Dövlət hər zaman vətəndaşının yanındadır

 

 

44 günlük Vətən müharibəsinin şanlı qələbəmizlə başa çatmasından bir il ötür. Ərazilərimizin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlər verdik, yaralananlarımız  oldu. Müharibə başa çatdıqdan sonra dövlət dərhal şəhid ailələrinin və qazilərin  sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görməyə başladı.

 

Şəhid ailələrinə, qazilərə təqaüdlər, mənzillər verilir. Qazilər yüksək səviyyədə hazırlanan protezlərlə təmin olunur. Bununla yanaşı, həssas kateqoriyadan olan bu insanların məşğulluğunun təmin edilməsinə də diqqət yetirilir. Bir sözlə, şəhid ailələri və qazilərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri icra edilir. Dövlətin göstərdiyi dəstək sayəsində 31 min şəxs artıq bu imkandan faydalanıb.

 

 Ötən dövr ərzində 11 min şəhid ailəsinə və müharibə əlilinə mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2021-2025-ci illərdə bu kateqoriyadan olan daha 11 min insanın mənzillə və fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Cari ildə şəhid ailələrinə və müharibə əlillərinə 3 min mənzilin verilməsi proqnozlaşdırılmışdır ki, bunun  da 1850-si verilib. İlin sonuna kimi qalan mənzillərin də digər ailələrə verilməsi təmin olunacaq.

 

Dövlət hər zaman vətəndaşın yanındadır. Belə ki, bundan əvvəl qaçqın və məcburi köçkünlər mənzil və fərdi evlərlə təmin edilirdi.  İndi həmin insanlar doğma yurdlarına qayıtmağa hazırlaşır. Buna görə də dövlət başçısı onlar üçün tikilən mənzillərin şəhid ailələrinə və müharibə əlillərinə verilməsini tapşırdı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıtda 1242 mənzilli qəsəbə tikilməkdədir. Qeyd edək ki, bu qəsəbənin tikintisinə cari ilin ortalarından başlanıb, gələn ilin ortalarında tikintinin başa çatması planlaşdırılıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, qəsəbədə inşa edilən mənzillər şəhid ailələrinə və müharibə əlillərinə veriləcək.

 

  Qazilərin və şəhid ailəsi üzvlərinin sağlamlığı da diqqət mərkəzindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin dekabrından qazilərin yüksək texnologiyalı protezlərlə təminatı başlanıb. Vətən müharibəsində yaralanaraq aşağı və yuxarı ətraflarını itirmiş qazilərimizdən artıq 157 nəfəri 166 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib. 144 nəfər aşağı ətraflarını itirmiş qazilərdir. Onlara təqdim edilən “Geniumtipli yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir. Bu protezlər istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə, qeyri-bərabər səthlərdə addımlamağa, müxtəlif məkanlarda maneəsiz dönməyə, hərəkətin tamdaha dəqiq tənzimlənməsinə imkan verir.

 

Digər 13 nəfər  yuxarı ətraflarını itirmiş qazilərdir ki, onlar  “ÖSSUR Touch Bionics” protezləri ilə təmin olunub. Bu protezlər yuxarı ətrafları amputasiya olunmuş şəxslərə xüsusi proqram təminatı vasitəsilə sosial həyata daha tezrahat inteqrasiya imkanı yaradır. “ÖSSUR i-Limb Ultrabioelektrik  əl darağının 18 fərqli tutma variantı mövcuddur. Komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək da daxildir.

 

Nazirlik tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonuna isə bu günədək 568 işəgötürən qoşularaq 3269 vakansiya təqdim edib. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi, adından da göründüyü kimi,  Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna kömək etməkdir.

 

 Marafona təqdim edilən vakansiyalar üzrə artıq  həmin kateqoriyalardan olan 1024 nəfər (160 şəhid ailəsi üzvü və 864 qazi) işlə təmin olunub. Hazırda  vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

 

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir. Cari ilin ötən dövründə proqrama 1300-ə yaxın əlilliyi olan şəxs cəlb edilib. Onlar    təlimlərdə iştirak edib, kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər. Həmin şəxslər proqram çərçivəsində seçdikləri sahələr üzrə malmateriallarla təmin olunaraq öz təsərrüfatlarını qurub. Hazırda da özünüməşğulluq proqramının icrası, xüsusilə həssas qruplardan olan işsiz şəxslərin proqrama cəlb olunması, onlar üçün təlimlərin təşkili işləri davam edir.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2021.- 6 noyabr.- S.15.