Ermənistanın məğlubiyyət
günü
Azərbaycan
qarşısında diz
çökdürülən İrəvan aldığı zərbədən
hələ də özünə gəlməyib
Vətən müharibəsində qazanılan Zəfərin ilk ildönümü Azərbaycanda böyük təntənə ilə qeyd edilir. Zəbt edilmiş ərazilərin geri qaytarılması uğrunda 44 gün davam edən müqəddəs savaş Azərbaycanın Böyük Qələbəsi ilə başa çatdı.
Ədalətin zəfər çalması ermənilər üçün unudulmaz dərs oldu. Baş verən proseslər Azərbaycan üçün qürur mənbəyi olduğu halda, məğlub ölkə Ermənistanda çox məyusluq hökm sürür.
Qocalara ümid bağlayan Ermənistan
İkinci Qarabağ müharibəsinin hər günündə Ermənistana hərbi, siyasi-diplomatik və iqtisadi müstəvidə böyük zərbələr dəydi. Məğlubiyyət fonunda erməni ictimaiyyəti, müxalifəti, sosial şəbəkə istifadəçiləri baş nazir Nikol Paşinyandan hesab sordular.
44 günlük müharibə dövründə Azərbaycan Ordusu düşmənə gündən-günə daha ağır zərbələr vurdu. Düşmənin hərbi-texniki potensialı əhəmiyyətli dərəcədə sıradan çıxarıldı. Eyni zamanda Ermənistan canlı qüvvə sarıdan da ciddi korluq çəkdi. Ermənistanın Qarabağdakı ordusunun şəxsi heyətinin və xaricdən gələn muzdluların böyük qismi ordumuz tərəfindən məhv edildi. Bu səbəbdən Ermənistan artıq 60-70 yaşlı qocaları döyüşə göndərməyə başladı.
Ermənistan hərbi birləşmələrində canlı qüvvə ilə bağlı yaranan problemin kökündə təkcə Azərbaycanla döyüşdə olan itkilər dayanmadı. Bunun bir səbəbi də odur ki, minlərlə erməni ordu sıralarında xidmətdən boyun qaçırdı. Erməni gəncləri illərdir ki, hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edirlər və bu proses müharibə günlərində daha da intensivləşmişdi. Hökumətin səfərbərlik barədə qərarına baxmayaraq, müxtəlif bəhanələrlə çağırışçı yaşında olan ermənilər xidmətdən yayınır, qalanları isə ölkəni tərk edirdilər. Bu səbəbdən Ermənistanda yaşlıların orduya cəlb edilməsi daha da sürətlənmişdi.
Ermənistanda bunu yaşlıların təcrübələrinin çox olması səbəbindən könüllü şəkildə ordu sıralarına qoşulması kimi təbliğ etdilər. Amma təcrübə göstərdi ki, yaşlı insanlar fiziki göstəricilərinin və çevikliyin aşağı olması səbəbindən elə döyüşə gəldiyi ilk andan həyatla vidalaşdılar.
Paşinyanı Qəzzafinin gününə salmaq istədilər
Nikol Paşinyan Qarabağ müharibəsində məğlub və təslim olma aktını imzaladıqdan sonra Ermənistanda siyasi gərginlik pik nöqtəsinə çatdı. Noyabrın 10-dan etibarən İrəvanda baş verənlərdən sonra ölkədə, demək olar ki, hakimiyyətsizlik və siyasi xaos hökm sürdü. İnsanlar Paşinyanın baş nazir postundan istefasını tələb etdilər.
Bunu Ermənistanda on minlərlə insanın iştirakı ilə Paşinyan hökumətinin istefa verməsi tələbi ilə keçirilən aksiyalardan da görmək olardı. Amma baş nazir küçələrə hərbi və polis qüvvələri çıxararaq sələfləri kimi hakimiyyəti güc yolu ilə qəsb etməyə hazır olduğunu göstərmişdi.
İğtişaşlar nəticəsində baş nazirin iqamətgahından kompüterinin, saatının, sürücülük vəsiqəsinin və digər əşyaların oğurlandığı açıqlanmışdı. İrəvanda Ermənistan parlamentinin sədri Ararat Mirzoyan etirazçılar tərəfindən döyülmüşdü.
Aksiyalara qatılanlar məqsədlərinə çatmaqda israrlı olduqlarını, Paşinyan idarəçiliyindən mütləq şəkildə canlarını qurtaracaqlarını bildirdilər. Xalq arasında nüfuzunu itirən Paşinyan isə özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə susdurmağa, etiraz aksiyalarını polis dəyənəyi və rezin gülləsi hesabına dağıtmağa üstünlük verdi. Baş nazirin göstərişinə əsasən, kütləvi həbslər həyata keçirildi, siyasi partiya rəhbərləri, fəallar saxlanıldı, həbs edildi, deputatlara qarşı hücumlar təşkil olundu.
