Zəfər günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumları arasında futzalstolüstü tennis yarışları keçirilib

 

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində qazanılmış tarixi Zəfər münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində noyabrın 5-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumları arasında futzalstolüstü tennis yarışlarının final oyunları keçirilib. 

 

DSX-nin Mətbuat mərkəzindən bildiriblər ki, tədbirin açılışında Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Qələbənin ildönümünün ölkəmizin hər bir guşəsində böyük təntənə ilə qeyd olunduğu, müqəddəs savaşda şücaətlə döyüşmüş, qəhrəmanlıq nümunələri göstərmiş sərhədçilərin bu şanlı Zəfər gününü yüksək coşqu ilə qarşıladıqlarını vurğulayıb.

 

Çıxışda sərhədçilərin ölkəmizin adını hər zaman beynəlxalq idman tədbirlərində, mötəbər yarışlarda zirvələrə ucaltdıqları qeyd edilib və hazırkı tədbirin sərhəd mühafizə strukturları arasında ilk Zəfər yarışı kimi əlamətdar olduğu vurğulanıb.

 

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəis müavini, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti polkovnik-leytenant Firdovsi Umudov final mərhələsinə yüksəlmiş bütün iştirakçılara qələbə əzmi və uğurlar arzulayıblar.

 

Sonra komandalar arasında futzalstolüstü tennis oyunlarının final mərhələsinə start verilib. Futzal üzrə 8 komanda arasında finala yüksəlmiş komandaların maraqlı və həyəcanlı mübarizəsinin qalibi “Çevikçilər”, ikinci yerin sahibi “Vətən” komandası, üçüncü yeri isə “Şahinlər” komandası tutub. Qadınlar arasında stolüstü tennis üzrə final yarışının nəticəsinə görə birinci yerə baş miçman Günay Kərimova, ikinci yerə kapitan Rəna Mehdiyeva, üçüncü yerə isə kapitan Ülkər Nəzirova çıxıblar.  Tədbirin sonunda mükafatlandırılma mərasimi və ən yaxşı hakim, oyunçu və qapıçı nominasiyasında qaliblər təltifləndirilib.

 

Sonda komandalar ilə xatirə fotoşəkilləri çəkdirilib.

 

Azərbaycan.-2021.- 6 noyabr.- S.15.