QMİ sədri KAICIID Direktorlar
Şurasının videokonfrans
formatında keçirilən sessiyasında iştirak
edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 10-da KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən XXVII sessiyasında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Shanti Ashram təşkilatının direktoru Kezevino Aramın sədrliyi ilə keçən sessiyada şeyxülislam A.Paşazadə ilə bərabər, Direktorlar Şurasında təmsil olunan Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş katibi Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist təşkilatının Prezidenti Koşo Nivano, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen iştirak ediblər.
Tədbirin gedişində cari məsələlər ətrafında müzakirələr aparılıb və hesabatlar dinlənilib. Həmçinin Beynəlxalq Mərkəzin 2022-2026-cı illər üzrə proqram-planın müddəaları müzakirə edilib. Katibliyin əməkdaşları KAICIID-in dünyanın bir sıra ölkələrində, o cümlədən Afrika ölkələrində, Şərqi Avropada, eləcə də ərəb regionunda fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Beynəlxalq Mərkəzin işinin operativliyinin və koordinasiyalılığının artırılması yönündə, habelə mənzil-qərargahın Portuqaliyanın Lissabon şəhərinə köçürülməsi barədə, həmçinin yeni üzv olmaq üçün müraciət etmiş dövlətlərlə bağlı fikir mübadiləsi aparılıb.
Çıxışlarda təşkilatın strategiyasına, dövrün tələblərinə uyğun əlavələrin edilməsi - maarifləndirmə, o cümlədən dini maarifləndirmə işinin gücləndirilməsi, nüfuzlu universitetlərlə birgə layihələrin planlanması kimi məsələlərə toxunulub. Mərkəzin xəttilə həyata keçirilən təqaüd proqramları, onların məzunlarının gələcəkdə təşkilatın səfirlər şəbəkələrində yaxından iştirakı perspektivləri müzakirə edilərək, müqəddəs yerlərin qorunması ilə bağlı yeni təkliflər nəzərdən keçirilib.
Tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını və öz xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb. Gündəlikdə duran, müzakirə olunan məsələlər barədə öz fikirlərini və tövsiyələrini onlayn sessiya iştirakçılarının diqqətinə çatdıran QMİ sədri A. Paşazadə KAICIID-in cari və qarşıda nəzərdə tutulan layihələrinə dair, habelə qurumun illik rəhbər seçkiləri ilə bağlı təkliflərini bildirib.
Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan ilk müsəlman dini lider şeyxülislam Allahşükür Paşazadə pandemiya şəraitinə baxmayaraq, KAİCİİD təşkilatının proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətlə vurğulayıb.
Onlayn sessiyanın məhsuldar keçdiyi bildirilib.
Azərbaycan.- 2021.-12 noyabr.- S.4.