Müxalifət vətəndaş müharibəsinə hazırlaşdı
Ermənistanın siyasi partiyaları birgə bəyanat yayaraq N.Paşinyan başda olmaqla, hökumətin istefasını tələb etdilər. 17 partiyanın imza atdığı sənəddə Ermənistanın hərbi-siyasi rəhbərliyinin mövcud problemlərin öhdəsindən gələ bilmədiyi qeyd olunmuşdu. Bu baxımdan siyasi partiyalar Paşinyan və onun kabinetinin könüllü və dinc şəkildə istefasını, dərhal yeni hökumətin qurulmasını tələb etmişdilər. Bəyanatı “Azadlıq”, “Milli Təhlükəsizlik”, “Milli Demokratik Birlik”, “Alyans”, “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun”, “Həmrəylik”, “Ermənistanın Milli Liberal Birliyi”, Ermənistanın Respublika Partiyası, “Ermənistan Xristian Demokratik Birliyi”, “Vətən”, “Vahid Ermənistan” və digər partiyalar imzalamışdılar.
“Çiçəklənən Ermənistan” partiyasının üzvü, deputat İveta Tonoyan Nikol Paşinyanı dərhal istefa verməyə çağıraraq dedi ki, tariximizin ən biabırçı səhifəsi yazıldı: “Bir neçə saat əvvəl “Çiçəklənən Ermənistan” və bir sıra digər partiyalar baş nazirin istefasını tələb etdilər. Bütün bu baş verənlərdən sonra Paşinyanın istefa etməsi lazım olan ən kiçik şeydir”.
Paşinyanın istefasını tələb edən müxalifət fəallarından Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanetsyan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan, “Respublikaçılar” partiyasının nümayəndələri Eduard Şarmazanov, sabiq deputatlar Vaqram Baqdasaryan, Vardan Ayvazyan, Qeqam Petrosyan, Ayk Mamidjanyan, Karine Açemdilibyan, “Vətən” partiyasının nümayəndələri Arsen Babayan, Vardan Voskanyan, “Erkir media” telekanalının rəhbəri Qeqam Manukyan və “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan polis tərəfindən həbs edilmişdilər. Ermənistanın milli təhlükəsizlik xidməti ölkə parlamentinin sabiq vitse-spikeri Eduard Şarmazanovu qanunsuz toplantını təşkil etməsi ittihamı ilə həbs etmişdi.
Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanetsyan Paşinyanın ictimai təzyiqlər artdıqca istefa verəcəyini bildirmişdi. Qeyd etmişdi ki, Paşinyan “baş nazir” adlandırılmasın, çünki artıq onun buna mənəvi haqqı yoxdur: “O, baş nazir postunu ələ keçirən, öz fəaliyyəti ilə Ermənistanı dərin bir uçuruma aparan adamdır. Müxalifət işləyir və Paşinyan ictimai təzyiq artdıqca istefa verəcək”.
Azərbaycan Ermənistan iqtisadiyyatını tam çökdürüb
Ermənistanın müharibədə məğlubiyyəti ölkənin sosial-iqtisadi həyatında olduğu kimi, siyasi fonda da problemlərini dərinləşdirdi. Xüsusən Paşinyan hakimiyyəti ilə keçmiş iqtidarların təmsilçiləri arasında kəskinləşən qarşıdurma yeni siyasi xaosun formalaşmasına səbəb olmuş, proseslər daha gərgin mərhələyə qədəm qoymuşdu.
“Fitch” beynəlxalq kredit reytinq agentliyi də bu ölkənin kredit reytinqini aşağı salmışdı. Belə ki, müharibənin davam etdiyi günlərdə “Fitch” Ermənistanın xarici valyutada uzunmüddətli kredit reytinqinin “BB-”dən “B+” səviyyəsinə endirildiyini açıqlamışdı. Bu onu göstərir ki, Ermənistanda iqtisadi geriləmə proqnozlaşdırıldığından daha kəskindir. Hesablamalara görə, müharibənin bir günü Ermənistan üçün təxminən 30 milyon dollara başa gəlib. “4rd.am” saytı yazırdı ki, Dağlıq Qarabağda müharibənin davam etməsi Nikol Paşinyan hakimiyyətinin bu günə kimi 1,2 milyard dollardan çox maliyyə itirməsi ilə nəticələnib: “Ermənistan müharibədən öncə də iqtisadi baxımdan son dərəcə zəif ölkə idi. Bu qədər itkiləri də nəzərə alanda postmüharibə dövründə ölkənin iqtisadiyyatının nə günlərə qalacağını təsəvvür eləmək çətin deyil. Otuz il ərzində qurulan və 44 günə darmadağın edilən ordunu əvvəlki vəziyyətdə bərpa etmək üçün Ermənistana indi ən azı 5-6 milyard dollar əlavə vəsait lazım olacaq”.
