Azərbaycanın müdafiə sənayesi naziri “Dubai EXPO-2020” sərgisini
ziyarət edib
“Dubai Airshow 2021” 17-ci aviasiya sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə “Dubai EXPO-2020” beynəlxalq sərgisini də ziyarət edib.
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu il oktyabrın 1-də start götürən və 2022-ci il martın 31-dək davam edəcək “Dubai EXPO-2020” ümumdünya sərgisində Azərbaycan milli pavilyonu “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunur.
Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan milli pavilyonunda ziyarətçilərə Azərbaycanın mədəni irsi, tarixi barədə ətraflı məlumat verilir. Eyni zamanda, əzəli Azərbaycan torpağı olan Qarabağın tarixi, mədəniyyəti və qədim Şuşa şəhəri haqqında məlumat ziyarətçilərə çatdırılır. Azərbaycanın milli pavilyonunu ziyarət edən nazir Mədət Quliyev daha sonra qardaş Türkiyənin və digər dövlətlərin pavilyonları ilə də tanış olub.
Azərbaycan.- 2021.- 16 noyabr.- S.6.