücsüz idi

 

 

 

Düşmənin müdafiə mövqeyinin əsas elementlərindən birixüsusi betonlaşdırılmış bunkerlər və tunellər idi. Bunkerlərin daxilində yaxşı təchiz edilmiş döyüş postu, geniş ərazini nəzarətdə saxlamağa imkan verən müşahidə məntəqəsi  və əsgər kazarması yerləşirdi. Kazarmanın yanında şəxsi heyətin artilleriyahava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində isə atıcı, pulemyotçu, qumbaraatan səngərləri, uzunmüddətli atəş nöqtələri vardı. Lakin ordumuzun döyüş ruhunun qarşısında bunlar da aciz idi...

 

Ermənistan “Ohanyan səddi”ni möhkəmləndirməklə Azərbaycanın əsas zərbə istiqamətini müəyyən etməyə və ona ilk həmlədəcə maksimum zərər yetirməyə çalışırdı. Lakin niyyətinə çata bilmədi. Cəbhə xəttinin yarılmasından sonra məlum oldu ki, Ermənistan Füzulidə 9,  Ağdamda 6, Cəbrayılda 9, Tərtərdə 6 sədd yaradıbmış. Lakin onların heç biri Azərbaycan Ordusunun hücumlarının qarşısını alaya ləngidə bilmədi.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2021.- 6 noyabr.- S.12.