Paşinyan öz tərəfdarlarını meydana səslədi
Ermənistanda 2021-ci ilin martında keçirilən mitinqlər ölkədə siyasi böhranın daha da dərinləşdiyini göstərdi. Belə ki, 44 günlük Qarabağ müharibəsindən sonra Nikol Paşinyanın opponentləri xalqın baş nazirdən üz döndərəcəyini gözləsə də, tamam əks vəziyyət müşahidə edildi. İnsanların müxalifətə və hərbi xuntaya dəstək verməməsi baş nazirin mövqelərini bir qədər möhkəmləndirdi.
Həmin vaxtı mövcud durumdan istifadə edən keçmiş hərbi xuntanın revanş istəyi isə vəziyyəti daha da gərginləşdirməkdə idi. Əsas niyyət iqtidara qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc yolu ilə olsa da, hakimiyyəti qəsb etmək idi. Xocalı soyqırımını törədənlər və son savaşda məğlub olan müharibə caniləri indi də hərbi qiyam başlatmaqla Paşinyanı hakimiyyətdən devirmək niyyəti güdürdülər. Belə ki, baş qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, şöbə müdirləri və böyük hərbi birləşmələrin komandirləri bəyanat imzalayaraq baş nazirin istefasını tələb etdilər. Paşinyanın isə Qasparyanı istefaya göndərməsi vəziyyəti daha da gərginləşdirdi.
40-dan çox yüksək rütbəli hərbçi tərəfindən imzalanan bəyanatda bildirilirdi ki, baş qərargah Paşinyanın uzaqgörən olmayan və əsassız addımlarına, xüsusən də baş qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə qəti surətdə etiraz edir. Hərbçilər hesab edirdilər ki, Tiran Xaçatryanın vəzifədən kənarlaşdırılması Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib. “İndiki çətin şəraitdə belə bir qərarın verilməsi dövlətə qarşı yönələn və məsuliyyətsiz bir addımdır” deyə açıqlamada qeyd edilirdi.
Paşinyan isə “Feysbuk” səhifəsindən açdığı canlı yayımda ölkənin baş qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırdı. Bundan sonra o, tərəfdarlarını meydana çıxmağa çağırdı: “Tərəfdarlarımızı elə indi Respublika meydanına çıxmağa dəvət edirəm. Vəziyyət çox gərgindir. Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar verdiyimi bilirsiniz. Bu qərarların səbəbini meydanda açıqlayacağam. İndi ən vacib vəzifə vətəndaş və xalq hakimiyyətini qorumaqdır”.
Xalq hərbi xuntaya “yox” dedi
Ermənistan cəmiyyəti iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinə dərin siyasi böhran fonunda, eləcə də bir-biri ilə açıq düşmənçilik edən düşərgələrə bölünmüş vəziyyətdə getdi. Gözlənildiyi kimi, seçkilərdə əsas rəqiblər Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası və sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku oldu.
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) 2008 seçki məntəqəsindən əldə olunmuş bülletenlərin sayılması əsasında açıqladığı hesabatda bildirildi ki, 1 milyon 281911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının 53,92 faiz (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04 faiz (268 165 seçici) səs topladığı təsdiqlənib. Sabiq prezident Serj Sarkisyana bağlı “Şərəfim var” bloku 5,23 faiz (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz (50 416 seçici) seçicinin dəstəyini qazanıb.
Ümumiyyətlə, real mənzərə göstərir ki, müharibədə aldığı sarsıdıcı məğlubiyyətdən sonra 2021-ci il Ermənistanda yaşanan tənəzzülün daha da sürətlənməsi ilə xarakterizə olunub və qarşıdakı dövrün də bundan nəyə görəsə fərqlənməsi gözlənilmir. Aydın görünür ki, Ermənistan və onun xalqı işğal siyasətinin faciəsini yaşadı. Rəsmi İrəvan sülh danışıqları masasına əyləşməsə İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan dövlətinin Ermənistana verdiyi tarixi dərs bu ölkəni daha dərin fəlakətlərə sürükləyəcək.
Elçin CƏFƏROV,
Azərbaycan.-2021.- 6 noyabr.- S.13.